"Cənab İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi sevindirici hal idi. Bununla, ölkəmizin xarici siyasətində, onun prioritetlərində qardaş Türkiyənin əhəmiyyəti bir daha vurğulandı". Bunu SİA-ya Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib."Bu səfər Azərbayan-Türkiyə arasındakı münasibətlərin bütün aspektlərini əhatə etdi. Eləcə də burada siyasi, iqtisadi strateji əhəmiyyət daşıyan bütün sahələr üzrə müzakirələr aparıldı. Hətta təkbətək görüşlərlə yanaşı, geniş tərkibli nümayəndə heyətlərinin görüşünün keçirilməsi və iqtisadi məsələlərin geniş müzakirə edilməsi, hər iki dövlət arasındakı münasibətlərin dərinləşməsinə zəmin yaratdı. Həmçinin hər iki prezident mətbuata geniş açıqlamalarında, Azərbaycan və Türkiyənin bütün məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyünü və əməkdaşlığı möhkəmləndirmək fikrində olduqlarını bildirdilər. Hətta vaxtaşırı iki dövlət arasında müzakirə olunan viza rejiminin aradan qaldırılması ilə bağlı da ciddi addımlar atıldı. Sonda isə viza rejimin ləğv edilməsi haqda qərar qəbul edildi. Hesab edirəm ki, bu səfər dünyaya Azərbaycan və Türkiyə əməkdaşlığının daha da dərinləşdiyini və daima bu iki ölkənin bir-birinin yanında olacağını nümayiş etdirdi" –deyə, millət vəkili sözlərinə əlavə edib.
yap.org.az