İşğalçı ölkə hakimiyyətində çat böyüyür: daha bir nazir istefaya göndərildi
Ermənistan hakimiyyətində istefalar dalğası davam edir. Hakim rejim ölkədəki sosial böhranı ört-basdır etmək üçün yenidən kadr dəyişikliyi etməyə hazırlaşır. Bu arada Ermənistanda hakimiyyətdaxili çəkişmələr Azərbaycanın tarixi şəhərlərindən olan Yerevanı xarabalığa çevirir. Ermənistanda vəziyyəti sabitləşdirmək üçün hakim rejim yeganə çıxış yolunu yeni təyinatlarda görür. Onu da qeyd edək ki, bu proses Serj Sarkisyanın ötən il ikinci dəfə prezident seçildiyi ilk aylarda baş verdi. "Aykakan Jamanak" qəzetinin yazdığına görə, Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyətə başladığı ilk gündən hakim dairələrdə yeni kadr dəyişiklikləri etmək fikrindədir: "Gündəlikdə duran məsələlərdən biri - Kotayk vilayətinin rəhbəri Şahqeldyan Kovalenkonun vəzifədən uzaqlaşdırılmasıdır. Onun yerinə polis rəisinin müavini Saşik Afyanın keçəcəyi ehtimal olunur. Bundan başqa, polis rəisi Alik Sarkisyanın da vəzifəsindən azad ediləcəyi barədə şayiələr yayılıb. Polis rəhbəri postuna isə Yerevan polis idarəsinin rəisi Nerses Nazaryan iddialıdır. Baş prokuror Aqvan Ovsepyanın da istefası gözlənilir. Onu Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın əvəzləyəcəyi ehtimal olunur. Baqdasaryanın yerinə isə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın keçəcəyi bildirilir. Öz növbəsində müdafiə naziri vəzifəsinə Ohanyanın müavini David Tonoyan iddia edir. Hakimiyyət daxilində müşahidə edilən hərc-mərclik ölkədə sosial böhranı ən yüksək həddə çatdırıb. Böhran səbəbindən paytaxt Yerevanda acınacaqlı vəziyyət yaranıb".
"Serj Sarkisyanın yarıtmaz siyasəti ölkəni məhvə sürükləyir"
"Aykakan Jamanak" qəzeti "Ermənistan hakimiyyətində çat böyüyür: daha bir nazir istefaya göndərildi" başlıqlı yazıda bildirilir ki, Sarkisyan hakimiyyətinin yarıtmaz siyasəti ölkəni məhvə sürükləyir.
Erməni ekspertləri və siyasətçiləri artıq etiraf edirlər ki, bu şəkildə davam edərsə, Ermənistan adlı dövlət xəritədən silinəcək. Ermənistanın baş naziri Tiqran Sarkisyanın istefa verməsinə baxmayaraq, Serj Sarkisyan baş naziri əvəzləyəcək adam axtarışındadır. "Armenia Today" agentliyinin yazdığına görə, baş naziri Tiqran Sarkisyanın istefası İstefa Konstitusiya məhkəməsinin mübahisəli pensiya islahatı ilə bağlı çıxardığı qərardan sonra baş verib. Məhkəmənin qərarına görə, Sarksyan hökumətinin əsas prioritetlərindən olan icbari pensiya islahatları qeyri-konstitusyon hesab olunub və dəyişdirilməsi lazım bilinib. Tiqran Sarkisyan öz istefası ilə bağlı cümə axşamı aparıcı respublika partiyasına müraciət edib. Partiyanın mətbuat xidmətindən bildirilib ki, baş nazirin istefası qəbul olunub.
Qeyd edək ki, Tiqran Sarkisyan 2008-ci ilin aprelindən baş nazir vəzifəsini yerinə yetirirdi. Bu vəzifəyə yeni təyin olunacaq nazir hələ də tapılmır.
Levon Zurabyan: "Ermənistan hakimiyyəti elementar sabitliyi təmin etmək iqtidarında deyil"
Ermənistan artan templə davam edən mühacirəti dayandıra və Suriyadan gələn miqrantlara şərait yarada bilmir. "Novosti Armenii" saytının verdiyi xəbərə görə, bu barədə müxalif "Erməni Milli Konqresi"nin parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib. O, qeyd edib ki, ötən il ərzində respublikada xarici investisiyaların həcmi 32 faiz, birbaşa investisiyalar isə 64 faiz azalıb: "İlin yekunlarına görə inflyasiya 5,6 faiz olduğu halda orta əməkhaqqı cəmi 4,2 faiz artıb. Ermənistanı daha on minlərlə insan tərk edib. Bundan başqa, ölkəyə Suriyadan minlərlə miqrant gəlib. Lakin hökumət nə onların, nə də digərlərinin qeydinə qalmır".
"Ermənistan hakimiyyəti elementar sabitliyi təmin etmək iqtidarında deyil. Vətəndaşlara yalnız ölkəni birdəfəlik tərk etmək, xaricdə iş axtarmaq və yaxud fəal etiraz yolu ilə öz haqlarını bərpa etmək və xalqı viran etmiş hökumətin hakimiyyətdən getməsinə nail olmaq qalır" deyə Zurabyan qeyd edib və vurğulayıb ki, hakim koalisiya müxalifətlə istənilən kompromisə getməkdən imtina edir.
Qan qoxuyan Ermənistan
Erməni KİV-lərinin yazdığına görə, işğalçı ölkədə baş verən ictimai-siyası vəziyyət qeyri-sabitdir və bu günlərdə Yerevanda etiraz aksiyalarına start veriləcək. Xüsusilə də, "İcbari pensiya ödənişlərinə qarşı" təşəbbüsün üzvləri artıq aprel ayının 20-dən geniş şəkildə mitinq keçirəcəklər. Həmçinin, mətbuatın yazdığına görə də aylardır əmək haqlarını ala bilməyən "Nairit" zavodunun işçiləri və Ermənistan Elektrik Şəbəkəsi şirkətinin əməkdaşları ilə Ermənistan Energetika və Təbii Ehtiyatlar Nazirliyinin binası önündə toplaşmağı qərara alıblar.
Bütün bunlar sübut edir ki, Ermənistanda problemlər nəinki həll olunmur, əksinə, hər gün onların üstünə yeniləri gəlir, daha da çoxalır, əhatə dairəsi genişlənir. Erməni ekspertləri Ermənistanda problemlər çox olduğunu və sürətlə artıdığını bildirirlər. Bunu rəsmi statistika da təsdiqləyir: Milli Statistika Xidmətinin məlumatına görə, bir il ərzində region əhalisinin sayı 13-17 faiz, Yerevanın əhalisi isə 61 min nəfər, yəni 5,4% azalıb. Ümumilikdə, Ermənistan əhalisinin sayı 247 min nəfər aşağı düşüb ki, bu da 7,5% azalma deməkdir.
Bütün bunlar nəyin nəticəsidir? Əlbəttə, Ermənistanı kriminal-oliqarx klanın idarə etməsinin. Öz şəxsi maraqlarından savayı, heç nə fikirləşməyən həmin adamların ən böyük "qazanclarından" biri həyatı korlanan ölkə vətəndaşlarının Ermənistandan həmişəlik köçüb getməsidir. Dövlətin başında duranlar hər il milyardlarla dollar pul oğurlayırlar. Bunu ANK fraksiyasının rəhbəri Levon Zurabyan da təsdiq edir. Onun sözlərinə görə, korrupsiya piramidasının başında Ermənistan rəhbərliyi durur və vəsaitlər büdcəyə daxil olana kimi mənimsənilir. İllik oğurluq həcmi təxminən 2,5 milyard ABŞ dolları təşkil edir.
Bunların fonunda, əhalinin etiraz aksiyası keçirməsində qəribə heç nə yoxdur.
