PDF Oxu

Araşdırma

  • 1 536

Öz torpağını ziyarət etmək diversantlıq deyil

Öz torpağını ziyarət etmək diversantlıq deyil

Ermənilərin azərbaycanlıları girov götürməsi ictimaiyyət tərəfindən qınanılır

Zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən ermənilər bu də gün öz saxtakarlıqlarından əl çəkmirlər. Amma etiraf etmək lazımdır ki, saxtakarlıq yolu tutan ermənilərin cəfəng iddialarına sadəcə cavab verməklə kifayətlənmişik. İndiki Ermənistan adlı dövlətin ərazisinin tarixi Azərbaycan torpaqları olması faktını vaxtilə lazımınca dünya ictimaiyyətinə çatdırmamışıq. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında bu məsələyə aydınlıq gətirərək demişdir: "Tarix sübut etdi ki, hazırkı Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilməz. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza gəlmə olduğu, çar Rusiyasının Qafqaza doğru istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə onların heç bir dövlət qurumunun yoxluğu tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib. Ermənilərin əsas məskənləri indiki Balkan yarımadası olub və sonralar onlar Kiçik Asiya yarımadasına gəliblər. XIX əsrin əvvəllərində Rusiyanın Qafqaza doğru genişlənməsi tədricən bu ərazilərə ermənilərin gətirilməsi, onların Azərbaycan torpaqlarında məskunlaşdırılması ilə müşayiət olunurdu".

Girov və əsirlərlə bağlı faktlar, rəqəmlər

Minlərlə günahsız azərbaycanlının əsir və girov götürülməsi, işgəncələrə məruz qalması, qətlə yetirilməsi və digər qeyri-insani rəftarla üzləşməsi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən dəhşətli və qanlı səhifələrindəndir. Müxtəlif qurumlar tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Dağlıq Qarabağ münaqişəsinin başladığı dövrdən ermənilər tərəfindən əsir və girov götürülmüş minlərlə azərbaycanlı etnik mənsubiyyətinə görə dəhşətli zorakılığa məruz qalmışdır.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi yanında Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən aparılmış araşdırma itkin düşmüş və girov götürülmüş şəxslərin sayının 2007-ci il ərzində 4354 nəfər olduğunu aşkar etmişdir. Onlardan 3504 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir. Yalnız 9 nəfərin hərbçi və ya mülki şəxs olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən öldürüldüyü müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. 2008-ci il ərzində Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə aparılan araşdırmalar nəticəsində əsir və girov götürülmüş azərbaycanlılardan daha 170 nəfərinin taleyi ilə bağlı məlumatlar aydınlaşdırılıb. Onların hazırda sağ olduğu aydınlaşıb. Sonrakı illərdə də bu siyahıda yer alan şəxslərin daha bir qisminin taleyi aydınlaşdırılıb. 2012-ci ilə olan rəsmi məlumatlara görə əsir, itkin və girov düşmüş şəxslərin sayı 4030 nəfər təşkil edib. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) isə Qarabağ müharibəsi zamanı 4600 nəfər itkin düşmüş şəxslər kimi qeydə alıb. Həmin şəxslərin 3700-ə yaxını azərbaycanlıdır. BQXK 2012-ci ildən etibarən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün Azərbaycan və Ermənistanla birgə yeni proqramın icrasına başlayıb. Bu proqrama görə itkin düşmüş şəxslərin axtarışı onların yaxınlarından götürülmüş DNK nümunələri əsasında aparılacaq. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında toplanmış faktlar Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, o cümlədən "müharibə qurbanlarının müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərinin kobud surətdə pozduğunu sübut edir.

Əsir götürümüş kəlbəcərlilər qeyd-şərtsiz azad olunmalıdırlar

İşğalçı Ermənistanın növbəti saxtakarlılığı kəlbəcərlilərin işğal altındakı dədə-baba torpağında -Kəlbəcərdə ermənilər tərəfindən əsir götürülməsi və bu şəxsləri "kəşfiyyatçı", "diversant" kimi təqdim etmələridir. Hətta işğalçı ölkənin Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq guya həmin azərbaycanlı "diversantlar"ın Ermənistan ordusunun bir mayorunu və 37 yaşlı qadını öldürdüyünü bəyan ediblər. Azərbaycan Müdafiə Nazirliyi isə açıqlama verərək Ermənistanın iddiasının əsassız olduğunu sübuta yetirib. Keçmiş erməni kəşfiyyatçı Vova Vardanov da Kəlbəcərdə saxlanılan şəxslərin Azərbaycan diversiya qrupunun üzvü olmadığını deyib. Onun sözlərinə görə, Şahbaz Quliyevin Kəlbəcərə gəlməkdə məqsədi diversiya etmək olmayıb: "Onlar Kəlbəcərə elə-belə gəliblər. O yaşda adamlar kəşfiyyatçı ola bilməz. Mən özüm də məşq edirəm, amma qarşı tərəfə kəşfiyyata getməyə gücüm çatmaz. Yaş buna imkan vermir".

