Azərbaycan diaspor mətbuatı XIX əsrin ortalarından başlayaraq formalaşıb
Azad düşüncənin, söz və fikir plüralizminin daşıyıcısı olan milli mətbuatımız böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi irsinə sadiq qalaraq inkişaf yolu keçib, tanınıb, cəmiyyətdə özünə nüfuz qazanıb. Azərbaycan mətbuatı nəinki Cənubi Qafqazda, ümumiyyətlə, Avropada obyektivliyi, müstəqilliyi, hadisələri geniş, əhatəli işıqlandırmaq baxımından tanınan mətbuat kimi qəbul olunur.
Yarandığı zamandan Azərbaycan milli mətbuatı müəyyən çətinliklər və uğurlarla qarşılaşmışdır. 1875-ci il 22 iyul tarixində əsası qoyulan "Əkinçi" qəzeti publisistik üslubun təməl daşını qoydu. Bu hadisə bir çox dünya ölkələrində hələ mətbuatın olmadığı bir zamanda baş verdi. Anadilli mətbuatımızın əsasını qoyan böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin yaratdığı qəzet 1875-ci ildən 1877-ci ilədək iki həftədə bir dəfə olmaqla oxuculara təqdim edildi. "Əkinçi"nin səhifələrinin arxasında nəhəng bir insan, tərəqqiyə, mədəniyyətə meyilli, milləti yolunda şam kimi əriyən bir insan dayanırdı. Vurğulayaq ki, "Əkinçi"yə qədər bir neçə dəfə milli qəzetin açılmasına təşəbbüslər olmuşdu. Yalnız Həsən bəy Zərdabi sübut etdi ki, milli dildə qəzet çıxarmaq mümkündür. M.Ə.Rəsulzadə "Azərbaycan" jurnalında yazırdı ki, Zərdabi əkdiyi toxumun səmərəsini görən əkinçi kimi vəfat etdi.
Milli mətbuatımız böyük mütəfəkkirlərinin əməyi sayəsində zaman-zaman inkişaf edərək, genişlənmiş, xalqın istək və arzularını, Azərbaycan həqiqətlərini - ictimai, siyasi və mədəni hadisələri işıqlandıran orqana çevrilmişdir. Qələm, söz əhlinin fədəkarlığı milli mətbuatın inkişafına mane olan kəslərin üzərində qələbə çalaraq formalaşdı, "Sözün düzünü demək hünərdir" prinsipi ilə ziyalıları ətrafına toplaya bildi. Dövrün, zamanın carçısına çevrildi.
Milli mətbuatın təşəkkül tapması prosesi o qədər sürətlə gedirdi ki, onların sayı durmadan artırdı. Qeyd edək ki, milli mətbuatın nümayəndələri Azərbaycanda nəşr olunan nümunələrlə kifayətlənməyib, dünyanın müxtəlif ölkələrində belə qəzetlərin nəşrinə başlamışdılar. Müxtəlif maneələrə baxmayaraq, diaspor mətbuatının təməl daşı qoyuldu. Beləliklə, zaman ötdükcə milli mətbuatımız təşəkkül taparaq, dünyanın müxtəlif ölkələrində çətinliklərlə olsa da çap olunur, ana dilində soydaşlarımıza ictimai, siyasi, iqtisadi, mədəni həyatdan söz açılırdı. Yetişən ziyalılar qələmə güc verərək xalqa həqiqəti çatdırmaq, onları qəflət yuxusundan oyatmaq üçün bütün imkanlardan istifadə edib, qorxu hissini özlərindən uzaqlaşdırırdılar.
