Yaradılacaq növbəti "birliklər" də müxalif düşərgənin passiv vəziyyətdə qalacağını şərtləndirir
Bildiyimiz kimi, bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərindən sonra, növbəti il daha bir seçki - parlament seçkiləri baş tutacaq. O da sirr deyil ki, istər bələdiyyə, istərsə də parlament seçkilərində hakimiyyət və müxalifətin iştirakı şübhəsiz ki, baş tutacaq. Sadəcə, müxalifətdən fərqli olaraq hakimiyyət bu proseslərlə bağlı kifayət qədər inamlıdır. Belə ki, özünün elektoral bazasına güvənən iqtidar namizədlərinin qarşıdan gələn seçkilərdə qələbə qazanmalarına hər zaman böyük ümidlər bəsləyir. Təbii ki, bəslənən ümidlər doğrulur və nəticə etibarilə xalqın müxalifətə güvənsizliyini, hakimiyyətə isə sonsuz etimad bəslədiyini sübuta yetirir.
Qarşılıqlı ittiham prosesi bu gün də davam edir
Məhz belə bir məqamda və məğlubiyyət fonunda ənənəvi müxalifətin, daha dədiq desək, müxlaifətin dağıdıcı qanadının hərəkətsizliyi diqqət çəkir. Hətta müəyyən zamanlarda yaradılan birliklər də belə deməyə zəmin yaradır ki, bütövlükdə, düşərgədə cərəyan edən proseslər qarşıda yaradılacağı planlaşdırılan növbəti birliklərin də passiv vəziyyətdə qalacaqlarını şərtləndirir.Məsələn, bu gün özlərini müxalifət düşərgəsinin aparıcı partiyaları hesab edən Müsavatla AXCP arasında yaşanan həddən artıq gərginlik mahiyyət etibarilə həm ötən parlament, həm də prezident seçkilərinin təsirindən yarandığını demək olar. Faktiki olaraq, Müsavat daim seçkilərə təkbaşına, ya da ətrafında diktə edə biləcəyi partiyalarla getməkdə israrlığını nümayiş etdirib. Ancaq AXCP də Müsavata qarşı boş dayanmayıb. Məsələn, Xalq Cəbhəsi Partiyası da öz növbəsində başına yığdığı bir neçə partiya ilə birlikdə seçkilərə qatılmaq barədə düşünüb ki, nəticədə hər iki iddialı siyasi təşkilat uğursuzluq zolağından çıxmağa nail ola bilməyib.Hələ 2010-cu ildə keçirilən parlament seçkiləri ərəfəsində baş verən Müsavat-AXCP qarşıdurmasını bir daha xatırlayaq. Belə ki, 2010-cu ilin parlament seçkiləri ərəfəsində Müsavat başqanı İsa Qəmbərin müxalifət düşərgəsi ilə bağlı dediyi fikirlər sonradan ortalığı qarışdırdı. Bunun ardından ALP-dən sərt bir açıqlama gəldi. Ardından AXCP sədri Əli Kərimlinin dolayı ittihamları diqqəti çəkməyə başladı. Və bütün bunlara yekun cavab olaraq isə Müsavatdan bir açıqlama gündəmi məşğul etməyə başladı ki, həmin açıqlamada da Əli Kərimlinin İsa Qəmbəri hədəfə aldığı deyilirdi.Əslində, müxalifətin üzləşdiyi bu cür problemlərin mahiyyətində dayanan bir sıra səbəblər var. Təbii ki, biz şəxsi ambisiyalar məsələsini diqqət mərkəzinə çəkmək istəmirik. Ona görə ki, bu mövzu barədə xeyli yazılıb və bundan sonra da yazılacaq. Bu gün əsas məsələ odur ki, Azərbaycan müxalifəti kifayət qədər zəifdir. Ancaq buna rəğmən, ildən-ilə güclənmək əvəzinə, daha çox zəifləyən düşərgəni vəziyyətdən çıxarmaq üçün heç bir tədbir görülmür. Çünki orada qarşı duran tərəflərdən birinin sözü digərinin boğazından keçmir.
