PDF Oxu

Araşdırma

  • 1 605

XIX Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi açılıb

XIX Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi açılıb

Sərgidə 17 ölkədən 130 şirkətin müasir tibb sahəsi üçün zəruri olan ən yeni texnologiyaları nümayiş etdirilir

Dünən Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, "İteca Caspian LLC" və "İTE Group PLC" şirkətlərinin birgə təşkilatçılığı ilə XIX Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinin açılışı oldu. Sərgi çərçivəsində dövlət qurumlarının nümayəndələri, tibbi avadanlıq və məhsulların istehsalçıları, həkimlər və tibb sənayesi mütəxəssisləri artıq 19-cu dəfədir bir məkana toplaşıblar. Keçirildiyi illər ərzində Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi dövlət təşkilatlarının nümayəndələri, tibbi avadanlıq və məhsulların istehsalçıları, habelə həkimlər və tibb sənayesinin mütəxəssisləri üçün mühüm görüş yerinə çevrilib.

Sərginin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək Azərbaycanda səhiyyənin sürətlə inkişaf etdiyini vurğulayaraq dövlət tərəfindən səhiyyəyə böyük diqqət və qayğı göstərildiyini söyləyib: "Bu sərgidə iştirak edən ölkələrin sayının ildən-ilə artması Azərbaycanda səhiyyə sahəsində inkişafını, o cümlədən ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyin əyani sübutudur. Builki sərgilərdə iştirakçıların sayında 20 faiz artım qeydə alınıb. Sərgidə 17 ölkədən 130 şirkətin müasir tibb sahəsi üçün zəruri olan ən yeni texnologiyaları nümayiş etdirilir. BIHE sərgisində ənənəvi olaraq tibbi məhsul və xidmətlər təqdim edilir. Sərgidə Azərbaycan, ABŞ, Almaniya, Belarus, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər iştirak edirlər. Çex Respublikası isə ilk dəfə olaraq bu ölkənin Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə milli ekspozisiya ilə çıxış edir. Sərgi çərçivəsində tibbi turizm mövzusunda seminar təşkil olunacaq".

E.Ağayev belə sərgilərinin keçirilməsinin Azərbaycan səhiyyəsinin həm özəl, həm də dövlət sektorunun inkişafına müsbət təsir göstərdiyini bildirdi. Qeyd etdi ki, müayinə texnologiyaları ildən-ilə yenilənir. Buna görə də həkimlər də hər zaman müasir dövrdə baş verən tibbi yenilikləri və yeni texnologiyaları izləməlidirlər.

Açılış mərasimində çıxış edən Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti Rəna Əliyeva, "İteca Caspian" şirkətinin icraçı direktoru Edvard Strun Azərbaycanda hər sahədə olduğu kimi, səhiyyə sahəsində də sürətli inkişafın müşahidə olunduğunu bildirərək, sərginin əhəmiyyətindən danışıblar. Qeyd olundu ki, builki sərgidə yeniliklərdən biri sərgidə tibbi turizmə daha böyük yer verilməsidir. Qeyd edək ki, "BIHE-2013" sərgisi ilə eyni vaxtda daha iki tədbir - VIII Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi ("Stomatologiya Azerbaijan-2013") və VII Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi ("Beauty Azerbaijan-2013") də açılıb.

Mərasimdən sonra Qafqazın ən böyük səhiyyə sərgisi qapılarını iştirakçıların üzünə açıb. Sərgidə Azərbaycan, Almaniya, Rusiya, Ukrayna, Çex Respublikası, Türkiyə, Çin və digər ölkələrdən olan şirkətlərin müasir tibb sahəsi üçün zəruri və tələbat doğuran ən yeni texnologiyaları nümayiş etdirilir. Təqdim olunan texnologiyaların 60 faizi xarici, 40 faizi yerli şirkətlərin payına düşür. Çex Respublikası ilk dəfə olaraq öz milli ekspozisiyası ilə çıxış edir.

Sərgidə Azərbaycanın aparıcı şirkətləri - "Alba Group", "Keshali", "Labservis", "Medeks", "Nabucco" ultrasəs müayinəsi və kompyuter tomoqrafiyası aparatlarını, eləcə də rentgen, respirasiya avadanlıqlarını və lazer terapiyası aparatlarını, cərrahiyyə alətləri və laboratoriya texnologiyalarını, o cümlədən stomatoloji materiallar, avadanlıqlar, implantlar və bir sıra digər məhsulları təqdim edirlər.

Sərgi noyabrın 2-dək davam edəcəkdir.

NƏZAKƏT

Digər xəbərlər