PDF Oxu

Araşdırma

  • 1 587

Azərbaycanı ittiham edənlər sanki səhər durub güzgüyə baxmırlar

Azərbaycanı ittiham edənlər sanki səhər durub güzgüyə baxmırlar

Prezident İlham Əliyev: "Amma baxsalar, pis olmazdı. Kimisə ittiham etməkdənsə, elə öz daxili qüsurlarına nəzər salmaq daha xeyirli ola bilər"

"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkədir. Bu coğrafi yerləşmə əlbəttə ki, bizim tariximizə də, bugünkü vəziyyətimizə də təsir edir. Biz isə çalışırıq ki, bu coğrafi mövqeyimizdən maksimum səmərə ilə istifadə edək. Bu coğrafi mövqe bizə bəlalar da, faciələr də gətirə bilərdi. Ancaq bu gün düşünülmüş, cəsarətli və dürüst xarici siyasətimiz nəticəsində biz bu əlverişli mövqeyi artıq müsbət amil kimi görürük. Bunu müsbət amilə çevirən məhz bizik. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Bu isə bizim nüfuzumuzu qaldırır, önəmimizi artırır. İki il ərzində həm Avropa, həm İslam Oyunlarının keçirilməsi nadir bir göstəricidir, bunun analoqu yoxdur, bəlkə də heç vaxt olmayacaq". Bu fikirləri Prezident İlham Əliyev mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimdə deyib.

Əlbəttə ki, bu dərəcədə sürətli inkişaf heç də hamının xoşuna gəlmir. Elə buna görədir ki, Azərbaycanda I Avropa Oyunlarına sayılı günlər qalmasına baxmayaraq, ölkəmizə qarşı anti-Azərbaycan dairələrinin qarayaxma kampaniyası hələ də davam etməkdədir. Əslində, o da həqiqətdir ki, ölkəmizə qarşı bu cür hücumlar hər zaman olub. Sadəcə olaraq, xüsusi əhəmiyyət kəsb edən proseslər ərəfəsində bu kampaniyalar daha da gücləndirilir ki, Azərbaycan diqqətə mənfi obrazda təqdim edilsin. Dövlət başçısının sözlərinə görə, üç il bundan əvvəl "Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində Azərbaycana qarşı nə qədər çirkin qarayaxma, şantaj, böhtan kampaniyaları aparılmışdı: "Bütün bunları biz yaxşı xatırlayırıq. İndi də təxminən eyni mənzərə ilə üzləşirik. Ancaq o vaxt da bunun heç bir təsiri, əhəmiyyəti yox idi, bu gün də yoxdur. Çünki Bakıya gələcək minlərlə idmançı, onların nümayəndə heyətləri öz gözləri ilə görəcəklər ki, Azərbaycan dövləti nəyə qadirdir, müstəqillik dövründə biz nələr yaratmışıq, Azərbaycan xalqı necə yaşayır. Azərbaycan xalqı azad, qürurlu, öz milli dəyərlərinə sadiq xalq kimi yaşayır. Azərbaycan ictimaiyyəti bütün bu müsbət dəyişiklikləri görür, onları təqdirlə qarşılayır".

Lakin o da hər kəsə aydındır ki, son bir neçə ildə Qərb ölkələrində sosial-iqtisadi problemlərin, işsizliyin çoxalması ilə əlaqədar mütəmadi olaraq etiraz aksiyaları baş verir. Xüsusilə gənclər təşkilatlanaraq müxtəlif tələblər irəli sürürlər. Belə etiraz aksiyalarına özlərini demokratiyanın qarantı hesab edən, insan hüquq və azadlıqlarına hörmətlə yanaşdıqlarını bildirən ölkələrin rəsmi dairələri polis zorakılığı ilə cavab verirlər. Məsələ burasındadır ki, Avropa İttifaqı dövlətləri özlərində belə hadisələr adiləşdiyi halda başqa ölkələri, əsasən Şərq ölkələrini insanlara qarşı zorakılıq işlətməkdə, insani dəyərlərə hörmətlizlikdə suçlayırlar. Məhz bu mənada, Prezident İlham Əliyevin söylədiyi "Azərbaycan xalqı hər şeyi bilməlidir. Bilirəm, bu gün Azərbaycan xalqını incidən odur ki, bizə qarşı əsassız iddialar, ittihamlar səslənir. Bu ittihamların heç bir əsası yoxdur. Onlar süni şəkildə yaradılan ittihamlardır. Bir çox hallarda bu ittihamları bizə ünvanlayan dairələr sanki səhər durub güzgüyə baxmırlar. Amma baxsalar, pis olmazdı. Kimisə ittiham etməkdənsə, elə öz daxili qüsurlarına nəzər salmaq daha xeyirli ola bilər" fikiləri yerinə düşür. Çünki Qərb cəmiyyətlərində sosial-iqtisadi və mədəni problemlərin getdikcə çoxaldığı danılmaz faktdır. Bir neçə ildir Avropanı bürümüş maliyyə böhranı bunun təzahürlərindən biridir. Artıq orada əvvəlki qətiyyət, inamlı inkişaf, sabitlik və tərəqqidən danışmaq mümkün deyil. Bunların yerini isə etiraz aksiyaları, avrozonanın problemləri, antiqlobalistlərin tədbirləri, dini dözümsüzlük, irqçilik və s. kimi terminlər tutmağa başlayıb. Bu gün Qərb dünyası gənclərin təşkil etdikləri müxtəlif hərəkatlardan ehtiyatlanır. Hadisələr göstərir ki, Qərb demokratiyası, obrazlı desək, "bu imtahanlar"dan uğurla çıxa bilmir.

Statistik məlumatlara görə, Avropa İttifaqının bir neçə ölkəsində (İspaniya, İtaliya, Portuqaliya, Yunanıstan, Almaniya və s.) cəmiyyətin orta səviyyəli qazanca sahib qisminin gəlirləri sürətlə azalır. Bu, yüksək gəlirlərə malik sosial təbəqənin daha da varlanması fonunda baş verir. Avropalılar hökumətləri həmin prosesin qarşısının alınmasına çağırırlar. Başqa bir tələb Avropa Mərkəzi Bankının yeritdiyi maliyyə siyasətinə son qoyulması ilə bağlıdır. Avropa İttifaqının bəzi ölkələrində vəziyyət son dərəcə pisləşib ki, bunun qarşısını almaq üçün təşkilata üzv olan digər dövlətlər müəyyən qurbanlar verməli olurlar. Belə bir tendensiya ümumilikdə Avropadakı inteqrasiya proseslərinin çətinliyə düşdüyünü ifadə edir.

Qərbin inkişaf etmiş ölkələri öz daxillərində yaranan problemləri demokratik yolla həll etmək əvəzinə, antidemokratik, qeyri-insani və qeyri-humanist üsula baş vururlar. Etiraz edənlərə qarşı polis zorakılığı tətbiq edilir, onlar dəyənəklə vurulur, işgəncələrə məruz qalır və s. Şərq ölkələrinə, eləcə də Azərbaycana haqsız olaraq irad tutan Avropa son illər polis zorakılığının ən çox tətbiq edildiyi regionlardan birinə çevrilib. Etirazçılara qarşı gözyaşardıcı qaz və zopalardan istifadə edən Avropa polisi tədbir iştirakçılarına dəhşətli divan tutur. Aksiya iştirakçılarının tələblərinə isə hökumət nümayəndələri heç bir reaksiya vermirlər. Aydın olur ki, Avropa İttifaqında fərqli düşünənlərlə bağlı hansısa demokratik tədbir görmək fikrində deyillər. İngiltərə, İspaniya, Portuqaliya və digər ölkələrin küçələrində də polis Almaniyadakı həmkarlarından fərqlənmir, ölkə rəsmiləri isə etiraz edənlərin mövqeyini müzakirə etməyə belə ehtiyac görmürlər. Onların yalnız bir reaksiyası olur: polis dəyənəyi ilə etirazçıları susdurmaq!

Bir sözlə, gözlərində tiri görməyib, başqalarında tük axtaran anti-Azərbaycan qüvvələri əvvəlcə daxillərindəki problemlərə nəzər salsalar, yaxşı olar. Əks təqdirdə, apardıqları qara piar kampaniyası bumeranq effekti verər və özlərinə böyük problem yaradar.

Azərbaycana gəlincə isə demək lazımdır ki, bütün anti-Azərbaycan tədbirləri effekt verməyəcək və nəticəsiz qalacaq. Prezident İlham Əliyevin sözlərilə desək, bütün bunlara fikir vermək lazım deyil. Bizim siyasətimizə bunun heç bir təsiri olmayacaq: "Bizim siyasətimizə ancaq Azərbaycan xalqı, onun iradəsi təsir edə bilər. Biz ölkəmizi Azərbaycan xalqının iradəsi ilə idarə edirik. Milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Bundan sonra da biz öz prinsipial mövqeyimizdən kənara çıxmayacağıq. Biz ölkəmizin inkişafı, xalqımızın rifahı üçün bundan sonra da səmərəli işləyəcəyik, Ulu Öndərin siyasi xəttinə sadiq qalacağıq. Azərbaycanın dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bizdən əvvəlki nəsillər müstəqillik həsrəti ilə yaşamışlar. Ancaq müstəqilliyi görə bilməmişlər. Bu xoşbəxtlik bizə nəsib oldu. Eyni zamanda, bu gün müstəqil dövləti inkişaf etdirmək, irəliyə aparmaq da bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir, böyük məsuliyyətdir. Mən əminəm ki, Azərbaycan xalqı bundan sonra da Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq sürətlə inkişaf edəcək. Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirəcək. Bizim yolumuz haqq, inkişaf, tərəqqi yoludur".

"Səs" Analitik Qrupu

Digər xəbərlər