Partiya sədrlərinin dəyişilməsi labüdləşir
Müxalifətin əsas zəif cəhətlərinə diqqət yetirdikdə birinci olaraq, yetərli qədər qüvvəsi olmadığı aydınlaşır. Ötən seçkilər dövründən fərqli olaraq, bələdiyyə seçkilərinə iqtidar partiya namizədlərinin 10 faizə qədər namizəd çıxara bilməyən müxalifətin nə qədər güc sahibi olduğu buradan aydın oldu. Həmin seçkilər zamanı müxalifət düşərgəsi birləşsəydi belə üst-üstə 200 namizəd irəli sürə bilməzdi.Bu isə onu göstərirdi ki, artıq bu düşərgədə total islahatlara lüzum var və həmin islahatlar partiya sədrlərinin dəyişdirilməsi ilə başlamalıdır. Ancaq vəziyyət belədir ki, heç bir partiya sədri bu gün tutduğu postu əldən vermək istəmir. Həm də ona qarşı çıxanların da məhvini reallaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. Təkcə Müsavatın başabəla qurultayının dörd ildən artıqdır ki, keçirilməməsi, AXCP də isə ümumiyyətlə sədr dəyişikliyi barədə təşəbbüslərin irəli sürlülməməsi reallığı bütün çılpaqlığı ilə ortada sərgilənmiş olur. Hansı ki, bir çox siyasi ekspertlər artıq müxalifətdə bir yeniləşmənin vacibliyi barədə haqlı təhlillər aparırlar.
Yeniləşmə baş verməlidir
İkinci amil isə həqiqətən də müxalifətin içində müəyyən siyasi bilgiləri olan insanların üzə çıxmasının baş verməməsidir. Yəni müxlaifətdə yeniləşmə baş verməlidir. Çünki azsaylı elektorat da etnik simalardan və eyni meydan müxalifətçiliyindən tamamilə bezgin hala düşüb. Bu gün ənənəvi düşərgədə siyasi analiz apararaq, sivil yolla düşünən insanlar da var ki, köhnəlmiş "liderlər"onların üzə çıxmasından ciddi narahat olmağa başlayıblar. Daha dəqiq desək, belələri ambisioz "liderlərinin" sayəsində illərdən bəri pas atmış dəmir kimi, yerlərindən tərpənə bilmirlər. Elə buna görədir ki, həmin partiyaların içində vaxtaşırı müxtəlif səpkili problemlər yaşanır, istefalar baş qaldırır və sonradan kəskin və qarşılıqlı ittihamlar diqqəti çəkir. Məsələn, Müsavatda bəzi şəxslər arasında yaşanan gərginlik qarşılıqlı ittihamlarla nəticələnsə də, İsa Qəmbərin tapşırığı əsasında bu məsələ qismən də olsa həllini tapdı. Və ya başqaları ilə digər partiya funksionerləri arasında yaşanan qalmaqalı da buraya əlavə etmək mümkündür. Ancaq Müsavat kimi, AXCP-də də vəziyyət eynidir. İllərdən bəri partiya daxilində müxtəlif oyunlarla ona qarşı çıxanları zərərsizləşdirən, şantaj və sabotaj üsulları ilə üzərinə qara yaxan və bunu hələ "Yurd" qruplaşması yaradarkən sınqadan keçirən Əli Kərimli bundan sonra tam əmin və arxayın yerində əyləşib.Müxalifətin sonuncu əsas problemi isə əhalinin onlara göstərdiyi etimadsızlıqla bağlıdır. Qeyd edək ki, 2000-ci ildən başlayan bu etimadsızlıq artıq elə bir həddə çatıb ki, dünənə qədər müxalifətdə təmsil olunan insanlar belə bu barədə danışılan zaman üzlərini çevirib getməyə üstünlük verirlər. Taktiki yanlışlıq, insanları meydanlara dəvət edib, sonra da qaçıb gizlənmək, habelə bu kimi digər hallardan sonra təbii ki, insanların onlara inamı olmayacaqdı. Digər tərəfdən, bu məsələdə əhaliyə deyil, Qərbə daha çox ümid bəsləyən müxalifət düşərgəsi özü bilərəkdən özünü uçurumun düz dibinə atıb. Və onların oradan çıxmaq imkanları yoxdur.
Rövşən NURƏDDİNOĞLU