PDF Oxu

Araşdırma

  • 2 011

Əgər Con Kerri müraciətə cavab verərsə...

Əgər Con Kerri müraciətə cavab verərsə...

Qərb "demokratiyası" daha çox ifşa olunar

Bu günlərdə bir sıra amerikalı sabiq məmurların, eləcə də beynəlxalq təşkilat rəhbərlərinin, həmçinin, sapı özümüzdən olan baltaların ABŞ-ın dövlət katibi Con Kerriyə Azərbaycanın dövlət rəsmilərinə, millət vəkillərinə sanksiyaların tədbiq edilməsi ilə bağlı ünvanladıqları müraciətləri ölkəmizin ictimai rəyi tərəfindən ciddi qəbul edilmədi. Digər tərəfdən, bu amil bir daha Azərbaycanda aparıcı müxalifət adına iddia edən tərəflərin hər zaman xarici ağalarından pənah ummalarını sübuta yetirmiş oldu. Daha dəqiq desək, öz siyasi maraqlarını təmin etməkdə aciz qalan radikal müxalifət liderləri, xüsusilə AXCP sədri Əli Kərimli və "Milli Şura"nın sədri Cəmil Həsənli ölkəmizdə baş verəcək iki əhəmiyyətli olay - Avropa Oyunları və parlament seçkiləri ərəfəsində Qərbdəki erməni lobbisi ilə birgə fəaliyyət göstərən anti-Azərbaycan meyilli mərkəzlər tərəfindən yararlanmağa cəhd göstəriblər. Məhz Con Kerriyə ünvanlanmış məlum müraciət də sözügedən kontesti əhatə edir. Guya ölkəmizdə insan hüquqlarının, söz və mətbuat, sərbəst toplaşma azadlığının pozulduğunu iddia edən həmin tərəflər hər vəchlə qeyri-real iddialarının "doğruluğunu" sübuta yetirməyə çalışsalar da, onların həmin arzuları növbəti dəfə nakam qalmağa məhkum olub.

Suallar yaranır

Belə bir məqamda bir neçə istiqamətdə suallar yaranır, əcəba, uzun illər boyunca ölkədə müxalifətçilik adı altında qrantlar yeyən, beynəlxalq təşkilatların pullarını silən dırnaqarası müxalifət liderləri nəyə görə hər bir azərbaycanlını narahat edə biləcək ümummilli problem - Dağlıq Qarabağın işğalı, Xocalı faciəsinin dünya birliyi tərəfindən soyqırımı kimi birmənalı şəkildə tanınması barədə Con Kerriyə, yaxud da hər hansı digər Qərb siyasətçisinə müraciət ünvanlamırlar? Bu sualın cavabı bəsitdir. Çünki ümummilli məsələlərdə onlara qrant yedirdən olmayıb, bundan sonra da olmayacaq. Həmçinin, Qərb siyasi dairələri çox təəssüf ki, Azərbaycanın haqlı mövqeyinə, tələbinə ikili standartlar tərəfindən yanaşmalar edir. Bu baxımdan, Qərb hər zaman özünə sərf edən məqamlarla bağlı, məsələn, radikal müxalifət düşərgəsinin bənzər müraciətlərinə "əsaslanaraq", günaşırı şəkildə illərdir ki, rəflərində yatan eyni məzmunlu saxta hesabatlar, saxta bəyanatlar səsləndirirlər.

Hansı ki, dəfələrlə vurğulandığına görə, bu gün istər Qərbi Avropada, istərsə də ABŞ-ın özündə insan hüquqlarının pozulması fonunda minlərlə faktlar mövcuddur. Ancaq bütün bunlara rəğmən, daim Azərbaycanı, eləcə də digər müstəqil dövlətləri öz maraqları çərçivəsində hədəfə alan beynəlxalq təşkilatlar, müxtəlif siyasi dairələrin nümayəndələri öz gözlərindəki tiri görməzlikdən gələrək, hər dəfə Azərbaycana qarşı həyasızcasına böhtan xarakterli çıxışlar edirlər.

Elmar Şahtaxtinski, Qorxmaz Əsgərov, Ramiz Yunus və sairləri dairələrin təsirindəki "beşinci kolon"un nümayəndələridirlər

Görünür, bu kimi hallarda ruhlanan radikal müxalifətin xaricdəki emissarları atdıqları ləyaqətsiz addımlarının "səmərə" verəcəyini düşünərək, indi də daha böyük yerlərdən yapışmaq üçün zamanın çatdığını hesab ediblər. Bu səbəbdən də ABŞ-ın dövlət katibi Con Kerriyə müraciət məktubu ünvanlayıblar.

