PDF Oxu

Araşdırma

  • 2 570

2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək

image

Prezident İlham Əliyev: "İslam Oyunları ilk növbədə islam həmrəyliyini gücləndirəcək, həm islam aləminə, həm dünyaya bir daha göstərəcək ki, islam dini sülh, mərhəmət və qardaşlıq dinidir"

Mehriban xanım Əliyeva: "Çalışacağıq ki, ölkəmizə gələn, oyunlarda iştirak edən hər bir idmançı, hər bir qonaq özünü çox rahat, öz evindəki kimi hiss etsin"

Məlum olduğu kimi, 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəylik Oyunları keçiriləcək. Qeyd edək ki, 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edilib. Səsvermədə 57 üzv ölkənin nümayəndələri iştirak ediblər. Qərar yekdilliklə qəbul edilib. Assambleyanın qərarı isə bir daha göstərib ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub.

Əlbəttə ki, bu oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bu günə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilib. Eyni zamanda, Azərbaycan 2013-cü il 24 iyul qərarı islam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndirir. Məhz Azərbaycan I Avropa Oyunları kimi IV İslam Həmrəylik Oyunlarını da yüksək səviyyədə həyata keçirmək üçün bütün imkanlarını səfərbər edəcək. Elə 2015-ci ilin 19 sentyabr tarixində Prezident İlham Əliyevin imzaladığı IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam və Təşkilat Komitəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə birinci iclasının keçirilməsi Azərbaycanın bu beynəlxalq idman tədbirinin yüksək səviyyədə keçirilməsinə nə dərəcədə böyük əhəmiyyət verməsinin göstəricisidir.

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Təşkilat Komitəsinə rəhbərlik Mehriban Əliyevaya həvalə olunub: "Həm "Eurovision" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinə, eyni zamanda, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyeva rəhbərlik etmişdir. Nəticələr də göz qabağındadır. Hər iki beynəlxalq tədbir ən yüksək səviyyədə keçirilmişdir. Həm "Eurovision" müsabiqəsində, həm Avropa Oyunlarının gedişatında bütün təşkilati məsələlər öz həllini tapıb və bu yarışmalarda iştirak etmiş bütün idmançılar və Azərbaycana gəlmiş qonaqlar bunu yüksək qiymətləndirmişlər".

Bu günə qədər Azərbaycanda bir çox böyük miqyaslı beynəlxalq tədbirlər keçirilib. Əlbəttə, bu il böyük uğurla keçirilən birinci Avropa Oyunlarını qeyd etmək yerinə düşər. Bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini göstərib. Ümumi fikrə görə, bu oyunlar Yay Olimpiya Oyunları səviyyəsində hazırlanmışdı. Əminlik var ki, IV İslam Həmrəylik Oyunları da eyni səviyyədə hazırlanıb keçiriləcək və müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq. Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bildirdiyi kimi, Təşkilat Komitəsi birinci Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə əldə etdi. İslam Həmrəylik Oyunlarının da hazırlığında biz həmin prinsiplərlə çalışacağıq, işləyəcəyik. Biz çalışacağıq ki, ilk növbədə Azərbaycan xalqı üçün növbəti böyük idman bayramı təşkil edək. Eyni zamanda, çalışacağıq ki, ölkəmizə gələn, oyunlarda iştirak edən hər bir idmançı, hər bir qonaq özünü çox rahat, öz evindəki kimi hiss etsin.

Qeyd edək ki, IV İslam Həmrəylik Oyunlarının 2017-ci ilin may ayında keçirilməsi nəzərdə tutulur. Bu oyunlarda 57 islam ölkəsinin nümayəndələrinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növündə yarışların aparılması planlaşdırılır. Bu idman növlərinə atletika, gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, voleybol, futbol, karate və sair daxildir. Yarışlara 5 mindən çox idmançının qatılacağı nəzərdə tutulub. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi gözlənilir. Eyni zamanda, bu oyunları fərqləndirən digər cəhətlərdən biri qeyri-ənənəvi idman növü olan milli zorxana oyunu üzrə mübarizənin aparılması olacaq.

IV İslam Həmrəylik Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilib. Yarışlar ölkəmizdə mövcud olan idman obyektlərində keçiriləcək. Bunlar Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzidir. Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman obyektlərindən istifadə olunacaq. Yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur. IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri Olimpiya Stadionunda keçiriləcək.

Güləş və cüdo Heydər Əliyev adına İdman Arenasında, voleybol, boks, taekvondo, karate "Baku Crystall Hall"da, üzgüçülük Su İdmanı Sarayında, stolüstü tennis Bakı İdman Sarayında, tennis Bakı Tennis Akademiyasında, atıcılıq Bakı Atıcılıq Mərkəzində, basketbol, həndbol, ağır atletika Bakı Ekspo Mərkəzində, futbol yarışlarının isə Olimpiya Stadionunda və "Bakcell Arena"da keçirilməsi planlaşdırılır. Oyunlarda iştirak edəcək idmançıların Atletlər Kəndində yerləşdirilməsi nəzərdə tutulur. Media Kəndində kütləvi informasiya vasitələrinin nümayəndələri yerləşdiriləcək.

Tədbirin dünyada təbliği və informasiya dəstəyi qarşımızda duran ən vacib məsələlərdən biridir. Birinci addım olaraq oyunlar haqqında hərtərəfli məlumatı əks etdirən internet portalı hazırlanacaq. Dünya mediasında İslam Həmrəylik Oyunlarının keçirilməsi barədə informasiya yayılması nəzərdə tutulur.

Məhz Avropa Oyunlarının irsi IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə bağlı qarşıda duran təhlükəsizlik, nəqliyyat təminatı, digər texniki təminat və təşkilati məsələlərin həllinin zəminini yaradıb. Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın qeyd etdiyi kimi, əsas məqsəd bu zəmində yarışlara yüksək səviyyədə hazırlaşmaqdan, bütün mövcud idman obyektlərini yarışmalar üçün tam şəkildə hazırlamaqdan və milli yığma komandanın oyunlara hazırlığından ibarətdir: "Qarşıda duran məsələlərdən biri də qısa müddət ərzində açılış və bağlanış mərasimlərinin ideyasının formalaşdırılması, texniki məsələlərin həlli, o cümlədən medalların və loqotipin eskiz layihələrinin və dizaynının hazırlanması işlərinin başlanmasıdır. Bu mötəbər idman yarışlarının yayımı xüsusi əhəmiyyət kəsb edir. Tədbirin yayım hüququnun verilməsi ilə bağlı hazırda müvafiq təşkilatlarla danışıqlar aparılır. Beynəlxalq və yerli sponsorların cəlb edilməsi istiqamətində də işlər görülür. Oyunlar keçiriləcəyi müddətdə Azərbaycana gələcək çoxsaylı idmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakıda və Abşeronda mövcud olan otellərin sayı və tutumu dəqiqləşdirilmişdir. Bu sahədə heç bir problem gözlənilmir".

Bununla yanaşı, İslam Həmrəylik Oyunlarında gənclərin könüllü qismində cəlb edilməsi geniş yer tutacaq. Birinci Avropa Oyunları zamanı Azərbaycan gəncləri, könüllüləri öz bacarıqlarını çox yüksək səviyyədə nümayiş etdirdilər. Bütün qonaqlar dəfələrlə Azərbaycan gənclərinin peşəkarlığı, vətənsevərliyi haqqında danışırdılar. Əlbəttə, İslam Həmrəylik Oyunlarının təşkilati işlərində könüllülərin aktiv fəaliyyəti nəzərdə tutulur. İlkin hesablamalara görə, oyunlara təxminən 10 min nəfər könüllü cəlb ediləcək.

Həmçinin, oyunların yüksək səviyyədə keçirilməsi məqsədilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq. Hazırda yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyənləşdirən geniş Tədbirlər Planı hazırlanır. Həmin Tədbirlər Planı qısa müddət ərzində Prezident İlham Əliyevin diqqətinə təqdim olunacaq.

Bir sözlə, Prezident İlham Əliyevin sözlərilə desək, İslam Oyunları, ilk növbədə islam həmrəyliyini gücləndirəcək, həm islam aləminə, həm dünyaya bir daha göstərəcək ki, islam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir.

