Qloballaşma ölkələrin, cəmiyyətlərin, vətəndaşların seçim imkanlarının genişlənməsidir. Bu zaman Qərb-Avropa vətəndaş cəmiyyəti və hüquqi dövlət dəyərlərinin qeyri-Avropa millətlərinin dəyərlərinə çevrilməsi prosesi gedir. Qloballaşmanı bəzən "imperializm", "inteqrasiya", "bazar iqtisadiyyatının yeni inkişaf mərhələsi kimi" də səciyyələndirirlər. Beləliklə, qloballaşma təkcə iqtisadiyyatı və siyasəti əhatə edən proses deyil. Bu proses mənəvi dəyərlərin yenidən qiymətləndirilməsi, universal mənəvi dəyərlərin bərqərar olması, universal və okal mənəvi dəyərlərin qarşılıqlı əlaqəsinin yenidən nəzərdən keçirilməsilə də bağlıdır. Postsovet məkanında, o cümlədən, Azərbaycanda indi təşəkkül etməkdə davam edən hüquqi dövlət, dövlət və cəmiyyətin differensiallaşması prinsipləri universal dəyərlərin ayrılmaz tərkib hissəsidir. Qloballaşma zamanı yeni universal mənəvi dəyərlər sistemi və köhnə dəyərlər arasında ziddiyyətlər yaranır. Qloballaşma standartlarının tələblərinə cavab verə bilən mənəvi dəyərlər üstünlük qazanır, ümummilli, ümumbəşəri sərvətə çevrilir, cəmiyyətdə, fərdin mənəviyyatında özünə yer tutur və daha da möhkəmlənir.Vətəndaş cəmiyyəti etikası bu cəmiyyətdə formalaşan, insanların riayət etdiyi əxlaq və davranış normalarının məcmusudur. Hüquqi dövlət vətəndaş cəmiyyətindəki əxlaq və normaların hamı üçün qanun səviyyəsində qəbul olunmasını tələb edir. Vətəndaş cəmiyyətinin üzvləri dövlətdən asılı olmasalar da, dövlətlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, yüksək sosial, siyasi, mədəni və mənəvi statusa malikdirlər. F.e.d.k İ.Məmmədzadə vətəndaş cəmiyyəti, onun fəlsəfəsi və etikasının dövlət və fərdin maraqları ilə qarşılıqlı əlaqəsi məsələsinə toxunaraq yazır: "Fikrimizcə, vətəndaş cəmiyyəti, onun fəlsəfəsi və etikası elə bir sahə ilə əlaqədardır ki, orada fərdlər ənənələrə və hüquqa hörmət əsasında, zorakılığa yol verilmədən öz münasibətlərini tənzimləyirlər.Buna görə də vətəndaş cəmiyyəti tarixən qeyri-məhdud, zamandan kənar müəyyən mənada öz formalarını dəyişən, bəzən öz yayılma arealını genişləndirən, bəzən isə məhdudlaşdıran müəyyən mənada fenomendir. Buna görə də vətəndaş cəmiyyəti üçün (fərdlərlə qarşılıqlı münasibətlərin özünütənzimləmə sahələri) siyasət və hakimiyyətlə öz qarşılıqlı münasibətlərini qaydaya salmaq çox mühümdür. Vətəndaş cəmiyyətinin fəlsəfəsi və etikasının meydana gəlməsilə bu qarşılıqlı münasibətlər nəzəri tədqiqatların diqqət mərkəzində durdu. Onların aktuallığı bu gün də saxlanmaqdadır".Milli maraqlar, insanların maraqları, onların mənəviyyatı, mədəniyyəti, dini və s. problemləri vətəndaş cəmiyyəti və onun etikası tərəfindən tənzimlənir. Bu sahələr dövlət və siyasətin müdaxiləsinə məruz qalmamalıdır. Fərdlər öz maraqları naminə müxtəlif təşkilatlar yaradırlar. Bu təşkilatlar vasitəsilə fərdlər öz maraqlarını ifadə edir və öz vətəndaş hüquqlarını qoruyurlar. Azərbaycanın müstəqilliyi dövlət və cəmiyyət - fərd maraqlarının və milli ideologiyanın qarşılıqlı münasibətlərinin ahəngdarlığından və mövcudluq formaları və obrazlarından çox asılıdır.Vətəndaş cəmiyyəti mənəviyyat, din və iqtisadiyyatın qarşılıqlı münasibətlərində əmlak münasibətləri və maraqlar, iqtisadi münasibətlər bəzən ilkin hesab