Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının bu yaxınlarda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv vəzifəsinə seçilməsini rədd etməsi, qlobal siyasətdə şok təsirini yaratdı. Belə ki, 176 səslə 2014-2015-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvülüyünə seçilən Səudiyyə Ərəbistanı bu yerdən müəyyən səbəblər ilə imtina etdi. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bu rəddin arqumentləri olaraq, BMT-nin Suriya, Fələstin və İran barəsindəki ikili standartlar tətbiq etməsi olduğunu bəyan etdi. Səudiyyə Ərəbistanı Yaxın və Orta Şərqdə konfliktlərin və kütləvi kimyəvi silahların ləğv edilməsi istiqamətində BMT-nin gücsüz olduğunu ifadə edərək islahatlar aparılmayıncaya qədər Təhlükəsizlik Şurasında yer almayacağını bildirdi. Açıqlamada "Təhlükəsizlik Şurasının metod, iş strukturu və ikili standartları qlobal sülhün bərqərar olmasına maneçilik törədir" ifadəsi yer aldı (http://www.habera.com/haber/Arabistan-BM-ye-resti-cekti/194691).Yeri gəlmişkən qeyd edim ki, BMT Baş Məclisində 2014-cü ildə qeyri-daimi üzvlük müddətləri sona çatan Azərbaycan, Qvatemala, Mərakeş, Pakistan və Toqonu yerinə seçkilər keçirmişdir. Seçkilər zamanı Nigeriya, Çad, Səudiyyə Ərəbistanı, Litva və Çili BMT TŞ-a iki illik üzv seçilmişlər.Bəzi ekspertlər Səudiyyə Ərəbistanının belə qərar verməsinin səbəbinin onun regionda öz nüfuzunu itirməsi ilə əlaqədar olduğunu bildirirlər. Belə ki, ABŞ-da yerləşən bir araşdırma mərkəzinin nəşr etdirdiyi hesabatda Səduiyyə Ərəbistanının, son 5 ildə Orta Şərqdə yürütdüyü xarici siyasət ilə əlaqədar etimadsızlıq qazandığını qeyd edir. Bu mənada Səudiyyə Ərəbistanı Suriyada həyata keçirilən qətliamları dünyaya car çəkərək qlobal imicini düzəltməyə çalışır (http://www.ozelhaberler.com/haber/5590/bm-ye-suudi-resti).Küveyt xarici işlər naziri Xalid Carallah Səudiyyə Ərəbistanınının BMT TŞ-a qeyri-daimi üzvlüyünü qəbul etdirməyə çalışdıqlarını ifadə etmişdir. Ona görə Səudiyyə Ərəbistanı dünyaya bir mesaj vermək istədi və bu mesaj da hədəfinə çatdı. Digər tərəfdən Türkiyə Respublikasının prezidenti Abdullah Gül də öz növbəsində Səudiyyə Ərəbistanının bu qərarını dəstəkləmiş və dünya ictimaiyyətinin bu etiraza laqeyd qalmamasının vacibliyini vurğulamışdır.ABŞ-ın mətbuat sözcüsü Cey Karney də günlük mətbuat toplantısında məsələ ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanının bu qərarına hörmətlə yanaşdıqlarını bildirmişdir. O, iki müttəfiq ölkə arasında bəzi anlaşmazlıqların olduğunu, ancaq bu iki müttəfiqin də Suriya, İran və Yaxın Şərqdəki sülh prosesinin həyata keçirilməsində əməkdaşlıqlarını davam etdirəcəklərini bildirmişdir.
Struktur dəyişməlidir
Son illərdə dünyanın bir çox ölkəsində meydana gələn qətliamların qarşısının alınmasında və qlobal krizlərə müdaxilə etmədə gecikən BMT-nin strukturu, hal hazırda "yüksələn qlobal güclər" olaraq bilinən ölkələr tərəfindən ciddi şəkildə tənqid olunur. Məhz özlərini yeni beynəlxalq gücə malik olma balansında yüksələn ölkələr olaraq təqdim edən Almanya, Brazilya, Yaponiya və Hindistan (G-4) BMT TŞ-da daimi üzvülük hüququ qazanmalarını tələb edirlər. Bəzi ekspertərə görə bu problemin həlli, hələlik qeyri-daimi üzv sayının artırılması ilə həll oluna bilər.Brazilyanın inkişaf etməkdə olan iqtisadi modele malik olması onun dəstəklənməsində ən böyük amillərdəndir. Yaponiya və Almanya, ABŞ-dan sonra BMT-yə ən çox maliyyə yardımı edən ölkələrdir. Bu mənada ən az İngiltərə və Fransa qədər iqtisadi gücə malik olan Almanyanın BMT TŞ-da yer almamasının əsas səbəbi onun İkinci Dünya müharibəsində məğlub olmasıdır.Digər tərəfdən Koreya Respublikası və Çin Yaponiyanın üzvlüyünə, nüvə silahına malik olan Pakistan da qonşusu Hindistanın üzvlüyünə qarşı çıxır. İtaliya Almanyaya, Argentina, Kolumbiya və Meksika da Brazilyanın üzvlüyünə müxalifdirlər.BMT strukturunda islahatların aparılması bir çox ölkə tərəfindən artıq sıx-sıx vurğulanmaqdadır. Bu ölkələrə görə BMT-nin hazırki strukturu zamanın ruhuna müvafiq deyil. Məhz BMT-dəki multikulturalist ənənəyə baxmayaraq Təhlükəsizlik Şurası beş ölkənin səlahiyyətində olduğu üçün problemlər əsaslı şəkildə həll olunmur. Qeyd etməliyəm ki, Yaxın və Orta Şərqdə cərayan edən qətliamlar və münaqişələr səbəbilə uzun zamandan bəridir ki, həm Türkiyə Respublikasının prezidenti Abdullah Gül, həm də baş nazir R. T. Ərdoğan BMT-nin strukturunun dəyişməsinin vacibliyi ilə əlaqədar öz tənqidi görüşlərini müxtəlif platformalarda dilə gətirirlər.Beləliklə, dünya təşkilatı hesab edilən BMT, ilkin olaraq öz mənfəətlərini güdən üzv dövlətlərdən təşkil olunmuşdur. Xüsusilə Təhlükəsizlik Şurasında veto hüququna malik olan məşhur beş ölkə (ABŞ, Fransa, İngiltər, Rusiya və Çin) buraya daxildir. Məhz bu beynəlxalq siyasətdə ədalət konsepsiyasının nisbi olduğunu da göstərir. Belə ki, Dağlıq Qarabağ probleminin həllində, BMT TŞ-nın qəbul etdiyi qətnamələrin tətbiq olunmaması nəinki BMT-nin strukturunda ikili, hətta ``üçlü`` və ``beşli`` standartlar reallığını təsdiqləyir.
newtimes.az