"Şərq tərəfdaşlığı"nın 2013-cü ilin noyabr ayında Vilnüsdə keçirilən sammitindən sonra Şərqi Avropada baş vermiş hadisələr Rusiya ilə Avropa İttifaqının münasibətlərində bir sıra problemlərin qaldığını təsdiqlədi. İlk növbədə birgə yaşayış modelinə yanaşmada fikir ayrılıqları qalmaqdadır. Bundan başqa, qarşılıqlı inam da yoxdur. Sammitdə Ukrayna ilə Aİ arasında assosiasiya haqqında sazişin imzalanması ilə bağlı planlar baş tutmasa da, onlar həm Brüsselin, həm də Moskvanın Kiyevlə yaxınlaşmaqda maraqlı olduğunu göstərdi. Hər iki tərəfin sonralar qəbul etdikləri qərarlar və Ukraynada hadisələrin sonrakı inkişafı regionda gərginlik yaratdı və iki inteqrasiya nüvəsi arasında antaqonizmi daha da dərinləşdirdi.
Eyni zamanda, tərəflərdən heç biri qarşılıqlı təsirlərdən imtina etməyə və bəzi ekspertlərin bəyan etdiyi kimi, "soyuq müharibə"yə qayıdışı etiraf etməyə hazır deyil. Hər iki tərəfdən hərdən göndərilən siqnallar belə bir fikir yürütməyə əsas verir ki, Aİ ilə Rusiya arasındakı münasibətlərdə mövcud vəziyyət ikitərəfli qarşılıqlı münasibətlərdə yeni mexanizm və təsisatların işlənməsinə təkan verə bilər.
Keçən il Ukraynadakı böhranla əlaqədar hər iki tərəfin diplomatik və siyasi manevrləri ili oldu. Bu zaman siyasətçilərin və ekspertlərin diqqəti sürətlə dəyişən vəziyyətə operativ, taktiki reaksiya göstərmək məsələsi üzərində cəmləşmişdir. Bu arada münasibətlərin inkişaf perspektivlərini qiymətləndirmək üçün bir addım geriyə ataraq təməl maraqlar baxımından kompromis tapılması nöqteyi-nəzərindən qarşılıqlı təsirlərin qurulması perspektivlərinə nəzər salmaq faydalı olardı. Ukraynada böhranın ilk mərhələlərində, tərəflər arasında əvvəllər latent olan fikir ayrılıqlarının daha qabarıq üzə çıxdığı dövrdə buna cəhd edilmişdir. Sonralar qarşıdurmanın dinamikası cəlb olunmuş tərəflərin və ekspert birliyinin də diqqətini bu aktual problemə yönəltdi.
Vilnüs sammiti mövzusunda Rusiya ekspertlərinin diskursunda Aİ ilə Rusiyanın münasibətlərində mövcud olan əsas problemlərin müəyyənləşdirilməsini qeyd etmək olar. Əsasən aşağıdakı məsələlər müzakirə olunur. Birincisi, Ukraynaya təsir göstərən iki mərkəzin geosiyasi rəqabəti. Bu rəqabət postsovet məkanında Avrasiya və Avropa inteqrasiya modelləri arasında rəqabətdə öz ifadəsini tapır. Bu rakursda Ukrayna böyük siyasətin obyekti kimi nəzərdən keçirilir. İki subyektin mübarizəsində alət kimi Kiyevə verilən maliyyə subsidiyaları və kreditlər çıxış edir. Aİ öz xüsusi qaydaları olan yetkin inteqrasiya forması kimi qavranılır. Bu qaydaları qəbul etmək də olar, onlardan imtina edib kənarda da qalmaq da. Rusiyamərkəzli Avrasiya alternativi gələcək prinsip və qaydaların birgə işlənməsini nəzərdə tutur.
Diskursun ikinci mövzusu hadisələrin simvolik əhəmiyyətini əks etdirir. Ukrayna Rusiya ilə yaxınlıq etdiyi postsovet dövründə hələ ki, qeyri-müəyyən olan, amma çox güman ki, Aİ ilə bağlı yeni mərhələ arasında seçim edən subyekt kimi nəzərdən keçirilir. Bu, həm də liberal və daha mühafizəkar iki müxtəlif dəyər arasında da seçim etmək deməkdir.
