PDF Oxu

Araşdırma

  • 2 038

Tarixə qarşı təcavüz planı

Tarixə qarşı təcavüz planı
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, işğalçılıq yolu siyasəti əsrlərdir ki, davam edir. İşğal altında olan Qarabağ tarixi dövrlərdə yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş, Azərbaycanın tarixinə uyğun inkişaf etmişdir. Ermənistanın Qarabağa ərazi iddiasının tarixi kökləri, onun təcavüzkar mahiyyəti, Ermənistanın Azərbaycana qarşı müharibəsinin işğalçı xarakteri "böyük Ermənistan" yaratmaq xülyasının nəticəsidir. Ermənistanın Azərbaycana olan uydurma torpaq iddiaları heç bir tarixi mənbəyə söykənməir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, müharibənin gedişi, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejimi nəticəsində dövlətimizə külli miqdarda ziyan dəymişdir.

Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməlləri bir sıra rayonlarının talan və qarət edilməsi, təbiətin bilərəkdən məhvi bəşəriyyətə qarşı etiraz kimi səslənir. Ərazimizə qarşı böyük iddialarla çıxış edən Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycanın flora və faunasına qarşı talançılıq Azərbaycan dövlətinə və vətəndaşlarına böyük zərbə vurmuşdur.

Azərbaycanın səfalı, turizm üçün əlverişli rayonlarında təbii sərvətlər qəddarlıqla dağıdılaraq tarmar edilir. İşğal altında olan ərazilərdə ermənilər bütün sahələrdə erməniləşdirmə siyasətini həyata keçirərək, tarixi saxtalaşdırma, eləcə də dağıdıcı missiyanı reallaşdırırlar. İşğalda olan ərazilərin tarixiliyinə, əlverişli şəraitə ermənilər xammal olaraq sahib çıxmış, istifadəçisinə çevrilmişlər. Amma bir həqiqəti də etiraf edək ki, hazırın naziri olan ermənilər əsrlər boyu xalqın yığdığı varidatı bir neçə dəqiqəyə talan etməkdə "məharətlidirlər". Görəsən, öz torpaqlarında necə, bu işi belə işıq surətilə etmək qüdrətinə malikdirlərmi? Azərbaycan ərazilərinin 20 faizin işğal edən qəsbkarlar flora və faunanı məhv edirlər. Torpaqlarımız erməni işğalından azad olunduqdan sonra Azərbaycanın Qarabağ hissəsində və təcavüzə məruz qalmış digər bölgələrində fauna və floraya xas bir sıra növlərin kökünün tamamilə kəsildiyinin şahidi olacağıq. Sözsüz erməni işğalçı qüvvələri Azərbaycanın təbii sərvətlərini bacardıqca tükəndirməyi qarşılarına ən ali məqsəd kimi qoymuşlar. Təəssüf ki, heyrət doğurucu qaməti, qədimliyi, qiymətli xüsusiyyətlərilə seçilən çinar ağaclarımız hər an təhlükə qarşısındadır. Cəbrayıl - Zəngilan ərazisində əsrlərdən bu günümüzədək yaşayan nəhəng çinar ağaclarını bir necə gündə məhv etmək, onu adi mebel parçasına çevirmək ən böyük ekoloji cinayət kimi dəyrləndirilir. Erməni işğalı altında olan bu çinarlar fəlakətlə üz-üzə dayanıb, erməni vəhşiliyi bütün vəhşilikləri üstələyibdir. Cəbrayıl rayonunun Karxulu kəndi tamamilə dağıdılmış və demək olar ki, oradakı yaşıllıqlardan əsər-əlamət qalmamışdır. Hətta vaxtilə yaşıllığa bürünmüş Karxulu qəbirstanlığının dağıdılması və qəbirüstü qiymətli daşların da sökülüb aparılması faktı aşkarlanıb. Cəbrayıl rayonunun Çaxırlı kənd sakini Ələsgərov Fazil Füzuli Regional Ekologiya və təbii sərvətlər idarəsinə verdiyi məlumatda bildirilir ki, 1998-ci ildə İran İslam Respublikasına səfər etdiyi zaman İranla Cəbrayıl rayonu arasındakı sərhəddən işğal altında olan ərazilərimizi müşahidə etdiyi zaman Maralyan, Mərcanlı, Mehdili, Çaxırlı, Mahmudlu stansiyalarının yerlə yeksan edildiyinin şahidi olmuşdur. Burada bütün evlərin hamısı dağıdılıb və həyətlərdə, yol kənarlarında olan qiymətli qoz ağaclarının hamısı kəsilərək məhv edilib. Erməni işğalçıları hər yay Araz çayının vadisindəki ağacları yandırırlar ki, ərazidə hər şey aydın görünsün. Rayon ərazisində uzunömürlü ağaclar, xüsusilə ən yaşlı çinar ağacları erməni işğalçıları tərəfindən tamamilə məhv edilmişdir. Təbii ki, bu işlərin görülməsində bir prinsip dayanır. Öz tarixlərini yenidən yazmaq iddiası. Saxtalaşdırdıqları ərazidə erməniyə məxsus hansısa bir ştrixi əlavə edə bilirlərsə, o zaman həmin məkanlar üzərində "yenidənqurma" işləri aparırlar. Əks təqdirdə qarşılarına çıxan hər bir şeyi məhv edir, yandırırlar. Xudafərin körpüsü onlar üçün əhəmiyyətli strateji obyekt olduğuna görə ona toxunmayıblar. Araz çayı üzərində biri 11, digəri 15 aşırımlı Xudafərin körpüləri Azərbaycan memarlığının əvəzedilməz incilərindəndir. Birinci körpünün uzunluğu 130, eni 6, hündürlüyü 12 metrdir. İkinci körpünün uzunluğu 200, eni 4,5 , hündürlüyü 10 metrdir. Körpülər bir-birindən 800 metr aralıdır. Min illərin təbii təsirinə sinə gərmiş müstəsna mühəndislik qabiliyyətini özündə əks etdirən işğaladək öz bütövlüyünü saxlayan bu körpülər də müharibə gedişində bir sıra uçuntulara məruz qalmışdır.

