Sadə erməni vətəndaşları Azərbaycanla sərhədlərin açılmasını tələb edirlər
Ermənistandakı mövcud ictimai-siyasi vəziyyəti bir qədər primitiv, səthi şərh edərək "vəziyyət ağırdır, dözülməzdir" də yazmaq mümkündür. Ancaq di gəl, bu ifadələr ölkədəki durumu tam və dəqiq əks etdirməz. Çünki Ermənistanda vəziyyət ağır yox, təhlükə astanasındadır. Belə ki, Serj Sarkisyanın bandokratiyasının idarə etdiyi bu məmləkətdə yaşayanların səbr kasaları artıq dolaraq, siyasi kolliziya və sosial partlayışın baş verməsinə gətirib çıxırdı. Və bu gün yüz minlərlə erməni həyatlarını dəyişmək istəyərək qiyama, mitinqə əl atıb.
Yerevanda "Qarabağı geri qaytar" mitinqi olacaq
Erməni mətbuatının verdiyi məlumata görə, artıq işğalçı ölkənin paytaxtında Azərbaycanla sərhədlərin açılması tələbi ilə aksiyalar keçirmək planlaşdırılıb. Məlumatlarda vurğulanır ki, erməni əhalisi Azərbaycanla sərhədlər açılmadan ərzaq və digər təminatlarını ucuz qiymətə ödəyə bilməyəcəklərini bəyan edirlər. Bu məsələdə israrlı olan təşkilatların sayı isə artmağa başlayıb. Lakin Azərbaycanla sərhədlərin açılmasını tələb edən Yerevan əhalisinin Qarabağın geri qaytarılması məsələsi ilə bağlı mövqeyi tam aydın deyil. Bəziləri Dağlıq Qarabağın saxlanılmasını, ətraf rayonların geri verilməsi fikrini dəstəkləyir. Bir qism isə, ümumiyyətlə, Qarabağın bütünlüklə Azərbaycanın nəzarəti altına verilməsi təşəbbüsünü irəli sürür.
Erməni ekspertlər isə bununla bağlı bəyan edirlər ki, vəziyyətin gözlənilmədən belə bir şəkil alması səbəbsiz deyil. Onlar hazırkı Sarkisyan hakimiyyətini ittiham edərək, onların apardıqları yarıtmaz siyasətin nəticəsi kimi bunu qəbul edirlər. Ekspertlərin qənaətinə görə, sosial və iqtisadi problemlər içində boğulan erməni xalqı Azərbaycanla münasibətlərin yaxşılaşacağı təqdirdə, vəziyyətlərinin düzələcəyinə daha çox inanır.
Ermənistanda avtobus sürücüləri də tətilə başladılar
Ağır istisadi və sosial şəraitin hökm sürdüyü Ermənistanda indi də avtobus sürücüləri tətilə başlayıblar. Ermənistan mətbuatının verdiyi məlumata görə, Kotaysk vilayətində Yerevan-Abovyan, Çarentsavan-Yerevan, eləcə də şəhərdaxili avtobusların sürücüləri etiraz aksiyası keçirirlər. Məlumata görə, 80 avtobus və 40 sürücü xətdən çıxıb.
Qeyd edək ki, 6 ay öncə də eyni istiqamət üzrə hərəkət edən avtobusların sürücüləri işlərinə mane olduğu üçün "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanın pulsuz xeyriyyə avtobuslarından şikayət edirdilər. Sürücülərin sözlərinə görə xeyriyyə marşrutları qanunsuz işləyir: "Onlar başqalarının hesabına işləyirlər. Başqalarının hesabına xeyriyyə tədbiri keçirmək olmaz. Mən sürücüləri dəstəkləyirəm. Çünki onlar yanacaq ala və evlərinə 1000 dram da pul apara bilmirlər". Erməni mətbuatının məlumatına görə, keçirilməsi nəzərdə tutulan aksiyaya şirkətin 120 taksi sürücüsünün də qoşulacağı gözlənilir.
"Qarabağ" komitəsinin keçmiş üzvi Aşot Manuçaryan Azadlıq meydanında baş verən mitinqi hərbi şuranın açıq iclası adlandırıb. Mitinqdə həmçinin "Arabo" batalyonunun komandiri Manvel Eqiazaryan da çıxış edib. O, qeyd edib ki, son 21 il ərzində Ermənistan ciddi səhvlərə yol verib və bu gün də Sarkisyan ötən 5 ildə etdiyi çirkin siyasətini davam etdirməkdədir: "Bəzən biz nəyisə deməkdən qorxuruq, bunun üçün də bu cür vəziyyətə düşmüşük".
Beləliklə də, əslində, ölkədə başlanan son etiraz aksiyaları da vəziyyətin gərgin olmasından xəbər verir. Ümumiyyətlə, son zamanlar Ermənistanda ictimai-siyasi vəziyyətdən narazı qalan kütlə ardıcıl aksiyalar keçirir. İqtisadçılar hesab edirlər ki, Serj Sarkisyan hələ uzun müddət vədinə əməl edə bilməyəcək. Çünki işğalçı ölkənın dövlət büdcəsində heç bir artım yoxdur. Ölkə hakimiyyəti bütün problemi qlobal maliyyə böhranı ilə bağlamaq istəyir və öz qüsurlarını görmək istəmir. Bu isə Ermənistanın üzləşdiyi problemləri daha da dərinləşdirir, sosial narazılıqların artmasına səbəb olur. Artan narazılıqlar fonunda ölkəni etiraz aksiyalarının bürüməsi isə qaçılmazdır. Bu da Ermənistanı daha dərin uçuruma yuvarlayır.
A.SƏMƏDOVA