Müzakirələrin üçüncü mövzusu "Ümumi Avropa" ("Böyük Avropa") konsepsiyasının reallaşdırılması perspektivlərinin qiymətləndirilməsi ilə bağlıdır. Bu konsepsiya həm Rusiya, həm də Aİ-nin diplomat və ekspertlərinə yaxındır. Bu cür diskussiya çərçivəsində Ukraynadakı vəziyyət daha geniş ictimai-siyasi kontekstdə nəzərdən keçirilir. "Ümumi Avropa"nın qurulmasına olan tələbin dərk edilməsi diskussiyanın ən uzaqgörən, amma eyni zamanda, məzmunu kifayət qədər aydın olmayan müstəvisidir. Keçmişdə yüksək vəzifələrdə çalışmış Britaniya, Polşa və Rusiya diplomatları tərəfindən yazılan "Böyük Avropa qurmaq lazımdır" adlı məqalə onun mahiyyətinə kifayət qədər aydınlıq gətirir. Bu, Rusiya ilə Aİ arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət etməyən, hər şeydən imtina etməyə, Avropada rəqabət və bölgünü aradan qaldırmağa səsləyən bir çağırışdır. Müəlliflər üçün "Böyük Avropa" ölkələr və təsisatlar arasında ümumi təhlükəsizlik, iqtisadi, siyasi və mədəni əməkdaşlıq zonasıdır. Lakin bu dərəcədə irimiqyaslı bir layihə belə Ukrayna mövzusu ilə bağlı Brüssellə Moskvanın münasibətlərinə yenə də birmənalılıq gətirmir.
Son 20 ildə Aİ ilə Rusiya arasındakı ikitərəfli münasibətlərdə yığılıb qalmış problemlər Ukrayna prezidenti V.Yanukoviçin 2013-cü ilin noyabr ayında Aİ ilə assosiasiya və azad ticarət zonasının genişləndirilməsi haqqında sazişi (DCFTA) imzalamaqdan imtina etməsindən sonra daha qabarıq şəkildə özünü büruzə verdi. Bu problemlərdən bəziləri DCFTA ilə bağlı Ukraynanın mövqeyinin dəyişməsindən sonra tərəflərin xarici siyasi çıxışlarında – Aİ-nin rəhbərlərinin bəyanatında və buna cavab olaraq Rusiya XİN-in şərhində öz əksini tapmışdır.
Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompuyla Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun birgə bəyanatında Ukrayna ilə Rusiyaya müraciət səsləndi. Kiyevlə bağlı siyasətçilər onun Aİ ilə yaxınlaşma xəttini davam etməsinə tərəfdar olduqlarını bildirdilər. Eyni zamanda, onlar Moskvanın Ukraynanın Avropa inteqrasiya birliyilə əməkdaşlığı ilə bağlı siyasətini pislədilər. Bəyanatda Kiyevlə assosiasiya haqqında saziş Kiyevin ölkənin modernləşdirilməsi üzrə fəaliyyətinə dəstək aləti kimi təqdim edilmişdir.
Aİ-nin yüksək vəzifəli şəxsləri bununla da inteqrasiya birliyinin iqtisadiyyatındakı böhranlı proseslərə baxmayaraq, Avropa modelinin düzgünlüyünə və uğurluluğuna əmin olduqlarını nümayiş etdirdilər. Nəzərə almaq lazımdır ki, Aİ-nin cəlbedici iqtisadi mərkəz haqqında öz xüsusi təsəvvürləri var. Assosiasiya haqqında sazişin şərtləri Aİ-nin tərəfdaşlarının perspektivdə tamhüquqlu üzvlüklə bağlı ümidlərini qırsaydı, bu, Aİ ilə əməkdaşlığa neqativ yanaşmanın formalaşmasına səbəb olardı. Xüsusən də ona görə ki, Avropanın özündə hələ də ittifaq sol partiyalar tərəfindən tənqid edilir.
