Radikallar mitinqdən imtian etməklə bir daha zəif, dəstəksiz və iflas durumunda olduqlarını nümayiş etdirirlər
"Milli Şura" Azərbaycan reallığında ən zəif, sosial dəstəyi yalnız qohum-tanışdan ibarət olan qurum kimi yaddaşlarda qalmaqdadır. Ötən il olduğu kimi, bu il də uğursuz piketlər keçirən "Milli Şura" son qərarı ilə bir daha zəif, dəstəksiz və iflas durumunda olduğunu nümayiş etdirib. Belə ki, mitinq keçirmək üçün Bakı Şəhəri İcra Hakimiyyətindən yer istəyən "Milli Şura"ya kifayət qədər geniş, təhlükəsizlik və gediş-gəlişi rahat olan məkan ayrılsa da, radikallar mitinq keçirməkdən imtina ediblər. Bu qərarın səbəbini isə gülünc bəhanə ilə pərdələməyə çalışıblar.
"Milli Şura" qərəzli dairələrin sərmayəsini batırır...
Bir neçə il öncə xarici qərəzli dairələr Azərbaycanda radikal müxalifətin, xüsusilə də, özlərinin maliyyələşdirdikləri Əli Kərimlinin və İsa Qəmbərin cəmiyyət tərəfindən qəbul edilmədiyini görüncə, onları yalançı bir qurum ətrafında birləşdirmək qərarına gəldilər. Əlbəttə ki, dəfələrlə "super partiya" yaratmaq kimi cəfəng ideyalar ortaya atılsa da, Əli Kərimli ilə İsa Qəmbər arasındakı ədavət, şəxsi eqo onlara perspektivli hədəflər ətrafında birləşməyə imkan yaratmırdı. Bu səbəbdən də, Azərbaycanın sürətli inkişafına əngəl olmaq, çox möhkəm olan xalq-iqtidar birliyinə xələl gətirmək üçün anti-Azərbaycan dairələri radikalların 1000-1200 nəfərlik potensial dəstəyini birgə hərəkətə vadar etməyə başladılar. Amma radikalların mitinq cəhdlərinin iflasa uğraması bir daha sübut edir ki, xarici qərəzli dairələrin bunlara qoyduğu sərmayə "ölməkdədir".
Mitinqdən imtinanın əsil səbəbi...
Radikallara verilən maliyyənin qarşılığı olaraq, xarici qərəzli dairələr hakimiyyətə təzyiq edə biləcək səviyyədə mitinqlərin keçirilməsini tələb edirlər. Maraqlı qruplar Azərbaycandakı sabitliyi pozmaq üçün istənilən variantın işə salınmasına da cəhd göstərirlər. Məhz iri meydanlarda hakimiyyətə təzyiq edə biləcək mitinqin keçirilməsinin radikal müxalifətin qabiliyyət imkanlarının xaricində olduğundan xarici dairələrin piketlərin şəhərin mərkəzində, insanların gur olduğu məkanlarda keçirməyi tapşırırlar. Elə "Milli Şura" ilə bəzi xarici ölkələrin Azərbaycandakı səfirlərinin görüşü zamanı bu məsələ də müzakirə olunmuşdu. Artıq I Avropa Oyunlarının başlanmasına sayılı günlər qaldıqca, həm xarici qərəzli dairələr, həm də radikallar psixoloji gərginliyə düşürlər. Çünki mitinq keçirmək üçün normal bir toy məclisinə toplaşan insanlar qədər dəstək ala bilməyən radikallar hakimiyyətin qanunazidd əməllərə qarşı sərt tədbirlər gördüyünü də anladıqları üçün çıxılmaz vəziyyətə düşüblər. Elə mitinqdən də imtinanın səbəbi budur.
"Səs" Analitik Qrupu