PDF Oxu

Araşdırma

  • 1 555

Ermənistanın qaranlıq büdcəsi

Ermənistanın qaranlıq büdcəsi

Sosial və siyasi ədalətsizliyin getdikcə geniş vüsət aldığı Ermənistanda gərginlik artır. Buna əsas səbəb isə Serj Sarkisyanın saxta seçkilər nəticəsində hakimiyyətə gəlməsi fonunda sosial-iqtisadi vəziyyətin daha da ağırlaşmasıdır. Ermənilər birmənalı şəkildə bəyan edirlər ki, Sarkisyanın hakimiyyətdə olduğu müddətdə vəziyyət düzəlməyəcək. Bu səbəbdən də saxta prezident kimi qəbul olunan Serj Sarkisyan hakimiyyətdən getməlidir. Eyni zamanda Sarkisyanın yol verdiyi saxtakarlıqlar indi daha çox ictimaiyyətin diqqətinə təqdim olunur.

Sarkisyan qaniçən vampirə çevrilib

"Sarkisyan Yerevana gələndə heç pişiyi də yox idi". Bunu Ermənistanın müxalif siyasi partiyalarından birini üzvü olan Qurgen Yeqiazaryan bildirib: "Ölkə əhalisinin 60%-nin yoxsulluq vəziyyətində yaşadığı bir vaxtda Serj Sarkisyan kazinoda milyonlar uduzub. Axı o, Silvio Berluskoni deyil ki, öz pullarını uduzsun, Serj xalqın pulu ilə oynayır".

"Joxovurd" qəzetinin verdiyi məlumata görə, Cənubi Qafqaz ölkələri içərisində ən çətin durumda olan ölkə Ermənistandır: "Ölkəni bu vəziyyətə salan Sarkisyan kimi sərsəmlərin xalqın səsini oğurlamaqla yenidən prezident seçilməsidir. Bu dövlətin yürütmüş olduğu sərsəm daxili və xarici siyasət ölkəni tamamilə iflas həddinə çatdırmışdır. İkinci məqam isə Sarkisyanın yığılan ianələri kazinolarda eninə-uzununa xərcləməsidir. Artıq iş o yerə çatmışdır ki, ölkə əhalisi Ermənistan adlı ölkənin tamamilə dağılması tərəfdarı olduqlarını da bildirirlər. Görüşdüyümüz hər bir kəs ölkədə ölü mənzərənin yarandığını söylədi. Hətta onu da bildirdilər ki, nə qədər ki, qaniçən vampirə çevrilən Sarkisyan hakimiyyətdədir. Bu ölkənin ölkə kimi qalacağı şübhə doğurur".

Ermənilər Ermənistanda yaşamaq istəmir

Ermənistan Milli Statistika Xidmətinin hesablamalarına görə, son 20 ildə ölkədə əhalinin azalmasında miqrasiya amilinin əsas rol oynadığı bildirilir. Son 20 ildə ölkəni ən azı 1 milyon 400 min nəfər tərk edib. Ermənistanı tərk edənlərin axını hələ də dayanmayıb. Məsələn, keçən il Ermənistanı 5,3 min nəfər tərk edərək, başqa ölkələrə üz tutub. Ermənistanda təbii artım da çox aşağı səviyyədədir. Belə ki, 2002-ci ildə Ermənistanda əhalinin təbii artımı cəmi 6,6 min nəfər olub. Bu, ölkədə yaşayan əhalinin psixoloji durumuna da mənfi təsir edir. Hadisələrin gedişatı isə belə deməyə əsas verir ki, Ermənistan bir müddət sonra dəhşətli proseslərin poliqonuna çevriləcək və öz məhvinə imza atacaq.

Yeni büdcə ölkəni xilas etməyəcək

Məlum olduğu kimi, hər ilin son aylarında yeni büdcə müəyyən edilir. Ermənistanın qəbul etdiyi yeni büdcənin vəziyyəti isə xoş deyil. Artıq hökumətdə təmsil olunan bəzi deputatlar da bununla bağlı etirazlarını bildirərək, bəyan ediblər ki, Ermənistan üçün 2014-cü ilə nəzərdə tutulan büdcənin vəziyyəti təhlükənin dərinləşdiyindən xəbər verir. Əksəriyyət bu fikirdədir ki, Ermənistan hakimiyyətinin müəyyənləşdirdiyi büdcə daha çox əhalinin ölməməsi üçün nəzərdə tutulub. Burada inkişaf və ya iqtisadi artıma rəvac verə biləcək heç bir element barədə düşünülməyib. İri layihələrin maliyyələşdirilməsinin azaldılması, sosial sferada bir çox işlərin görülməsi üçün az miqdarda pulun ayrılması, habelə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulan işlərin vəsaitlə təmin edilməməsi Ermənistanda maliyyə çatışmazlığından xəbər verir.

Erməni ekspertləri hesab edirlər ki, yeni ildə ölkədə növbəti iqtisadi problemlər və sosial partlayışlar baş verəcək. Onlar hesab edirlər ki, bunun qarşısını almaq gücündə olmayan hökumət tam tərkibdə istefa verə bilər.

Erməni müxalifəti isə birmənalı şəkildə isbat edir ki, ölkədə iqtisadiyyat deyilən bir şey yoxdur. EMK-nın nümayəndəsi Vaqan Xaçatryan bununla bağlı bildirir ki, yeni büdcənin vəziyyətindən də aydın görünür ki, Sarkisyan hökuməti Ermənistanı bərbad hala salıb. "Yeni büdcədə göstərilən rəqəmlər kağız üzərindədir. Mənim üçün də maraqlı odur ki, bu hakimiyyət gələn il pulu haradan tapacaq. Çünki Ermənistanda faktiki olaraq iqtisadiyyat deyilən bir şey yoxdur. Ermənistanda insanların yaşamlarını təmin edəcək bircə sahə belə yoxdur. Hazırda 2-3 faizlik iqtisadi artımdan danışanlar isə yalan deyirlər. Çünki belə bir şey yoxdur. 12 faizlik artım olacağından dəm vuranlar isə özləri də yaxşı bilirlər ki, həmin inkişaf əhalinin həyat səviyyəsində özünü göstərməlidir. Erməni xalqı isə faktiki olaraq səfalət içində yaşayır".

Beləliklə də, yaranmış vəziyyət və artan narazılıqlar fonunda ölkəni etiraz aksiyalarının bürüməsi qaçılmazdır.

A.SƏMƏDOVA

Digər xəbərlər