Məlumdur ki, Azərbaycan diasporunun coğrafi mövqeyi genişlənərək, Asiya və Avropadan başlayaraq, Amerika, Afrika və Avstraliyayadək yayılmışdır. XIX əsrin ortalarından başlayaraq Azərbaycan diaspor mətbuatı formalaşmış, XX əsrin ilk illərində artıq mətbuat orqanlarının inkişafı sürətlənmişdi. Maarifpərvər ziyalı Məmmədağa Şaxtaxtlının böyük əziyyətlər hesabına nəşr etdirdiyi həftədə üç dəfə türk dilində çap edilən "Şərqi-Rus" Tiflisdəki Azərbaycan diasporunun böyük xidməti nəticəsində oxuculara təqdim olunmuşdur. 1903-cü ildən 1905-ci ilə qədər iki il müddətində işıq üzü görən qəzetin cəmi 377 nömrəsi çıxmışdı.
Bildiyimiz kimi, bir qisim Azərbaycan ziyalılarının həyatı, fəaliyyəti Tiflislə sıx bağlı olmuş və onlar həmin şəhərdə ana dilinda qəzet və məcmuələr çap etdirərək, orada yaşayan soydaşlarımıza xidmət göstərib, problemləri müxtəlif yollarla dövri mətbuatda əks etdirirdilər. 1905-ci ildə "Şərqi-Rus" qapandıqdan sonra, 1918-ci ildə Tiflisdə yeni bir mətbu orqan "Gələcək" ictimai-siyasi, ədəbi qəzet çap olunur. Bu qəzet Mərkəzi Müsəlman Təşkilatı olan "Hümmət" Menşevik Sosial-Demokrat Firqəsinin orqanı idi. Elə həmin il Tiflisdə yeni bir məcmuə də - "Gənclər yurdu" çap edilir. Bala Məmmədzadə və F.T.Hacızadə məcmuənin redaktoru olmuşlar. Qeyd edim ki, "Gənclik" qəzeti həftədə iki dəfə, "Gənclik yurdu" isə ilkin mərhələrdə ayda iki dəfə, sonra isə həftədə bir dəfə buraxılmışdır.
Zaman ötdükcə Azərbaycan diaspor mətbuatı bu və digər ölkələrdə daha da inkişaf edərək formalaşırdı. Rusiya imperiyasının tərkibində olan bölgələrdə də belə qəzetlər çap olunaraq, xalqın mədəniyyətini, milli dəyərlərini təmsil etdirdi. Azərbaycan ziyalılarından olan Mustafa Lütfü İsmayıl Şirvanski 1911-ci ildə Həştərxanda "Bürhani-Tərəqqi" adlı ədəbi, ictimai-siyasi qəzet yaradır. Bu uğurlu hadisədən sonra Krımda da (1918-ci ildə) "Millət" adlı qəzet fəaliyyətə başlamış və bu mətbu orqan Krım Müsəlmanları İcra Komitəsi tərəfindən işıq üzü görmüşdür. Qeyd etdiyim qəzetlər orada yaşayan azərbaycanlılarla yanaşı, bu və ya digər xalqların nümayəndələrinə də təsir göstərmiş, Azərbaycan və onun mədəniyyəti ilə bağlı təsəvvür oyatmışdır.
XX əsrin ilk illərində Rusiyanın paytaxt şəhəri olan Sankt-Peterburuqda yaşayan soydaşlarımızın sayı kifayət qədər olduğundan, həmin məkanda da Azərbaycan diaspora mətbuatının formalaşması təbii proses idi. Bu baxımdan, qeyd edim ki, 1906-cı illərdə çıxan həftəlik "Nur" qəzeti azəri türklərinin elmi, ictimai-mədəni həyatını səhifələrində işıqlandırırdı.
"DÜNYA" ALMANİYADA AZƏRBAYCAN DİASPORA MƏTBUATININ ƏSASINI QOYDU
Dünyanın bir çox ölkələrinə qapı açan azərbaycanlılar XX əsrin inkişaf etmiş dövlətlərindən olan Almaniyaya da üz tutur, oranın mədəniyyətini öyrənməyə çalışırdılar. Azərbaycan diaspora mətbuatının tədqiqatçılarından olan Nazim Rizvan belə yazır: "Almaniya da öz demokratik yönümü ilə, mədəni inşikafı ilə XX əsrin başlanğıcında azəri türklərinin diqqətini cəlb etmiş ölkələrdəndir. Dünyaya qot memarlığını, Albrext Dürer rəsmlərini, Bethoven musiqisini, Vaqner bəstələrini, Kant, Hegel, Feyerbax fəlsəfəsini, Göte, Şiller poeziya və dramaturgiyasını vermiş Almaniya istibdad quruluşunun İrandan qovub-dağıtdığı Azərbaycan mühacirlərinin sığınacağına dönmüşdür".
Berlinə pənah gətirən və orada yaşayan görkəmli ictimai xadim, qələm sahibi olan Seyid Həsən Tağızadə həmin məkanda 1915-1921-ci illərdə "Gavə" adlı aylıq qəzet çıxararaq, oxuculara təqdim edir. Altı il müddətində çap olunan "Gavə" qapandıqdan sonra elə həmin il Berlində ziyalı Hüseyn Kazımzadə jurnal buraxdırır. Bundan sonra isə Berlində doktor Təqi Əfəndinin rəhbərliyi altında çıxan "Dünya" jurnalı Köln, Hamburq, Vann, Münhen kimi şəhərlərdə Azərbaycan diaspora mətbuatının əsasını qoymuşdur.
Məlum 1917-ci il inqilabı baş verdikdən sonra Rusiyanın paytaxtı və iri şəhərlərində Azərbaycan diasporunun qəzeti və jurnalları çıxmağa başlamışdır. Petroqradda çıxan "Hürriyyət" qəzeti Bakıdan qaçmış bolşeviklər Çingiz İldırımın, Böyükağa Tağızadənin və Mirəli Mirsadıqovun redaktorluğu ilə çap edilmişdir. Qeyd edim ki, bu qəzet Petroqrad Müsəlman Komissariatının həftəlik qəzeti idi. Qəzetin yaradıcı və məsul işçiləri Azərbaycan həqiqətlərini mətbu orqanlar vasitəsilə yaymağa çalışır, mübariz ruhlu qələmləri ilə həqiqətə, xalqa, insanlara, humanizmə xidmət edirdilər.
İMPERİYA DÖVRÜNDƏ DİASPORA MƏTBUATI
Azərbaycan diaspora mətbuatının dünya ölkələrinin bir qismində təməl daşının qoyulmasından və inkişaf mərhələlərindən söz açarkən qeyd etməliyik ki, dünyanın bir çox ölkələrində yaşayan ziyalılarımız vətənpərvərlik prinsipindən çıxış edərək, müxtəlif ad altında mətbu orqanlarının işıq üzü görməsinə çalışmışlar. Azərbaycanlı tanınmış qələm, zəka sahibləri xalqın tarixinin, milli mədəniyyətinin, adət-ənənəsinin təbliği istiqamətində yorulmaq bilmədən çalışmışlar. Sovet imperiyasının ilk illərində Tiflisdə Azərbaycan diaspora mətbuatı işıq üzü görür. 1918-1920-ci illərdə nəşr olunan "Al bayraq" qəzeti müsəlman ictimaiyyətinin orqanı idi. Ə.Qarayevin, Ə.Sadıqovun, M.Məhərrəmovun redaktorluğu və təşkilatçılığı ilə çıxan qəzet həftədə iki dəfə nəşr olunurdu. Tiflisdə sovet dövrünün ilk on ili ərzində müxtəlif adda Azərbaycan ziyalılarının təşəbbüsü ilə qəzetlər nəşr olunurdu. Bu haqda əldə etdiyimiz mənbələrdən belə oxuyuruq: "1921-ci ildə Tiflisdə məşhur teatr rejissoru və aktyoru Mirseyfəddin Kirmanşahlının məsul müdirliyi ilə İran Kommunist Firqəsi Xarici İdarəsinin orqanı "Ədalət" qəzeti həftədə iki dəfə, cəmisi 13 sayda çap edilmişdi. 1922-1927-ci ildə isə Mavərayi-Qafqaz Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Şurasının "Yeni fikir" qəzeti nəşr olundu. 1927-ci ildən qəzet "Yeni kənd" adlandırıldı. Beş ildə qəzetin 1397 sayı işıq üzü gördü. Bundan sonra, Tiflisdə 1924-cü ildə Yeni Türk Əlifbası Komitəsinin ərəb və latın əlifbası ilə "İşıq yol" adlı qəzeti çıxmışdır. 20-ci illərin ikinci yarısında azəri türkcəsində "Qızıl şəfəq" aylıq məcmuəsi (1926-1928) də nəşr olunmuşdur".
