Məlum olduğu kimi, Almaniyanın Hamburq şəhərində 2013-cü il dekabrın 21-də "Rote Flora'' adlı mədəniyyət mərkəzinin bağlanmasına etiraz olaraq sol tendensiyalı qruplar tərəfindən təşkil olunan mitinqdə polislə etirazçılar arasında ciddi münaqişə baş verdi. Münaqişədə 120-yə yaxın polis və 500-ə yaxın etirazçı yaralandı. Daha sonra isə bəzi etirazçılar polis mərkəzinə hücum edərək üç polisi ağır şəkildə yaraladı. Bunun müqabilində Hamburq polisi şəhərin bəzi yerlərini "təhlükəli səmt'' elan etdi.
Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniyada Hamburq böhranı geniş miqyas almaqdadır. Xüsusilə Hamburq əyalətinin Saint Pauli, Altona və Schanzenviertel rayonlarında axşam saat 18:00-06:00 radələri arasında şəxsiyyət vəsiqələrinin yoxlanılması ciddi reaksiyalara səbəb olur. Hökumət bu böhranın Berlin və digər böyük şəhərlərə sıçramasından qorxur.
Bu kontekstdə qeyd etməliyəm ki, Hamburq əyalətində hakimiyyətdə olan Sosial Demokrat Partiyası ilə əsas müxalifət partiyası olan Xristian Demokrat Partiyası polisin qanun çərçivəsində hərəkət etdiyini bildirdi. Azad Demokrat Partiyası və Yaşıllar Partiyası minlərlə şəxsin şübhəli olaraq polis tərəfindən nəzarət altına alınmasını tənqid etməkdədir. Sol Partiya isə öz növbəsində polisin bu hərəkətlərindən məhkəməyə müraciət edəcəyini bəyan etdi. Almanyada sol təmayüllü millət vəkili Sevim Dağdelen hadisələrin bu şəkildə yatırılmasının Konstitusiyaya zidd olduğunu qeyd edərək, Konstitusiya məhkəməsinə müraciət edəcəklərini vurğulamaqdadır.
Hamburq hadisələri zamanı maraqlı məqamlardan biri də tualet təmizləyən vasitənin etiraz dalğasının simvoluna çevrilməsidir. Belə ki, polisin yoxlamaları nəticəsində bir şəxsin şalvarının arxa cibindən çıxan tualet təmizləyən vasitə etirazçıların simvolu halına gəldi. Artıq etirazçıların çoxu əllərində və ciblərində bu alətlə gəzirlər.
Etiraza səbəb olan faktorlar
Ümumiyyətlə, Hamburq şəhərinin əhalisi demoqrafik cəhətdən çox rəngarəngdir. Məhz şəhərin müxtəlif etnik mozaikə malik olması burada hadisələrin eyni zamanda gec səngiyəcəyindən xəbər verir.
Sol tendensiyalı qrupların güclü olduğu Hamburq şəhəri Avropaya gələn miqrantların daha çox yaşadığı şəhərlərdəndir. Almaniya hökumətinin miqrantlara qarşı siyasəti məhz solçular tərəfindən ciddi şəkildə tənqid olunur.
Etirazın arxa planında eyni zamanda hakimiyyətin yanlış miqrant siyasəti dayanır. Hamburq şəhərinin əhalisi də buraya gələn miqrantları dəstəkləyir. Məhz etirazın əsas səbəblərindən biri də "Rote Flora'' mədəniyyət mərkəzinin də yerləşdiyi binada məskunlaşan miqrantların evlərindən çıxarılması oldu.
Bu hadisələr eyni zamanda sosial mediada da böyük səs-küyə səbəb oldu. Hamburq hadisələri bu şəhərdə yaşayan türklər tərəfindən Taksim "Gəzinti parkı'' hadisələri ilə müqayisə edilir. Almaniyanın ən böyük rəqəmsal televiziya şirkətlərindən biri olan "Unitymedia'' Hamburq hadisələrindən sonra Türkiyənin dövlət televiziyasının yayımını dayandırdı. TRT-nin bu hadisələri tez-tez işıqlandırmasının buna səbəb olduğu güman edilir. Ancaq nədənsə "Gəzinti parkı'' hadisələri zamanı Türkiyə hökumətini çox tənqid etmiş Almaniya mətbuatı hazırda ölkə daxilində demokratiya və insan hüquqlarının ciddi şəkildə pozulmasına qarşı səssiz qalmaqdadır.
Hamburqda etiraz dalğasının arxa planında iki əsas faktor vardır. Birincisi Hamburq əyalətində toplanmış sol tendensiyalı qrupların yerləşdikləri binalarda alternativ mədəniyyət mərkəzləri açaraq, kapitalizmə qarşı mübarizə aparmağa çalışmasıdır. İkincisi isə Almaniya hökumətinin xüsusilə Hamburq şəhərində miqrantlara qarşı tətbiq etdiyi yanlış siyasətdir. Belə ki, miqrantlarla bəzən terroristlər kimi rəftar olunur.
Nəticədə, Hamburq şəhərində sol tendensiyalı qrupların və miqrantların etirazları birləşərək, Alman hökumətini ciddi şəkildə düşünməyə və demokratik plüralizm çərçivəsində siyasət tətbiq etməyə vadar edir.
newtimes.az