Səfalət yolu
"Ermənistan ötən ili məyusluqla yola saldığı kimi, bu ili də eynilə yola salacaq". Ekspertlər deyir ki, 2013-cü il bu ölkə üçün dəhşətli olub. Gələcəkdə də, yəni 2014-cü ildə mövcud durumun yaxşılaşmasına heç bir zəmin yoxdur. Yanvar-sentyabr aylarında Ermənistan iqtisadiyyatının real sektorunda xarici investisiyanın həcmi 395,6 mln. dollar təşkil edib ki, bu göstərici 2012-ci ilin analoji dövrü ilə müqayisədə 31,7%-dək azalıb. Birbaşa xarici investisiyaların həcmi 155,1 mln. dollar təşkil edib ki, bu da 62,1%-dək azalma deməkdir. Bu faktları Ermənistan Milli Statistika Xidməti açıqlasa da, reallıqda vəziyyət daha pisdir. 2012-ci ildə isə bu rəqəmlər 2011-ci ildəki göstəricidən aşağı idi. Azalma tendensiyası 2009-cu ildən müşahidə edilir. 4 il ərzində Ermənistan iqtisadiyyatına birbaşa xarici investisiyanın azalması 100%-i ötüb! Hadisələr göstərir ki, Yerevan xaricdən investisiya baxımından maraqsız, perspektivsiz məkana çevrilir. Bütün bunlar ölkə iqtisadiyyatının tam çökməsindən xəbər verir.
Axının sonu görünmür
"Ermənistanın əsas bəlaları hansılardır?" sualının cavabında Ermənistan Milli Konqresinin sədri Arkadi Manukyan bildirib ki, bu il Ermənistanı həmişəlik tərk edənlərin sayı təxminən 150 min nəfərdir: "Ermənistan tarixində bu, ən böyük rəqəmidir. Söhbət sülh şəraitində baş verən emiqrasiyadan gedir". Onun sözlərinə görə, bu itki özünü iqtisadiyyat, siyasət, istehsal, təhsil, mədəniyyət, bank, vergi və eləcə də həyatın digər sahələrində göstərir: "2013-cü ilin ən böyük itkisi insanların Ermənistandan axın etməsidir".
A.Manukyan həmçinin qeyd edib ki, Ermənistan ötən il sentyabrın 3-də baş vermiş siyasi dəyişikliklə daha çox rüsvay oldu. Həmin tarixdə Rusiya və Ermənistan prezidentləri arasında keçirilmiş danışıqların yekununa görə S.Sarkisyan bildirmişdi ki, ölkəsi Gömrük İttifaqına qoşulmağa hazırdır. Erməni lider bir daha sübut etdi ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması barədə öncəki bəyanatları yalan və populizmdən başqa bir şey deyil. Müxalifət və ölkənin müstəqil KİV-ləri haqlı qeyd edir ki, Ermənistan faktiki olaraq suverenlik və müstəqilliyindən məhrum oldu, hörmətdən düşdü.
A.Manukyanın sözlərinə görə, "bütün bunlar Rusiya ilə Ermənistan arasında münasibətlərində ciddi soyuqluq yaradıb. S.Sarkisyanın başçılıq etdiyi Ermənistan gündən-günə zəifləyir. Belə ki, nə Rusiya, nə də Qərb daha Sarkisyana etibar etmir".
Ukraynadakı etiraz aksiyalarına bənzər hadisələrin Yerevanda olmamasının səbəbi sadədir. Belə ki, əhali 2008-ci il martın 1-də baş verənlərin təkrarlanacağından ehtiyatlanır. Xatırladaq ki, bu tarixdə S.Sarkisyanın birinci prezidentlik dönəmindəki iğtişaşlarda azı 10 nəfər qətlə yetirilmişdi. Sadə vətəndaşlar anlayır ki, Yerevanın heç bir iqtisadi perspektivi yoxdur, bu ölkədə suverenlik və müstəqillik atributları mövcud deyil və onlar əli qana batmış kriminal-oliqarx rejimin basqısı altındadır. Başqa sözlərlə desək, rejim ona qarşı çıxanların qanını tökməyə hazırdır. Buna görə də, cana doyaraq ölkədən gedənlərin sayı artmaqdadır. Bu bir reallıqdır ki, 2014-cü ildə belələrinin sayı daha çox olacaq.
A.SƏMƏDOVA