PDF Oxu

Araşdırma

  • 1 676

ABŞ-da "şeytan yuvası"...

ABŞ-da "şeytan yuvası"...

Və ya Azərbaycana qarşı qarayaxma kampaniyası dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə olunur

I Avropa Oyunlarının keçirilməsinə təxminən 40 gün qaldığı bir zamanda Azərbaycana qarşı total hücumların olduğu aydın şəkildə müşahidə edilməkdədir. Bu hücumlar özünü siyasi-ideoloji və informasiya müharibəsi, eyni zamanda, cəbhə xəttində atəşkəs rejiminin kəskin şəkildə ermənilər tərəfindən pozularaq gərginliyin artırılması formasında göstərməkdədir. Əlbəttə ki, Azərbaycana qarşı olan bu hücumların və təzyiqlərin əsas kökünü I Avropa Oyunları təşkil etməsə də, bu gün anti-Azərbaycan dairələri üçün bu idman tədbiri böyük fürsətdir. Bu cür düşünməyimizə əsas səbəb odur ki, elə "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində də bu cür oyunların şahidi olmuşuq. Bununla da aydınlaşır ki, Azərbaycana qarşı təzyiq qrupları tərəfindən aparılan qara piar kampaniyasının kökündə ölkəmizin dinamik sosial-iqtisadi inkişafının, demokratik tərəqqisinin nailiyyətlərinə kölgə salmaq, qlobal miqyasda qəbul edilən nüfuzumuzu ləkələmək və daxildə xaos, anarxiya və özbaşınalıq mühiti yaratmaqdır. Bu işdə isə təbii olaraq, başda erməni lobbisi, dünya erməniçiliyi və onların təsiri altında olan, yaxud maraqları uzlaşan dairələr daha çox fəallıq nümayiş etdirirlər.

Azərbaycanı özlərinə bərabər bir dövlət kimi sıralarında görmək istəmirlər

Erməni lobbisini, eyni zamanda, anti-Azərbaycan dairələrini narahat edən birinci səbəb ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlıdır. Çünki bu gün dünya miqyasında maliyyə-iqtisadi böhran prosesi müşahidə edilsə də, Azərbaycan hökumətinin çevik antiböhran tədbirləri, həmçinin, ötən illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişaf etdirilməsi siyasəti nəticəsində ölkəmizin böhranın təsirlərini minimuma endirməyi bacarıb və bununla da dünyada inkişaf tempini qoruyub saxlayan nadir ölkələrdən hesab edilir. Məhz 2015-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda insanlar maliyyə çatışmazlığına görə iş yerlərində ixtisara düşmür, vaxtında əmək haqlarını, təqaüdçülər pensiyalarını alır, sosial yardım proqramları isə əvvəlki qaydada davam etdirilir.

Azərbaycan hökumətinin çevik və səmərəli antiböhran addımlarının nəticəsində cari ilin birinci rübündə də ölkəmiz özünün sürətli inkişaf tempini saxlayıb. Ötən 3 ayda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımızın ümumi inkişaf tempi 5,3 faiz, qeyri-neft sektoru isə 7 faiz artıb. Yəni ölkəmizdə inkişaf tempi ümumdünya göstəricisindən 2 dəfə artıq olub.Beləliklə də, Azərbaycan iqtisadiyyatının çoxşaxəli olması və və neftdən kənar sahələrin artımı iqtisadi dinamikanın dayanıqlılığını təmin edib. Göründüyü kimi, Azərbaycan 2008-ci ildən bu günə kimi büdrəməyən güclü dövlət status qazanıb. Bu da, əlbəttə ki, Azərbaycanı istəməyən qüvvələri narahat edir və ölkəmizə qarşı təzyiqlərin edilməsinin birinci səbəbi budur.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov müsahibəsində bu məsələyə toxunaraq qeyd edir ki, anti-Azərbaycan kampaniyasının arxasında duran birinci səbəb beynəlxalq islamofob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər bir dövlət kimi öz sıralarında görmək istəməməsidir. Yəni müsəlman dünyasında onların təqdim etdiyi kimi həmişə xaos və anarxiya olmalıdır. Eyni zamanda insanlar bir-birini öldürməlidir. Gecə-gündüz partlayışlar olmalıdır - İraqda, Suriyada, Yəməndə, Misirdə, Liviyada baş verən proseslər bütün müsəlman dünyasına aid olunmalıdır. Nümunəvi modern müsəlman dünyası dünyada təqdir olunmamalıdır.Birinci səbəb budur.

