Cari ildə bütün sahələrdə pozitiv inkişaf göstəricilərinin qeydə alınması və ölkəmizin beynəlxalq nüfuzunun artması xalq-iqtidar birliyini daha da möhkəmləndirib
Bu, bir gerçəklikdir ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan hazırda dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycanın aşkar gerçəkliklərini təşkil edir.
Qeyd etmək lazımdır ki, bütün bu uğurlar artıq geridə qoymağa hazırlaşdığımız 2013-cü ildə də davam etdi. Bütövlükdə, 2013-cü il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil oldu. Ümumiyyətlə, 2013-cü ildə bütün sahələrdə əldə edilən pozitiv göstəriciləri, ölkəmizin intensiv inkişaf dinamikasını, bütövlükdə, ilin mühüm hadisələrini daha yaxşı anlamaq üçün bir-biri ilə sistematik surətdə bağlı olan bir sıra məsələlərə toxunmaq məqsədəmüvafiqdir.
Prezident seçkiləri Azərbaycan xalqının cənab İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirdiyini göstərdi
İlk növbədə onu qeyd etmək lazımdır ki, 2013-cü il Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm bir hadisə ilə yadda qaldı. Bu, ölkəmizdə keçirilən prezident seçkiləridir. Bəhs olunan seçkilər Azərbaycan xalqının ali iradəsini ifadə etməklə xalq-hakimiyyət birliyini növbəti dəfə nümayiş etdirdi. Ümumiyyətlə, seçkilər ölkəmizin demokratik dəyərlər və ənənələrə sadiq olduğunu sübuta yetirdi. Seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi ölkəmizdəki siyasi sistemin demokratik dəyərlərə əsaslandığını növbəti dəfə göstərdi.
Prezident İlham Əliyev oktyabrın 9-da keçirilən prezident seçkilərində seçicilərin 84,54 faizinin dəstəyini qazanmaqla növbəti möhtəşəm qələbəyə imza atdı. Bu, əslində, Azərbaycanın son 10 ildə keçdiyi yola, qazandığı uğurlara, daxili və xarici siyasət kursuna, bu kursu həyata keçirən Prezient İlham Əliyevin fəaliyyətinə verilən ən yüksək qiymətdir. Başqa sözlə, 10 il bundan əvvəl Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə, bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. O da məlumdur ki, bu müddət ərzində Azərbaycanı yolundan döndərməyə, xalqı aldatmağa yönələn cəhdlər, ölkənin inkişafına yaradılan süni maneələr də olub. Lakin dövlət başçısının liderlik xüsusiyyətləri, siyasi iradəsi, möhkəm dövlət-xalq birliyi, vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi və ümumi gücün vahid məqsədə yönləndirilməsi nəticəsində formalaşan milli iradə sayəsində xalqımız bütün sınaqlardan uğurla çıxıb.
Bu gün cənab İlham Əliyevin prezident seçkilərində böyük üstünlüklə qalib gəlməsinin əsasında da xalqın iradəsi, inamı və seçimi dayanır. Siyasi plüralizm, şəffaf, ədalətli, demokratik şəraitdə baş tutan seçkilərin nəticəsi xalqın öz gələcəyini güclü, müstəqil, hərtərəfli inkişafa malik rifah dövlətinin yaradılmasının qarantına - Prezident İlham Əliyevə etibar etdiyini göstərdi. Və əminliklə demək olar ki, öz yolunda inamla irəliləyən Azərbaycanda növbəti 5 ildə də davamlı inkişafın, yeni nailiyyətlərin şahidi olacağıq.
Cari ildə dinamik iqtisadi inkişaf göstəriciləri qeydə alınıb
Ölkəmizdə aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha yaxşılaşıb. Belə ki, 2013-cü ilin 11 ayı ərzində istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 5,7 faiz artaraq 52,1 milyard manata çatıb. Onun 63,5 faizi istehsal, 30,2 faizi xidmət sahələrinin, 6,3 faizi isə məhsula və idxala xalis vergilərin payına düşür. ÜDM-in hər nəfərə həcmi 5604,2 manat və ya 7142,8 ABŞ dollarına bərabər olub.
2013-cü ildə qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisi artıb
Ölkəmizdə neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər son illərdə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı (ÜDM) xüsusi çəkisinin artmasına səbəb olub. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib. Məsələn, cari ilin 11 ayı ərzində iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz, qeyri-neft sektorunda isə 9,5 faiz artıb. Qeyri-neft ÜDM-nin xüsusi çəkisi 56,0 faiz təşkil edib.
Hesabat dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 23,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 18,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,7 faiz, informasiya və rabitə xidmətlərində 9,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,4 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,3 faiz, sənayenin sahələrində 1,4 faiz, o cümlədən mədənçıxarmada 1,0 faiz, emal sənayesində 4,1 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 2,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalında 10,3 faiz, sosial və digər xidmət sahələrində isə 3,9 faiz artım qeydə alınıb.
