PDF Oxu

Araşdırma

  • 2 481

Əli Kərimli və "Azadlıq" qəzeti nə üçün aqressivləşib?

Əli Kərimli və "Azadlıq" qəzeti nə üçün aqressivləşib?

Yaxud, AXCP-nin dağılmasının sürətlənməsi, kütləvi istefalar və antiazərbaycan təbliğatının nəticəsiz qalması cəbhəçilərin qanını qaraldıb, ciblərini boşaldıb

Son günlər ərzində ermənipərəst dairələrin Azərbaycandakı qara piar maşını olan "Azadlıq" qəzetinin, eyni zamanda, AXCP sədri Əli Kərimlinin və onun "piyadası" olan Milli Şura sədri Cəmil Həsənlinin çox aqressivləşdiyini, hərə tərəfə quduz hücumlar etdiyini müşahidə edirik. Bütün bunların xüsusilə də, I Avropa Oyunlarından sonra daha da güclənməsi ortaya "Əli Kərimlinin, Cəmil Həsənlinin aqressiv fəallığı nə ilə bağlıdır?, yoxsa, xarici dairələri onların xidmətləri qane etmir?", "Əli Kərimli və "Azadlıq" qəzeti nə üçün aqressivləşib?" kimi bir sıra suallar çıxarır. Bu mənada, son vaxtlar AXCP-nin və "Azadlıq" qəzetinin fəaliyyətində isə sözügedən sualların cavabı görünür.

Əli Kərimlinin I Avropa Oyunları missiyasının fiaskosu

Azərbaycan ictimaiyyətinə də bəllidir ki, AXCP, Müsavat partiyası, Milli Şura, "Azadlıq" qəzeti hələ ötən ildən başlayaraq, antiazərbaycan təbliğatını daha da gücləndirməklə I Avropa Oyunları ərəfəsində reallaşdırılması nəzərdə tutulan layihələrdə yer almaq niyyətlərini ortaya qoymuşdular. Məhz, hadisələrin gedişatından bəlli oldu ki, bu ilin mart ayından başlayaraq AXCP və "Azadlıq" qəzeti Azərbaycandakı "beşinci kolon"un aparıcı qüvvəsini rolunu aldılar. Beləliklə də, Avropa və ABŞ mediasında, xüsusilə də, Almaniya, Fransa, B.Britaniya, Ermənistan mətbuatında dərc olunan antiazərbaycan materialları "Azadlıq" qəzetinin səhifələrində yer almağa başladı. Sanki, "Azadlıq" qəzeti xarici antiazərbaycan şəbəkəsinin yerli ictimaiyyətlə əlaqələr şöbəsi idi. Əli Kərimli, Cəmil Həsənli isə xarici qərəzli mətbuat və "Human Rights Watch", "Freedom House", "Amnesty İnternational" kimi təşkilatlar üçün hesabat hazırlayan "ekspertlər" qismində çıxış edirdilər. Amma nəticədən də bəlli oldu ki, nə xarici dairələrin, nə də Azərbaycandakı "beşinci kolon"un fəaliyyəti səmərəsiz qaldı. Əksinə, bu antiazərbaycan təbliğatı "bumeranq effekti" verərək bir daha Əli Kərimlinin, "Azadlıq" qəzetinin əsil siması ictimaiyyətə bəlli oldu. Azərbaycan ictimaiyyəti, xüsusən də, gənclər tərəfindən istər mətbuat, istərsə də sosial şəbəkələr üzərindən AXCP və "Azadlıq" qəzeti səviyyəsində həyata keçirilən qara piar kampaniyasına layiqli cavablar verildi. Belə bir vəziyyət isə xarici qərəzli dairələri də narazı salırdı ki, AXCP və "Azadlıq" qəzeti öhdəliyinə götürdüyü funksiyaları lazımi şəkildə həyata keçirə bilmir. Beləliklə də, parlament seçkiləri öncəsi I Avropa Oyunları ilə əlaqədar ermənipərəst qüvvələrin etimadını doğrulda biməyən Əli Kərimli "gələcək fəaliyyətində" dəstəkdən məhrum olması təhlükəsilə üzləşdi. Məhz, bu ilkin faktor Əli Kərimlini kifayət qədər aqressiv olmağa məcbur edib.

Əli Kərimlini aqressivləşdirən ikinci səbəb: kütləvi istefalar

Əbülfəz Elçibəyi şərləyərək partiyanı ələ keçirən Əli Kərimli dəfələrlə AXC-nin parçalanmasına əsas yaradıb. Bunun nəticəsidir ki, AXC bu gün bir neçə adda mövcuddur. Məhz, bu gün də Əli Kərimlinin sədri olduğu AXCP-də də parçalanma və kütləvi istefalar müşahidə edirik. Teymur Kərimin təzyiqlər səbəbindən bu yaxınlarda AXCP-dən istefa verməsi, AXCP rəyasət heyətinin üzvü Sahib Kərimli tərəfindən partiyanın keçmiş üzvü Ağaşirin Tanrıverdioğlunun döyülməsi deyilənləri bir daha təsdiqləyir.

Xatırladaq ki, Ağaşirin Tanrıverdioğlu partiyadan qovulsa da, onunla AXCP-çilər arasında gərginlik davam edirdi. A.Tanrıverdioğlu hələ də "cəbhəçi"lərin hədə-qorxusu ilə üzləşirdi. Belə ki, sosial şəbəkədə S.Kərimli ilə mübahisə edən A.Tanrıverdioğlu AXCP üzvlərinin hədələrinə tuş gəlib. Partiya üzvləri onun haqda "bomj", "alkaş", "satqın" və s. kimi ağır ifadələr işlədiblər. Məsələn, Mirzəxanlı Baba adlı AXCP üzvü yazıb: "Ağaşirin bəy, nə oldu, Sahib bəyin kafesində müftə yeyib-içəndə o, yaxşı olurdu, indi pis?".