"Erməni lobbisi istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim olunsun. Çünki onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü rəyi formalaşdırmağa çalışmışlar və davam edirlər. Erməni lobbisinin təsiri altında olan bəzi Avropa, Qərb, bunların sırasında hüquq-müdafiə, mətbuatla, insan hüquqları vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatlar və s. onlar da erməni lobbisinin təsiri altında anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökümətlərarası təşkilatlar, məsələn, Avropa Parlamenti də və digər beynəlxalq qurumlar da, "Eurovision" musiqi yarışması ərafəsində də bizə qarşı müəyyən qədər öz tezislərini sırımağa çalışdılar. Eyni zamanda da Ramil Səfərovun azadlığa buraxılıb Azərbaycana gətirilməsi və onun haqqının bərpa olunması məsləsində də bizə problem yaratmağa çalışdılar.Dəfələrlə bu insanlar Azərbaycanı sivil bir dünyanın tərkib hissəsi, inkişaf etmiş bir dövlət kimi təqdim etməkdən imtina edərək ona qarşı belə kampaniyalar aparırlar. Özü də kampaniyaları o zaman aparırlar ki, bizim yürütdüyümüz siyasət, gördüyümüz işlər artıq öz effektini verməyə başlayıb. Sivil dünya Azərbaycanın haqları haqqında danışmağa başlayıb. Necə oldu ki, bu ölkənin ərazisini Ermənistan işğal etdi. Nəyə görə BMT-nin 4 qətnaməsi bu ölkə ilə bağlı neçə illərdir ki,həyata keçirilmir? Nəyə görə bu ölkəni hər tərəfdən mühasirəyə almaq istəyirlər? Bunlar nədən qaynaqlanır? Onlar Azərbaycana gəlib görürlər ki, tolerant cəmiyyəti dünyanın bütün bölgələr ilə müqayisədə daha yaxşıdır. Burda müsəlmanlar, xristianlar və musəvilər bir arada dinc şəraitdə yaşayırlar. Burada insan hüquqları, vətəndaş hüquqları tam və dolğun bir şəkildə təmin olunur. Bunları gözü götürməyən dairələr, əlbəttə, belə anlarda Azərbaycanın o dəyərlərini dünyaya nümayiş etdirmək imkanı qazananda, o imkanı bağlamaq üçün belə kampaniyalara başlayırlar" - deyə Əli Həsənov diqqətə çatdırıb.

Erməni lobbisini narahat edən ikinci səbəb isə Azərbaycanın demokratikliyi, sivil,mənəvi-mədəni dəyərləri paylaşması, tolerant, multikultural mühitidir. Anti-Azərbaycan dairələri I Avropa Oyunları ərəfəsində daha geniş miqyasda "silahlanaraq" qara piar kampaniyası aparmalarının əsas səbəbi odur ki, onlar bu günə qədər ölkəmiz haqqında yaydıqları yalan və böhtan xarakterli məlumatların əyani şəkildə ifşa olunacağına və ən əsası Azərbaycan haqqında formalaşdırmağa çalışdıqları "qeyri-demokratiklik imici" dağılacaq.

Bu, ona görədir ki, kütləviliyilə seçilən istər idman, istərsə də mədəniyyət tədbirləri ölkələrin dünya ictimaiyyətinə tanıdılması, imicinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.Təsadüfi də deyildir ki, həm idman, həm də mədəniyyət hər bir xalqın dünyada tanınması üçün "vizit kart" hesab edilir. Bu günə qədər idmançılarımız ölkəmizin bayrağını yüksəltməklə, himnimizi səsələndirməklə Azərbaycanı dünyaya bir idman ölkəsi kimi tanıda biliblər. Elə son "London-2012" Olimpiya Oyunlarında idmançılarımızın 10 medal qazanması ölkə tarixinə rekord göstərici kimi düşdü. Eyni zamanda, Azərbaycanın 2012-ci ildə "Eurovision" mahnı yarışmasına ev sahibliyi etməsi, minlərlə musiqisevəri Bakıya toplaması, 700 milyonluq tamaşaçıya mədəniyyət bayramı bəxş etməsi ölkəmizin beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Məhz, I Avropa Oyunları Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edəcək.

Con Kerrinin "erməni xəstəliyi"

Bu mənada, ölkəmizin imicinə zərbə vurmaq və uğurlarına kölgə salmaq niyyətini güdənlər siyasi şantaj yoluna əl atmağa çalışırlar. Məhz uzun müddətdir ki, Azərbaycana qarşı total hücum təşkil edən ermənipərəst "Human Rights Watch", "Amnesty İnternational" kimi təşkilatların, keçmiş diplomat Riçard Kozlariç, Devid Kramer kimilərin faəliyyətinin haradan idarə olunması da artıq cəmiyyətimizə bəlli oldu. Azərbaycan əleyhinə aparılan "qara piar" kampaniyası dövlət katibi C.Kerrinin "şeytan yuvası" olan Konqresdəki ofisindən idarə olunurmuş. Belə ki, ABŞ-da bu kampaniyanın təşkil olunması "National Endowment for Democracy" təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda "5-ci kolon"un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı "tərəfdaş" QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.

Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli miqdarda vəsait ayrılıb. Sənədin girişində açıq-aşkar şəkildə qeyd edilir ki, "Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir". Həmin sənədin qapalı hissəsində isə konqresmen və senatorlar da daxil olmaqla 100 nəfər tanınmış ictimai-siyasi xadimdən imzalar alınması, Konqresdə dinləmələr təşkil edilməsi ilə yanaşı, ölkəmizə qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli sürülür. Sənədə əsasən, Azərbaycanda bu məqsədlərə dəstək verən təşkilat qismində "Milli Şura" adlandırılan qurumun cəlb olunması planlaşdırılıb. Lakin məsələ ilə bağlı ən maraqlı məqam ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır.

"İnsan Hüquqları Naminə İdman" kampaniyası adlandırılan ikinci sənədə əsasən, Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni "qara piar" layihəsinin icrasına başlanmışdır.

Xatırlatmaq yerinə düşər ki, bu il yanvarın 15-16-da Polşanın paytaxtı Varşavada keçirilən beynəlxalq QHT-lərin görüşü zamanı ermənipərəst mövqeyi ilə tanınan və Gürcüstanda keçirdiyi qalmaqallı tədbirlə yadda qalan Çexiyanın "People in Need", həmçinin Azərbaycana qarşı aqressiv mövqeyi ilə tanınan "Human Rights Watch", vaxtilə Azərbaycanda uğursuz fəaliyyət göstərmiş Danimarkanın "İnternational Media Support", həmçinin "Platform London", "Netherlands Helsinki Committee", "İndex on Gensorship", "Article XlX", "İnternational Partnership for Human Rights", "YouAid Foundation" və başqa təşkilatların nümayəndələri öz çıxışlarında bildirirdilər ki, bu ilin iyununda Bakıda Avropa Oyunlarının keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltmək və Xədicə İsmayılova, İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Anar Məmmədli və digərlərinin azad edilməsinə nail olmaq üçün əlverişli məqam yaradıb.

Qeyd edək ki, fevralın 15-də "İnsan hüquqları naminə idman" kampaniyası layihəsi tam hazırlanaraq maliyyələşmə üçün aidiyyəti qurumlara təqdim edilib. Bəzi təkmilləşdirmələrdən sonra, martın 31-də layihə təsdiq olunub və onun icrasına külli miqdarda vəsait ayrılıb. Kampaniya 10 ay ərzində - martın 1-dən dekabrın 31-nə kimi icra olunacaq. Bununla yanaşı, sənəddə qeyd olunur ki, 2016 və 2017-ci illərdə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyi nəzərə alınaraq layihə daha da təkmilləşdirilərək və tamamlanaraq davam etdirilə bilər. Kampaniyaya "İnternational Media Support" (İMS) və Polşada yerləşən Helsinki İnsan Haqları Fondu rəhbərlik edəcəklər. Layihənin icrası məqsədilə yaradılmış katibliyin bu iki qurum və Açıq Cəmiyyət İnstitutu ilə birgə fəaliyyət göstərəcəyi qeyd olunub. Kampaniyanın maliyyələşdirilməsini NED, "Soros" Fondu və İMS həyata keçirirlər. Onu da qeyd edək ki, layihənin əlaqələndiricisi qismində Rebekka Vinsent təyin olunub. R.Vinsent vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb, sonra isə Article "XlX" təşkilatının koordinatoru olub. Bu vəzifədə, o, Azərbaycanla bağlı xüsusi yaradılmış və 10-dan artıq təşkilatın qoşulduğu Beynəlxalq Müşahidə Qrupunun fəaliyyətini əlaqələndirib. Həyat yoldaşı Azərbaycandakı xarici neft şirkətlərindən birində çalışdığına görə, R.Vinsent öz fəaliyyətini də ölkəmizə keçirib, Emin Hüseynov və Rəsul Cəfərovla birlikdə dövlətə qarşı müxtəlif kampaniyalar təşkil edib.

Beləliklə də, aydın olur ki, həmin antiazərbaycançı şəbəkənin erməni lobbisinin əsas fəaliyyətlərindən biri Avropa Oyunları ərəfəsində Azərbaycanda korrupsiya və qanunsuzluqlara dair hesabatların hazırlanması olmalıdır. Bundan başqa, Azərbaycanda idmançılar və məşhur şəxslərlə əlaqə saxlamaqla kampaniya üçün səfirlər təyin edilməsi, həbsdə olan şəxslərin hal anketlərinin, onların infoqrafika və şəkillərinin, media üçün informasiya paketlərinin hazırlanması, ABŞ və Avropa rəsmiləri və siyasətçiləri ilə davamlı təbliğat işlərinin aparılması, "Əl-Cəzirə", BBC və "Nordic Broadcastes" mərkəz KİV-lər olmaqla kampaniyaya beynəlxalq media yardımının təşkil edilməsi, Avropa Oyunlarında iştirak edən bütün ölkələrdə etiraz aksiyalarının keçirilməsi, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq institutların bu qara piar kampaniyasının məqsəd və məramının həyata keçirilməsinə cəlb olunması kimi çirkin işlərin həyata keçirilməsi də planlaşdırılıb.

Bütün bu oyunlar çərçivəsində isə Azərbaycanı daha çox demokratiya, insan hüquq və azadlıqları kimi məsələlərlə əlaqədar şantaj etmək istəyəcəklər.

Kerriyə bir neçə vacib xatırlatma...

Lakin bu məqamda xatırlatmaq yerinə düşər ki, başda Con Kerri olmaqla Azərbaycana qarşı qara piar kampaniyası aparanlar bir dəfə də olsun öz ölkələrində, konkret olaraq, ABŞ-da baş verən hadisələrə diqqət yetirsələr yaxşı olar. Çünki son vaxtlar ABŞ-da etnik, irqi və dini zəmində ayrı-seçkilik, ksenofobiya və islamofobiya təzahürləri çox güclənib. Bu ölkədə milli, dini və etnik zəmində baş verən münaqişələrin miqyası gündən-günə genişlənərək qarşısıalınmaz prosesə çevrilir. Elə bu məqamda ABŞ-ın Merilend ştatındakı Baltimor şəhərində kütləvi iğtişaşların yenidən başlanmasını göstərə bilərik. Çünki Baltimordakı iğtişaşlar zamanı 210 nəfər həbs olunub, 15 bina və 144 avtomobil yandırılıb, yüzlərlə dükan qarət olunub, 47 polis xəsarət alıb. Kütləvi iğtişaşların səbəbi 25 yaşlı qaradərili Freddi Qreyin polis tərəfindən öldürülməsidir.