Bölgələrdə yeni istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayıb
Ölkə iqtisadiyyatının investisiya cəlbediciliyinin yüksəlməsini təmin edən amillər arasında iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı və sənaye potensialının gücləndirilməsi xüsusi yer tutur. Bu baxımdan, Azərbaycan iqtisadiyyatında inkişaf göstəriciləri arasında sənayenin çəkisi də artmaqdadır. Cari ilin 11 ayı ərzində sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,7 faiz artaraq 30,8 milyard manata çatıb. Sənayenin neft sektorunda məhsul istehsalı 1,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz artıb.
Mədənçıxarma bölməsində yanvar-noyabr aylarında 39,5 milyon ton və ya 0,5 faiz çox xam neft, 16,2 milyard kub metr, yaxud 2,7 faiz çox əmtəəlik qaz hasil olunub. Emal bölməsində isə qida məhsulları istehsalı 2,8 faiz, içki istehsalı 14,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 35,1 faiz, poliqrafiya məhsulları istehsalı 48,1 faiz, neft məhsulları istehsalı 6,2 faiz, kimya sənayesi məhsulları istehsalı 19,9 faiz, əczaçılıq məhsulları istehsalı 14,9 faiz, tikinti materialları istehsalı 16,9 faiz, maşın və avadanlıqların istehsalı 21,7 faiz və s. artıb.
Bütövlükdə, respublikanın müxtəlif bölgələrində, Bakıda sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayıb, yeni iş yerləri açılıb. İlin 11 ayı ərzində Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Gəmiqayırma zavodu, Sumqayıt şəhərində "Gilan" Tekstil parkı, Polad Boru zavodu, Abşeron rayonunda Plastik qablar və priforminlər istehsalı və"Milla" süd məhsulları və Dondurma istehsalı zavodları, Qazax rayonunda Sement zavodu, Gədəbəy rayonunda Yeni qızıl emalı zavodu, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Hacıqabul rayonunda Seramik plitələr zavodu, İsmayıllı rayonunda Tikiş fabriki, Ağcabədi rayonunda "Aqat-Aqro" Heyvandarlıq kompleksi və digər obyektlər istismara verilib.
İnşasına əvvəlki və cari illərdə başlanmış obyektlərin tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 11 ay ərzində 6618,5 milyon manatından istifadə edilib. İrəlidə sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən yeni neft-qaz və neft-kimya kompleksləri ilə yanaşı, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması, alüminium sənayesinin inkişaf etdirilməsi və ilkin alüminium istehsalının artırılması davam etdiriləcək. Ölkədə və Cənubi Qafqazda ilk metanol zavodunun işə salınması da buraya daxildir. Həmçinin, Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində ardıcıl işlər aparılır. Bundan başqa, Mingəçevirin sənaye potensialı və investisiya qoyuluşu imkanları araşdırılır.
Azərbaycan regionun informasiya xidmətləri ixracatçısına çevrilməkdədir
Son illər informasiya kommunikasiya texnologiyaları (İKT) Azərbaycanın sosial-iqtisadi yüksəlişinə xidmət edən sektor kimi prioritet sahəyə çevrilib və ölkəmizin İKT üzrə göstəriciləri xeyli yüksəlib. Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində bu sektor, habelə dövlət idarəçiliyi sistemində İKT-nin tətbiqi, eləcə də respublika əhalisinə elektron xidmətlərin göstərilməsi intensiv inkişaf edir. Təsadüfi deyil ki, ötən il dekabrın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edib.
Ümumiyyətlə, Azərbaycanda İKT-nin ixrac potensialının genişləndirilməsi gələcək planların mühüm istiqamətlərdən birini təşkil edir. Əsas məqsəd isə Azərbaycanı regionun informasiya xidmətləri ixracatçısına çevirməkdir. İnnovativ sahibkarlığın inkişafı, İKT sektorunun stimullaşdırılması texnoloji tutumlu məhsulların istehsalı üçün xüsusi mühit yaradacaq. Bunun üçün ölkədə yerli şirkətlərə maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən, güzəştli kreditlərin verilməsi istiqamətində də müəyyən addımlar atılır.
Gələcək prioritetlər sırasında nanotexnologiyalar əsasında yeni materialların alınması və istehsalı, enerjiqənaətedici və alternativ enerji mənbələrinin yaradılması və biotexnologiyaların geniş tətbiqi də var. Bu istiqamətdə ilk addım kimi Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin yaradılması, yaxşılaşdırılmış elektro-fiziki və kimyəvi xassələrə malik olan karbon nanoboruları və işıq diodlarının alınması və təcrübi istehsalı əhəmiyyətlidir.