Tənzilə Rüstəmxanlı: "Elə hüquq müdafiəçilərimiz var ki, onlar ermənilərin hüquqlarını qoruyurlar"

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Kəlbəcər sakinlərinin erməni silahlı qüvvələri tərəfindən tutularaq, onları diversant kimi təqdim etmələrinə, eləcə də onlara işgəncə vermələrinə münasibətini bildirərkən qeyd etdi ki, bu gün ermənilərin onlara diversant adı qoymaları, əslində ermənilərin xislətlərini daha açıq-aydın göstərir: "Kəlbəcər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpağıdır. Bu baxımdan, vətəndaşlarımızın o torpaqlara getməsində heç bir qüsur görmürəm. Ermənilərin onlara diversant adı qoymaları, əslində ermənilərin xislətlərini daha açıq-aydın göstərir. Onların özləri də yaxşı bilirlər ki, diversant da, separatçı da, işğalçı da elə özləridir. Yəni bizim vətəndaşlarımızın o torpaqlara getməyə hüququ var. Ona görə də onların başına qara torba geyindirmək, əsir almaq, başlarına silah dirəmək, döymək, təhqir etmək ermənilərin iç üzünü göstərir. 21-ci əsrin başlanğıcında Ermənistan hələ də orta əsrlərdəki davranışını davam etdirmək yolunu tutub. Bizim hər birimiz bilirik ki, erməni vəhşiliyi nədir, erməni işgəncəsinə məruz qalmaq nədir və onu da yaxşı bilirik ki, ermənilər körpələrə işgəncə verəcəkləri qədər vəhşilik xislətinə malikdirlər".

T.Rüstəmxanlı həmçinin bildirdi ki, bu gün Azərbaycanda mövcud olan ermənilərə qarşı bu kimi tədbirlər heç vaxt görülməyib və hətta elə hüquq müdafiəçiləri də var ki, həmin ermənilərin hüquqlarını qoruyur, onların Azərbaycana geri dömələri üçün fəaliyyət göstərirlər: "Bu gün hətta evlərini dəyişərək Ermənistana və ya başqa ölkələrə köçüb gedən ermənilər var ki, bizim bəzi hüquq müdafiəçilərinin vasitəsilə Azərbaycandan kənarda Azərbaycan dövlətinin, millətinin əleyhinə işlər aparırlar. Hətta elə ermənilər var ki, məhz belə hüquq müdafiəçilərinin dəstəyi ilə buraya gəlir, vaxtilə yaşadıqları evləri geri alırlar. Hətta elə ermənilər də var ki, onlar uzun illərdir burada yaşayırlar və onlara "gözün üstündə qaşın var" deyən yoxdur. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan tolerant bir ölkədir. Ümumiyyətlə, Azərbaycanın paytaxtı Bakı hər zaman beynəlxalq şəhər olaraq tanınıb".

Mübariz Əhmədoğlu: "Girovların qaytarılmaması Azərbaycanı xüsusi əməliyyat keçirməyə təhrik edə bilər"

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu sözügedən məsələ ilə bağlı bildirib ki, əslən Kəlbəcərdən olan azərbaycanlıların Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülməsi MTN-i, Daxili Qoşunları xüsusi əməliyyat keçirməyə təhrik edə bilər: "Etnik təmizləmə və Xocalı soyqırımı törətmiş ermənilər hökmən ağıllanmalı və 2 kəlbəcərlini təcili sərbəst buraxmalıdırlar. Bu işdə vasitəçilər ermənilərə kömək etməlidirlər. Avropa məkanında sərbəst yerdəyişmə hüququna S.Sarkisyanın məntiqsiz münasibəti ermənilərə baha başa gələ bilər. Ən kəskin polemika bir insan ölümündən qat-qat yaxşıdır. Dağlıq Qarabağ tənzimlənməsi müharibə ərəfəsindədir. Vasitəçilərin izahları eşidilmir. Bununla da vasitəçilər şüurlu şəkildə müharibənin başlanmasında maraqlı olduqlarını nümayiş etdirirlər; həmsədrlər başa düşürlər ki, Ermənistan rəhbərliyinin nadanlığını yalnız hərbi vasitələr aradan qaldıra bilər".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlamasında bildirib ki, "diversant" iddialar əsassızdır: "İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddia etdiyi kimi bu şəxslər heç bir dövlət sərhədini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir".

Xatırladaq ki, işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar beynəlxalq hüquqda Ermənistan sərhədlərinə daxil deyil. Bu ərazi münaqişə ocağı olaraq qalır. BMT-nin qəbul etdiyi 4 qətnamədə, eləcə də bir sıra beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü tanınır. Burada diqqətçəkən Ermənistan ordusunun iflasıdır. Məlum olduğu kimi, erməni rəhbərliyinin "diversant" kimi təqdim etdikləri azərbaycanlılar sıravi vətəndaşlardır. Onlar öz ata-baba yurdlarına gediblər. Ortada heç bir diversiya hərəkəti yoxdur. Sıravi azərbaycanlının asanlıqla dəf etdiyi erməni hərbi birləşmələrinin güclü Azərbaycan Ordusunun qarşısında düşəcəyi vəziyyət isə göz önündədir.

Eyni zamanda, müstəqil Azərbaycan həmişə olduğu kimi bundan sonra da vətəndaşlarının pozulmuş hüquqlarını müdafiə edəcək və Ermənistanda olan əsir və girovlarını işğalçı erməni əsirliyindən azad edəcəkdir.

R.HÜSEYNOVA

Digər xəbərlər