PDF Oxu

Araşdırma

  • 2 062

Ermənistanda iğtişaş davam edir

Ermənistanda iğtişaş davam edir

İşğalçı ölkədə baş verənlər bu dövlətin daha tez çökəcəyini göstərir

Ermənistanda genişmiqyaslı etiraz aksiyaları davam etməkdədir. Xatırladaq ki, iyunun 19-dan Yerevanın mərkəzindən başlanılan etiraz dalğasını elektrik enerjisinin qiymətinin artırılmasına dair qərar doğurub. Bu hadisə postsovet məkanında "elektor inqilab"ın genişlənəcəyini sübut edir. Hadisənin başvermə səbəbləri və mümkün nəticələrilə bağlı politoloqlar bir çox ehtimallar irəli sürürlər. İlk ehtimala görə, qərbyönümlü qüvvələr hökumətin elektrik enerjisi tariflərini qaldırmasını bəhanə edərək, Rusiyayönümlü Sarkisyan hakimiyyətini devirməyə çalışırlar. Bu fikrin tərəfdarı olan politoloq Aleksandr Çaçiya hesab edir ki, Ermənistanda Qərbin maliyyələşdirdiyi vətəndaş cəmiyyəti institutları çox uğurla fəaliyyət göstərir və ölkədəki Amerika səfirliyi, həmçinin xüsusi xidmət orqanları ilə inqilabın həyata keçirilməsi istiqamətində iş aparılır.

Politoloq Rasim Musabəyov belə bir versiya irəli sürür ki, bu aksiyalar Sarkisyan hakimiyyəti tərəfindən bilərəkdən təşkil olunub. Onun fikrincə, Yerevan bu yolla Moskvanın ixrac etdiyi enerji tariflərini artırmaq barədə qərarına təsir göstərmək istəyir.

R.Musabəyovun sözlərinə görə, "Ermənistan elektrik şəbəkələri" şirkəti bütövlükdə Rusiyaya məxsusdur və "İNTER RAO EES" şirkətinin törəməsidir: "Yerevan hadisələrində daha çox Rusiyanın dəsti-xətti özünü biruzə verir. Belə ki, Azərbaycan və Türkiyənin Rusiya ilə münasibətlərinin yaxınlaşması erməni cəmiyyətində narazılıqlar yaradır və artıq bir sıra erməni ictimai xadimləri bu yaxınlaşmanı pisləyən çıxışlar edirlər. Bu çıxışların arxasında Ermənistan hakimiyyətinin dayandığı şübhəsizdir. Əgər Sarkisyan Rusiyanın qərarına müqavimət göstərərsə, Moskva çevriliş planını da işə sala bilər, çünki Kreml inqilab yolu ilə çevrilişi artıq uğurla Qırğızıstanda təcrübədən keçirib. Eyni zamanda Putinin ehtiyat prezidentlər skamyasında Robert Koçaryan kimi fiqur dayanır ki, Azərbaycanla sülhə daha meyillidir. Koçaryan Sarkisyanın yarıtmaz iqtisadi siyasətinə qarşı mütəmadi tənqidi çıxışlar edir və əhali arasında hələ də kifayət qədər nüfuza malikdir. Bu ehtimalın reallığına inansaq, belə bir qənaətə gəlmək olar ki, Serj Sarkisyan seçim qarşısında qoyulub: ya Rusiyanın tələblərini yerinə yetirməli və hakimiyyətini saxlamalı, ya da çevriliş qaçılmazdır".

Ermənistanı uçuruma kim sürükləyir?

Ermənilər yenə Rusiya və Ermənistan hökumətini ciddi ittiham edirlər. Ermənistan mətbuatı yazır ki, S.Sarkisyan Rusiyanın qazın qiymətini artıracağından xəbərdar imiş, lakin susmağa üstünlük verib. Hazırda Ermənistanın gücü nəyə çatır? Ən yaxşı halda Rusiyadan, yaxud hansısa başqa bir ölkədən, hərdənbir isə hətta dünyadan küsməyə! Lakin Ermənistan vətəndaşları indi-indi anlamağa başlayırlar ki, küssələr də, küsməsələr də, Rusiya onlara satılan qazın qiymətini aşağı salmayacaq. Çünki ölkənin bütün ip ucları başqalarının əlindədir.

Beləliklə, Ermənistanda yaranmış vəziyyət ölkədə hakimiyyət dəyişikliyini aktual edir və vəziyyətdən çıxış yolu hazırkı hakimiyyətə qarşı sonadək mübarizənin aparılması ola bilər. Əks təqdirdə işğalçı ölkədə baş verənlər bu dövlətin daha tez dövlət kimi məhv olması prosesini sürətləndirəcək.

A.SƏMƏDOVA

Digər xəbərlər