Ötən illər ərzində həm də "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə mühüm işlər görülüb. Mühüm addım kimi Azərbaycanın yerətrafı orbitə peyk çıxarmaq təşəbbüsünü qeyd etmək lazımdır. Cari ilin fevralında "Azərspace-1" ilk Azərbaycan peyki fəzaya buraxılıb. Hazırda ölkəmizdə kosmos sənayesinin inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Bu peyk ölkəmizin qlobal informasiya cəmiyyətinə inteqrasiya olunmasında, Qərblə Şərq arasında informasiya regionunun aparıcı dövlətlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, kommersiya əhəmiyyəti baxımından əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcək.
Aqrar sektorun inkişafı ərzaq təhlükəsizliyinin təminatına xidmət edir
Məlum olduğu kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Bu məsələ istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin ən mühüm tərkib hissələrindən birinə çevrilib. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Ərzaq təhlükəsizliyinin təminatı, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərindəndir.
Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, habelə hazırda icra olunan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsir edib. Xüsusən də, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" çərçivəsində görülən işlər bu sahənin inkişafında təkan rolunu oynayıb. Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına yönəlmiş siyasətinin nəticəsi olaraq ötən illər ərzində ölkədə əsas bitkiçilik məhsullarının istehsalı məhsul növlərindən asılı olaraq müxtəlif ölçülərdə artıb.
Cari ilin 11 ayında dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 4faiz, heyvandarlıq məhsulları istehsalı 5,5 faiz və kənd təsərrüfatının ümumi məhsulu 4,8 faiz artıb. Dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2961,8 min ton taxıl, 992,7 min ton kartof, 1204,3 min ton tərəvəz, 42,6 min ton pambıq, 839,7 min ton meyvə və giləmeyvə, 429,7 min ton bostan məhsulları, 152,5 min ton üzüm, 180,8 min ton şəkər çuğunduru, 18,1 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 567,5 ton yaşıl çay yarpağı toplanıb, diri çəkidə 452,1 min ton ət, 1669,6 min ton süd, 1279,6 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal olunub.
Azərbaycanın beynəlxalq iqtisadi reytinqi yüksəlir
Qeyd etmək lazımdır ki, bütün bu göstəricilər beynəlxalq təşkilatların, dünya mətbuatının, xarici dövlətlərin marağına səbəb olur və haqlı rəğbətlə qarşılanır. Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edir. Azərbaycan 5 ildir ki, MDB dövlətləri arasında öz iqtisadi liderliyini qoruyub saxlayır. Bütün hesabatlarda ölkəmiz öncül mövqelərdə dayanır. Məsələn, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan "yuxarı orta gəlirli" ölkələr kateqoriyasına yüksəlib, BMT İnkişaf Proqramının müvafiq hesabatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupuna daxil olub. "Fitch Ratings", "Standard & Moody's" kimi beynəlxalq reytinq agentliklərinin tədiqatları isə göstərir ki, Azərbaycanın kredit reytinqi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dünya İqtisadi Forumunun ictimaiyyətə təqdim etdiyi 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda bildirilir ki, Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib, 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb.
Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər. Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub.
"Moods Investors Services" beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının istiqrazlarına təyin etdiyi "Ba1" reytinqini təsdiq edərək xarici valyuta üzrə "Baa2" və yerli valyuta üzrə "A3" reytinqlərinin proqnozunun "sabit"dən "pozitiv"ə qaldırılması barədə qərar qəbul edib. Bunlar dövlətin fiskal dayanıqlığını təmin edən işlərin, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin, qeyri-neft sektorunun inkişafına dövlət investisiyalarının həcminin əhəmiyyətli dərəcədə artımı hesabına əldə edilib.
"ASAN xidmət" Azərbaycanın brendinə çevrilib
Əhalinin sosial problemlərinin həlli ilə yanaşı vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi hökumətin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə dövlət başçısı tərəfindən fərman və sərəncamlar imzalanıb. Belə sənədlərdən biri Prezident tərəfindən 2012-ci ilin iyunun 13-də imzalanan Sərəncamdır. Sərəncama əsasən, dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli, həmçinin, rahat həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və "ASAN xidmət (Azerbaijan Service and Assessment Network)" mərkəzləri fəaliyyət göstərəcək. Sözügedən qurumun yaradılmasında məqsəd vətəndaşlara geniş spektrli sadələşdirilmiş xidmət göstərmək, onların vaxt itkisinin, eləcə də, bürokratiya, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadəni təmin etmək və dövlət orqanlarına etimadı artırmaqdır. Qurumun həyata keçirəcəyi işlər sırasında doğumun, nikahın, ölümün qeydə alınması, həmçinin, adın, soyadın dəyişdirilməsi haqqında sənədlərin alınması, mülkiyyət hüququna dair bir sıra sənədlərin verilməsi, notariat fəaliyyəti və s. var. Təsadüfi deyil ki, dekabrın 3-də "Euronews" telekanalına müsahibəsində "ASAN xidmət"in əslində Azərbaycanın brendi olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, "ASAN xidmət" sisteminin həyata keçirilməsindən bir ildən də az vaxt ötsə də, artıq 500 mindən çox vətəndaş bu xidmətə müraciət edib: "Bu, həqiqətən müasir Azərbaycanın brendinə çevrilib. Biz ölkəni modernləşdiririk, siyasi sistem də modernləşdirilir. Bu halda biz bütün sahələri modernləşdirməliyik. İnsanlar üçün elə bir şərait yaratmalıyıq ki, onlar razı qalsınlar və arayışların alınmasına hədər yerə vaxt itirməsinlər. Halbuki, indi bu sənədləri bir neçə dəqiqə ərzində əldə edə bilirlər".