"DAĞISTAN FİRQƏSİ" VƏ "MAARİF YOLU" AZADLIQ MÜBARİZƏSİNDƏ
Sovet dövründə Dağıstanın Mahaçqala və Buynaksk şəhərlərində də Azərbaycan dilində olan mətbu orqanlarının nəşrinə başlanılır. Belə ki, 1923-1929-cu illərdə çap edilən "Dağıstan firqəsi" və 1925-1929-cu illərdə çıxan "Maarif yolu" qəzetləri Azərbaycan diaspora mətbuatının nümunələridir.
Türkiyədə yaşayan azərbaycanlıların da fəaliyyət dairəsi geniş idi. Belə ki, 1952-ci ildə Ankarada buraxılan "Azərbaycan" jurnalı Türkiyədəki Azərbaycan diasporu mətbuatının nümunələrindən idi. Tanınmış ziyalıların rəhbərliyi ilə çıxan qəzet Azərbaycan ədəbiyyat və incəsənətini, azadlıq mübarizəsini əks etdirərək, xalqın milli mənafeyinin müdafiəçisi kimi çıxış edirdi.
Almaniyanın bir çox şəhərlərində Azərbaycan diaspora mətbuatının təməl daşı qoyulduqdan sonra, bu dövlətdə milli mətbuatımızı təmsil edən qəzet və jurnalların sayı artmaqda davam edirdi. Almaniyanın Berlin şəhərində azərbaycanlılar "Milli yol" qəzetinin nəşrinə nail olurlar. Ədəbi, siyasi, elmi, iqtisadi və milli məcmuə olan "Milli yol" ayda iki dəfə nəşr olunurdu. Çox keçmir ki, elə həmin şəhərdə Məmmədəmin Rəsulzadənin redaktorluğu ilə ayda üç dəfə işıq üzü görən "İstiqlal" qəzeti (1932-1934) və "Qurtuluş" (1934-1938) jurnalı çap etdirilir.
TEHRANDA AZƏRBAYCAN DİLİNDƏ NƏŞR OLUNAN QƏZETLƏR İDEOLOJİ SƏPKİDƏ TƏBLİĞAT APARIRDILAR
İranda da Azərbaycan diaspora mətbuatı davamlı olaraq nəşr olunurdu. 1941-ci ildə İranda baş verən məlum hadisədən sonra 11 illik qapalı zindan həyatından qurtulan Seyid Cəfər Pişəvəri 1942-ci ildə Tehranda "Açır" qəzetinin nəşrinə başladı. Demokratik ruhlu qəzetdə o, azadlıq ideyalarını təbliğ edən yazılar çap etdirirdi. XX əsrin 40-cı illərinin sonunda, Tehranda yeni bir diaspora mətbuatı fəaliyyətə başlayır. Bu isə Mehdizadə Rəhimlinin təsisçiliyi və Rəhim Zöhtabın redaktorluğu ilə olan "İradeyi-Azərbaycan" qəzetidir.