edilir, bəziləri isə mənəviyyat və mənəvi şüurdakı dəyişiklikləri birinci hesab edirlər. Əsas odur ki, iqtisadiyyat əxlaq və dini-milli həyatın, milli inkişafın mahiyyətidir.Rasim Quliyevin fikrincə, Qərb tədqiqatçıları etik nəzəriyyələrin vətəndaş cəmiyyətinə uyğunlaşdırılmasından danışarkən, burada vətəndaş cəmiyyəti ideyasındakı daxili ziddiyyətlərin aradan qaldırılması və onların sintezləşdirilməsinin zərurətindən bəhs edirlər. Qərbdə vətəndaş cəmiyyəti etikasında sosial xeyirin ümumbəşəri hüquqları üzərində üstünlüyü göstərilir, həmrəylik məfhumu abstrakt ədalət məfhumuna qarşı qoyulur. Görkəmli tədqiqatçı Habermas göstərir ki, dövlət və həmrəylik ideyaları, hər şeydən əvvəl, öz fəaliyyətlərini etibarlılıq iddialarına doğru istiqamətləndirən məsuliyyətli subyektlərin qarşılıqlı surətdə tanınmasında iştirak edir. Habermas həmrəyliyi ümumbəşəri mənəviyyatın bir komponenti kimi, vətəndaş cəmiyyətində kommunikativ etikanın predmeti kimi isə ədalət və xeyirxahlığı göstərir. Digər Qərb tədqiqatçısı Adam Seliqman özünün məşhur "Vətəndaş cəmiyyəti ideyası" əsərində vətəndaş cəmiyyəti ideyasının mühakimə etikasındakı problemlərdən danışarkən, qeyd edir ki, "müasir dünyada ədaləti müəyyənləşdirməklə yanaşı, eyni zamanda, ədalətin əsasını təşkil edən həmrəyliyi zəiflədən amil, məhz həmrəylik prinsiplərinin (vətəndaşlıq və onun əsasında duran mənəvi cəhətdən özünü idarə edən fərd ilə) ümumbəşəriləşməsi olmuşdu". A.Seliqman daha sonra göstərir ki, ədalət və həmrəyliyin, özəl maraq və ictimai xeyirin bir-biri ilə uyğunlaşdırılması müasir dünyada vətəndaş cəmiyyəti və vətəndaşlığın qarşısında duran yeganə problem olaraq qalır. Vətəndaşlıq ideyasının özünün bu problemlərin həllində ilk zəruri mərhələni təşkil etməsi, xüsusən də, bu cür təşkil olunmamış cəmiyyətləri nəzərdən keçirdiyimiz anda, artıq aydın olmalıdır. Qərbi Avropa və Şimali Atlantika siyasətçiləri ilə eyniləşdirdiyimiz növ vətəndaşlığı əldə etmək üçün heç bir asan yolun olmadığı əvvəlki tarixi təhlildən aydın olmasa da, ən azı gündəlik qəzetlərin başlıqlarından aydın olmalıdır. Vətəndaş cəmiyyətinə qayıdış üçün olan tələbat göstərildiyi kimi, özünü idarə edə bilən, hüquqları olan fərdlərin səbəb icmasında birləşməsinə oxşar vətəndaşlığın bu ideyasının özünün vətəndaş cəmiyyətinin probleminə yalnız qismən həll yolu olması da aydındır.Vətəndaş cəmiyyətinin üzvlərinə vətəndaş-dövlət-cəmiyyətin qarşılıqlı münasibətləri, eləcə də, fərdin cəmiyyətdəki əxlaq və davranış normalarını özünün daxilən dərk edilmiş tələbatlarına çevrilməsi mühüm təsir göstərir. İ.Məmmədzadə vətəndaş cəmiyyəti etikasının təsir gücündən bəhs edərək, özünün "Vətəndaş cəmiyyəti və milli ideologiya" əsərində yazırdı: "Vətəndaş cəmiyyətinin əsasını maraq, azadlıq və bərabərlik təşkil edir və aydın olur ki, bu fenomenlər müsəlman Şərqində də vətəndaş cəmiyyəti ideyalarına təkan verə bilər".Bəşəriyyətin həyatında baş verən XX - XXI əsrlərin ən ciddi, ən böyük hadisəsi olan qloballaşma insanların mənəvi, fərdi həyatlarına mürəkkəb, ziddiyyətli bir proses kimi daxil olmaqdadır. Bəşəriyyət bir vəhdət kimi inteqrasiya olunur. Lakin bu inteqrasiya gedişində müsbət dəyərlər sisteminin təşəkkülü ilə yanaşı, ağrılı problemlər də aşkar