PDF Oxu

Araşdırma

  • 1 655

Ermənistanda siyasi böhran dərinləşir

Ermənistanda siyasi böhran dərinləşir

20 fevral mitinqi Sarkisyanın istefası ilə başa çata bilər

Məlum olduğu kimi, fevralın 20-də Ermənistan parlamentində təmsil olunan üç qeyri-iqtidar partiyaları "hakimiyyət dəyişikliyi" prosesini həyata keçirmək üçün növbəti plan hazırlayıblar. Belə ki, Firavan Ermənistan (FEP), Erməni Milli Konqresi (EMK) və Jaranqutyun (İrs) partiyalarının sədrləri bildiriblər ki, Yerevanın Azadlıq meydanında mitinq keçirmək qərarına gəlməklə hakimiyyət dəyişikliyi prosesini həyata keçirməyə nail olacaqlar. Üç partiyanın təşəbbüsünə qoşulan və onların hakimiyyət dəyişikliyini dəstəkləyən "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri, Ermənistanın ən zəngin adamı hesab olunan Qaqik Çarukyan da ölkə ictimayyətini prezident Serj Sarkisyanı istefaya göndərmək üçün mitinqlərə səsləyib.

Qaqik Çarukyan: "Sarkisyan öz axmaq fəaliyyəti ilə Ermənistanı çiçəklənmədən zibilliklər ölkəsinə çevirib"

Erməni mətbuatı olan "Lragir.am"ın yazdığına görə, hakim partiyaya kifayət qədər loyal olan, hətta hakimiyyətin bir hissəsi hesab edilən, Milli Təhlükəsizlik Şurasının üzvü, Milli Olimpiya Komitəsinin rəhbəri və hamisi, ölkənin bir nömrəli oliqarxı Çarukyanın müxalifətə keçməsi Sarkisyan üçün ciddi siqnaldır. Qaqik Çarukyan onu da bildirib ki, Ermənistanın bu gün məhvə doğru getməsinin səbəbkarı S.Sarkisyan və onun axmaq fəaliyyətidir. Mətbuatın verdiyi məlumata görə, Serj Sarkisyan Qaqik Çarukyana qarşı tətbiq edə biləcəyi bütün rıçaqların hamısını birdən işə salıb. Çarukyan isə prezidentin ona müharibə elan etdiyini söyləyib və növbəti dəfə əhalini Sarkisyanı hakimiyyətdən devirməyə çağırıb. Maraqlı məqam isə odur ki, Çarukyan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdaşı hesab olunur və eyni komandanın üzvüdürlər. Koçaryan isə hazırda Rusiyanın AFK "Sistema" şirkətininin direktorudur və Kremlin ehtiyat kadrları skamyasında fəxri yerə yüksəlib. Beləliklə, Çarukyan-Köçaryan cütlüyünün bir araya gəlməsi Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması faktorunun reallaşacağına əminlik yaradır. Ancaq məsələ ondadır ki, Koçaryanın Kremlin icazəsi olmadan bu tip qərarlar qəbul etməsi inandırıcı deyil. Yaranmış vəziyyət bir daha onu sübut edir ki, artıq nə Rusiya, nə də Qərb Sarkisyanı dəstəkləmir.

Sarkisyan çıxış yolunu siyasi repressiyalarda görür

"Çiçəklənən Ermənistan" partiyasının rəhbəri, Ermənistanın ən zəngin adamı hesab olunan Qaqik Çarukyan ölkə ictimayyətini prezident Serj Sarkisyanı istefaya göndərmək üçün mitinqlərə səsləməsi S.Sarkisyanın partiyaya yeni sədr axtarışı etməsinə səbəb olub. Ermənistanın "Aykakan Jamanak" qəzeti Sarkisyanın bu posta adıçəkilən Vardan Oskanyanı (sabiq xarici işlər naziri) və Naira Zoxrabyanı ("Çiçəklənən Ermənistan" partiyasından millət vəkili) istəmədiyini qeyd edib. Məlumata görə, Qaqik Çarukyanı əvəz edə biləcək ən real namizədlərdən biri "Çiçəklənən Ermənistan" fraksiyasından millət vəkili seçilən Stepan Marqaryandır. Lakin Marqaryan bu partiyanın üzvü deyil. O, hazırda "Güclü Vətən" partiyası sədrinin müavinidir. Bu posta adıçəkilən şəxslərdən biri isə ölkənin Nəzarət Palatasının sədri İşxan Zakaryandır.

Görünür, Serj Sarkisyan fevrlın 20-də keçiriləcək mitinqin daha gərgin keçəcəyindən və hakimiyyətdən getməsi tələbinin reallaşacağından ehtiyat etdiyi üçün ölkədə oliqarx Qaqik Çarukyana və onun tərəfdaşlarına qarşı siyasi repressiyalara başlayıb. Lakin erməni ekspertlərinin fikirlərinə görə, Ermənistan hakimiyyəti nə daxildə, nə də xaricdə proseslərin hansı istiqamətdə gedəcəyini proqnozlaşdıra bilmir və qarşıya çıxa biləcək maneələri görmək iqtidarında deyil. Bir sözlə, rəsmi Yerevan tam qeyri-müəyyənlik içindədir və bundan hələlik çıxış yolunu tapa bilməyib. Belə olan halda S.Sarkisyanın struktur islahatlarında məqsədi qaranlıq qalır və Ermənistanın siyasi elitasında müşahidə edilən bu cür oyunların ölkəni hara aparacağı məlum deyil. Digər əsas məqam isə Ermənistanın daxili vəziyyəti ilə bağlıdır. Hazırda Ermənistan hər an sosial partlayışın baş verə biləcəyi bir ölkəni xatırladır. S.Sarkisyan iqtisadi və sosial böhran fonunda hakimiyyətini saxlamağa çalışırsa, müxalifətin seçdiyi strategiya yaranmış vəziyyətdən yararlanmaqdır. İndi dövlət bu iki prosesin məngənəsində sıxılır.

Ekspertlər haqlı olaraq bütövlükdə idarəetmə sisteminin böhran keçirdiyini vurğulayırlar. Beləliklə, qlobal miqyasda cərəyan edən geosiyasi proseslərin fonunda mütəxəssislərin "Ermənistan hara gedir?" sualı yerinə düşür.

22 min erməni Ermənistan vətəndaşlığından imtina edib

"Elə bu faktın özü onu sübut edir ki, Ermənistan uçurumun son həddindədir və fevralın 20-si ola bilsin ki, Sarkisyanın prezidentlik fəaliyyətinin son günü olacaq. Çünki işğalçı ölkənin həm siyasi, həm də iqtisadi vəziyyətinin olduqca ağır olması cəmiyyətin böyük narazılığına səbəb olub". Erməni mətbuatı və Parisdə nəşr olunan "Ermənistan xəbərləri" jurnalında yazılan bu fikirlər bir daha hazırkı iqtidarın yürütdüyü yarıtmaz siyasət nəticəsində iflasa uğrayan Ermənistanı xoşbəxt gələcək gözləmədiyi bildirilir. Qeyd olunur ki, ölkəni tərk edən vətəndaşların sayı ildən-ilə artmaqla yanaşı, Ermənistan vətəndaşlığından imtina edənlərin də sayı artmaqdadır. Belə ki, Ermənistan Dövlət Statistika İdarəsinin rəsmi məlumatına istinad edən mətbuat təkcə 2014-cü ildə 47 min erməninin xarici ölkələrə miqrasiya etdiyini yazır: "Miqrasiya halları 2013-cü illə müqayisədə 12 faiz artıb. Bunun işğalçı ölkə üçün əsl faciə olduğu, Serj Sarkisyanın hakimiyyətdə olduğu 7 il ərzində milyon nəfərdən çox erməni ölkəni tərk edib. Gələcəyi olmayan Ermənistanı tərk edən əhalinin 22 mini ölkə vətəndaşlığından imtina edib. 2015-ci ildə miqrasiyanın daha da kütləvi şəkil alacaq və ölkəni tərk edənlərin sayı bir qədər də artacaqdır".

Bütün bunlar isə bir faktoru kifayət qədər özündə ehtiva edir - Ermənistan yaxın zamanlarda öz varlığını tamamilə itirmək məcburiyyətindən yaxa qurtara bilməyəcək.

A.SƏMƏDOVA

Digər xəbərlər