PDF Oxu

Araşdırma

  • 1 532

Son 14 ildə Ermənistan 453 min vətəndaşını itirib

Son 14 ildə Ermənistan 453 min vətəndaşını itirib

Düşmən ölkə yaxın gələcəkdə dünya xəritəsindən silinə bilər

Tarixən özgə torpaqlarını işğal etməyi qarşısına məqsəd qoymuş milli ideologiya və terrorçu-işğalçılıq doktrinasından başqa bir şeyi olmayan, tarixi faktlar əsasında belə öz təsdiqini tapmayan, heç bir mənbə əsasında sübuta yetirilə bilməyən qondarma "Böyük Ermənistan" ideyası nəinki gerçəkləşdirilə bilmir, hətta siyasi hadisələrin gedişi onu deməyə imkan verir ki, proseslər bu cür davam etsə, ortada "Kiçik Ermənistan" dövləti belə qalmayacaq.

Son günlər ölkədə yaşanan siyasi durum bunu deməyə əsas verir. Xüsusilə də işalçı ölkənin iqtisadiyyatının böyük çöküş yaşaması Ermənistan prezidenti Serj Sarkisyana qarşı etirazların daha geniş vüsət alacağını sübut edir. Bunun işğalçı ölkəyə hansı təsirlər göstərəcəyi isə geniş müzakirə predmetinə çevrilməkdədir.

Sarkisyan və 330 min erməni

Erməni mətbuatı, o cümlədən erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalı ermənilər arasında miqrasiya hallarının artması ilə bağlı həyəcan təbili çalmağa başlayıblar. "SƏS" AzərTAca istinadən xəbər verir ki, KİV-lər hazırkı iqtidarın yürütdüyü yarıtmaz siyasət nəticəsində Ermənistanı xoşbəxt gələcəyin gözləmədiyini anlayaraq ölkəni tərk edən vətəndaşların sayının ildən-ilə artdığını etiraf etməyə məcbur olublar. Ermənistan Dövlət Statistika İdarəsinin rəsmi məlumatına istinad edən mətbuat təkcə 2014-cü ildə 47 min erməninin xarici ölkələrə miqrasiya etdiyini qeyd ediblər. Miqrasiya hallarının 2013-cü illə müqayisədə 12 faiz artdığı və bunun Ermənistan üçün əsl faciə olduğu, Serj Sarkisyanın hakimiyyətdə olduğu 7 il ərzində 330 min ermənin ölkəni tərk etdiyini diqqətə çatdırıb.

Ermənistanın "Haykakan Jamanak" qəzetinin yazdığına görə, ölkədə miqrasiyanın yüksək səviyyədə olmasına səbəb əhalinin mövcud rejimə inamının azalmasıdır. Yerevanın Miqrasiya Problemləri Mərkəzinin ekspertləri hesab edirlər ki, mühacirət indiki templərlə davam etsə, ölkənin gələcəyi sual altına düşə bilər. Hesablamalara görə, bu ilin sonunadək ölkəni daha 380 min nəfər tərk edəcək. Ermənistandakı "Sardarapat" hərəkatının yaydığı bəyanatda isə bildirilir ki, ölkə rəhbərliyi mühacirət dalğasının qarşısını almaq və gedənlərin axınını səngitmək üçün faktiki olaraq heç bir tədbir görmür: "Ermənistan prezidenti Serj Sarkisyan bundan sonra nə etsə belə, ölkəni tərk edənlərə mane ola bilməyəcək. Mühacirət etmək fikrinə düşənləri hətta həbs gözləsə də, ermənilər qaçmaqda davam edəcəklər. Axı səbr kasası daşan və heç bir ümid yeri olmayan insanları zorla ac saxlamaq olmaz".