Aİ liderləri bəyanatlarında Avropa inteqrasiya birlikləri ilə əməkdaşlıq etdiyi təqdirdə Ukrayna iqtisadiyyatının tezliklə uğur qazanacağına inandırmağa çalışmırlar. Əksinə, onlar Kiyevin uzunmüddətli strategiyanı həyata keçirməyə hazır olduğuna ümidlərini ifadə edirdilər. Bəyanatın müəllifləri inandırırdılar ki, Ukraynanın Aİ ilə yaxınlaşması Kiyevin Moskva ilə münasibətlərinin pisləşməsi hesabına baş verməyəcəkdir. Eyni zamanda, onlar həmin bu tezisi əsaslandırmaq üçün arqument gətirmirdilər. Onlar Ukraynanın Aİ ilə assosiasiyası haqqında sazişin Rusiyaya nə kimi fayda gətirəcəyini də göstərmirlər. Bu isə Moskvanın buna müsbət münasibətinin formalaşmasına mane olurdu. Sənəd nə V.Yanukoviç hökumətinin Avropa inteqrasiyası yolu ilə irəliləməyə hazırlıq səviyyəsinin yüksəldilməsinə diplomatik töhfə, nə Ukraynadakı siyasi ehtirasları azaldan alət ola bildi, nə də Aİ-nin Kiyev və Moskva ilə bağlı mövqe və maraqlarını Rusiyaya izah edə bildi. Bəyanat Brüsselin öz siyasətini necə başa düşdüyünü və Rusiyanın mövqeyini qəbul etmədiyini ifadə edir.
Bu fonda Rusiyanın reaksiyası tam əsaslandırılmış kimi görünür. Moskvanın mövqeyi bir çox mənada Brüsselin yanaşmasının tam əksidir. Moskva əks tərəfi ittiham edir. Rusiyanın xarici işlər naziri Aİ rəhbərliyinin məlum bəyanatını Ukraynadakı kütləvi etirazlara görə məsuliyyəti Moskvanın üzərinə qoymaq cəhdi kimi qiymətləndirdi. Rusiya diplomatlarının fikirlərinə görə, bunlar "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Aİ-nin Kiyevə göstərdiyi təzyiqin nəticəsidir. Nazirliyin şərhində növbəti dəfə Ukraynanın Aİ ilə yaxınlaşmasının Ukrayna iqtisadiyyatı üçün nə kimi neqativ nəticələrə səbəb olacağı açıqlandı. Brüssel nümayəndələrinin Kiyevi inandırmaq cəhdləri Moskva tərəfindən Ukraynanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirildi. Rusiya diplomatları MDB-də formalaşdırılmış azad ticarət rejimini xatırlatdılar. Avropanın təklifləri bu rejimlə, əslində, rəqabətə girir.
Hər iki bəyanat ikitərəfli münasibətlərdə mövcud olan problemlərlə bağlı bir sıra nəticələr əldə etməyə imkan verir. Onlardan ən əsası qarşılıqlı "qavramsızlıqdır". Tərəflər Ukrayna ilə bağlı bir-birinin hərəkətlərini yolverilməz hesab edirlər. Rusiya Aİ-nin aktivliyini "ondan Ukraynanı qoparmaq" və postsovet məkanında onun mövqelərini zəiflətmək cəhdi kimi qiymətləndirir. Brüssel nümayəndələrinin hərəkətləri Ukrayna xalqı ilə hakimiyyəti arasında sədd çəkmək, habelə Avropada yeni bölgü xəttini çəkmək cəhdi kimi şərh olunur. Rusiya hökumətinin fikirlərinə görə, Kiyevin mərkəzində təşkil olunmuş Aİ ilə yaxınlaşma tərəfdarlarının etirazları qabaqcadan hazırlanmışdı.
Öz növbəsində Aİ hesab edir ki, Rusiya Ukraynanın siyasi qərarlarına güc metodları ilə təsir göstərir, ona öz xəttini həyata keçirməyə və iqtisadiyyatını inkişaf etdirməyə imkan vermir.
Rusiya ilə Aİ-nin rəsmi ritorikasında xarici siyasət modelini şərtləndirən yeni ölkələrin cəlb edilməsi məsələsinə yanaşmada da fikir ayrılıqları gözə çarpır. Rusiya qısamüddətli qərarlara arxalanan "sərt güc" siyasətini nümayiş etdirir. Bu, əsasən, Moskvanın özünün təklif etdiyi inteqrasiya modelinin kifayət qədər cazibəli olmaması üzündən baş verir. Bəzi ekspertlərin fikirlərinə görə, onun modeli fəaliyyət qabiliyyətli deyil. Rusiyanın Ukrayna ilə bağlı strategiyası indiyə qədər tam qərarlaşmayıb, buna görə də bu istiqamətdə siyasətin hər hansı modifikasiyası taktiki zəfər və məğlubiyyət kateqoriyaları ilə qiymətləndirilir.
Aİ öz strategiyasında "yumşaq gücə" arxalanır və məqsədlərinə "Şərq tərəfdaşlığı" təşəbbüsü vasitəsilə çatmaq istəyir. Brüsselin təklifləri Aİ ilə Ukraynanın bir tərəfdən simvolik və dəyər baxımından yaxınlaşması, digər tərəfdən isə islahatların həyata keçirilməsində dəstək göstərilməsi və gələcəkdə bundan iqtisadi fayda əldə edilməsi kimi iki elementdən ibarətdir. Brüssel kömək təklif edir, amma bu köməyi Aİ-nin özü tərəfdaşın əməkdaşlığa cəlb edilməsində həlledici amil kimi dəyərləndirmir. Bu fonda Rusiyanın Ukraynaya göstərdiyi yardım qısamüddətli siyasət aləti kimi çıxış edir, halbuki Avropanın təklifi mahiyyətcə uzunmüddətlidir.
Brüssel nümayəndələrinin hələ 2013-cü ilin noyabr ayındakı çıxışlarında bildirilirdi ki, Rusiya ilə bağlı yeni strategiya işləmək lazımdır. Bu fikri Aİ-nin Rusiyadakı nümayəndəliyinin başçısı V.Uşatskas ifadə etmişdi. Rusiyanın Aİ-dəki daimi nümayəndəsi V.Çijov belə bir fikir irəli sürdü ki, Ukrayna ətrafındakı vəziyyət kontekstində Moskva ilə Brüssel arasındakı münasibətləri mürəkkəbləşdirmək üçün əsas yoxdur.
Kiyevdə baş verən hadisələr fonunda Rusiyanın xarici işlər naziri S.Lavrovun 2013-cü ilin dekabr ayında Varşavada polşalı həmkarı R.Sikorski ilə görüşündəki isti ab-hava belə düşünməyə əsas verir ki, Rusiyanın Ukrayna siyasətini ən kəskin şəkildə tənqid edənlər və "Şərq tərəfdaşlığı"nın təşəbbüskarları belə Moskva ilə konstruktiv dialoqun zəruri olduğunu dərk edirlər.
Aİ-Rusiya münasibətlərinin qurulmasında müsbət siqnallardan biri də Rusiyanın konservativ dəyərlərə bağlılığıdır. Bu barədə Federal Şura üzvlərinə 2013-cü il müraciətində prezident V.Putin bəyan etmişdir. Rusiya rəhbərliyinin xarici siyasətdə dəyərlərə müraciət etməsini bir tərəfdən Aİ-nin Moskvanın anlamında liberal ideologiyasına növbəti bir alternativ kimi qiymətləndirmək olar. Prezident "ənənəvi dəyərlər"in müdafiəçisi rolunda çıxış etmiş oldu, Rusiyanı isə ailə, din və cəmiyyətə konservativ baxışları dəstəkləyən ölkə kimi qələmə verdi. Digər tərəfdən isə bu o deməkdir ki, Moskva xarici siyasətdə dəyərlərin əhəmiyyətini dərk etdi. Bu isə Aİ ilə qarşılıqlı anlaşma yolunda əhəmiyyətli bir addımdır.
Tərəflər arasında əsas problemlər yanlış anlama və qarşılıqlı inamsızlıqdan, ümumi məsələlər üzrə qarşılıqlı fikir birliyinin və hörmətin olmamasından irəli gəlir. Brüssel və Moskva postsovet ölkələrinə münasibətdə inteqrasiya modelinin qütb mərkəzləri kimi çıxış edirlər ki, bu da rəqabət və münaqişəyə gətirib çıxarır. Moskva ilə Brüsselin məqsədlərindəki fərqlər ikitərəfli əməkdaşlığa mane olur. Hər iki tərəfin hərəkətlərində strateji planlaşdırmanın olmadığı gözə çarpır ki, bu da Aİ ilə Rusiyanın münasibətlərini inersiya xarakterli münasibətlər kimi səciyyələndirməyə əsas verir. Eyni zamanda, ikitərəfli əməkdaşlıqdan asılı olan, habelə hər birinin daxili inkişafı üçün stabil münasibətlərin zəruri olduğunu dərk edən tərəflər buna görə də total qarşıdurma səviyyəsinə keçid edə bilmirlər.
Newtimes.az