PDF Oxu

Araşdırma

  • 1 779

Ermənistan çıxılmaz vəziyyətdədir

Ermənistan çıxılmaz vəziyyətdədir

Dövlət qurumları və aparıcı partiyalar etiraf edirlər

Bu gün Ermənistan bütün dünyada təkcə təcavüzkar, işğalçı kimi deyil, eyni zamanda xarici yardımlardan asılı və kənardan kömək olmadan mövcudluğunu qoruyub saxlaması mümkünsüz olan bir vassal dövlət kimi tanınır. Belə ki, son illər Qərb ölkələrinin üzləşdiyi iqtisadi problemlər, böhranın vurduğu sarsıdıcı zərbələr, həmin dövlətlər və erməni diasporu tərəfindən indiyə qədər ayrılmış maliyyə vəsaitlərinin öz təyinatı üzrə istifadə olunmaması Ermənistana göstərilən yardımların ilbəil azalmasına gətirib çıxarıb. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, digər beynəlxalq maliyyə qurumları və Rusiyadan Ermənistana ayrılan kreditlərin də korrupsiyaya məruz qaldığı barədə xeyli faktlar aşkar olunub.

Ermənistan Mərkəzi Bankı: "Vəziyyətdən yeganə çıxış yolu təcili olaraq işğalçı siyasətlə vidalaşmaq, Türkiyə və Azərbaycanla sərhədlərin açılmasına nail olmaqdır"

Məsələn, Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri B.Asatryanın fikrincə qarşıdakı illərdə ölkəsini daha acınacaqlı vəziyyət gözləyir: "Ölkə özünün reabilitasiya imkanlarını tamamilə itirib. Vəziyyətdən yeganə çıxış yolu təcili olaraq işğalçı siyasətlə vidalaşmaq, Türkiyə və Azərbaycanla sərhədlərin açılmasına nail olmaq və onların köməyilə ölkəni iqtisadi və siyasi fəlakətdən qurtarmaqdan ibarətdir".

Erməni təhlilçi Naira Ayrumyan isə real iqtisadiyyatı olmayan Ermənistana nə dünya maliyyə sistemində, nə də ki, Gömrük İttifaqında yer olmadığını, Ermənistanın iqtisadi inkişafına daxili düşmənlərin-inhisarçıların, oliqarxların və Ermənistandan kənardakı qüvvələrə tabe olan hakimiyyətin mane olduğunu bildirib. Qeyd edək ki, 2013-cü ilin sonuna Ermənistanın xarici borcları 3,9 miyard dollar təşkil edib ki, bu da 2012-ci illə müqayisədə 4,4 % artım, ÜDM-in 37,1%-i deməkdir. Hazırda isə Ermənistanın xarici borcları 4,58 milyarda çatıb.

"Çiçəklənən Ermənistan" partiyası: "Bu bizə lazım deyil!"

Ermənilərin özləri də bu gün özündən böyük sosial böhran və çöküş astanasında olan Ermənistanı gələcəyi olmayan, qeyri-müstəqil dövlət sayır, ölkəni tərk etmək məcburiyyətində qaldıqlarını bildirirlər. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 1991-ci ildən sonra Ermənistan əhalisinin sayı 15,4% azalıb, ölkəni tərk edənlərin əksəriyyəti geri qayıtmaq istəmir. Ölkə əhalisinin hətta xırda sosial problemlərini həll edə bilməyən Ermənistan rəhbərliyi erməni ekspertlərinin də dediyi kimi gələcəkdə heç bir iqtisadi səmərəsi olmayan layihələrin maliyyələşdirilməsi üçün bir sıra beynəlxalq banklardan kredit almaqda davam edir. Maliyyələşdirilmə ilə bağlı müzakirələr zamanı "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputat Naira Zohrabyan bunu hökumətin bilərəkdən gələcək nəsillərə borc yaratdığını bildirib: "Hökumət fikirləşmədən kreditlər alır. Ermənistanın xarici borcları 5 milyard dollara çatır. Bəlkə də hökumətdə fikirləşirlər ki, 4,5 milyardla 5 milyard arasında elə də böyük fərq yoxdur. Bəlkə də bu, onlar üçün məntiqli sayıla bilər. Ancaq bu, bizə lazım deyil!".

Göründüyü kimi, Azərbaycan torpaqlarını işğal altında saxlayan təcavüzkar ölkə artıq xalq üsyanı ərəfəsindədir. Bu üsyan baş verərsə, Sarkisyan rejiminin çıxılmaz vəziyyətdən çıxış yolu tapmaması ilə nəticələnəcək. Bu isə Ermənistanın məhv olması anlamını daşıyan faktor kimi qiymətləndirilməkdədir.

Afət TAHİRQIZI

Digər xəbərlər