Ermənistan Miqrasiya İdarəsinin açıqlamasında bildirilir ki, əhali sürətlə azalmağa doğru gedir: "Bu gedişlə ölkədə işçi qüvvəsi qalmayacaq və iqtisadiyyat daha da ağır böhran nəticəsində tənəzzül yaşayacaq. Çünki gedən miqrantların böyük əksəriyyəti bir daha geri qayıtmır. Ölkədə 1,8 milyondan da az əhali yaşayır. Ölkəni tərk edənlərin əsas əksəriyyəti isə xaricə işləmək üçün gedirlər. Təəssüflər olsun ki, onların arasında iqtisadiyyatın əsasını təşkil edən iş adamları da vardır. Bir ölkədə ki, 1,8 milyona yaxın adam qala, orda nə iş imkanlarından, nə də irəliləyişdən danışmaq mümkündür. Regionlarda isə vəziyyət daha ağırdır. Hətta elə rayonlar var ki, orada boş qalan - ölü kəndlər əmələ gəlmişdir". Ermənistanın "Lragir" qəzeti bu ölkənin Miqrasiya Xidmətinə istinadən yaydığı məlumata görə son üç ildə Ermənistanı 185 min nəfərə qədər əhali tərk etmişdir. Erməni mətbuatının verdiyi məlumata görə təkcə bu ilin ilk ayı ərzində Ermənistanı 12 min 300 nəfər əhali tərk etmişdir ki, bu da ötən ilin analoji tarixi ilə müqayisədə 10 min nəfər artıq göstəricidir. Vəziyyətə aydınlıq gətirən "Joxovurd" qəzetinin fikrincə, bu, sadəcə respublika əhalisini yoxsullaşdıran ağır sosial-iqtisadi vəziyyət ilə əlaqədar olmayıb, həm də erməni ictimaiyyətinin ölkənin gələcəyinə olan ümidlərinin saxtalaşdırılmış prezident seçkilərindən sonra puça çıxması ilə bağlıdır. Sitat: "Ölkədə keçirilmiş prezident seçkilərindən sonra ölkə əhalisinin gələcəyə olan ümidləri tamamilə puça çıxmışdır. Əhali vəziyyətin yaxşılaşmasına yardım edəcək dəyişikliklərə artıq inanmayaraq ölkəni davamlı şəkildə tərk edirlər. Bu gün ölkədə bir nömərli problem miqrasiyadır".

Maraqlıdır ki, məsələ ilə bağlı açıqlama verən Erməni Milli Konqresinin katibi Aram Manukyan da ölkəni tərk edənlərin sayının nəzərə çarpacaq dərəcədə artdığını və bunun yenə də artan tempi ilə davam etdyini bildirmişdir. Manukyanın sözlərinə görə proses belə davam edərsə, o zaman 5 ildən sonra Ermənistanda nə işçi qüvvəsi, nə də ki gənclər qalacaq. Bu isə təbii olaraq, orduya da öz mənfi təsirni göstərəcək. Burada maraqlı paradoks isə ondan ibarətdir ki, bu gün Ermənistanı nəinki yoxsullar, eyni zamanda, ölkənin gələcəyinə inanmayan zəngin iş adamları da tərk edir. Ermənistan KİV-in yazdığı məlumata görə, hakimiyyət vəziyyətdən xəbərdar olsa da, ancaq özünü elə aparır ki, guya ölkədə hər şey qaydasındadır və ya insanlar rahat və yaxşı yaşayırlar: "Lakin hökumətin özünü arxayın göstərməsi heç də hər şey demək deyil. Çünki mövcud durum hakimiyyətin yürütmüş olduğu qeyri-münasib siyasət nəticəsində ölkəni bir qədər də uçuruma yuvarlamışdır. İqtisadi vəziyyəti azacıq da olsa düzəltməyə gəlincə isə Ermənistanın iqtisadi potensialı və resursları demək olar ki, yox dərəcəsindədir. Bu isə öz növbəsində Ermənistan iqtisadiyyatının xarici təsirlərdən asılı vəziyyətdə gətirib çıxarıb. Hazırda inflyasiyanın səviyyəsi o qədər yüksəlmişdir ki, milli valyuta olan dram adi kağız parçasına çevrilmişdir. Ermənistana, demək olar ki, xarici kapital qoyuluşu yoxdur və bunu heç gözləməyə də dəyməz".

Maraqlıdır ki, daha bir erməni iqtisadçı professoru Qrant Baqdasaryanın təbirincə əslində ölkədə baş verən bu proselərin arxasında dövlətin yürütmüş olduğu səhv siyasət dayanır. Sitat: "11 ildə Ermənistanın iqtisadiyyatı tamamilə cinayətkar qruplar tərəfindən idarə edilib və xalqa məxsus pullar açıq şəkildə mənimsənilmişdir. Prezident Sarkisyanın iqtisadi inkişaf barədə söylədikləri yalan və uydurma faktlardan başqa bir şey deyil. Sarkisyan hakimiyyəti dövründə inflyasiya 10 faizdən artıq olmuş, əhalinin gəlirləri isə kəskin şəkildə azalaraq, iqtisadi vəziyyətin düzəlməsi üçün heç bir addım atılmamışdır. Əməkhaqları və pensiyalar artırılmayaraq, ölkə büdcəsi oliqarx-məmurlar tərəfindən talan edilmiş və onların mənafeyinə xidmət edən siyasi layihələrin həyata keçirilməsinə sərf olunmuşdur. Ölkədə oğurluq və korrupsiya dövlət siyasəti səviyyəsinə bir qədər də yüksəlmişdir. Bir qrup oliqarx-məmur quldurluq yolu ilə xalqın malını, milli sərvətlərini talayıb satır və əldə etdiyi çirkli pullar vasitəsilə xarici ölkələrdə daşınmaz əmlak alaraq özlərini kübar cəmiyyətin adamları kimi təqdim etməyə çalışırlar. Halbuki onların hamısı fırıldaqçı və cinayətkardırlar. Bunları görən diaspor təşkilatları da artıq Ermənistana yardım etməkdən boyun qaçırırlar".

Məlumat üçün onu da bildirək ki, Ermənistan Milli Statistika Xidmətinin verdiyi məlumata görə, hazırda ölkədə yoxsulluq səviyyəsi 42 faiz təşkil edir ki, bu da 1,6 milyondan artıq insanın dilənçi vəziyyətində yaşaması deməkdir. Erməni mətbuatının müstəqil tədqiqatlara söykənərək verdiyi məlumata görə isə əslində Ermənistanda yoxsulluq səviyyəsində yaşayan əhalinin həcmi 48 faizdən bir qədər artıqdır və bu göstəricinin irəliki ay və illərdə artan temp ilə davam edəcəyi də demək olar ki, gözəniləndir. Maraqlıdır ki, BVF-nin qiymətləndirmələrinə görə, xaricdən Ermənistana edilən yardımları vətəndaşların büdcəsindən çıxarsaq, o zaman gerçək yoxsulluq həddinin 50 faizdən az olmayacağının şahidi olarıq. Hesablamalara əsasən, Ermənistanın indiki daxili və xarici borclarının tam ödənməsi üçün Sarkisyan iqtidarı köklü islahatlar apararaq məmur özbaşınalığı, korrupsiya, haqsız rəqabət, kiçik və orta sahibkarlığa qarşı aparılan total terrora son qoymayacağı təqdirdə, durumun yaxşılaşdırılması üçün ən azı 16 il vaxt sərf edilməlidir. Ermənistan Müstəqil İqtisadi Araşdırmalar Mərkəzinin son hesabatında isə bildirilir ki, prezident Serj Sarkisyanın yürütdüyü iqtisadi siyasət birmənalı şəkildə ölkəni uçuruma doğru aparır. Maraqlıdır ki, hazırkı ağır iqtisadi vəziyyətin Ermənistanda siyasi böhranın daha da dərinləşməsinə yol açacağından, müxalifətin başladığı etiraz aksiyalarının isə sosial və siyasi hadisələrin daha gərgin məcrada inkişafını stimullaşdıracağından narahat olan böyük dairələr və ölkələr, bu dövləti xilas etmək üçün bir sıra addımlar atmağa başlayıblar. Çünki əvvəllər mümkün olsa da, dünyada yaşanmış olan qlobal maliyyə böhranı və bu böhranın bu günə kimi davam edən fəsadları, hazırkı Ermənistan hökumətinə lazımi yardımların göstərilməsini də mümkünsüz etmişdir.

50 min erməni Rusiyanın "qara siyahısı"nda

Ermənistan Miqrasiya Xidmətinin rəhbəri Qaqik Eqanyan deyib ki, gün ərzində 40-50 vətəndaş analoji problemlə miqrasiya xidmətinə müraciət edir. Eqanyan bildirib ki, onun ölkəsinin Avrasiya İqtisadi Birliyi üzvü olmasına baxmayaraq Rusiya hökumətinin bu qadağası qanunsuz deyil. Elə bu səbəbdən də yanvarın 19-dan Ermənistan Miqrasiya Xidmətinin binası qarşısında Rusiyaya qazanc üçün gedib-gələn erməni əhalisi mitinqlərini davam etdirəcəklərini bildiriblər. Qeyd ediblər ki, 2015-ci ildən həmin insanlar "qara siyahı"ya salınaraq Rusiyaya girişləri qadağan edilib. Toplaşanalar qadağanın aradan qaldırılması üçün iri məbləğdə cərimə ödəməyə də hazır olduqlarını söyləyiblər: "Təki bu ölkəni tərk edək, nə qədər pul istəsələr də razıyıq, bizə Rusiyaya girişlərimizə qadağa qoyulmasın".

Bütün bu deyilənləri ümumiləşdirib deyə bilərik ki, Ermənistanda yaşanan böhran davam etsə, düşmən ölkə yaxın gələcəkdə dünya xəritəsindən silinə bilər.

A.SƏMƏDOVA

Digər xəbərlər