Qeyd edim ki, hər iki qəzet oxuculara fars dilində təqdim olunurdu. 1979-1983-cü illər arasında Tehranda Azərbaycan dilində "Ülkər", "Dədə Qorqud", "Günəş", "Çənlibel", "Koroğlu" və başqa qəzetlər nəşr olunur, ideoloji səpkidə təbliğat işləri görülürdü. Zaman ötdükcə Azərbaycan diasporunun coğrafi mövqeyi genişlənərək, Asiya və Avropadan başlayaraq, Amerika, Afrika və Avstraliyayadək yayılmışdı. Almaniyada 1976-cı ildən başlayaraq, müxtəlif qəzet və məcmuələr "Səttarxan bayrağı", "Savalan" jurnalı, Azərbaycanın səsi", "Ocaq" və s. mətbu orqanları fəaliyyətə başlayır. Almaniyada çıxan "Girdə miz", "Ana dili" qəzetləri, "Azərbaycan" jurnalı və digər nümunələr Azərbaycan diaspora mətbuatının fəaliyyətini təcəssüm etdirir.
Qeyd edim ki, Polşada yaşayan həmyerlilərimiz də Azərbaycan diaspora mətbuatının inkişafında fəallıq nümayiş etdirmişlər. "Xudafərin" adlı ictimai-siyasi, ədəbi-bədii, elmi-kulturoloji dərgi 1995-ci ildə Polşanın Lukov şəhərində işıq üzü görür. Bu dərgi o illərdə Avropada kütləvi tirajla nəşr olunan ilk mətbu orqandır.
Bu gün də diaspora mətbuatı azərbaycançılıq ideologiyasına xidmət edərək dünyanın müxtəlif ölkələrində fəaliyyətdədir. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra azərbaycançılıq ideologiyası ətrafında həmyerlilərimiz birləşib, azərbaycanlı fəlsəfəsinə və düşüncə tərzinə uyğun milli mənlik şüurunun formalaşmasında tarixi missiyasını uğurla yerinə yetirir.
Azərbaycanın xaricdə layiqli təmsilçisinə çevrilmək elə azərbaycançılıq məfkurəsinə ən böyük xidmət anlamıdır. Müasir dövrümüzdə dünya ölkələrində çap olunan "Baku" jurnalının xüsusi yeri var. Rusiya-Azərbaycan münasibətlərində, mədəni dialoqun inkişafında bu jurnal çox böyük rol oynayır. Bildiyimiz kimi, hazırda Azərbaycan olduqca dinamik inkişaf edən ölkədir, regionda liderdir və iqtisadi artım sürətinə görə dünyada aparıcı yer tutur. Bütün bu proseslər diaspor mətbuatında işıqlandırılır. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyeva müsahibələrinin birində belə demişdir: "Bakıda böyük tikinti işləri gedir, körpülər salınır, məktəblər inşa olunur, tarixi abidələr, teatrlar, muzeylər bərpa edilir. Zənnimcə, bütün bunlar jurnalın səhifələrində əksini tapacaqdır. Ümidvaram ki, bütün bunlar təkcə xaricdə yaşayan həmvətənlərimiz üçün maraq doğurmayacaq, həm də rusiyalı oxucunun da diqqətini cəlb edəcəkdir".
Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xaricdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmlənməsi, mədəni irsin təbliği, digər xalqların diasporları ilə hərtətəfli əlaqələrin inkişafı, türk dünyasının birliyi istiqamətində fəaliyyətin intensivləşməsi baxımından mühüm nailiyyətlər əldə edilmişdir. Bəli, bu gün Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız vahid ideologiya və milli-mənəvi dəyərlər sistemi ətrafında birləşiblər. Azərbaycan diasporu - Vətənin xaricdə layiqli təmsilçiləri müstəqil dövlətimizlə qürurlanırlar.
Nəzakət ƏLƏDDİNQIZI