Ədalətsizlik, yalan və qərəz isə heç vaxt həqiqət və reallıq üzərində qələbə çala bilməyib
Artıq çoxsaylı faktlara və danılmaz dəlillərə əsaslanan bir həqiqətdir ki, ölkəmizdə yürüdülən müstəqil, qətiyyətli, eləcə də inkişaf və tərəqqi amilinə söykənən dayanaqılı siyasətin qarşısını almaqdan ötrü bir sıra Qərb siyasi dairələri tərəfindən təlimatlandırılan xarici QHT-lər, "insan hüquqları təşkilatları", xarici media qurumları, "demokratiya institutları" ardıcıl şəkildə anti-Azərbaycan xarakterli addımlar atmaqda israrlı görünürlər. Buna səbəb isə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərarı və Azərbaycanın get-gedə daha böyük beynəlxalq tədbirlərdə mərkəzə çevrilməsi faktorudur. Əslində, biz bunu daha öncədən də bilirdik. Çünki elə də uzağa getməyərək, hazırda yaşanan təəssüfedici bənzər halın, yəni ölkəmizlə təzyiq dili və qərəzlə danışmağın qarşı tərəfə hansı uğursuz nəticələr verdiyini yaxşı xatırlayırıq. "Eurovision" mahnı yarışması öncəsi Azərbaycana qarşı qara piar aparan təşkilat və media qurumları sonda məğlub, eləcə də rüsvayçı şəkildə geri çəkilməyə məcbur qaldılar. Əgər onların istəkləri baş tutsaydı, ən azından I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi barədə Avropa Olimpiya Komitəsi tərəfindən qərar verilməzdi. Yəni bu, bir faktdır.
ABŞ Dövlət Departamentinin suala qaneedici cavab verməməsi də təsdiq edir ki...
Bu arada ölkə mətbuatında ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin ifşası barədə ortaya çıxan sənədlərdə danılmaz faktların ortaya çıxması və bütün bunların müqabilində ABŞ Dövlət Departamentinin suala qaneedici cavab verməməsi də təsdiq edir ki, bütün bunlar ilk növbədə Azərbaycana qarşı hazırlanmış rüsvayçı təxribatın tərkib hissəsidir. Məsələn, ABŞ Dövlət Departamenti sözçüsü Mari Harfın ənənəvi mətbuat toplantısında jurnalist ondan ABŞ-ın Azərbaycanda keçiriləcək Avropa Oyunları qabağı ölkənin imicini qaralamaq üçün plan hazırladığına dair yazıya münasibət bildirməsini istəyib. Jurnalist deyib: "Məqalədə dövlət katibi Con Kerri ermənipərəst kimi göstərilir. Əvvəlcə, bilmək istəyirəm ki, Dövlət Departamentinin buna reaksiyası necə olacaq? İkincisi, hökumətə rəsmi etiraz göndərməklə bağlı hər hansı plan varmı?"
Departament sözçüsünün həmin suala cavabı isə belə olub: "ABŞ-ın Azərbaycanın suverenliyi və müstəqilliyinə olan uzunmüddətli dəstəyinə sözdən daha çox etibar edilir. Bu məqalədəki iddialar isə tamamilə əsassızdır və həqiqətə uyğun deyil".
Göründüyü kimi, jurnalist tərəfindən Departament rəsmisinə ünvanlanan məntiqi suala qeyri-məntiqi "diplomatik cavabın verilməsi" bununla da guya "siyasi balansı pozmadan", "kontekstdən çıxılmaması" görüntüsünün yaradılması, əslndə, Kerri barədə ortaya çıxan faktların dolayı yollarla təsdiqi anlamını daşıyır. Maraqlıdır, əgər ABŞ siyasi dairələri Azərbaycanı müstəqil və suveren ölkə kimi tanıyırlarsa, bu zaman ortada olan sənədlər haradan qaynaqlanır? Bax, məsələ də ondadır ki, Departament sözçüsü heç bir halda səmimi təsir bağışlayan cavabı verə bilməyib. Çünki onun həmin sual qarşısında veriləcək cavabı da yox idi.
NED təşkilatının da Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası fonunda fəaliyyət göstərməsi şübhəsizdir
Bu arada ABŞ-ın daha bir təşkilatı - Demokratiyaya Milli Dəstək Fondunun (National Endowment for Democracy - NED) təşkilatçılığı ilə "Azərbaycan: Demokratik həmrəylik üçün sınaq" adlı tədbirin keçirilməsi planı da məlum olub. Bu baxımdan, ilk növbədə belə bir nəticəyə gəlməyə kifayət qədər zəmin yaranır ki, Azərbaycan əleyhinə çıxış edən bir çox Qərb təşkilatlarının təlimatları bir mərkəzdən ibarət olunur. Yəni NED təşkilatının da Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası fonunda fəaliyyət göstərməsi şübhəsizdir.
