Uzunmüddətli moratorium qərarından sonra Rusiyanın Avropada Adi Silahların Məhdudlaşdırılması Müqaviləsindəki (AASMM) fəaliyyətinə birdəfəlik xitam verməsi xəbəri Qərb ölkələrində təşvişə səbəb oldu. Bu addım təkcə xarici ölkələrin deyil, eyni zamanda, daxildəki bəzi müxalif qrupların da narazılığına səbəb oldu. KİV-də yayılan bir sıra məlumatlar və yazılardan anlaşıldığı kimi, əksəriyyət bu müqavilənin əsl məğzindən xəbərdar deyil.
Ümumiyyətlə, Avropada Adi Silahların Məhdudlaşdırılması Müqaviləsi nədir? Tarixi nöqteyi-nəzərdən 2 əsas müqavilə mövcuddur. Birincisi 1990-cı ildə SSRİ və Varşava Paktı üzvü ölkələrinin NATO üzvü olan ölkələrlə razılaşdırdığı müqavilə. İkincisi isə dünya siyasi xəritəsində baş verən əsaslı dəyişikliklərdən sonra 1999-cu ildə Rusiya və postsovet ölkələrinin NATO ilə imzaladığı yeni müqavilə. Tərəflərin müqaviləni imzalamaqda əsas məqsədləri hər iki hərbi blokun sərhəd ölkələrdə böyük hərbi qüvvə yerləşdirmələrinə mane olmaq və ehtimal edilən hərbi münaqişələrin qarşısını almaq idi. AASMM şərtləri həmçinin burda xidmət göstərən zabit heyətinin və hərbi texnikanın sayına vahid kvota təyin etmişdi. Müqavilənin əsas şüarı isə şəffaflıq idi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ilk müqavilədə "sosialist düşərgəsi"nə daxil olan ölkələrin hamısı hazırda NATO blokunun üzvləridir.
İkinci dəfə imzalanan AASMM razılaşması ilə iştirakçı ölkələrin hərbi texnikasına (təyyarə, helikopter, tank, artilleriya qurğuları, zirehli texnika və s.) və həmçinin silahlı qüvvələrin şəxsi heyətinin sayına ümumi kvota təyin edilmiş oldu. NATO bloku öz növbəsində üzv ölkələrin ərazisində heç bir halda daimi qoşun və texnika saxlamayacağına dair öhdəlik götürdü. Rəsmi Moskva da Kalininqrad və Pskov bölgələrindəki hərbi qüvvələrinin sayını azaltmış, Gürcüstan və Moldova ərazisindəki hərbi kontingentini geri çəkmişdi. Bu, Qərb üçün mühüm siyasi və strateji bir manifest idi. Maraqlı nüans budur ki, müqavilənin imzalanmasından sonrakı 16 il ərzində Rusiya, Ukrayna, Belarusdan başqa heç bir ölkə müqaviləni rəsmi şəkildə ratifikasiya etməmişdi.
Bütün bu illər ərzində NATO-nun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və sürətli şəkildə Rusiya sərhədlərinə doğru genişlənməsi nəticəsində prezident Vladimir Putin 2007-ci ildə müqaviləyə moratorium elan edilməsi haqda hökumətə təklif göndərdi. Həmin ildə Vyanada toplaşan iştirakçı ölkələr müqavilənin yenidən gündəmə gətirilməsi təklifini versələr də cəhd uğursuzluqla başa çatdı. İyul ayında Kreml müqavilədə iştirakına birtərəfli şəkildə xitam verərək sərhəd ərazilərdəki qoşunların və hərbi texnikanın vəziyyəti barədə informasiya kanallarını tamamilə bağladı.
Bəs Rusiyanın belə gərgin bir dövrdə radikal qərar verməsinin səbəbi nə idi? Qəribə səslənsə də bu tendensiyanın əsasını öz bəyanatı ilə sabiq prezident Corc Buş (oğul) qoydu. İlk dəfə olaraq o, ABŞ-ın 1972-ci ildə imzalanmış RƏMS müqaviləsinə xitam verdiyini və Şərqi Avropada (Polşa, Çexiya) yeni ballistik raket sistemləri quraşdırmaq niyyətini açıq şəkildə dilə gətirdi.[i] Nəhayət, 2015-ci ilin mart ayında Rusiya rəsmi olaraq AASMM-ı tərk etdiyini bildirdi.[ii] NATO Moskvanın bu qərarından narahatlığını bildirməklə kifayətləndi.[iii]
Bu günlərdə NATO-nun baş katibi Y.Stoltenberq Polşa, Estoniya, Latviya, Litva, Bolqarıstan və Rumıniyada yeni komandanlıq məntəqələrinin yaradıldığını və şəxsi heyətin sayının 13 mindən 30 minədək artırılacağını mətbuata verdiyi açıqlamada təsdiqlədi. Bütün bunlar nə üçünsə ictimaiyyətdən gizlədilmir. Məsələn, hər kəs televiziya ekranlarında açıq şəkildə "Liberty Promise" hərbi gəmisinin Latviya sahillərinə yaxınlaşaraq 120 ədəd M1A2 Abrahams tankı gətirdiyini izləyə bilmişdi.[iv] Bu hərbi texnika "Atlantic resolve" missiyası çərçivəsində Riqaya gətirilmişdi. May ayında bu hərbi texnika latış və amerikan hərbçilərinin də iştirakı ilə Baltikyanı regionunun ən böyük hərbi təlimlərində istifadəyə veriləcək. Bununla yanaşı, Latviyanın müdafiə naziri Raymond Veyonis ABŞ hərbi kontingentinin ölkə ərazisindəki varlığının vacibliyini regionun həmrəyliyi və təhlükəsizliyi baxımından bir daha vurğulayıb.[v]
Bütün bu sadalanan şərtlər daxilində Rusiyanın AASMM-ə qayıtmaq ehtimalından söhbət gedə bilməz. Bəzi rusiyalı ekspertlər rəsmi Moskvanın bu qərarı verməsində avropalı həmkarlarının laqeyd münasibətini əsas gətirsə də, görünür, NATO və Qərb bloku tərəflər arasındakı anlaşılmazlığı aradan qaldırmaq üçün hələ heç bir ciddi tədbir görmək niyyətində deyil.
Newtimes.az