"ABŞ-da yeni Ferqüsson var. O, Baltimordur"

F.Qreyi saxlayan polislər onu vəhşicəsinə döyərək onurğasını sındırmışdılar. Qrey xəstəxanada, intensiv terapiya bölməsində keçinmişdi. Etiraz dalğasının böyüdüyünü görən rəsmilər fövqəladə vəziyyət elan edərək Baltimor şəhərinə Milli Qvardiyanın hərbçilərini yeridiblər. Şəhərdə komendant saatı tətbiq olunub. İndi ABŞ mediasındakı xəbər başlıqlarının arasında "ABŞ-da yeni Ferqüsson var. O, Baltimordur" ifadəsi dəb halını alıb.

Baltimordakı etiraz aksiyalarının liderlərindən biri, qaradərili Çarli Uolker ABŞ-ın hüquq-mühafizə orqanlarını rüşvətxorluqda, insan haqlarını pozmaqda və korrupsiyada ittiham edib: "Polisləri daşa basmaq, dükanları qarət etmək və yandırmaq və maşınları sıradan çıxarmaq bizim mübarizə yolumuz olmamalıdır. Dolların hakimiyyətinə zərbə vurmalı, korporasiyalara pul ödəməyi dayandırmalıyıq. Onlar yalnız bunu anlayırlar. Pul onlar üçün çox vacibdir. Həyatlarımızı isə heçə sayırlar. Bu həşəratların köləliyində 400 il qaldıq. Onlar artıq kölə olmadığımızı hələ də anlamaq istəmirlər".

Baltimor şəhərində iğtişaşlar zamanı azı 5 jurnalist xəsarət alıb. Xəsarət alanlar hadisələri işıqlandırmağa çalışan jurnalistlər və fotoqraflardır. Bankomatın qarət olunmasının şahidi olan "Daily Caller" Vaşinqton nəşrinin iki müxbiri isə 6 nəfər tərəfindən döyülüb. Daha bir neçə müxbir isə etirazçılardan müsahibə götürməyə cəhd edərkən zorakılığa məruz qalıb.

Qaradərililəri öldürənlər azadlığa buraxılır

ABŞ-da irqi diskriminasiya o həddə çatıb ki, artıq dərisinin rəngindən asılı olaraq, insanlara münasibət sərgilənir. Məsələn, "The New York Times" qəzeti yazır ki, Staten Island yaşayış məntəqəsində Deniel Pantaleo adlı polis 6 uşaq atası olan 43 yaşlı Erik Harneri qanunsuz siqaret satdığına görə həbs etmək istəmişdi. Lakin polis Afrika əsilli vətəndaşı kobudcasına boğub. Nəticədə, astma xəstəliyindən əziyyət çəkən Erik Harner elə hadisə yerindəcə vəfat edib. Bu cinayəti törədən həmin polis isə azadlığa buraxılıb.

Buna görə də, insan hüquq və azadlıqlarının pozulmasına etiraz edən on minlərlə insan üzərində Erik Harnerin ölümündən qabaq dediyi "Mən nəfəs ala bilmirəm" sözləri yazılan plakatlarla küçə və meydanlara axışaraq etiraz aksiyaları keçiriblər. ABŞ vətəndaşı olan qaradərili siyasətçilərdən biri isə Erik Harnerin dediyi həmin ifadəyə siyasi məzmun verib: "İnsan haqlarının pozulduğu ölkədə nəfəs almaq mümkün deyil!"

