PDF Oxu

Araşdırma

  • 1 510

Ermənistana sanksiyalar tətbiq olunmalıdır

Ermənistana sanksiyalar tətbiq olunmalıdır

Elman Nəsirli: "Lazım gələndə beynəlxalq təşkilatlar necə çevik olduqlarını dəfələrlə sübut ediblər"

Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində passivlik müşahidə olunur. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyi və bunun fonunda Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi münaqişəsinin uzanmasına gətirib çıxarıb. Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli də qəzetimizə verdiyi açıqlamasında Ermənistana beynəlxalq sanksiyalar tətbiq olunana qədər Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmağın çətin olacağını bildirdi: "Bu gün Dağlıq Qarabağ münaqişəsinin həllinin tapmamasının mühüm səbəbləri var. Birincisi, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqeyi və işğalçılıq siyasətini davam etdirməsidir. İkincisi, Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərin üzərinə çox böyük məhsuliyyət düşür. Xüsusi olaraq da Rusiyanın. Çünki bu məsələdə ən çox Ermənistana təsir və təzyiq imkanları məhz Rusiyaya məxsusdur. Ümumiyyətlə, 1992-ci ilin mart ayından ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi missiyasını üzərinə götürüb. Lakin bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliyə doğru bir addım da olsun atılmayıb. Bütövlükdə hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq birliyin üzərinə düşən məsuliyyət çox böyükdür. Çünki BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsi var. İndiyə qədər həmin 4 qətnamə havadan asılı vəziyyətdə qalıb. Yəni həmin qətnamələr hələ də yerinə yetirilməyib. Bütün bu məsuliyyətsizliklərin fonunda Ermənistan tərəfi onun fərqində olur ki, ona qarşı heç bir cəza yoxdur və cəzasızlıq rejimin də cinayətkarın istədiyi kimi hərəkət etməsinə səbəb olur".

"Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq birliyin konkret mövqe tutmaması nə ilə bağlıdır" sualına cavabında politoloq bunu beynəlxalq təşkilatların münaqişənin həllinə ikili yanaşması ilə əlaqələndirdi: "Lazım gələndə beynəlxalq təşkilatlar necə çevik olduqlarını dəfələrlə sübut ediblər. 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi qəbul edilib. Amma həmin qətnamələr yerinə yetirilmir. Halbuki BMT Nizamnaməsinin 25 maddəsinə görə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi məcburi xarakteri daşıyır. Amma biz bunun şahidi olmuruq. Bu da bir daha onu təsdiqləyir ki, burada ikili standartlar var. Həmin qətnamələri qəbul edən tərəflər Ermənistanı müdafiə edən Rusiya ilə baş-başa gəlmək və onunla toqquşmaq istəmirlər. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi həmin o böyük güclərin siyasətini prioritet məsələyə çevirməyib. Bir sözlə, indiki zamanda onlar üçün Rusiya ilə həlli gözləyən digər vacib məsələlər var. Demək olar ki, onların anlamında məhz həmin məsələlərin həlli edilməsi daha vacibdir".

GÜLYANƏ

Digər xəbərlər