Anti-Azərbaycan və islamofob qüvvələrə ən yaxşı cavab reallıqlarımızdır

Prezident İlham Əliyev: "Azərbaycan Avropaya və bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır"

Yaxın Şərqdə vəziyyətin həddindən artıq gərginləşdiyi, qanlı toqquşmaların səngimədiyi, yeni müharibə ocaqlarının yarandığı və Avropada dərin iqtisadi böhrandan hələ ki çıxış yollarının tapılmadığı bir zamanda dinamik inkişafı ilə, eləcə də əldə etdiyi uğurlarla dünyanın diqqət mərkəzində olan Azərbaycan bir daha regionda söz sahibi, lider dövlət olduğunu sübut edir. Yürüdülən qətiyyətli siyasət, inkişaf etmiş ölkələrlə ikitərəfli qarşılıqlı münasibətlərin daha da güclənməsi Azərbaycana verilən dəyərin göstəricisidir. Ölkəmizə bu ilin birinci yarısında 12,7 milyard manat sərmayə qoyulub. Əlbəttə ki, bu, çox böyük rəqəmdir. Həm də ona görə önəmlidir ki, bu sərmayələrdə xarici investisiyalar üstünlük təşkil edir. Son bir neçə ayda həyata keçirilən sosial-iqtisadi layihələrə nəzər salsaq, qazanılan uğurları aydın şəkildə görmüş olarıq. Azərbaycanda son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına ölkədə işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olub.

Artıq dünyanın inkişaf etmiş dövlətləri investisiya qoyuluşu, iqtisadi münasibətlərin daha da genişləndirilməsində Azərbaycanı seçir, ikitərəfli münasibətlərin inkişafında maraqlı olan tərəf kimi təşəbbüslər irəli sürürlər. Azərbaycan dövləti isə öz seçimini edir və xalqın rifah halının daha da yaxşılaşdırılması, ölkə maraqlarına xidmət edə biləcək layihələrə qoşulmaqla həm də strateji tərəfdaşlarının sayını artırır. Azərbaycan, eyni zamanda, beynəxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirib. Bu fakt elə I Avropa Oyunlarının Olimpiya Oyunları səviyyəsində keçirilməsinə də aiddir.

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, I Avropa Oyunları birinci belə yarışma idi: "Bu günə qədər Avropada qitə yarışları keçirilməmişdi. Əlbəttə ki, bu yarışın yüksək səviyyədə keçirilməsi bizim səylərimizdən asılı idi. Biz bu oyunların standartlarını müəyyən etdik. Bu, ən yüksək standartlar idi. Həm qonaqlar, həm Azərbaycan vətəndaşları bir daha gördülər ki, birinci Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Məhz qarşıya belə məqsəd qoyulmuşdu. Baxmayaraq ki, bu oyunların hazırlanmasında bizim cəmi 2 il yarım vaxtımız var idi. Həm yeni idman infrastrukturunun yaradılması, həm mövcud idman obyektlərinin təmiri, bütün təşkilati məsələlərin həlli ən yüksək səviyyədə həyata keçirilmişdir və şübhəsiz, bu işlərdə Təşkilat Komitəsinin xüsusi rolu və əməyi var idi. Avropa Oyunları bizə imkan verdi ki, öz potensialımızı ortaya qoyaq. Azərbaycan Avropaya və bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır və biz bütün qonaqları qəbul etməyə hazırıq, buna qadirik. Azərbaycan xalqı öz qonaqpərvərliyini, öz tolerantlığını, qonaqlara olan hörmətini bir daha ifadə etdi. Eyni zamanda, bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədə idi. Bu da ölkəmizin ümumi inkişaf potensialının göstəricisi kimi artıq qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir".

Əlbəttə ki, Azərbaycanın bütün dünyanın diqqət mərkəzində olduğu bir vaxtda anti-Azərbaycan dairələri, Avropanın erməni lobbisinin təsiri altında olan institutları ölkəmizə qarşı qarayaxma kampaniyasına başlamışdılar. Elə bu barədə Prezident İlham Əliyev də çıxışı zamanı qeyd edib ki, Avropa Oyunları ərəfəsində və oyunlar zamanı Azərbaycana qarşı çox çirkin kampaniya aparılırdı: "Bu kampaniya əlaqələndirilmiş şəkildə aparılırdı. Bəzi xarici dairələr Azərbaycanda gedən inkişafı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında həqiqətə uyğun olmayan rəy yaratmaq üçün sanki yarışa çıxmışdılar. Azərbaycan haqqında yalan, böhtan, uydurma informasiyalar xarici media orqanlarında da geniş yer almışdı. Əlbəttə, biz yaxşı başa düşürdük və bilirdik ki, bu, təsadüfi deyil. Bu, çox düşünülmüş, məqsədyönlü təşkil edilmiş qarayaxma, şər-böhtan kampaniyası idi. Bu kampaniyanı aparan və onu sifariş edən qüvvələr bir məqsədi güdürdü ki, Azərbaycanı gözdən salsınlar və oyunlara ləkə vursunlar. Ancaq onların bütün səyləri Azərbaycanda alt-üst edildi. Ona görə ki, ölkəmizə, oyunlara gəlmiş idmançılar, nümayəndə heyətlərinin üzvləri, qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə gördülər. Gördülər ki, Azərbaycan müasir, dinamik inkişaf edən, demokratik ölkədir. Azərbaycan multikulturalizmin mərkəzidir. Son illər ərzində Azərbaycanda quruculuq-abadlıq işləri o qədər sürətlə gedir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Gördülər ki, Azərbaycan gəncləri və bu oyunlarda fəal iştirak etmiş könüllülər öz Vətənini sevirlər, öz Vətəni ilə fəxr edirlər. Fəxr edirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Gördülər ki, Azərbaycan idmançıları həm peşəkar, həm vətənpərvər idmançılardır.

