Yerevanın mərkəzində elektrik enerjisi tariflərinin qalxmasına qarşı etiraz edənlər Ermənistan hökumətinə ultimatum veriblər. Etiraz aksiyasının təşkilatçılarından olan David Sanasaryan bildirib ki, iki gün keçdi, Ermənistan prezidenti Serj Sarkisyan hələ də bir cavab verməyib: "Belə olan halda biz Baqramyan prospektini açmayacağıq. Bazar ertəsi, axşamadək gözləyəcəyik. Tələblərimizin yerinə yetirilmədiyi təqdirdə, biz "Bir addım irəli!" aksiyasına start verərək zibil qutularından ibarət barrikadaları prezident iqamətgahı istiqamətinə yönəldəcəyik".
David Sanasaryan onu da vurğulayıb ki, Serj Sarkisyan rejiminin təbliğat maşınının yalanlarına rəğmən, ermənilərin düşdükləri geosiyasi tələdən çıxmaları yalnız indiki iqtidarın uzaqlaşdırılması ola bilər.
Amma nə fayda... Sarkisyan öz kefində
Etirazçılar Sarkisyan hakimiyyətinin istefa verməsi tələbi ilə çıxış etsələr də, amma işğalçı ölkənin prezidenti insanların pis günündə də öz kefindən qalmır. Erməni mətbuatının verdyi məlumata görə iyulun 4-də S.Sarkisyan öz partiya yoldaşları ilə birlikdə "OCAX" restoranında əməlli-başlı kef edərkən görüntülənib. Hətta Sarkisyan içki məclisində cazibədar xanımla rəqs edib, gülüb, əylənib... göründüyü kimi, bunlar bir daha təsdiq edir ki, Sarkisyan acından ölən, işıq pulu dərdinə düşən erməniləri qəti düşünmür, ancaq öz kefində, damağındadır. Ermənistan prezidenti ölkədə mövcud olan bütün problemlərə laqeyd yanaşır. Tutduğu vəzifədən sui-istifadə edərək özünün şəxsi maliyyə imkanlarının artırılmasına xüsusi diqqət yetirir.
Göründüyü kimi, bu, əslində bir dövlət başçısının öz xalqına necə hörmət qoyduğunun göstəricisidir. Bütün hallarda Ermənistan iqtisadiyyatının digər sahələrində də vəziyyətin pisləşdiyi nəzərə alınarsa, istər bu il, istərsə də gələn il ərzində bu ölkədə hadisələrin yalnız mənfi axarda cərəyan edəcəyi şübhə doğurmur. Bütün bunlar isə mövcud Ermənistan hakimiyyətinin ikiqat təzyiq altında qalmasını şərtləndirir. Lakin buna baxmayayraq, son hadisələr, yaranan ağır sosial-iqtisadi durum xalqın Serj Sarkisyan hakimiyyətindən narazılığının daha böyük sürətlə artmasına və əhalinin müxalifət qüvvələri ətrafında birləşməsinə təkan verir. Belə olan halda Serj Sarkisyanın indi əl-qol açıb oynatdığı əllər sabah pul üçün kiminsə qarşısına uzanacaq. Amma...
Görünür, ölkə Sarkisyan adına dalanda çox qalmalı olacaq
Çünki Ermənistandakı vəziyyət dar körpüdə qarşı-qarşıya gəlib, bir-birinə yol vermək istəməyən və nəticədə uçuruma yuvarlanan iki tərs keçi nağılını xatırladır. Ermənistan xalqı və hökuməti dalana dirənib. Heç kim güzəştə getmək istəmir. Bu gün Ermənistanda hökumətlə xalq arasında əsaslı dəyişikliklər baş verməsə, ölkə Serj Sarkisyan adına dalanda çox qalmalı olacaq. Əvvəllər hökumət istənilən yolla (həmçinin, açıq kriminal yolla) müxalifət etirazlarını beşikdəcə boğa bilirdisə, S.Sarkisyan üçün bugünkü vəziyyət qeyri-adidir və sınaqdan çıxarılmış sxemlər daha işləmir.
Bu gün küçəyə çıxan gəncləri belə bir addım atmağa vadar edən səbəb dağınıq Ermənistan müxalifətinin zəif arqumentləri deyil, ədalət istəyidir. Bundan başqa, "Talana yox" təşəbbüs qrupunun lideri artıq bir dəfə - ictimai nəqliyyatda tariflərin bahalaşmasının ləğv olunmasına müvəffəq olduğu zaman məmurların "qan qoxusunu alıb". Bu yaxınlardakı qələbəsindən məst olan qrup indi öz tələblərində daha inadkardır. Ölkə əhalisinin böyük əksəriyyətinin dəstəklədiyi gənclər Ermənistan hökuməti və Rusiya enerji şirkətinin elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı qəbul etdiyi qeyri-şəffaf qərarın ləğvini tələb edir. Məmurlarından, prezidentindən yorulan Ermənistan xalqı hüquqi dövlətdə yaşamaq istəyir. Baş verənləri nəzərə alsaq, hökumət üçün bu vəziyyətdən yeganə çıxış yolu qərarın ləğv edilməsi və ya ən pis halda, dondurulmasıdır. Həmçinin, iyunun 19-dan başlanan aksiyanın nəticəsi onu göstərir ki, Ermənistan hökuməti öz qərarını dəyişmək istəmir. Ermənistanın energetika naziri Ervand Zaxaryan da bildirib ki, elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı qərara yenidən baxılmayacaq.
Beləliklə, xalq və hökumət qarşıdurmasından kimin qalib çıxacağını zaman göstərəcək, lakin uzunmüddətli perspektivdə Ermənistan hökuməti gec-tez çətin vəziyyətə düşəcək. Xalqa güzəştə getməkdə və öz xəttini saxlamaqda inad nümayiş etdirməklə, hökumət hakim rejimin devrilməsi ilə yanaşı inqilabla, ölkədə gələcəkdə anarxiya ilə üzləşə bilər. Digər tərəfdən, güzəştə getməklə hökumət yeni nəslin yaranması təhlükəsi ilə qarşılaşacaq. Bu nəsil hər dəfə dinc aksiyalar vasitəsilə hökumət qərarlarını ləğv edə biləcəklərinə əmin olacaq. Bu da mütləq bir gün hökumət və xalq arasında növbəti amansız toqquşmaya gətirib çıxaracaq. Buna görə Serj Sarkisyan adına dalandan, hələlik, çıxış yolu yoxdur.
A.SƏMƏDOVA