İslamofobiya da ABŞ-ın "gündəlik dəyəri"nə çevrilib

"Demokratiyanın beşiyi" olan ABŞ-da dini dözümsüzlük də pik həddədir. Bu ölkədə islamofobiya meyilləri hər gün artır. Elə bu ilin fevral ayında Şimali Karolinada 3 müsəlman tələbənin dini zəmində qətlə yetirilməsindən sonra Texasdakı Müsəlman Mərkəzi yandırıldı. Amma bütün bu hallara baxmayaraq, ABŞ və onun ətrafındakı Qərb ölkələri "islam terrorizmi" kimi ifadələr işlətməklə siyasi manipulyasiyaya əl atırlar.

Sadalanan faktlardan bir daha aydın olur ki, başda ABŞ olmaqla Qərb dövlətləri əvvəlcə daxilindəki vəziyyəti düzəltməli, sonra isə digərlərinə "təcrübə" təqdim etməlidir. Əgər bunu etməsələr, onların Azərbaycana qarşı şantaj və təzyiq cəhdləri hər zaman olduğu kimi nəticəsiz qalacaq.

I Avropa Oyunları Azərbaycan həqiqətlərini əyani şəkildə bütün dünyaya çatdıracaq

I Avropa Oyunları da bir daha zəngin mədəniyyətimizin, müasirliyimizin, sürətli inkişaf göstəricilərimizin, qonaqpərvərliyimizin və digər xalqımıza məxsus keyfiyyətlərimizin Avropa və dünya ictimaiyyətinə əyani şəkildə təqdim etməyimiz üçün I Avropa Oyunları ideal şans olacaq.

Həmçinin, onun Azərbaycana gətirəcəyi iqtisadi-maliyyə dividendlərilə yanaşı, perspektivdə ölkəmizin vurğunu olacaq potensial turistlər kontingenti də formalaşdıracaq. Onsuz da bu gün Azərbaycan dünya turistlərinin seçimidir.Lakin bu cür tədbirlərdən sonra onların sayı daha da artacaq, ölkənin nüfuzu və reytinqi yüksələcək.

Beləliklə də, başda erməni lobbisi olmaqla Qərbdəki anti-Azərbaycan dairələrinin illərdir ölkəmizlə bağlı formalaşdırmağa çalışdıqları mənfi obraz dünya ictimaiyyətinin gözü qarşısında darmadağın olacaq.

Bir sözlə, bu gün Azərbaycana qarşı qara piar kampaniyası aparmaqla təzyiqlər edən, bununla da məqsədinə çatmağa cəhd göstərən erməni lobbisi və onun təsiri altında olan anti-Azərbaycan qüvvələrinin bu cür fəaliyyətlərinin əsas səbəbləri ortalığa çıxır. Bu baxımdan da, bəzi Qərb dövlətlərinin, "Amnesty İnternational", "Human Rights Watch", "Freedom House" kimi qərəzli beynəlxalq QHT-lərin Azərbaycana qarşı qərəzli mövqeyini görür və məqsədini aydın şəkildə bilirik. Elə bu səbəbdən də, Azərbaycanı gözdən salmaq cəhdləri həmişə olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək.Çünki Azərbaycanda xalq-iqtidar birliyi güclüdür, xalq hakimiyyəti dəstəkləyir və müdafiə edir, bundan sonra da belə olacaq, bütün məsələlərdə biz bunu görürük. Cəmi iki aydan sonra isə biz Avropa və dünya ictimaiyyətinin etimadını doğruldaraq, 2012-ci ildə möhtəşəm şəkildə baş tutmuş "Eurovison" Mahnı Müsabiqəsi kimi, I Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək Azərbaycanın növbəti uğurlarından, anti-Azərbaycan qüvvələrinin isə iflasından bəhs edəcəyik.

"Səs" Analitik Qrupu

Digər xəbərlər