Bu oyunlar Azərbaycan dövlətinin təntənəsi idi. Bizə qarşı bu çirkin əməlləri sifariş və icra edən qüvvələr heç bir məqsədə nail ola bilməmişlər. Baxmayaraq ki, oyunlar ərəfəsində Avropa Parlamenti anti-Azərbaycan qətnaməsi qəbul etməyə çalışırdı. Ancaq məqsədə çata bilməmişdir, o qətnamə qəbul edilməmişdir. Oyunların açılış günündə - iyunun 12-də Almaniya Bundestaqı Azərbaycanın əleyhinə yalan-böhtan üzərində qurulmuş çirkin bir qətnamə qəbul etmişdir. Onu da Azərbaycan xalqı və dövləti rədd etmişdir. Yəni bütün bu səylər onu göstərir ki, biz hətta misli görünməmiş təzyiqlər şəraitində yolumuzdan dönmədik, Azərbaycan bir daha öz imkanlarını ortaya qoydu. Əlbəttə, oyunlardan sonra da bizə qarşı təzyiqlərin olacağını proqnozlaşdırırdıq. Çünki Azərbaycan öz müstəqil siyasətinə sadiqdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli-mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki, yaratdıqları stereotiplərə sığmır. Əfsuslar olsun ki, bu gün islam aləmi daha çox münaqişələr zonası kimi təqdim edilir, islamofobiya meyilləri güclənir, islam dininə qarşı təhqir-böhtan kampaniyası aparılır və görəndə ki, müsəlman aləmində belə gözəl, dinamik inkişaf edən, müasir ölkə var, əlbəttə, bu da onların planlarını alt-üst edir".

Qeyd edək ki, 2017-ci ilin may ayında Azərbaycan IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Azərbaycan I Avropa Oyunlarında olduğu kimi bu idman tədbirini də yüksək səviyyədə keçirmək üçün bütün potensialını ortaya qoyacaq. Azərbaycan bir daha sübut edəcək ki, Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini-milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaq. Məhz bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız elə ölkəmizin reallıqlarıdır.

Azərbaycan bir nümunədir və örnəkdir. Azərbaycan çalışacaq ki, bütün təşkilati məsələlər öz həllini tapsın. Birinci Avropa Oyunlarında əldə edilmiş təcrübə, əlbəttə ki, Azərbaycana kömək göstərəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Təşkilat Komitəsi təxminən bu tərkibdə Avropa Oyunlarının keçirilməsi ilə də məşğul idi, mən əminəm, qarşıda duran bütün vəzifələr icra ediləcəkdir və bir daha Azərbaycan öz imkanlarını ortaya qoyacaq.

İslam Oyunları böyük bayrama çevriləcək

Prezident İlham Əliyev: "Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir"

İyirmi dörd illik müstəqillik tariximiz ölkənin inamlı gələcəyinə yönəlmiş çox mühüm və strateji hadisələrlə zəngindir. Müstəqilliyimizin ilk illərində idmanın inkişafına xüsusi diqqət göstərilməsi Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində mümkün olub. Bu diqqətin səbəbi də Ulu Öndər tərəfindən aydın ifadə edilib: "İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur".

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafı da ardıcıl, məntiqli, bir-birini dəstəkləyən qərarlar və tədbirlər əsasında həyata keçirilir. Bütün bunların nəticəsidir ki, idman sahəsində ölkəmiz yüksək beynəlxalq nüfuz qazanıb.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açıb, Azərbaycanın gücünü və potensialını bütün dünyaya nümayiş etdirib. Sevindirici haldır ki, bu oyunlar zamanı yüzlərlə azərbaycanlı gənc zəngin təcrübə qazanıb. Müxtəlif təlimlər, kurslar vasitəsilə xarici mütəxəssislərlə əməkdaşlıq, birgə layihələrdə iştirak yerli mütəxəssislərimizin formalaşmasına müsbət təsir göstərib. Əminik ki, ölkəmizdə böyük beynəlxalq idman tədbirlərinin keçirilməsi zamanı bu potensialdan geniş istifadə olunacaq.

Jurnalistlər və digər media təmsilçilərinin də Media Kəndində yerləşdirilməsi üçün bütün lazımi şərait var. Atletlər Kəndində bütün mebel və avadanlıqlar hazır vəziyyətdə, toxunulmaz saxlanılmışdır və qarşıdan gələn tədbir üçün tam hazırdır. Eyni zamanda, mətbəxlər, əyləncə mərkəzləri, poliklinika üçün müvafiq avadanlıqlar, daxili nəqliyyat vasitələri və digər texniki vasitələr də işlək vəziyyətdədir. Əməliyyat heyətinin işini təmin etmək üçün 6 mindən çox müxtəlif adda İT avadanlığı, kompyuter, skaner, printer, server və digər vasitələr də yenidən istifadəyə tam yararlıdır.

Azərbaycanın birinci xanımı, IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın da qeyd etdiyi kimi, idman təkcə yarış deyil, eyni zamanda, böyük mədəniyyət bayramı olmaqla bərabər, ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Birinci Avropa və IV İslam Həmrəylik oyunlarında, ümumiyyətlə dünya dövlətlərinin yarısından çoxunun iştirak etməsi Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Eyni zamanda, hazırlıq mərhələsindəki təqdimatlar və oyunların yayımı ölkəmizin dünyaya tanıtdırılması, Bakının gözəlliyinin nümayişi, tarixi və mədəni irsimizin təbliği üçün geniş imkanlar yaradır.

Gənclər və İdman Nazirliyi son ildə keçirdiyi beynəlxalq tədbirlər zamanı gənclərin könüllü kimi iştirakına xüsusi diqqət yetirib. Ən böyük könüllü qüvvəsi isə Avropa Oyunları zamanı toplaşıb. Minlərlə gənc öz işinə məsuliyyətlə yanaşaraq, vətənpərvər mövqelərini bir daha sübut etdi. Həmin gəncləri gələcəkdə də bir araya yığmaq məqsədilə onların məlumat bazası yaradılıb.

İdmançılarımızın bundan sonra da uğurlu çıxış etmələri üçün onların çoxsaylı idman yarışlarında iştirakı olduqca vacibdir. Bu məqsədlə ölkəmizdə bir sıra idman növlərini özündə birləşdirən kompleks yarışların təşkil edilməsi ölkə idmanına böyük töhfə verir. Bu, idmançıların Olimpiya Oyunlarına hazırlıq səviyyəsini də artırır, nəticələrin daha da yaxşılaşdırılmasına zəmin yaradır, daha çox idmançının təcrübə qazanmasına səbəb olur.

Qeyd edək ki, Azərbaycanda futbol üzrə Avropa Çempionatının dörddəbir mərhələ yarışları, "Formula-1" Avropa Qran-pri yarışları, Şahmat Olimpiadası ilə yanaşı, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının final mərhələsi və yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 23 yaşadək gənclərin dünya çempionatı keçiriləcək.

Eyni zamanda, noyabrın 2-4-də ilk dəfə olaraq İslam Həmrəyliyi İdman Federasiyasının IX Baş Assambleyası və İslam Həmrəylik Oyunları ilə bağlı yaradılmış koordinasiya komissiyasının ilk toplantısı tədbirin ənənəvi məkanından kənarda - Bakıda keçiriləcək.

Birinci Avropa Oyunlarında Azərbaycanın komandası uğurla çıxış edərək şərəfli ikinci yer tutub. Məhz Azərbaycan yenidən bütün qüvvələrini səfərbər edəcək ki, İslam Həmrəylik Oyunlarında da milli yığma Prezident İlham Əliyevin və xalqımızın yüksək etimadını doğrultsun. Azərbaycan xalqı bu oyunlara da böyük maraq və dəstək göstərəcək. Avropa Oyunlarında olduğu kimi, yarışlar zamanı tribunalar tamaşaçılarla dolu olacaq. Hər bir azərbaycanlı əmindir ki, bu oyunlar islam ölkələrinin böyük bayramına çevriləcək. Elə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, İslam Oyunları, ilk növbədə islam həmrəyliyini gücləndirəcək, həm islam aləminə, həm dünyaya bir daha göstərəcək ki, islam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər