Fevralın 20-də keçiriləcək mitinqdə Serj Sarkisyanın istefa tələbi reallaşa bilər
Ermənistanın forpost, sadəcə kənardan gələn göstərişlər əsasında hərəkət edən bir dövlət olması bu ölkənin özündə də getdikcə açıq etiraf edilir. Erməni mətbuatının yazdığına görə, əslində, xəstə və korrupsiyada ad çıxarmış prezident Serj Sarkisyanın idarəçiliyi dövründə Ermənistan formal müstəqilliyini də böyük sürətlə itirməyə başlayıb.
Erməni politoloqu Levon Şirinyan bildirib ki, indiki hakimiyyətlə vidalaşmağın vaxtı artıq çatıb. Onun sözlərinə görə, ölkəyə siyasi və iqtisadi dəyişikliklər lazımdır. "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatlar isə mandatlarından imtina etməyi qərara alıblar. Bununla yanaşı, parlamentin üç müxalifət partiyası fevralın 20-də Yerevanda genişmiqyaslı mitinq keçirilməsi barəsində birgə bəyanat da yayıb. Bildirilir ki, respublikada siyasi vəziyyətin kəskin pisləşməsinə və hakimiyyət tərəfindən törədilən repressiyalara qarşı dərhal reaksiya vermək lazımdır. Həmin gün ölkənin aparıcı müxalifət partiyaları Azadlıq meydanında vətəndaşlarla birlikdə Serj Sarkisyanın ətrafının yaratdığı çıxılmaz vəziyyətdən xilas olmaq barədə qərar qəbul edəcəklər. Xalqın qəzəbindən qorxmağa başlayan hökümət qüvvələri siyasi fəallara qarşı təzyiqi artırıblar. Müxalifət nümayəndələrinə tez-tez hücumlar olur, onların əmlakları yandırılır. Bu gündən isə baş nazir Ovik Abramyanın göstərişi ilə "Çiçəklənən Ermənistan" partiyasının lideri, Qaqik Sarukyanın maliyyəsinin yoxlanmasına başlanılıb. Yoxlamanın əsas məqsədi müxalifətçinin vergidən yayınması faktlarının ortaya çıxarılmasıdır.
Vaqe Enfiadcyan: "Xalq necə qərar verəcəksə, elə də olacaq"
Onu da qeyd edək ki, işğalçı ölkədə Serj Sarkisyanla müxalifət arasında yaşanan mübarizə artıq siyasi müstəvidə deyil, bir-birlərini ölümlə hədələməklə aparılır. "168 jam" qəzetinin yazdığına görə, Ermənistanda artıq qanlı savaş başlayıb. Ermənistanda əhali yaxın vaxtlarda sui-qəsdlərin və həbs dalğalarının şahidi olacaqlar.
"Çiçəklənən Ermənistan" partiyasından olan fraksiyaçı deputat Vaqe Enfiadcyan isə qanlı savaşın nəticəsi olaraq fevralın 20-də irimiqyasılı mitinqin keçiriləcəyini bildirib: "Ermənistan parlamentində fraksiyalarda təmsil olunan üç müxalifət təşkilatı - "Çiçəklənən Ermənistan", "İrs" partiyaları və "Ermənistan milli konqresi" qanunun bütün tələblərinə cavab olaraq, müvafiq dövlət strukturlarını fevralın 20-də saat 16:00-da keçirəcəyi kütləvi aksiya barədə xəbərdar edib. Vaqe Enfiadcyan aksiyada irəli sürülən tələbləri və şüarları da açıqlayıb: "Biz inanırıq ki, artıq "emiqrasiyaya yox!", "səfilliyə yox!", "xalqın aldadılmasına yox!" şüarlarının səsləndirilməsi zamanıdır. Biz çağırış edirik ki, gələcək fəaliyyətimiz barədə xalq da məlumatlı olsun. Fevralın 20-də isə xalq öz qərarını bəyan edəcək. Xalq necə qərar verəcəksə, elə də olacaq".
Qeyd edək ki, erməni müxalifətinin kütləvi aksiyalara başlamaq üçün etdiyi müraciətinə Ermənistanın hakim dairələri tərəfindən hələ də cavab verilməyib.
Paruyp Hayrikyan: "Sarkisyanın müttəfiqi ona naxələf çıxdı"
"Milli Müqəddəratın Həlli" birliyinin lideri Paruyp Hayrikyan jurnalistlərlə görüşündə bildirib ki, işğalçı prezidentin müttəfiqqi də özü kimi yalançı və əyridir: "Sarkisyan kimi riyakar və yalançı prezidentin müttəfiqqi elə özünə oxşamalıdır: "Ermənistanda hakim respublika və onun müttəfiqi "Çiçəklənən Ermənistan" partiyalarının liderləri hakimiyyət daxilində süni qütbləşdirmə istəyirlər. "Bu oyun ondan ötrü oynanır ki, cəmiyyət bütövlüklə onların əlində olsun. Onları bir əsas məsələdən - ermənilərin xilasından və dövlətçiliyin möhkəmlənməsindən başqa hər şey maraqlandırır".
Paruyp Hayrikyanın fikrincə, prezident Serj Sarkisyanla və Gagik Tsarukian "bir-birini yeməyi" "yuxarıda" tapşırıblar. "Yuxarı" deyərkən Paruyp Hayrikyan Rusiyanı nəzərdə tutub: "yuxarıdan tapşırıblar ki, bir-birlərini yesinlər. Onlar da bu göstərişi bütün sərhədləri tapdalamaqla cani-dildən yerinə yetirirlər".
Görünür, erməni müxalifəti fevralın 20-də keçirəcəkləri mitinqdə S.Sarkisyanın prezidentlik müddətini axıra qədər başa çatdırmasına imkan verməyəcəklər.
A.SƏMƏDOVA