olunur. Qloballaşma, bütün sahələrdə olduğu kimi, mənəvi həyatda da yeni keyfiyyətlər kəsb edir, bir çox mövcud əxlaqi normaları dağıdır, mənəviyyatda da öz şərtlərini diktə edir. Əxlaqi prinsiplərin formalaşması qlobal vətəndaş cəmiyyəti üçün yeni problemlər kimi özünü göstərir. Yeni modernist - qlobal informasiya cəmiyyətinə keçid prosesində ənənəvi əxlaq dağılır, yeni qlobal etik və əxlaqi normaları isə hamı tərəfindən qəbul olunmur.Qlobal vətəndaş cəmiyyətinin yaranması universal ümumbəşəri dəyərlər sisteminin formalaşmasını tələb edir. Beynəlxalq aləmdə sosial, siyasi, iqtisadi, mədəni və mənəvi sahələrdəki ciddi və kəskin dəyişikliklər göstərir ki, qloballaşmanın bütün dünyada inkişafı zərurətə çevrilmişdir.Qloballaşma prosesində tarixi-ənənəvi çərçivələr dəyişir, elmi-informativ və mənəvi mübadilələrin radiusu genişlənir. Qloballaşma minillərlə formalaşmış əxlaqa və adət-ənənələrə təsir göstərir, insani münasibətlərin dairəsini genişləndirir, ölkələr, regionlar arasında möhkəm mənəvi əlaqələr yaradır. Bu əlaqələr insanların əxlaqına, mənəviyyatına və dünyagörüşünə təsir edir. Müasir dövrdə mövcud münaqişələrin həllində qlobal əxlaq mühüm rol oynayır.Qloballaşmanın bəşəriyyətə mənfi təsiri də var. Qloballaşma bəşər mənəviyyatında ciddi dəyişikliklərə səbəb olur. Qloballaşma müasir dünyada bir çox hallarda elmi-texniki yeniliklərin təkcə "bərabər şəkildə "bölüşdürülməsinə" deyil, qeyri-bərabər olur, təmərküzləşmələrə gətirib çıxarır. Güclü ölkələrin zəif inkişaf etmiş ölkələrdən yalnız xammal mənbəyi kimi istifadə etməsi faktı da nadir hadisələrdən deyildir. Bu, məsələnin bəlkə də yalnız qabarıq görünən tərəfidir. Ən mühüm məsələ isə, yəqin ki, qloballaşmanın insan mənəviyyatında qoyduğu iz, açdığı "cığırdır". Dünyada baş verən qlobal proseslər nəticəsində sanki bütün xalqlar və millətlər, habelə, onların əxlaqi dəyərləri vahid müstəvi üzərində eyni "simmetriya əsasında" düzənlənir. Bu "eynilik" heç də bütün hallarda müsbət cəhətlərlə nəticələnə bilməz. İnsan fərdiyyətinin, milli xüsusiyyətlərin aradan götürülməsi və ya "eyniləşdirilməsi" bəşəriyyətə yaxşı heç nə vəd etmir. Elə buna görə də dünyanın bir çox xalqlarının nümayəndələri, elm xadimləri, adi vətəndaşlar antiqlobalist şüarlar irəli sürürlər. Amma bir daha qeyd etməliyik ki, qloballaşmanın gətirdiyi bir çox zərərli və mənfi cəhətləri etiraf etməklə yanaşı, onun müasir bəşər nəslinin, sivilizasiyanın taleyində müstəsna rolunu danmaq qeyri-mümkündür.Qloballaşma insan əxlaqına ciddi təsir edərək, insanları qlobal bir nizama tabe etmiş, insanın fərdi dünyasını dəyişdirən bir fenomenə çevrilmişdir. Qloballaşma insan amili ilə çox bağlı olan ümumbəşəri prosesdir. Qloballaşma cəmiyyətin bütün sahələrinə nüfuz edir. Qloballaşma prosesində etik dəyərlər də yeni mahiyyət kəsb edir, öz lokallığını itirir, yeni keyfiyyət fərqi qazanır. Lokal fraqmental sosial sistemlər daha böyük qlobal sistemlərə transfer olunur. Qloballaşma prosesində beynəlxalq səviyyədə hüquq və azadlıqların möhkəmləndirilməsi, milli mədəniyyətlərdə universal dəyərlərin, dünya miqyasında, qlobal vətəndaş cəmiyyəti təsisatının təşəkkülü kimi müsbət, mütərəqqi hadisələr baş verir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru