Serj Sarkisyan "siyasəti" xalqı ölkə hüdudlarından köçməyə məcbur edir
Sosial-iqtisadi tənəzzül içərisində boğulan Ermənistanda siyasi böhran həm hakimiyyətdə təmsil olunan qüvvələr arasında yaşanan ziddiyyətlərin daha da dərinləşməsi və əhalinini sosial narazılığından maksimal dərəcədə faydalanmağa çalışan müxalif qüvvələrin iqtidara təzyiqlərini artırmasıdır. Politoloqların fikrinə görə, yaranmış vəziyyət prezident Serj Sarkisyan ikinci dəfə oturduğu prezident kürsüsünə əlvida deməklə ölkənin isə növbədənkənar prezident seçkilərinə getməsini şərtləşdirə bilər. Əslində, cari ilin fevral ayında keçirilən prezident seçkilərində də müxalifətin hakimiyyət qarşısında qoyduğu əsas tələblərdən biri də məhz bu idi. Digər tərəfdən, Ermənistanın sürətlə azalan əhalisinin hakimiyyətə yönələn sosial narazılığı real şəraitdə müxalifətin lehinə işləyən mühüm faktorlardan biri kimi çıxış edir. Qarşıdakı dövr ərzində Ermənistanın sosial-iqtisadi durumunun daha da ağırlaşması qaçılmaz sayıldığından, müxalifət bu amildən mümkün qədər öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərir. Yaranmış vəziyyət Serj Sarkisyanla yanaşı, hakimiyyətdə yer alan oliqarxları da narahat edir və onlar iqtidarın dəyişəcəyi təqdirdə, topladıqları böyük varidatın əllərindən çıxacağından əndişələnirlər. Elə bu səbəbdən də növbədənkənar seçkilərin keçiriləcəyi halda bəzi oliqarxlar sabiq prezident Robert Köçəryanın yenidən dövlət başçısı postuna qayıtmasında maraqlıdırlar. Maraqlıdır ki, belə bir vaxtda Köçəryan özü də böyük siyasətə qayıda biləcəyini açıqlayıb: "Mən böyük siyasətə qayıtmağımı istisna etmirəm. Mənim qayıtmağımın mümkünlüyü barədə müzakirələrin Rusiyadakı siyasi proseslərlə birbaşa əlaqədə aparılmasını təəccüblə qarşılayıram. Əminəm ki, siyasi proseslər burada, Ermənistanda "yetişməlidir", xaricdən qəti şəkildə layihələşdirilməməlidir".
Lakin elə oliqarx məmurlar da var ki, bu dəfə dövlət başçısı postunda özlərini görmək niyyətlərini açıq şəkildə ortaya atmaqdan çəkinməyiblər. Onların mövqeyi belədir ki, bundan sonra hakimiyyəti nə Sarkisyana, nə də Köçəryana vermək olmaz. Bu fonda hazırda Ermənistan hakimiyyətində əsas qarşıdurma iki qruplaşma arasında özünü göstərməkdədir. Həmin qruplaşmalardan birinə parlamentin sədri Ovik Abramyanla "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Çarukyan rəhbərlik edir. Digər qruplaşmanın rəhbəri qismində isə Serj Sarkisyan və Tiqran Sarkisyan çıxış edirlər. Ermənistan mətbuatının xəbərinə görə, daim vəzifədən uzaqlaşdırılmaq təhlükəsini gözləyən Tiqran Sarkisyan baş nazir posunda qalmaq üçün hökumətin istənilən nümayəndəsini qurban verməyə və Serj Sarkisyanın hər bir göstərişini yerinə yetirməyə hazırdır. Buraya hətta Serj Sarkisyanın əsas rəqiblərinin fiziki cəhətdən məhv edilməsi kimi göstərişlərin icrasının da daxil olduğu vurğulanır.
Ermənistanda dərc olunan "Qrapark" qəzeti xəbər verir ki, Sarkisyan koalisiya hökumətindən imtina edərək idarəetmənin birpartiyalı formasına keçmək niyyətindədir. Lakin bu addımın Serj Sarkisyanın mövqelərinin gücləndirilməsi baxımından hər hansı ciddi effekt verəcəyi elə də inandırıcı görünmür.
Həmçinin, Ermənistan mətbuatının yazdığına görə, Sarkisyan hakimiyyətdaxili problemləri diqqətdən yayındırmaq üçün cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışır. Ekspertlərin əksəriyyəti belə düşünürlər ki, Sarksiyan "Azərbaycan müharibəyə hazırlaşır" fikrini daxili auditoriyaya istiqamətləndirərək, "biz də gücümüzü bu müharibədə qələbəyə cəmləşdirməliyik" deməklə əsas hədəfdən yayınmağa çalışır.
Onu da qeyd edək ki, Ermənistan ordusunda qeyri-müharibə şəraitində övladlarını itirmiş "qara geymiş" qadınlar hər cümə axşamı Ermənistan hökumət kabinetinin iclası günü etiraz aksiyası keçirirlər.
Sarkisyan rejiminini sütunları laxladılıb
Qeyd edək ki, Ermənistan əhalisinin son illərdə həm köçə məruz qalmasını, həm də sürətlə azalmasını ermənilər özləri də dəfələrlə etiraf ediblər. "Ermənistan Sosiologiya Mütəxəssisləri Dərnəyi"nin sədri Qevoq Poqosyan 12-17 il içərisində vətəndaşların ölkəni tərk etməsi və yaşlılıq probleminə görə Ermənistan əhalisinin 1,5-2 milyon nəfər arasında azalacağını vurğulayıb. Poqosyanın açıqlamalarına görə, Sovet İttifaqı dağılandan sonra Ermənistanı 1,5 milyon nəfər tərk edib. Bu isə əhalinin 45%-i deməkdir. 2012-ci ilin yanvar-mart ayları arasında 29 min nəfərin ölkəni tərk etdiyini bildirən Poqosyan 2013-cu ildə bu rəqəmin 42 mindən çox olduğunu qeyd edib. Bu rəqəmlərə baxdıqda, ölkəni tərketmə sürətinin getdikcə daha da artığını bildirən Poqosyan, keçirilən son sorğunun nəticələrinə görə əhalinin 52%-nin ölkəni tərk etməyə hazır olduğunu bildirib.
Ermənistan Milli Statistika Komitəsi Əhali və Demoqrafiya İdarəsinin məlumatına görə, son 10 ildə əhalinin sayı 250 min nəfər azalıb. Daha bir erməni ekspert Qraçya Qalustyan isə ermənilərin köçünün Sarkisyanın kriminal hakimiyyəti ilə əlaqələndirib. Ekspert qeyd edir ki, Ermənistan kimi ölkədə yaşamaq istəyirsənsə, kriminal sistem tərəfindən yaradılan qaydalara uyğunlaşmalısan.
Poitoloq Elman Nəsirli isə bildirdi ki, Ermənistanda demoqrafik vəziyyət get-gedə pisləşməkdədir, iqtisadiyyat yox dərəcəsindədir: "Lakin Ermənistan başqa dövlətlərin forpostu olaraq qalır və ondan Azərbaycana qarşı istifadə olunur". Onun sözlərinə görə, Ermənistan özünün bu rolu ilə barışıb: "İşğalçı dövlətin iqtisadi və demoqrafik vəziyyətinin pisləşməsi bu ölkənin hakimiyyətini narahat etmir. Bu ölkədə yalnız yoxsul insanlar qalıb yaşayırlar, imkanlılar isə oranı tərk edirlər. Təbii ki, münaqişənin həlli prosesinə xarici təsirlər də mane olur. Xüsusilə, erməni lobbisinin rolu qeyd edilməlidir. Erməni lobbisi Dağlıq Qarabağ münaqişəsi ətrafında hazırkı gərgin vəziyyətin qorunub saxlanmasında maraqlıdır. Bu istiqamətdə də fəaliyyətlərini davam etdirir".
A.SƏMƏDOVA