Su təhlükəsizliyinin təmin olunması strateji nailiyyətdir
Cari ildə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmizdə su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi və ya yenidən inşası ilə bağlıdır. Hazırda büdcə gəlirlərinin böyük bir hissəsinin ölkənin su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilməsi deyilənləri təsdiq edir. Həmçinin ölkəmizdə su təchizatı və kanalizasiya sektorunda reallaşdırılan genişmiqyaslı layihələr, yeni texnologiyaların tətbiqi perspektivləri sərmayəçilərin regiona marağını daha da artırır. Bu sahədə beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlıq da genişlənir. Aprelin 11-də Bakıda keçirilən "CATEF-2013" - birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi də bunun bariz nümunəsidir.
Qeyd edək ki, son illərdə Azərbaycanda şəhər və rayon mərkəzlərinin, kənd və qəsəbələrin su təchizatının yenidən qurulması intensivləşib. Belə ki, cari ilin təkcə avqust ayı ərzində dövlət başçısının iştirakı ilə Kürdəmir, İsmayıllı, Oğuzda içməli su xətləri istismara verilib. Həmçinin, strateji əhəmiyyətli hesab olunan Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü Su anbarı, Taxtakörpü Su Elektrik stansiyası istifadəyə verilib. Eyni zamanda, kəndlərdə də su xətləri çəkilir, bir neçə kənddə içməli su problemi artıq həll edilib.
Turizmin inkişafı bölgələrin tərəqqisinə xidmət edən faktor kimi
Turizmi qeyri-neft sektorunda prioritet sahələrdən biri hesab edən Azərbaycan dövləti bu sahənin inkişaf etdirilməsinə xüsusi önəm verir. Cari ildə də bu istiqamətdə xüsusi tədbirlər görülüb. Sözsüz, Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi regionların infrastruktur cəhətdən inkişafını da təmin edir. Xüsusilə, şimal-qərb bölgəsinin turizm potensialının çox güclü olmasını nəzərə alaraq bu sektorun gələcək inkişafı ilə bağlı konkret proqramlar və təkliflər irəli sürülüb. Məhz bu məqsədlə bütün rayonlarda, o cümlədən Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarında müasir turizm obyektləri, mehmanxanalar, kempinqlər, istirahət zonaları tikilməkdədir, infrastruktur yenilənir ki, bu proses daxili və xarici turizmin inkişaf etdirilməsi istiqamətində mühüm addımdır.
Turizmin inkişafı öz növbəsində ölkəmizdə hotel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Məhz buna görə də, paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarında da müasir turizm obyektlərinin inşası üçün yerli və xarici iqtisadi qurumlara əlverişli investisiya mühiti yaradılıb. Cari ildə istifadəyə verilən otellər arasında Şahdağ", "Pik Palas" otelləri, "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, Qubada "Rixos Quba Azerbaijan" otel kompleksi turizmin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan 2013-cü ildə də demokratiya yolunda inamla irəliləyib
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli daxili siyasət kursunun nəticəsi kimi, Azərbaycanın cari ildə də demokratiya yolunda inamla irəliləyib. Qeyd etdiyimiz ki, başa vurmağa hazırlaşdığımız ildə keçirilən prezident seçkiləri Azərbaycanın demokratiya yolunda qətiyyətlə addımladığını göstərdi.
Ümumiyyətlə, demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən başlıca amil qismində isə mütəmadi islahatların həyata keçirilməsi çıxış edir.
Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən rasional siyasi kursun fonunda insan və vətəndaş hüquq və azadlıqların təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirib. Nəticə etibarilə, Azərbaycan demokratiya yolunda intensiv irəliləyişini inamla davam etdirir.
Elə bütün bunların məntiqi nəticəsidir ki, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları Azərbaycanın demokratiya yoluna sadiq qaldığını və demokratikləşmə prosesini sürətləndirdiyini bəyan etməkdədirlər. Cari ilin oktyabr ayının 9-da keçirilən prezident seçkilərinin nəticələri də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın demokratik dəyərlər və ənənələlərə sadiq olması kimi dəyərləndirildi.