Söz yox ki, həmin tədbir çərçivəsində bir daha Azərbaycanda "söz və mətbuat azadlığının pozulması", "sərbəst toplaşma azadlığının məhdudlaşdırılması", "yerli QHT-lərə xarici təşkilatlar tərəfindən qrantların ayrılmasını qadağan edən qanunun ləğv edilməsi" və s. bu kimi böhtanları əks etdirən çıxışlar olacaq. Həmin çıxışları isə erməni lobbisinin xərclədiyi pullar hesabına Kerrinin müəyyənləşdiriyi adamlar - Emin Milli, Kənan Əliyev, Tomas de Vaal və Miriam Lanskoy böyük canfəşanlıqla edəcəklər. Onu da qeyd edə bilərik ki, bu gün Emin Milli, Kənan Əliyev kimi bədxahların bu kimi anti-Azərbaycan xarakterli tədbirlərdə düşmən dəyirmanına su tökmələri onların Leyla Yunus, Xədicə İsmayıl kimi xəyanətkarların ardıcılları olmalarının bariz göstəricisidir. Belə olan məqamda, daim erməniçilik mövqeyi ilə daha çox seçilən Kerrinin, eləcə də NED və bənzər təşkilatların digər sapı özümüzdən olan baltaların "əməyindən" istifadə edəcəkləri istisna olunmaya bilər.
Yuxarıda da qeyd olunduğu kimi bənzər addımlar ABŞ-ın Azərbaycanda neçə illərdir həyata keçirdiyi və ikili standartları əks etdirən siyasətinin tərkib hissəsidir. ABŞ-ın Milli Demokratiya İnstitutu, Marşal Fondu, Beynəlxalq İnkişaf Agentliyi, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu illərdir ki, elə bu prinsiplərlə işləyirlər.
Novruz Məmmədov: "Bu gün ABŞ-da - Baltimorda baş verənlər orada vəziyyətin əla olmasından xəbər vermir"
"I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı elə bir hücum və kütləvi təzyiq mexanizmi başlayıb ki, biz bunu təsəvvür belə edə bilmirdik". Bu fikirləri 3-cü Qlobal Baku Forumunun "Avropa İttifaqı və qonşuluq siyasəti " panelində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Onun vurğuladığına görə, Azərbaycan müsəlman aləminin bir hissəsi olan, eyni zamanda Qərb dünyasında nümunəvi, model ola bilən dövlətdir: "Yerləşdiyi geosiyasi mövqedə bu, elə də asan iş deyil. Amma Azərbaycan rəhbərliyi bunun üçün hər şeyi edir".
Göründüyü kimi, Novruz Məmmədov bununla bağlı təhlilində əsasən, Azərbaycanın dünyanın müsəlman kontingentə daxil olan bir məkan olduğunu vurğulayaraq, həm də Qərb inkişaf modeli çərçivəsində tərəqqi yolunu tutan bənzərsiz ölkə olduğunu da xüsusilə nəzərə çatdırıb. Daha dəqiq desək, burada əsasən xrtistian klubuna daxil olan ölkələr sırasında Azərbaycanın əhəmiyyətli məqamda yer alması qərəz yolu tutan həmin "siyasətlərinə" cavab vermir. Nəticədə müstəqil inkişaf faktorunu ön götürən Azərbaycana qarşı ikili standart siyasəti yürüdülür. Hansı ki, bu gün ABŞ başda olmaqla, bir sıra aparıcı Qərb dövlətlərində insan hüquqlarının pozulması davamlı xarakter almağa başlayıb. Prezident Administrasiyasının rəsmisi bununla bağlı kifayət qədər turarlı arqument gətirib. Sitat: "Bu gün ABŞ-da-Baltimorda baş verənlər orada vəziyyətin əla olmasından xəbər vermir. Azərbaycanda da müəyyən nöqsanlar var. Amma biz hər gün, hər an Azərbaycanı təzyiq altında saxlamaq iddiasını görürük. Bura mətbuat, QHT-lər də qoşulur, maliyyə dəstəyi də ayrılır. Axı nə üçün belə olmalıdır? Azərbaycan bu gün nümunəvi stabillik, təhlükəsizlik və inkişaf nümayiş etdirir. İstisna etmirəm ki, burada da insan hüquqları pozula bilər, demokratiya ilə bağlı müəyyən problemlər ola bilər. Amma beynəlxalq aləm, Avropa və Qərb Azərbaycana səmimi və ədalətli münasibət nümayiş etdirirsə, nə üçün Azərbaycanın ərazilərinin 25 ildir işğal altında qalması haqqında bir dəfə də olsun beynəlxalq hüququ xatırlada bilən fikir söyləmirlər? Burada insan haqlarının pozulmasından söhbət gedə bilməz".
Novruz Məmmədovun fikrincə, bu gün beynəxlalq münasibətlərdə ən böyük problem, ən böyük böhran ədalət böhranıdır. Ədalət yoxdur: "Ədalətin olmaması indiki vəziyyətə gətirib. İndiki vəziyyət nə Qərb və Avropa üçün yaxşıdır, nə də bizim üçün. 21-ci əsrin insan təfəkkürünün, intellektinin bu cür inkişaf etdiyi dövrdə tamam başqa bir situasiya yaranmalıydı. Amma bunun tam əksini görürük. Nə üçün belə olmalıydı? Nə üçün bura gəlib çıxmalıydı?"
Bəli, məhz ədalət prinsipinin pozulması - ABŞ-da, digər Qərb ölkələrində istər media, istər sərbəst toplaşmaq, istərsə də bütövlükdə insan hüquqlarının pozulması demək olar ki, ardıcıl və adi hala çevrilib. Bütün bunların müqabilində stabil və tərəqqi edən, beynəlxalq mərkəzə çevrilən Azərbaycanın hədəfə alınması isə ilk növbədə qərəzlərdən, qeyri-səmimi münasibətlərdən, düşmən qüvvələrlə eyni baxışdan çıxış edən amillərdən doğan təəssüfedici hallardır. Ancaq bu kimi halların qarşısı illər öncədən necə alınıbsa, indi də alınmaqdadır. Bu baxımdan, bir mərkəzdən idarə olunan təzyiq, qərəz, şantaj kampaniyaları onu törədənlərə istədikləri nəticəni əsla verməyəcək.
Əli Həsənov: "Bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasətinə öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin qurduğu məkrli oyundan başqa bir şey deyil"
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da verdiyi açıqlamadan bəlli olur ki, davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr bu fürsəti də əldən vermək istəmirlər.
"I Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən "qara piar" kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar"-deyə qeyd edən Əli Həsənov burada daha bir neçə maraqlı məqamlara toxunub. Məsələn, PA rəsmisi bununla bağlı deyib ki, "Azadlıq" radiosu başda olmaqla bəzi maraqlı qüvvələr sosial şəbəkələrdə guya Azərbaycanda Avropa Oyunları ilə əlaqədar heyvanlarla qəddar davranıldığını əks etdirən video yayır və paylaşırlar: "Halbuki həmin videoda hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi "faktları" ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar. Biz belə təxribatlarla əvvəllər də, 2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsi keçiriləndə də rastlaşmışıq. Həmin dövrdə beynəlxalq ictimaiyyət əmin oldu ki, bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasətinə öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin qurduğu məkrli oyundan başqa bir şey deyil. Əmin olduğumuzu bildiririk ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək və nə qədər ki gec deyil, həmin qüvvələri öz məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik".
Məhz nəticə olaraq, bir daha qənaətə gəlmək mümkündür ki, daha öncələr də, hətta ən ağlasığmaz "ittihamlarla" Azərbaycana qarşı çıxan qüvvələr sonda öz əməllərindən heç bir nəticə hasil olmadığını dərk edib, geriyə çəkilmək məcburiyyətində qalıblar. Necə ki, azərbaycanlıların el məsəlində olduğu kimi, yalan ayaq tutsa da, yerimir. Hazırda ABŞ və Qərbin də eyni yalan-böhtan kapmpaniyaları uzağı I Avropa Oyunları gününə qədər davam edə bilər. Çünki ortada olan həqiqət də budur ki, bu oyunlar öz möhtəşəmliyi və əsrarəngizliyi ilə qərəzli qüvvələrin şantajçı ağızlarını yummaqla yanaşı, onlarla əlbir olan erməni lobbisinin siyasi kələyini kəsəcək. Eyni zamanda, sapı özümzüzdən olan baltaların tiyələrinin nə qədər kor, səmərəsiz olmasını da sübuta yetirəcək. Belə ki, ədalətsizlik, yalan və qərəz heç vaxt həqiqət və reallıq üzərində qələbə çala bilməyib.
Rövşən NURƏDDİNOĞLU