Füzuli rayonunda işğal olunmuş ərazilərdə təbiətin ermənilər tərəfindən güclü ekoloji dağıntıya məruz qalması hər kəsə bəllidir. Rayon ərazisinə yaxın olan Azıx və Tağlar mağaraları dünya tarixinin qədim abidəsi kimi YUNESKO-nun siyahısına düşmüşdür. Azıx poliolit düşərgəsində aşkar olunmuş maddi-mədəniyyət nümunələri 1981-ci il dekabrın 8-də Fransanın paytaxtı Parisin İnsan Muzeyində "Avropanın ilk sakinləri" adlı beynəlxalq sərgidə nümayiş etdirilib. Təəssüf ki, erməni vandalizmi nəticəsində Azıx, Tağlar, Qaraköpəktəpə, Meynətəpə və başqa tarixi abidələr bu gün yararsız hala salınıb.

Rayonun ən böyük meşələridən olan Ərgünəş meşəsində ermənilər yanğın törətmişdilər. Təxminən 500 hektara yaxın ərazi məhv olub. Yanğın nəticəsində ərazidə olan qiymətli ağac və kollar məhv olmuş, təbiətə xeyli ziyan vurulmuşdur. Belə yanğınlar ekoloji mühitin pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olur.

Ermənistan tərəfindən işğal olunan Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonları ərazisində müxtəlif tərkibli mineral su yataqları olan Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşçu, Sırlan və başqa mineral sular Azərbaycanın dünya miqyasına çıxara biləcək yeraltı sərvətləridir. Bu gün qeyd olunan ərazilərdə ermənilər bu nemətin bəzilərindən istifadə edir, bəziləri tamamilə baxımsız haldadır, bəziləri isə təcavüz nəticəsində sıradan çıxmışdır.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğal altında olan Azərbaycan əraziləri bu gün olduqca acınacaqlı bir vəziyyətdədir. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bunun arxasında ermənilərin utopiyaları, eləcə də xalqın tarixinə qarşı təcavüz planı dayanır.

NƏZAKƏT