PDF Oxu

Araşdırma

  • 4 001

Müasir geosiyasət: əməkdaşlıq, yoxsa qlobal xarakterli münaqişələr?

Müasir geosiyasət: əməkdaşlıq, yoxsa qlobal xarakterli münaqişələr?

Yaxın Şərqdən tutmuş Uzaq Şərqə qədər geniş bir məkanda geosiyasi sabitlik müşahidə edilmir. Bu və ya digər regionlarda qarşıdurmalar, terror, hərbi ixtilaflar alovlanır. Hələlik bu tendensiyanın qarşısını səmərəli üsulla almaq planı gözə dəymir. Bir sıra analitik və ekspertlər isə müxtəlif proqnozlar verirlər. Onların təhlili göstərir ki, hələlik ədalətli çıxış yolu tapmağa imkan verən ideya yoxdur. Vəziyyət tamamilə çıxılmazdırmı?

Müxtəlif ssenarilər

Aralıq dənizindən başlayaraq Hind okeanının sahillərinə qədər böyük bir ərazidə baş verən geosiyasi proseslər qlobal miqyasda maraq doğurmaqdadır. Burada meydana gələn münaqişələr dünya səviyyəsində problemlər yaradır. Bir sıra analitik mərkəzlər vəziyyətin bu dərəcəyə çatmasında radikal İslamı günahlandırırlar.

Reallıqda isə burada çoxlu sayda faktorun rol oynadığını unutmaq olmaz. Siyasi transformasiyaların, geosiyasi yeniləşmələrin və milli dövlət quruculuğu ilə qloballaşmanın xüsusi nisbətinin mövcud olduğu tarixi mərhələdə bütün məsuliyyəti İslamın üstünə atmaq ya sadəlövhlükdür, ya da qərəzlilik.

Problemə bu aspektdən yanaşanda böyük bir geosiyasi məkanda radikal İslamı qabartmağın arxasında nələrin durduğu üzərində düşünmək lazım gəlir. Şimali Afrikadan Hind okeanınadək geniş ərazidə yerləşən dövlətləri eyni qəlibə salaraq, onların qarşılaşdığı çətinlikləri əsas olaraq dinə bağlamaq həm də təhlükəli tendensiyadan xəbər verir.

Çünki, birincisi, müasir geosiyasətin gerçək problemləri ört-basdır edilir. Bu, mövcud çətinlikləri aradan qaldırmaq əvəzinə, daha mürəkkəb vəziyyətlərin formalaşmasına səbəb olur. İkincisi, dünyada dini mənsubluğa görə insanlara nifrət yaradır. Sivilizasiyalar və mədəniyyətlər arasında dialoq həmin halda ciddi maneələrlə qarşılaşır.

Yuxarıdakı mülahizələrin prizmasından Suriyadan tutmuş Əfqanıstana qədər geniş məkanda geosiyasi ixtilafların daxili məntiqinə nəzər salarkən orada kənardan yeridilmiş təxribat xarakterli məqamlara rast gələ bilərik. Həmin mövqe tərəfdarları Mərkəzi Asiyaya Yaxın Şərq üçün "düzəltdikləri" süni nəzəri modeli tətbiq etməyə çalışırlar. Konkret desək, Suriya, İraq və Misir üçün hazırlanmış "tutarlı arqumentlər" cüzi forma dəyişikliyi ilə artıq Mərkəzi Asiya regionuna da aid edilməyə başlanıb. Bu üsulla hansı məqamlar önə çəkilir?

İraq, Suriya və Misirdə daxili siyasi və regional geosiyasi problemlərin yaranmasına rəvac verən faktor şəklində radikal İslam məzhəbçiliyi, dinin siyasiləşməsi və terrorçu qrupların mövcudluğu göstərilir. Bütün bunları bir məntiqi sapa düzsək, belə alınır ki, Yaxın Şərqdə meydana çıxan geosiyasi problemlərin kökündə din olaraq İslam (regionda xristianlar da yaşayırlar və onlar bu yanaşmada həmişə zərər görən tərəf kimi göstərilir), siyasi qüvvə qismində müsəlman ideologiyasına görə hərəkət edən qruplar və hər iki faktoru özündə birləşdirən terrorçu qruplaşmalar dayanır.

İndi eyni modeli nəzəri olaraq tədricən Mərkəzi Asiyaya aid etməkdədirlər. Burada hazırda əsas arqument rolunu ABŞ-ın 2014-cü ildə Əfqanıstandan qoşunlarını çıxarması oynayır. Qərb və Rusiya analitikləri həmin məqamdan çıxış nöqtəsi kimi istifadə edərək, regionun qarşılaşa biləcəyi problemləri radikal İslam, məzhəb ayrı-seçkiliyinin yaratdığı psixoloji mürəkkəbliklər və terrorçu qrupların siyasi məqsədlərini həyata keçirməyə çalışması müstəvisində izah etməyə çalışırlar.

Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenkonun təhlili məqaləsində bunu aydın hiss etmək olur (bax: Aleksey Malaşenko. Afqanistan posle uxoda SŞA: proiqravşie i pobediteli / www.carnegie.ru, 24 oktyabr 2013).

Müəllif Əfqanıstandan amerikan əsgərlərinin çıxarılmasının müsbət və mənfi cəhətlərini təhlil edir. Bu prosesdən Rusiya və Mərkəzi Asiya dövlətlərinin qazanacağını, Çin və Hindistan üçün elə bir fərqin olmayacağını, Pakistan, İran kimi ölkələrlə bağlı isə risk amilinin artacağını vurğulayır.

Beynəlxalq münasibətlər və ədalət prinsipi

Aleksey Malaşenko hesab edir ki, İslamabad "talib çəkici ilə post-Kərzai zindanı" arasında qala bilər (bax: əvvəlki mənbəyə). Amerikanın isə geosiyasi aspektdə imici zəifləyir. Lakin məqalənin əsas tezisi ondan ibarətdir ki, radikal İslam Əfqanıstanın siyasi həyatında mürəkkəbliklər yaradacaq. Bu aspektdə "Taliban"ın hakimiyyətə gəlməsinə Qərb, Rusiya, Çin və Hindistan hazır olmalıdırlar. Çünki həmin variantda Pakistanın regionda geosiyasi nüfuzu arta bilər.

Cessika Metyus "The Washington Post" qəzetində dərc etdirdiyi analitik yazıda "İraq dərsləri" məsələsini qaldırır. O hesab edir ki, Qərb Səddam Hüseynlə bağlı buraxdığı səhvlərdən nəticə çıxarmalıdır. Konkret olaraq, Suriya, İran və Mərkəzi Asiya məsələlərində geniş beynəlxalq dəstəyə nail olmalıdır (bax: Jessica T. Mathews. We can stop Syria by using lessons from Iraq / www.washingtonpost.com, 13 sentyabr 2013).

Bu cür fikirlərə Qərb və Rusiya analitiklərinin, çinli ekspertlərin yazılarında tez-tez rast gəlinir. Burada hansı tendensiya özünü göstərir? Açıq deyək ki, belə bir mövqe beynəlxalq münasibətlər üçün təhlükə mənbəyidir. Böyük bir geosiyasi məkanda illərdir ki, davam edən münaqişələr və onların əsasında yarana biləcək yeni ixtilafları konkret bir dini dünyagörüşünə bağlamaq, əvvəlcədən problemləri həll etməmək deməkdir. Üstəlik, əgər Qərb siyasi təfəkküründə İslamı daha çox radikallıq, terrorçuluq aspektlərində təqdim etmək meyli qalırsa, bu, gələcək qlobal ixtilafların əsasını qoymaq anlamına gəlir. Təbii ki, belə bir yanaşma bütövlükdə dünya geosiyasətini, obrazlı desək, "xilasa aparmır".

Onu demək lazımdır ki, baxılan geosiyasi məkanda Qafqazın ayrıca yeri vardır. Təsəvvür edək ki, Əfqanıstandan 2014-cü ildə amerikan qoşunlarının çəkilməsi ilə Mərkəzi Asiyada hərbi nüfuz uğrunda Qərb, Rusiya və Çinin mübarizəsi yeni mərhələyə qalxır. Moskva indidən həmin regionda öz hərbi gücünü artırır. Çin siyasi, iqtisadi və mədəni-humanitar təsirlərlə yanaşı, hərbi yardımlara da üstünlük verir. Pekinin həmin istiqamətdə daha da fəallaşacağı proqnozlaşdırılır.

Təbii ki, Vaşinqton və Brüssel bütün bunlara seyrçi qalmayacaq. Onlar müxtəlif üsullarla Mərkəzi Asiyada mövqelərini möhkəmləndirməyə çalışacaqlar. Həmin sırada İslam adı altında fəaliyyət göstərən radikal dini qruplardan kəşfiyyat orqanlarının istifadə etməyəcəyinə heç kəs təminat verə bilməz. Burada Səudiyyə Ərəbistanı amilini tam kənara qoymaq doğru olmazdı. Bu kimi səbəblərdən Mərkəzi Asiyada 2014-cü ildən sonra geosiyasi vəziyyətin gərginləşəcəyi və bir sıra aspektlərdə münaqişələrin şiddətlənəcəyi haqqında danışmaq olar.

Bütün bunlar Qafqaza təsir edə bilərmi? Bizim qənaətimizə görə, bu, mümkündür. Xüsusilə, Mərkəzi Asiya ilə əlaqəli olan radikal qruplar dinc oturmazlar. Burada erməni terror qruplaşmalarını nəzərə almaya bilmərik. Onlar birbaşa olmasa da, "alovu körükləyən" qüvvə rolunu ifa edəcəklər. Belə çıxır ki, analitiklərin gətirdikləri arqumentlər real geosiyasi faktora çevrilsə, bəşəriyyəti növbəti bəlalar gözləyir. Geosiyasətin bu halda dünyanın yeni nizamını formalaşdırmaq funksiyasını tam yerinə yetirə biləcəyi şübhə doğurur. Yəni həm nəzəriyyə, həm də praktika zərər görmüş olur.

Vəziyyətin tam çıxılmaz olduğunu düşünmək düzgün olmazdı. Çünki dünyada yeni geosiyasi güclər meydana gəlir. Onlar böyük dövlətlərin ədalətsiz ambisiyalarının qarşısını ala bilərlər. Bunun üçün, görünür, yeni regional əməkdaşlıq formalarının yaradılmasına ehtiyac vardır. Burada əsas prinsip ədalətli və obyektiv meyarlar olmalıdır.

Artıq beynəlxalq təşkilatlar münaqişələrin meydana gəlməsinə rəvac verən geosiyasi və siyasi addımların yolunu bağlamalıdırlar. Konkret desək, məsələ əvvəlcə ixtilaf yaradıb, sonra onu həll etmək müstəvisində qoyulmamalıdır. Elə bir beynəlxalq tənzimləmə mexanizmi işə salınmalıdır ki, əvvəlcədən münaqişələrin yaranmasına aparıb çıxarmasın. Belə bir işin reallaşması bəşəriyyətin mahiyyətcə yeni geosiyasi vəziyyətə keçməsi demək olardı. Düşünürük ki, İslama qara yaxmaq əvəzinə, bu istiqamətdə çalışmaq səmərəli hadisə olardı.

Newtimes.az

Digər xəbərlər