Nədənsə hər dəfə hansısa sosial-ictimai problemləri araşdıranda, bunların haradan qaynaqlandığını, kimlərin Azərbaycan cəmiyyətini kiçik səviyyəli məhəllə düşüncəsinə yuvarlayıb, onu qlobal düşüncədən məhrum etdiyini qurdalayanda, ilk növbədə bütün oxlar televiziya efirinin üstündə cəmləşir. Bütün yollar Romaya apardığı kimi, cəmiyyəti dəhşətə gətirən, insanları dərin düşüncəli vətəndaş olmaqdan, dünya ilə ayaqlaşan insan olmaqdan, yeniyetmə və gənclərimizi əsil vətənpərvər olmaqdan saxlayan, əvəzində ər-arvad boşanmalarından tutmuş, kişilikdən uzaq olan arvadsayağı qazan verilişlərinə endirən fəlakətli "təbliğat maşını" da telekanallarımıza gedib çıxır.
Olduqca primitiv, normal düşüncəli insanı dəhşətə gətirən diletant səviyyəli bu televiziya kanalları, artıq zəhlə tökən bir durum yaradıblar. Yaradıcılıqdan heç bir əsər-əlaməti qalmayan, daha çox ucuz və məişət səviyyəli temaları gündəmə gətirməklə, yəni evdar qadınların məşhur "qeybət macəraları" səviyyəsində "verilişlər" hazırlamaqla, özlərinə reklam qazanmağa, diqqəti özlərinə cəlb etməyə çalışırlar. İntellektual veriliş hazırlamaq bunlarlıq deyil axı. Niyə? Çünki bunların çoxunun heç jurnalistika sözünün, efir mədəniyyətinin nə olduğundan belə xəbərləri yoxdur. Onların çoxu hansı ustad jurnalistin senzurasından keçirlər ki? Heç birinin. Əvəzində onların yeganə senzurası var. O da həmin telekanal rəhbərlərinin "incə senzurasından" keçmək məsələsi. Onlar da efir mədəniyyətini, jurnalistika savadını yox, həmin telekanal rəhbərlərinin "etimadını" qazanmaq üçün "hazırlaşırlar." Necə hazırlaşırlar, artıq orası hər kəsə məlumdur.
Fikir verin, bu diletant səviyyəli qeybət "jurnalistikası" o dərəcədə həyasızlaşıb ki, açıq-aşkar yalançı "qəhrəmanları" bu studiyalara elə bu verilişi hazırlayanların gətirdiyini hətta ən ucqar kəndlərdə yaşayan adi vətəndaş da aydın şəkildə sezə bilir. "Ümid yeri", "Səni axtarıram", "El içində" kimi verilişlər, sözün əsil mənasında, Azərbaycan cəmiyyətini məişət səviyyəsinə endirmək, yeniyetmə və gənc nəsli real vətənpərvərlikdən və müasir düşüncə tərzindən evdar qadınların yemək bişirmə şüuruna endirmək üçün dəridən-qabıqdan çıxırlar. Daha çox isə, özlərini Türkiyə və Rusiyanın populyar, baxımlı intelektual verilişlərinə oxşatmağa çalışaraq, onları hətta diletant səviyyədə belə yamsılamağa cəhd edirlər. Hətta iş o yerə çatıb ki, özəl telekanallarmızdan birinin müxbiri saçlarından tutmuş geyiminə qədər özünü məşhur "Pust..." verilişinin aparaıcısı olan Andrey Moloxova belə bənzətməyə "vaxt tapıb."
Düzdür, biz A.Moloxovu bütünlükdə rus jurnalistikasının simvolu adlandıra bilmərik. Amma "İgidi öldür, haqqını yemə" məsələsi də var axı. A.Moloxov öz intellektual savadı, efirdəki psixoloji manevrləri, veriliş aparmaq qabiliyyəti və efir mədəniyyəti ilə həm nümunədir, həm də məncə, rus jurnalistikasının əsil efir brendidir. Ona görə də A.Moloxovu yamsılmaq əvəzinə ondan müsbət olanları, efir mədəniyyəti və intellektual potensialı öyrənmək lazımdır. Kimisə yamsılamaq isə, geri zəkalılıqdan başqa bir şey deyil. Efirlərimizdəki yaradıcılıq "qısırlığı", artıq çox qorxunc proqnozları da gündəmə gətirib. Ən azından bu vəziyyət ona işarədir ki, yenə televiziya qarşısında oturan yüz minlərlə azərbaycanlı, mənəviyyatımızın diletant səviyyəli, ar-abırı olmayan "gözəlçələrin", özünü əzib-büzən "incə kişi" aparıcıların təhqirlərini ancaq seyr etməklə məşğul olacaqlar...
Mətləb