PDF Oxu

Araşdırma

  • 1 838

Azərbaycan dövləti demokratik inkişaf yoluna sadiqliyini göstərdi

Azərbaycan dövləti demokratik inkişaf yoluna sadiqliyini göstərdi

Xarici müşahidəçilərin demək olar ki, hamısı bir səslə bildirir: ölkədə parlament seçkiləri peşəkarlıqla və ən yüksək səviyyədə hazırlanmışdı

Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda medianın diqqət mərkəzində olan mövzulardandır. Belə ki, mətbuat seçkinin nəticələrini qiymətləndirən yazıları və şərhləri geniş işıqlandırır. Seçkilərin uğurlu nəticələri seçki prosesini izləmək məqsədilə Azərbaycana gələn xarici müşahidə missiyalarının üzvlərinin də açıqlamalarında öz əksini tapır. Budəfəki seçkiləri müşahidə etmək üçün ölkəmizə 500-dən artıq xarici nümayəndə gəlmişdir. Onların demək olar ki, hamısı Azərbaycanda baş tutan parlament seçkilərini yüksək qiymətləndirdilər. Müşahidə missiyalarının nümayəndələri birmənalı olaraq vurğuladılar ki, seçkilər ədalətli, demokratik və şəffaflıq mühitində keçirilmişdir. Bu, bir daha Azərbaycan dövlətinin demokratik inkişaf yoluna sadiqliyinin göstəricisi kimi qəbul edilir.

Müşahidəçilərin demək olar ki, hamısı bir səslə bildirir: ölkədə parlament seçkiləri peşəkarlıqla və ən yüksək səviyyədə hazırlanmışdı.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RADM) nümayəndələri seçkiləri müşahidə edənlər arasında sorğu keçiriblər. Mərkəzin mətbuat xidməti bildirir ki, azərbaycanlıların çoxu səsvermənin düzgün keçirilməsini şəxsən yəqin etmək arzusunda olublar.

Rusiya Dövlət Dumasının deputatı Vasili Tarasyuk və onun belaruslu həmkarı, MDB-nin müşahidəçilər missiyasının nümayəndəsi deyib: "Biz Nizami rayonundakı 18 saylı Seçki Dairəsinə təhkim edilmişdik. Bir sıra seçki məntəqələrində olduq, heç bir qanun pozuntusu müşahidə etmədik, məntəqələr qanunamüvafiq şəkildə təchiz edilib, hər yerdə müxtəlif partiyaların nümayəndələri, habelə əcnəbi müşahidəçilər var, hər kəs öz iradəsini sərbəst ifadə etmək imkanına malikdir".

Avropa Şurası Parlament Assambleyasının üzvləri Mariya Obradoviç (Serbiya) və Piter Oramund (İspaniya) qeyd ediblər ki, onlar hətta irad bildirmək istəsəydilər belə, hər hansı pozuntunu təsdiq edən faktlar tapa bilməzdilər. Səsvermə günü təbliğat aparılmayıb, məntəqələrdə güc qurumlarının nümayəndələri olmayıb, yerli müşahidəçilər əcnəbi həmkarlarına köməklərini təklif edirdilər. Piter Oramund deyib: "Mən 12 il bundan əvvəl Azərbaycanda seçkilərdə olmuşam. Bu iki prosedur arasında böyük fərq gördüm. İndi seçkilər daha sakit keçir. Bütün işlər daha yaxşı təşkil edilib, komissiya daha peşəkar səviyyədə işləyir".

Latviyalı müşahidəçi Dainis Turlais rəsmi statistik məlumatlar elan edilənə qədər seçicilərin fəallığı barədə hər hansı bəyanat verməyə tələsmir. O deyir: "Hələ tezdir, bu, qəhvə ilə fala baxmağa oxşayar". Bununla belə, Turlais qeyd edib ki, hava şəraitinin pis olmasına baxmayaraq, seçicilərin fəallığı çox yüksək idi.

29 saylı dairənin 4 saylı məntəqə-seçki komissiyasının sədri Lalə Əliyeva deyir ki, seçkilərə bir həftə qalmış səsvermənin nə vaxt və harada keçiriləcəyi barədə seçicilərə məlumat verilib. Vətəndaşlar adi bildiriş almaqla bərabər, öz seçki məntəqələri haqda internetin və televiziyanın köməyilə də məlumat ala bilərdilər. Çoxları qeyd edir ki, parlament seçkiləri ərəfəsində ölkə sakinlərinin üzərinə tonlarla siyasi reklam yağdırılmayıb, lakin namizədlər haqqında informasiyanın məhdud olduğunu da deməyə əsas yoxdur. Azərbaycanlılar bu məsələyə şüurlu şəkildə yanaşaraq, yüksək fəallıq göstəriblər.

Yerli sakinlərdən biri deyir: "Bizim bütün ailəmiz səs verib. Oğlum və gəlinim səsverməyə gedən vaxt mən nəvələrimlə qaldım, sonra isə özüm məntəqəyə gəldim. Mən öz Prezidentimə, öz dövlətimə hörmət edirəm. Seçkilər ərəfəsində namizədlər haqqında tam informasiya almışıq, hər birimiz kimə səs verdiyimizi bilirik".

Rusiyalı müşahidəçilər seçicilərin bu məsələyə məsuliyyətlə yanaşmasını xüsusi vurğulayıblar. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskaya deyib: "Seçicilər bildirirlər ki, onlar namizədlərin proqramlarilə tanış olublar, bu insanları tanıyırlar və öz meyarlarına uyğun olaraq şüurlu seçim edirlər. Seçicilərdən tez-tez eşidirdik ki, onlar səs verməyə borcludurlar, çünki bu, onların öz ölkəsidir və onun gələcəyini onlar müəyyən edirlər".

Qərbli ekspertlər Azərbaycanda keçirilən seçkiləri kəskin tənqid etməyə ciddi hazırlaşmışdılar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərə öz missiyasını göndərməkdən imtina etməsilə əlaqədar, yaxın günlərdə baş vermiş qalmaqal buna əyani sübutdur. Lakin Azərbaycan bu prosedura çox ciddi yanaşdığını nümayiş etdirdi. Çoxlu sayda əcnəbi və yerli müşahidəçi dəvət olundu. Bu prosesi izləməyi arzu edən adi vətəndaşlar yerli müşahidəçi kimi çıxış edə bilərdi. Seçki məntəqələrinin təqribən 20 faizi videomüşahidə kameralarilə təchiz edilib. Bundan əlavə, ölkədə təkrar səsvermə hallarının qarşısını almaq üçün müvafiq tədbirlər görülüb. Seçicilərin barmağına xüsusi ziyansız məhlul vurulur, sonra onlara seçki bülleteni verilirdi.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Duması deputatlarından ibarət nümayəndə heyətilə birlikdə seçkilərin gedişini müşahidə etmiş Dmitri Savelyev deyir: "Mən əvvəlcədən əmin idim ki, Azərbaycanda seçkilər şəffaf olacaq, orada bu məsələyə məsuliyyətlə yanaşacaqlar. Lakin reallıq mənim gözlədiyimdən də artıq oldu, Azərbaycandan öyrənməli olduğumuz məsələlər var. O cümlədən, barmaqların yoxlanması təcrübəsindən bəhrələnməyə dəyər".

Təbii ki, şəffaf seçki, demokratik dəyərlərin tam bərqərar olması deməkdir və qürurverici haldır ki, Azərbaycan dövləti belə bir şərəfli missiyanı çox qısa müddətdə yerinə yetirə bildi. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirməkdir. Bunun üçün təkcə iqtisadi inkişaf deyil, həm də demokratik islahatlar davamlı olmalıldır. Demokratik inkişaf sahəsində qabaqcıl dövlətlərin onilliklər boyu keçdikləri inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə keçən Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Ölkə rəhbərinin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində də məhz milli ideyaların gerçəkləşdirilməsi dayanmışdır.

Dövlət başçısının ötən 12 ildə yürütdüyü siyasət deməyə əsas verir ki, respublikamız davamlı iqtisadi inkişafa və demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir. Odur ki, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Dövlət başçısı bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli- strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla çatan Azərbaycan özünəməxsus milli inkişaf modelilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir.

Eyni zamanda, ölkəmizdə demokratikləşmə, insan hüquq və azadlıqlarının təsbit edilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də azad və şəffaf seçki mühitinin yaradılmasıdır. Ölkə rəhbərliyi həmişə azad və demokratik seçkinin mütərəqqi, bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir.

Xüsusən, partiyalararası sağlam siyasi rəqabət, konstruktiv müxalifət, milli maraqlarla bərabər, bəşəri dəyərləri fəaliyyətində əsas tutan qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin inkişafı da Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritetlərindəndir. Bu günədək 55 siyasi partiya qeydiyyatdan keçib. Cəmiyyətin hər bir üzvünün hansısa birlik, ittifaq, dərnək yaratmaq, ictimai həyatda fəal iştirak etmək hüququ ölkə Konstitusiyası və qanunlarilə təsbit olunub. Azərbaycanda vətəndaşların sosial və iqtisadi hüquqları müasir dövrün prinsiplərinə uyğun təmin olunur. Eyni zamanda, bütün bu sahələrin müvafiq mexanizmləri də dinamik bir formada təkmilləşir və inkişaf edir.

Məhz bu uğurlu kursun məntiqi davamı olaraq xalq Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətini dəstəkləyir, onunla həmişə birlik nümayiş etdirir. Elə bunun nəticəsidir ki, ölkədə keçirilən bütün sçkilərdə Cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası qələbələr qazanır.

1 noyabr Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə də YAP-ın namizədlərinin mütləq çoxluğunun qələbəsi labüd idi və xalqın siyasi iradəsini əks etdirirdi.

"Səs" Analitik Qrupu

Digər xəbərlər