Daha bir məqam isə sözügedən müraciətdə üzdəniraq "azərbaycanlıların" da yer almasıdır. Bu da sirr deyil ki, müraciəti imzalayan adamlar - AZAD təşkilatından Elmar Şahtaxtinski, Qorxmaz Əsgərov, Ramiz Yunus və sairləri dairələrin təsirindəki "beşinci kolon"un nümayəndələridirlər. Çünki Azərbaycanda ABŞ-ın qeyri-hökumət təşkilatları vasitəsilə maliyyəşdirdiyi şəxslərin olduğu heç kimə sirr deyil. Çox təəssüf ki, həmin şəxslər prinsipial məqamlarda daha tez-tez Azərbaycana qarşı istifadə olunurlar. Bunu öz açıqlamaları ilə millət vəkilləri, siyasi partiya nümayəndələri və politoloqlar da dəfələrlə bəyan ediblər.

Aydın Mirzəzadə: "Onlar həmin əcaib müraciətlərində ABŞ qoşunlarının Azərbaycana yürüdülməsi tələbini niyə irəli sürməyiblər?!"

Məsələn, Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə məsələ ilə bağlı verdiyi açıqlamasında deyib ki, müraciətin məzmunu heç bir normal çərçivəyə sığmır və ümumiyyətlə, sözügedən müraciətin, məktubun məzmunu çox əcaibdir: "Sanki Azərbaycan ABŞ-ın 52-ci ştatıdır və sanki həmin müraciəti ünvanlayanlar Amerikanın mərkəzi orqanlarına "Azərbaycan ştatında" vəziyyəti normallaşdırmaq üçün çağırışlar edirlər. Bu insanlar unudurlar ki, Azərbaycan müstəqil bir dövlətdir. Çünki Azərbaycanın qanunlarını əks etdirən konstitusiya mövcuddur və ölkəmizdə Azərbaycan vətəndaşlarının iradəsi əsas götürülür. Hər hansı bir ölkənin rəsmi şəxsinə müraciət etməklə, digər ölkənin problemlərini həll etmək olmaz".

YAP rəsmisi sözügedən müraciətdə adları hallanan insanlara sual ünvanlayıb: "Anlamıram, doğrudanmı onlar Azərbaycana məhz bu cür əcaib demokratiya gətirmək istəyirlər?! Nə zamandan bir ölkənin daxili işləri başqa ölkənin Dövlət Departamenti tərəfindən idarə olunur?! Maraqlıdır ki, onlar həmin əcaib müraciətlərində ABŞ qoşunlarının Azərbaycana yürüdülməsi tələbini niyə irəli sürməyiblər?!"

Millət vəkili Con Kerriyə ünvanlanan müraciətin onun tərəfindən ciddi qəbul edilməyəcəyi qənaətində olduğunu da deyib: "Hesab edirəm ki, Con Kerri Azərbaycanı yaxşı tanıyan bir təcrübəli siyasətçi kimi, ona ünvanlanan müraciətin onun səlahiyyətində olmadığını yaxşı dərk edir və hesab edirəm ki, bu tipli əcaib müraciətlər Amerikanın özündə də çox böyük gülüş doğurur".

Hikmət Babaoğlu: "ABŞ-la Azərbaycanın strateji əməkdaşlıq kimi səciyyələndirilə biləcək münasibəti var"

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu da bununla bağlı çox maraqlı fikirlərli ilə diqqət çəkib. Baş redaktorun fikrincə, bu, Qərbdə olan islamofob dairələrin mövqeyidir, Azərbaycanın inkişafını gözləri götürməyən tərəflərin mövqeyidir və bütünlükdə islamofob dairələrlə erməni lobbisinin birgə fəaliyyətinin nəticəsidir. Ancaq əlbəttə ki, Azərbaycan milli dövlət kimi həm də müstəqildir. Azərbaycan hakimiyyətində milli iradə faktoru təmsil olunur və Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, heç bir şəkildə, heç bir formada ölkəmizdə müstəqil siyasətin həyata keçirilməsini məhdudlaşdırmaq olmayacaq".