AXCP sədrinin əmisi oğlu İnqilab Kərimov isə daha da "qabağa" gedərək A.Tanrıverdioğlunu müftəxorluq və xəbərçilikdə ittiham edib: "Ağaşirin Badamdar qəsəbəsində işlətdiyim kafeyə gələndə deyirdi ki, mağaza toyuğu yeyə bilmir. Mən də ona yaxınlıqda satılan kənd çolpaları kəsdirirdim. Hesabını da vermirdi. Ona nə versən, yeyəcək, təki yanında arağı olsun".

Öz növbəsində, bütün ittihamlara cavab verən A.Tanrıverdioğlu, "Mən Sahibin yanında müftə yeməmişəm. İkincisi, heç vaxt çağırılmayan yerə getməmişəm. Sahibin heç vaxt imkanı olmayıb ki, kiməsə müftə yemək versin. Əksinə, bizim hesabımıza o, böyük pullar silib", - deyə qeyd edib.

Bu məqamda qeyd edək ki, partiyadakı qruplararası mübarizə yenidən pik həddə çatıb. Bunun nəticəsidir ki, AXCP sədrinin müavini Əbülfəz Qurbanlı da partiyadan istefa verdiyini açıqlayıb. Ə.Qurbanlının istefasına səbəb isə onunla partiya Ali Məclisinin sədri Həsən Kərimov arasında mübahisəsinin baş verməsidir.

Belə ki, bu il iyulun 4-də AXCP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi partiyanın Qazax rayon şöbəsində hesabat yığıncağı öncəsi rayon təşkilatının fəalları ilə görüş keçirilməli imiş. Əvvəlcədən olan razılaşmaya görə, toplantıda partiya rəhbərliyindən sədr müavini Əbülfəz Qurbanlı və Ali Məclisin sədri Həsən Kərimovun iştirakı tapşırılıb. Lakin Həsən Kərimov iyulun 4-də Əbülfəz Qurbanlıdan xəbərsiz Gözəl Bayramlı ilə birlikdə rayona gedərək, 26 dayaq dəstəsindən yalnız 9-nun rəhbəri ilə görüşüb. Məlumata görə, bu görüşdə daha çox Həsən Kərimova yaxın şəxslərin qurultaya nümayəndə seçilməsi məsələsi həll olunub.

Əbülfəz Qurbanlının toplantının ondan xəbərsiz keçirilməsi ilə bağlı etirazına isə sədr Əli Kərimli laqeyd qalıb. O, Ə.Qurbanlını güzəştə getməyə çağırıb. Lakin Ə.Qurbanlı bir neçə gün sonra partiyadan istefa verdiyini "Facebook" səhifəsində elan edib.

Qeyd edək ki, Ə.Qurbanlı ilə Həsən Kərimov arasında qalmaqalın əsası bir müddət öncə qoyulub. Məlumata görə, partiyanın Rəyasət Heyətinin iclaslarının birində Həsən Kərimov hazırda həbsdə olan Seymur Həzi ilə bağlı kəskin ifadələr işlədib.

Ə.Qurbanlı isə buna etiraz edib. Lakin daha bir neçə Rəyasət Heyəti üzvünün, xüsusilə Əli Kərimlinin onu Həsən Kərimovla mübahisə etməməyə çağırması Ə.Qurbanlını hövsələdən çıxarıb. O, iclası yarımçıq tərk edib.

Bu məqamda qeyd edək ki, partiyadaxili qruplaşmalardan birinin - Fuad Qəhrəmanlının rəhbərlik etdiyi qruplaşmanın üzvü olan Əbülfəz Qurbanlı hələ iki il öncə də istefa verdiyini açıqlamış, lakin sonra istefasını geri götürmüşdü. Ən son olaraq isə Ə.Qurbanlı AXCP-nin mitinqlərinin birində Fuad Qəhrəmanlıya AXCP sədri deyə müraciəti ilə yadda qalmışdı.

AXCP daxilində gedən bu cür proseslər əlbəttə ki, Əli Kərimlini aqressivləşdirən növbəti amil rolunu oynayır. Çünki, bu cür partiyadaxili hadisələrin ifrat formada baş verməsi, üzvlərin bir-birinə qarşı nalayiq, təhqiramiz ifadələr işlətməsi, şərləməsi, eyni zamanda, qruplaşmalar arasında mübarizənin güclənməsi Azərbaycan ictimaiyyəti daxilində onsuzda nüfuzu olmayan bir partiya haqqında daha mənfi fikir formalaşdırır. Amma Əli Kərimlini daha çox narahat edən faktor odur ki, ermənipərəst dairələrin ona və partiyasına gücsüz, sosial bazasız və daxili monolitliyi olmayan "oyuncaq" kimi baxmağa başlamasıdır.

Bir sözlə, AXCP-də baş verən son hadisələr, eyni zamanda, bir daha "Azadlıq"ın əsil simasının ifşa olunması Əli Kərimlini və "Azadlıq" qəzetini daha da aqressivləşib. Düşünürük ki, hadisələrin bu cür cərəyan etməsi istefa dalğasının daha da genişlənməsinə və AXCP-nin dağılması prosesinin sürətlənməsinə gətirib çıxara bilər...

"Səs" Analitik Qrupu

Digər xəbərlər