Noyabrın 24-də jurnalistlərlə görüşündə Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib ki, məhz 1990-cı illərin ortalarında Azərbaycanın inkişaf konsepsiyası qəbul edilmişdir: "Bu konsepsiyada azadlıqlar, demokratik inkişaf məsələləri xüsusi yer tutur. Çünki demokratik cəmiyyət qurulmasa, bizim uğurlarımızın dayanıqlılığı təmin edilə bilməz. Ona görə bir daha demək istəyirəm ki, Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı çox güclü siyasi iradə vardır. Cəmiyyətin dəstəyi, o cümlədən media nümayəndələrinin fəal iştirakı ilə biz bu istiqamətdə daha da böyük uğurlara çatacağıq".
Jurnalistlərin dostu, Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi
2013-cü il media sektoru və mətbuat nümayəndələri üçün də kifayət qədər uğurlu oldu. Azərbaycan mətbuatının inkişafına xüsusi qayğı göstərən Prezident İlham Əliyevin diqqəti sayəsində media sektoru öz dinamik inkişafını davam etdirdi, mətbuat nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Heç şübhəsiz, bu tədbirlər sırasında dünyada analoqu olmayan bir göstəricini diqqətə çatdırmaq xüsusi əhəmiyyət daşıyır. Belə ki, milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 22 iyul 2010-cu il tarixdə Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamın icrası yönündə görülən işlərin ilkin nəticəsi olaraq 2013-cü il iyulun 22-də, Azərbaycan mətbuatının 138 yaşının qeyd olunduğu bir gündə Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş 17 mərtəbəli, 156 mənzilli binanın açılışı oldu. Qeyd edək ki, elə həmin gün dövlət başçısı Bakının Səbail rayonu Bibiheybət qəsəbəsində jurnalistlər üçün yeni çoxmənzilli yaşayış binasının təməlqoyma mərasimində iştirak etdi. Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı bu addımla jurnalistlərin dostu olduğunu bir daha təsdiq edən Prezident İlham Əliyev mediaya olan diqqət və qayğısı ilə jurnalistlərə böyük stimul verdi. Dekabrın 24-də isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə dövlət başçısının Sərəncamı ilə tikilmiş binada mənzil almış jurnalistlərə mənzillərin sənədlərinin və açarlarının təqdim edilməsi mərasimi keçirildi. Bu, onu göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata xüsusi diqqəti təkcə media nümayəndələrinə yox, sosial statusundan asılı olmayaraq bütün cəmiyyət üzvlərinə ünvanlanıb.
Bundan əlavə, jurnalistlərə fəxri adların verilməsi, redaksiyaların maddi-texniki tələbatlarının ödənilməsi üçün dövlət tərəfindən maliyyə yardımının göstərilməsi və digər bu kimi tədbirlər medianın inkişafına xüsusi töhfələr verdi.
Cari ildə Azərbaycan mətbuat tarixinin ən mühüm hadisələrindən biri də Prezident İlham Əliyevin ikinci dəfə "Jurnalistlərin dostu" seçilməsi oldu. Bu münasibətlə noyabrın 24-də media nümayəndələrinin iştirakı ilə mərasim keçirildi. Mərasimdə səsləndirilən fikirlər onu göstərdi ki, Prezident İlham Əliyevin mətbuata xüsusi diqqət və qayğısı hər bir şəxsdə məmnunluq doğurur və medianın inkişafının əsasını təşkil edir.
Nəticə etibarilə, Azərbaycanda bütün sahələrdə özünü göstərən sürətli inkişaf prosesi mətbuatdan da yan keçmir. Bildiyimiz kimi, ölkədə mətbuatın, ümumilikdə kütləvi informasiya vasitələrinin inkişafı diqqət mərkəzində olan məsələlərdəndir. İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə medianın fəaliyyətinə və inkişafına yaradılan şərait, göstərilən dövlət dəstəyi KİV-in cəmiyyətdəki yerini möhkəmləndirir. Ümumiyyətlə, ölkədə mətbuatın inkişafına dəstək hüquqi və praktik müstəvidə paralel şəkildə həyata keçirilir. Belə ki, KİV haqqında qanunun liberallaşdırılması, Avropa standartlarına uyğunlaşdırılması media qurumlarının sərbəst fəaliyyəti baxımından vacib nailiyyətlərdir.
Mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə edildi
2013-cü il Azərbaycanda həm də mədəniyyət sahəsində yeni uğurlarla yadda qaldı. Bu ildə qədim və zəngin Azərbaycan mədəniyyətinin inkişaf və təbliği istiqamətində vacib tədbirlər həyata keçirilib, ölkə mədəniyyətinin beynəlxalq aləmdə tanınması üçün mühüm addımlar atılıb.
Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin təbliği və inkişafı istiqamətində ölkə daxilində və beynəlxalq səviyədə həyata keçirilən tədbirlər, layihələr davam etdirilib. 2013-cü il martın 9-dan 19-dək Bakıda "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı keçirilib. Festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilib, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunub. 2013-cü ildə ölkəmizdə gerçəkləşən beynəlxalq miqyaslı mədəni tədbirlər içərisində II Bakı Mədəniyyətlərarası Dialoq Forumunu, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasını və III Beynəlxalq Kitab Sərgi-Yarmarkasını da qeyd etmək olar.
Bu il həm də Azərbaycan musiqisinin beynəlxalq səviyədə növbəti qələbəsi ilə tarixdə qaldı. Belə ki, Azərbaycan təmsilçisi dekabr ayında Türkiyədə keçirilən "Türkvision-2013" müsabiqəsinin ilk qalibi oldu.
Bu ilin dekabrın əvvəlində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı Azərbaycanın çövkən oyunu UNESCO-nun Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bununla da, ənənəvi Qarabağ atüstü oyunun bəzi dövlətlər tərəfindən özəlləşdirilməsi cəhdlərinin qarşısı alınıb.
Həmçinin, dekabr ayında Parisdə keçirilən UNESCO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinin 8-ci sessiyasında İçərişəhərə xüsusi əhəmiyyət kəsb edən "gücləndirilmiş mühafizə" statusunun verilməsi qərara alınıb. Bu statusa malik mədəni obyektlər Konvensiya və onun İkinci Protokoluna qoşulmuş ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblem ilə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur.
Ümumilikdə, İçərişəhərin UNESCO-nun "Gücləndirilmiş mühafizə rejimli abidələrin siyahısı"na daxil edilməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin bu incisinin qorunmasının beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.
Azərbaycan dünyada idman ölkəsi kimi tanınır
2013-cü ildə ölkəmizdə mühüm tədbirlərin görüldüyü sahələrdən biri də idman sektoru oldu. Ümumiyyətlə, Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin fonunda Azərbaycan həm də dünya miqyasında idman ölkəsi kimi tanınmaqda və ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşımaqdadır. Əlbəttə ki, idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi həm cəmiyyətimizdə gənc nəsilin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasına xüsusi töhfələr verir.
Sadalananlar baxımından başa çatmaqda olan 2013-cü ili ölkə idmanı üçün uğurlu il kimi dəyərləndirmək olar. 2012-ci ildə Olimpiya Oyunlarında qazanılmış qələbələr 2013-cü ildə də davam edib. Azərbaycan idmançıları Tələbələrin Yay Universiadasında böyük uğurlara imza ataraq komanda hesabında 15-ci yerə layiq görülüb, 16 medal qazanıblar. Ümumiyyətlə ölkə idmançıları il ərzində 780-dən çox medal qazanıblar ki, onlardan 280-ni qızıl medaldır. Eyni zamanda, Olimpiya idman növləri üzrə dörd Dünya çempionumuz olub.
Bundan başqa, Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etdi. Şübhəsiz, Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinə dair qərarın qəbul olunması ölkəmizin çox böyük tarixi uğurudur.
Şübhəsiz, ölkəmizin Avropa Olimpiya Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılmışdır. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb
Başa vurmağa hazırlaşdığımız 2013-cü ildə Azərbaycanın xarici siyasəti də mühüm nailiyyətlərlə səciyyələndirilə bilər. Cənubi Qafqaz geosiyasi məkanının lider aktoru olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılıması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi 2013-cü ildə həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Cari ili səciyyələndirərkən ilk növbədə ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzvlüyü uğurla başa vurmasını qeyd etmək lazımdır. Vurğulamaq gərəkdir ki, 2011-ci ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında Sədrlik etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi rasional xarici siyasət kursunun qanunauyğun nəticəsi idi. Ümumiyyətlə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirdi. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər - beynəlxalq terrorçuluqla mübarizə, Suriyadakı vəziyyət və s. müzakirə olundu. Ötən ilin may ayının əvvəllərində Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən iclasda müzakirə olunan "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusu məhz Azərbaycanın təşəbbüsü ilə gündəliyə daxil edilmişdi. İclasda çıxış edən dövlət başçısı qlobal miqyasda əməkdaşlıq və birgə səy tələb edən terrorçuluqla mübarizənin önəmini qeyd edərək Cənubi Qafqaz regionunda bu problemin başlıca mənbəyi olan Ermənistanın dövlət siyasətinin mahiyyətini də ifşa etmişdi. Beləliklə də, Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinin işğalçı və terrorçu siyasətini ən yüksək kürsüdən aparıcı dünya dövlətlərinin liderlərinin diqqətinə çatdırmışdı. Dolayısıyla, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir. Azərbaycan TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirdi.
Bundan əlavə, Azərbaycan nümayəndələri BMT TŞ-də keçirilən digər müzakirələrdə və səsvermədə fəal iştirak edərək, dünyada sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi önəmi bir daha göstərmiş oldu...
Ümumiyyətlə, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda cərəyan edən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuz sahibinə çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini təkcə coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz böyük regional amilə çevrilib: "Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir".
TANAP və TAP – Azərbaycanın enerji siyasətinin yeni uğurları
Məlum olduğu kimi, 2013-cü il Azərbaycanın enerji siyasətində böyük uğurlarla yadda qalıb. "Əsrin müqaviləsi"nin imzalandığı dövrdən etibarən dünyada əsasən neft ölkəsi kimi tanınan Azərbaycan 2013-cü ildə atdığı addımlarla beynəlxalq aləmdə mühüm qaz ixracatçısı kimi özünü tanıtmağa başlayıb.
Qeyd edək ki, bu istiqamətdə ilk böyük nailiyyət 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərinin istifadəyə verilməsi idi. Bu baxımdan, Avropanın "mavi yanacaq" bazarlarında əsas iştirakçılardan birinə çevrilmək niyyətində olan Azərbaycanın təşəbbüsü ilə qəbul olunan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapır. Xatırladaq ki, hələ Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun 2011-ci ildə Azərbaycana səfəri zamanı "Cənub" qaz dəhlizi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün həlledici razılaşmalardan biri də "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Sazişdir. Proqnozlara görə, TANAP layihəsinin reallaşması 7 milyard ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 1,4 metr nəzərdə tutulub. Kəmərin ölçülərinin belə seçilməsi gələcəkdə onun gücünün tədricən artırılmasına imkan verəcək. Layihənin 4 mərhələdə həyata keçiriləcəyi gözlənilir. Onun ilk mərhələsi 2017-ci ildə başa çatacaq. Bu, "Şahdəniz" layihəsinin 2-ci mərhələsi üzrə istismarın 2018-ci ilin əvvəlində başlanması ilə bağlıdır. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. Bununla da, Azərbaycanın 2025-ci ilədək hasil etməyi planlaşdırdığı 50 milyard kubmetr qazın böyük hissəsini TANAP vasitəsilə ixrac etmək mümkün olacaq.
Eyni zamanda, TANAP layihəsi Transxəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
"Şahdəniz-2" – Azərbaycanın enerji siyasətində yeni mərhələ
2013-cü ilin ən yaddaqalan və uğurlu nəticələrindən biri kimi dekabrın 17-də Bakıda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimini qeyd etmək olar. "Şahdəniz-2"-nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir.
Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan "Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilir. Bu Azərbaycanın gələcəkdə sürətli inkişafını təmin etmək üçün mühüm imkandır. Qərarın imzalanması mərasimində iştirak edən Prezident İlham Əliyev nitqində "Şahdəniz-2" layihəsinin qlobal miqyasda ən böyük layihələrdən biri olduğunu vurğulayıb: ""Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir".
"Şahdəniz-2" layihəsinin gerçəkləşməsi "Cənub" qaz dəhlizi vasitəsilə mavi yanacağın Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Bu, həm də Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılmasına və yeni iş yerlərinin yaradılmasına da səbəb olacaq.
Ümumilikdə, "Şahdəniz-2" layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. Bunun 6 milyardı Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcək. Bu layihə çərçivəsində ilk qazın 2018-ci ildə əldə edilməsi planlaşdırılır. Bundan əlavə, Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər uzanacaq Trans-Anadolu təbii qaz boru kəmərinin tikintisi də sürətləndiriləcəkdir.
Beləliklə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə, Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhəddə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu isə Avropada mavi yanacaq bazarını genişləndirəcək, istehlakçı ölkələr isə enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər.
Təsadüfi deyil ki, Bakıda "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın rəsmi dairələrində sevinclə qarşılanıb. Çünki "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın daha güclü enerji təhlükəsizliyinə qapı açmağa imkan verir.
Beləliklə, düzgün enerji siyasəti sayəsində Azərbaycan özünün inkişafını təmin edir, eyni zamanda, çaxsaylı tərəfdaşlar qazanmaqla, özünün beynəlxalq aləmdəki nüfuzunu və mövqelərini durmadan gücləndirir.
Ərazi bütövlüyünün bərpası yolunda ardıcıl fəaliyyət davam etditrilir
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətində prioritet məsələdir və 2013-cü ildə ölkə rəhbərliyi bu istiqamətdə çoxşaxəli fəaliyyətini fasiləsiz olaraq davam etdirib.
Cari ildə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə və Krakovda (Polşa) görüşləri baş tutub. Həmçinin, noyabrın 19-da Azərbaycan və Ermənistan Prezidentlərinin Vyanada görüşü keçirilib. Ermənistanın qeyri-konstruktiv mövqeyini və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı Ermənistana qarşı təzyiq siyasətini həyata keçirməkdədir. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması, daxilindəki sosial və iqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləridir.
Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində görülən işlərin səmərəli nəticəsi olaraq Meksika, Pakistan və Kolumbiyadan sonra 2013-cü ilin fevralında Çexiyanın və Bosniya və Herseqovinanın parklamentlərində də Xocalı soyqırımı rəsmən tanınıb. Bu il həm də Xocalı faciəsini soyqırımı və ya qətliam kimi tanıyan ABŞ ştatlarının sırasına Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Vest Virciniya və Konnektikutun da daxil olması sayəsində onların sayı 13-ə çatıb.
Əlbəttə ki, ərazi bütövlüyünün bərpası yönündə informasiya və maarifləndirmə sahəsində fəaliyyətə paralel olaraq, Azərbaycan həm də özünün sosial-iqtisadi və hərbi qüdrətini artıraraq düşmən üzərində hərtərəfli üstünlüyünü möhkəmləndirib. Məlum olduğu kimi, bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən 10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə çoxdur, əhali isə beş dəfə artıqdır.
Bütün bunlarla Azərbaycan istər Ermənistana, istərsə də onun havadarlarına göstərir ki, ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz və Azərbaycan heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Prezident İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindən biridir
Məlum olduğu kimi, Prezident İlham Əliyev dünyada müsbət imici ilə tanınan nüfuzlu liderdir. Bu uğurun təməlində dayanan səbəb isə ilk növbədə, dövlət başçımızın ölkənin rəhbəri kimi fəaliyyətinin səmərəliliyinin Azərbaycanın daxili və beynəlxalq nailiyyətləri qismində əksini tapmasıdır. Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri, siyasi xadimləri, ayrı-ayrı nəşrlər Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti yüksək qiymətləndirirlər. 2013-cü ildə ayrı-ayrı xarici sorğu mərkəzlərinin və nüfuzlu xarici jurnalların müxtəlif ölkələrdə keçirdikləri sorğuların, ekspert rəylərinin nəticəsində dövlət başçımızın dəfələrlə "İlin adamı" elan edilməsi bunu deməyə əsas verir.
Məlum olduğu kimi, 2013-cü ilin əvvəlində "The Business Year" jurnalı Prezident İlham Əliyevi dünyada "İlin adamı" elan edib. Dövlətimizin başçısı bu mükafata son beş ildə Azərbaycanın dinamik inkişafına, beynəlxalq münasibətlərdə fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, "Azərspace" ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgə də və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, həmçinin, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülüb.
Bu il həm də Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə, Prezident İlham Əliyev türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilib. Jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondent iştirak edib. Bu münasibətlə, "Ekovitrin" jurnalında dövlət başçımızın Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilib, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etməsi və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilməsi vurğulanıb.
Cari ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında keçirdiyi onlayn sorğuya əsasən, Prezident İlham Əliyev İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilib. Prezident İlham Əliyev "İlin dövlət başçısı" seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi, bütövlükdə Azərbaycanın İƏT-in İslam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin, Cənubi Qafqazın ilk məscidi və İslam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınıb.
Bundan əlavə, Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malik "BizNewsAsia" jurnalı da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "İlin adamı" elan edib. Jurnalın avqust buraxılışında əksini tapan məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti və Onun rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu islahatlar, əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verilib.
Həmçinin cari ilin dekabrında İstanbulda keçirilən Xəzər Forumunda Prezident İlham Əliyev "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülüb. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun Xəzər hövzəsinin strateji təhlükəsizliyinə verdiyi mühüm töhfələr və eləcə də, Azərbaycanın regionda həyata keçirilən transmilli layihələrdə liderlik rolunu uğurla icra etməsi ilə bağlıdır.
Geniş oxucu kütləsinə malik "Hind okeanının və Ərəb dənizinin səsi" (VİOAS) jurnalı Azərbaycan Prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan edib və bu münasibətlə özünün xüsusi Milad nəşrini Azərbaycana həsr edib. Azərbaycan Prezidentinin "İlin adamı" seçilməsi dövlət başçımızın xalqın böyük dəstəyi ilə növbəti dəfə Prezident seçilməsi və şəxsi liderlik keyfiyyətləri, eləcə də Onun rəhbərliyi altında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətinin və vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlməsinin nəticəsidir.
Beləliklə, göründüyü kimi, nüfuzlu təşkilatların, jurnalların Prezident İlham Əliyevi "İlin adamı" elan etməsi Azərbaycanın son illərdə daxili və xarici siyasətdə qazandığı uğurların müəllifi olan dövlət başçımıza beynəlxalq səviyyədə verilən yüksək qiymətin, habelə, Prezident İlham Əliyevin uğurlu siyasi lider kimi dünyadakı nüfuzunun artmasının təsdiqidir.
"Yeni Azərbaycan"ın Analitik Qrupu