Hikmət Babaoğlunun fikrincə, Azərbaycana qarşı bu cür ittihamlar səsləndirildikdən sonra ölkəmizə qarşı müxtəlif tələblər irəli sürülür: "Bu tələblər ondan ibarətdir ki, Azərbaycanda transmilli medianın fəaliyyəti bərpa olunsun, ölkəmiz daxilində "beşinci kolon" kimi fəaliyyət göstərən bəzi QHT rəhbərləri ilə bağlı yumşaq siyasət aparılsın. Yəni bu aydın göstəricidir ki, anti-Azərbaycançı mərkəzlər, islamofob dairələr azərbaycanın daxilində dağıdıcılıq fəaliyyəti göstərən müxtəlif təşkilatlanmaların fəaliyyətlərinin bərpasını istəyirlər ki, bu da mümkün olan deyil. Çünki belə qurumların fəaliyyəti Azərbaycanın milli-dövlətçilik maraqlarına ziddir".

Baş redaktor bütün bunlara baxmayaraq, Azərbaycanın Qərbdə çox güclü tərəfdaşlarının olduğunu vurğulayıb və nəticədə Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyini deyib: "Bizi istəməyən qüvvələr isə öz layiqli cavablarını alacaqlar".

Hikmət Babaoğlu Con Kerriyə ünvanlanan böhtan xarakterli müraciətin cavabasız qalacağı qənaətində olduğunu da deyib: "Heç bir ciddi dövlət xadimi, xüsusən, öz xalqının siyasi iradəsini təmsil edən ciddi siyasətçi bu cür ucuz oyunlara, əlbəttə ki, reaksiya verməməlidir və verməyəcəkdir. Çünki ilk növbədə ABŞ-la Azərbaycanın strateji əməkdaşlıq kimi səciyyələndirilə biləcək münasibəti var. Beyənlxalq münasibətlər sistemində yaxın tərəfdaş ölkələr kimi daim fikir mübadilələri aparılır. Yaxın Şərqdə, Cənubi-Şərqi Asiyada baş verən bir sıra proseslərdə birgə fəaliyyət göstərirlər. Ən nəhayəti isə Azərbaycan Qərbin, o cümlədən, ABŞ-ın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti tərəfdaşdır. Həmin ölkənin rəsmiləri də, o cümlədən, Con Kerri də yaxşı bilir ki, Azərbaycanda söz və mətbuat azadlığı və insan hüquqları ilə bağlı Avropanın bəzi ölkələrindən fərqli olaraq, heç bir problem yoxdur".

Fazil Mustafa: "Vətən, millət, dövlət üçün təbliğat baxımından faydalı olan tədbirlərdə belə insanlar yanlış bir yol tuturlar"

"Bir çox hallarda Avropa və ABŞ-dakı proseslərə, neqativ hallara göz yumanlar başqa ölkələrdəki problemləri daha çox qabartmağa meyilli olurlar. Hesab edirəm ki, bu, yanlış yoldur". Bunu isə Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa deyib. Partiya sədri qeyd edib ki, xarici dairələrin Azərbaycanda insan haqlarının pozulmasına dair tutduqları mövqe ilə bağlı tənqidi məqamlar çoxdur. F.Mustafa belə xarici dairələrə ölkə içindən verilən dəstəkdən də danışıb: "Belə yanaşmalar ölkəmizin maraqlarına xidmət etmir. Avropa Oyunları bir zaman yekunlaşacaq. Amma bu iz qalacaq. Vətən, millət və dövlət üçün təbliğat baxımından faydalı olan tədbirlərdə belə insanlar yanlış bir yol tuturlar. Ona görə də siyasətçi belə izi buraxmamalıdır. Bizdə həmrəylik ruhunu qaldırmaq lazımdır. Elə məsələlər var ki, onlar qlobaldır və hamının ortaq nöqtəyə gəlməsi vacibdir. Hesab edirəm ki, bu belə məsələlərdə siyasi hesablar aparılmamalıdır. Ölkənin ümumi maraqları naminə birləşməyi bacarmalıdır".

Göründüyü kimi, sözügedən prosesləri təhlil edərkən, bir daha belə bir qənaətə gəlmək mümkündür ki, əslində, siyasi həyasızlıq motivindən çıxış edən anti-Azərbaycan dairələri bununla özlərini daha da çıxılmaz vəziyyətə salmış olurlar. Çünki onları əvvəlcədən düşünməliydilər ki, özünə hörmət qoymağı bacaran heç bir nüfuzlu siyasətçi həmin oyunlara gedərək, öz nüfuzunu aşağı salmaq istəməz.

Lakin hətta Con Kerri həmin qərəz və böhtan xarakterli müraciətə cavab versə belə, bu zaman ABŞ-ın, eyni zamanda Qərbin aparıcı dövlətlərinin daxilində gedən anti-demokratik ab-hava faktoru daha çox ifşa edilmiş olar.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər