PDF Oxu

Araşdırma

  • 1 287

Qərb onsuz da itən nüfuzunu daha da itirmiş oldu

Qərb onsuz da itən nüfuzunu daha da itirmiş oldu

Rüsvayçı bəyanatlarla çıxış edən siyasi dairələr, əslində, özlərini beynəlxalq aləmdə xar edirlər

Ölkəmizin dünyadakı nüfuzunun artması, müstəqil dövlətimizin bir çox yüksək tribunalarda söz sahibinə çevrilməsi artıq uzun illərdir ki, Azərbaycan əleyhinə çıxış edən qərəzli qüvvələri narahat etməkdədir. İctimai rəy bunu artıq neçə illərdir ki, müşahidə edir, məntiqi nəticələr çıxarır. Lakin çıxarılan məntiqi nəticələrdən biri də budur ki, ölkəmizdə "antidemokratiya" mühitinin olduğunu iddia edən bəzi siyasi dairələr və həmin dairələrin təmsil etdikləri ölkələrdə insan hüquq və azadlığı, demokratiya faktoru adı yalnız kağız üzərində qalıb. Çünki faktlar da bunu deyir. Məsələn, ölkəmizin hakimiyyətini gərəksiz şəkildə hədəfə alan böhtançı qüvvələrin özləri ABŞ-da, Qərbi Avropada tüğyan edən haqsızlıqları, vətəndaşların polis sərtliyi ilə qarşı-qarşıya qalması faktlarını "unudur", bütün bunları bilərəkdən gizlədərək, öz günahlarını dövlətimizin üzərinə yazmağa cəhdlər göstərirlər. Ancaq bayaq da qeyd etdiyimiz kimi, faktlar, dəlillər və sübutlar tamamilə əksini göstərir.

Budurmu insan hüququ və ya vicdan azadlığı?!

Məsələn, Azərbaycanın paytaxtı Bakı şəhəri başda olmaqla, demək olar ki, bütün regionlarımızda qeyri-müsəlman olan vətəndaşlarımız tolerantlıq şəraitində öz dini etiqadları ilə məşğul olurlar. Lakin gəlin görək, Qərbdə vəziyyət necədir? Elə də uzağa getməyərək, Qərb ekspertlərinin öz ölkələrində cərəyan edən ksenofobiya halları barədə irəli sürdükləri fikirlərini dəyərli oxucularımızın nəzərlərinə çatdıraq. Məsələn, yazırlar ki, Böyük Britaniyada, Almaniyada, Fransada məscidlər yandırılır. Dini etiqad sahəsində qeyri-xristian olan vətəndaşlara məhdudiyyətlər qoyulur.

İtaliyada hər ay bir jurnalist həbs olunur, Yunanıstanda İctimai Televiziya bağlanır və sair. Yəni Qərbdə demokratiya deyil, demokratiyanın milli, irqi və dini mənafelərə uyğun təhrif edilmiş formasının inkişafı aşkar olaraq görünməkdədir.

Məgər budurmu insan hüququ və ya vicdan azadlığı?!

Britaniyalı professor: "Amerika nəinki öz ərazisində, hətta dünyanın müxtəlif regionlarında belə insanların fəaliyyətinə nəzarət edir, sonra isə onları müəyyən ideoloji istiqamətə yönəldir, təzyiqlər göstərir, qanunsuz əməllərə təhrik edir"

Bu arada insan haqlarının pozulduğu daha bir ölkə - dünyaya "demokratiya dərsi" keçdiyini, "demokratiya ixracatı" ilə məşğul olduğunu iddia edən ABŞ siyasəti haqqında BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin hesabatını xatırlayaq. Həmin hesabatda bildirilir ki, ABŞ Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın bir sıra müddəalarına əməl etmir. Britaniyalı professor Naycel Rodlinin başçılıq etdiyi komitə Vaşinqtonu sosial şəbəkələrə qanunsuz nəzarət etməkdə ittiham edib, bunu insanların şəxsi həyatına birbaşa müdaxilə kimi qiymətləndirib. Beləliklə, dünyanın ən mötəbər beynəlxalq təşkilatının təmsilçisi deyir: "Amerika nəinki öz ərazisində, hətta dünyanın müxtəlif regionlarında belə insanların fəaliyyətinə nəzarət edir, sonra isə onları müəyyən ideoloji istiqamətə yönəldir, təzyiqlər göstərir, qanunsuz əməllərə təhrik edir".

Qısa desək, bu gün dünyaya, o cümlədən, müstəqil Azərbaycana demokratik mühitdə necə yaşanmalı olması barədə "dərs" keçmək istəyən ABŞ-da və Qərbi Avropa ölkələrində real demokratiyadan əsər-əlamət belə qalmayıb. Məhz bu faktorları təhlil edərkən, bir daha belə bir nəticəyə gəlmək mümkündür ki, belə rüsvayçı bəyanatlarla çıxış edən siyasi dairələr, əslində, özlərini beynəlxalq aləmdə xar edir, onsuz da itən nüfuzlarını daha da itirmiş olurlar.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər