"Amnesty İnternational" və "Human Rights Watch" kimi qərəzli təşkilatların çağırışları əhəmiyyətsizdir
Hər dəfə Azərbaycan hansısa beynəlxalq səviyyəli bir tədbirə ev sahibliyi etdiyi ərəfədə bəzi xarici təşkilatlar ölkəmizə qarşı "qara piar" kampaniyasına başlayırlar. Bunun dəfələrlə şahidi olmuşuq. Belə ki, "Avroviziya-2012" musiqi yarışması Bakıda keçirilən zaman da Qərb QHT-lərindən ibarət koalisiya formalaşdırılaraq, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı, söz və mətbuat azadlığının səviyyəsi barədə qərəzli bəyanatların səsləndirilməsinə başladılar. Lakin Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər kimi "Avroviziya-2012" musiqi yarışmasına da yüksək səviyyədə ev sahibliyi etməsi xarici düşmənlərimizin niyyətlərini gözündə qoydu və bütün dünyaya sübut olundu ki, Azərbaycan təşkilatçılıq qabiliyyətinə görə dünyanın ən inkişaf etmiş ölkələrindən heç də geri qalmır. Əksinə, bir sıra hallarda onlardan üstünlüyə də sahibdir.
Eyni ssenari, eyni qərəz. Bu dəfə də Azərbaycanı hədəf seçən "Amnesty İnternational" və "Human Rights Watch" təşkilatları I Avropa Oyunlarının Bakıda keçirilməsini həzm edə bilmir və "boykot" çağırışı edir. Ən ikrah doğuran odur ki, ölkədə idman yarışı keçirildiyi halda bildirirlər ki, Azərbaycanda insan hüquqlarının pozulur. Qərb ölkələrini I Avropa Oyunlarından iştirakdan imtinaya çağıran anti-Azərbaycan təşkilatları bununla kifayətlənməyib xarici kütləvi informasiya vasitələrində ölkəmiz əleyhinə qərəzli, qeyri-obyektiv materialların dərc edilməsinə çalışırlar. I Avropa Oyunlarının vaxtı azaldıqca bu tipli anti-Azərbaycan qüvvələrinin ölkə daxilində də dəstəkverici qüvvələr can-başla xidmət etmək üçün dəridən-qabıqdan çıxırlar. Xüsusilə də "Azadlıq" radiosu, "Azadlıq" qəzeti, Meydan TV kimi yerli və xarici KİV-lər, sifarişlə işləyən bloqqerlər daha "aktiv" görünürlər.
I Avropa Oyunları dünyaya nümunə olacaq formada keçiriləcək
Çünki Azərbaycanı gözdən salmaq cəhdləri, həmişə olduğu kimi, bu dəfə də nəticəsiz qalacaq və sabun köpüyü effektini verəcək. Necə deyərlər, "dəyirman öz bildiyini edir, çax-çuxu baş ağrıdır".
Məsələ ilə bağlı YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə açıqlamasında bildirib ki, Avropa Oyunlarının Bakıda keçirilməsi təşkilat rəhbərliyi və onların dolayı yolla erməni lobbisinə çıxan bağlantıları üçün əsl məqamdır: "Onlar müəyyən qüvvələrə xidmət edən təşkilat olaraq tapşırıqlar nəticəsində belə bir "məhsul" ortaya qoyurlar. Əvəzində isə özlərinə lazım olan maliyyəni əldə etməyə çalışırlar". Millət vəkili onu da vurğulayıb ki, burada Azərbaycanı istəməyən qüvvələrin rolu açıq şəkildə özünü göstərir: "Azərbaycanın güclənməsini, artan gücünü qəbul edə bilməyən qüvvələr var. Avropa Oyunları kimi möhtəşəm tədbirin Bakıda keçirilməsi də ölkəmizə verilən qiymətdir və adıçəkilən həmin təşkilatlar ölkəmizin imicinə, nüfuzuna xələl gətirməyə çalışırlar və həmişə də bunu ediblər. Lakin hər şeyə rəğmən Azərbaycan, həmişə olduğu kimi, bu möhtəşəm tədbirə də layiqincə ev sahibliyi edəcək və onların bu canfəşanlığı faydasız olacaq".
Millət vəkili Tahir Süleymanov "Human Rights Watch" kimi təşkilatların qərəzli açıqlamalarına əhəmiyyət verməməyi tövsiyə edib. Millət vəkilinin sözlərinə görə, bu tipli təşkilatların Azərbaycana qarşı münasibəti təəccüblü deyil: "Onların müəyyən dairələrə bağlı olduğu və qərəzli fikirləri ifadə etdiyi bəlli məsələdir. Hesab edirəm, buna əhəmiyyət vermək lazım deyil. Təbii ki, gənc müstəqil bir dövlətin qısa zaman kəsiyində belə böyük nailiyyətlərə imza atması ölkəmizə qarşı qərəzli mövqe tutan qurumların, habelə ermənipərəst qüvvələrin təzyiqlərindən yan keçə bilməzdi".
T.Süleymanov, həmçinin onu da bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və iqtisadi qüdrətini getdikcə artırır: "Demokratiya", "insan hüquqlarının müdafiəsi" pərdəsi arxasında çıxış edən bəzi Avropa və Qərb dövlətlərinin müstəqil ölkələrə qarşı təzyiq mexanizmindən istifadə etməsi heç bir nəticə verməyəcək. Ölkəmizdə hər hansı bir nüfuzlu tədbir keçirilən ərəfədə qərəzli dövlətlərin nümayəndələrinin və ermənipərəst təşkilatların Azərbaycana qarşı təzyiq vasitələrinə əl atmaları, möhtərəm Prezidentimizin rəhbərliyi altında həyata keçirilən düşünülmüş siyasi strategiya ölkəmizin inkişafını gözü götürməyən qüvvələri qane edə bilməz. Ona görə də ümidlər yalnız təzyiq mexanizmlərini işə salmağa qalır. Ancaq həmin qurumlar, nəhayət, yanlış yolda olduqlarını dərk etməlidrlər. Onların bütün qarayaxmalarına baxmayaraq, Azərbaycan I Avropa Oyunlarını da yüksək səviyyədə keçirməyə nail olacaq".
Müsahiblərimin ümumilikdə fikri o oldu ki, kimin nəyi necə deməsindən asılı olmayaraq, Azərbaycan ilk Avropa Oyunlarını ən yüksək standartlara uyğun təşkil etməklə, bir daha bütün Avropa ictimaiyyətinə öz dəyərlərini təqdim edəcək.
R.HÜSEYNOVA