PDF Oxu

Araşdırma

  • 1 961

Azərbaycanda siyasi və sosial-iqtisadi sabitliyin qarantı Prezident İlham Əliyevdir

Azərbaycanda siyasi və sosial-iqtisadi sabitliyin qarantı Prezident İlham Əliyevdir

Prezident İlham Əliyev: "Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib"

Milli Təhlükəsizlik Nazirliyi və bu qurumla iş birliyi quran banklarla bağlı aparılan araşdırmalar, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cinayətlər törədən vəzifəli şəxslərin müəyyən müddətlərə azadlıqdan məhrum edilmələri, maddi maraqları naminə ölkədə yaradılan biznes mühitinə xələl gətirənlərə qarşı ittihamların irəli sürülməsi, yoxlamalardan istifadə edərək iş adamlarından təhdid, təsir və təzyiq vasitəsilə küllü miqdarda mənimsəmələrə yol verənlərə qarşı ciddi tədbirlərin görülməsi ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanmışdır. Korrupsiyaya, inhisarçılığa, rüşvətxorluğa qarşı mübarizənin davamlı olacağını bildirən və bu istiqamətdə ciddi addımların atılmasına nəzarəti gücləndirən Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin, qeyri-qanuni hallara qarşı barışmaz mübarizəsinin nəticəsidir ki, ölkədə ədalətin bərqərar olması, məmur-vətəndaş münasibətlərinin yaxşılaşdırıması istiqamətində önəmli addımlar atılmışdır.

Bununla yanaşı, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsinin Milli Məclisdə təsdiqlənməsi, noyabrın 1-dən qüvvəyə minməsi ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün əlavə stimul yaradacaq. Sahibkarlıq obyektlərində qeyri-qanuni, əsassız yoxlamaların 2 il müddətinə dayandırılmasına yönəlmiş qanuna görə, bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlara zidd hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən, müəyyən məhdudiyyətlər nəzərə alınmaqla aparıla bilər.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda siyasi və sosial-iqtisadi sabitliyin qarantı Prezident İlham Əliyevdir. Məhz Zaqatala rayonuna və Şəki şəhərinə səfəri zamanı bir daha sahibkarlara qarşı qərəzli münasibəti yolverilməz hesab edən Prezident İlham Əliyev bir daha bildirmişdir ki, üç istiqamət üzrə davam etdirilən korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaq: "Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı, bəzi hallarda əllərindən alınıb. Onlardan küllü miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. O ki qaldı dövlət məmurlarına- vəzifəli şəxslər öz vəzifə borcunu şərəflə yerinə yetirsinlər, nöqsanlara yol verməsinlər, insanları incitməsinlər, əsassız tələblər irəli sürməsinlər. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz".

Ötən illərin təcrübəsi göstərdi ki, hər bir ölkənin milli, iqtisadi təhlükəsizliyi müəyyən mənada özəl bölmənin inkişafı ilə də bağlıdır. Çünki hansı ölkədə biznesin inkişafı üçün şərait yaradılmırsa, sahibkarlar, iş adamları istehsal etdikləri məhsulu satmaq üçün xarici bazarlara üz tutacaq. Beləliklə, kapital başqa bir dövlətin iqtisadiyyatının inkişafına, yəni milli təhlükəsizliyinə xidmət edəcək. Belə halların baş verməməsi üçün dövlət sahibkarlara hüquqi, maddi- mənəvi dəstəyini daim artırır. Bu qayğının müsbət nəticələri göz qabağındadır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladıqları "Doinq Business-2016: Tənzimləyici Sahədə Keyfiyyət və Səmrəliliyin Qiymətləndirilməsi" Hesabatında sahibkarlıq fəaliyyətinin aparılmasının ümumi reytinqində dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olan Azərbaycan 100 mümkün xaldan 67,8 bal toplayaraq 63-cü yeri tutur. Ölkəmiz hesabatın "Biznesə başlama" göstəricisi üzrə dünyanın ilk onluğuna daxil edilib. Təbii ki, bu uğurlar dövlətin özəl bölməyə göstərdiyi diqqətin nəticəsidir. Qlobal iqtisadi böhran şəraitində belə elmi əsaslara söykənən Azərbaycan iqtisadiyyatının 6, qeyri-neft sektorunun dünyada nadir hadisə olan 9 faiz artımı da göstərir ki, 2004-cü ildən başlayaraq konkret vəzifələrin qeyd edildiyi və müddətli konkret proqramların əks olunduğu, bu gün də davam etdirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsas mahiyyətini də neftdən əlavə, gəlir gətirəcək özəl sektorun inkişafı təşkil edir.

Qanunvericilik bazasının təkmilləşdirilməsi, qeyri-qanuni yoxlamaların qarşısının alınması, iş adamlarına dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, "bir pəncərə" prinsipinin tətbiqinəticəsində regionlarda biznes mühiti formalaşmışdır. Güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilmiş, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilmiş, 24-ü üzrə işlər davam etdirilir. Son on il ərzində bölgələrdə 1200-dən çox obyekt istifadəyə verilib. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən cari ilin 9 ayında 4.250 sahibkara 160 milyon manat güzəştli kredit verilmiş, yeni iş yerinin yaradılması imkanları artırılmışdır. Kreditlərin 47 faizi büdcə, 53 faizi isə qaytarılmış vəsaitlər hesabına verilmişdir. İlin sonunadək daha 220 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.Əhalinin məşğulluqla təminatında özəl sektorun payı 74 faizə qaldırılmış, ÜDM-də xüsusi çəkisi 80 faizi ötmüşdür. Son illərdə regionlarda 500-dən çox sənaye müəssisəsi istifadəyə verilmişdir. 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının başlıca vəzifələrindən biri də özəl bölmənin inkişafı, strateji vəzifə isə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzlərinin yaradılması müsbət təcrübə kimi təbliğ olunur. Azərbaycan brendi, məhsulu və ixtirası olan "ASAN xidmət" İKT sahəsində əldə olunmuş ən müasir texnologiya, yenilikdir. Korrupsiya və rüşvətxorlğa qarşı mubarizədə ən etibarlı vasitə kimi özünü doğruldan "ASAN xidmət"dən 6 milyondan artıq insanın istifadə etməsi bu yeniliyin dəstəklənməsidir. Bu qurumun funksiyasına daxil olan yenilik kimi lisenziyaların verilməsində, gömrük sahəsində yeni, sadələşdirilmiş qaydaların tətbiqilə sahibkarların səmərəli fəaliyyəti üçün əlavə imkanlar yaranacaq. Xüsusilə lisenziyaların verilməsi, vergi rusumlarının tutulması sahəsində müşahidə olunan neqativ hallara qarşı barışmaz olacağını bildirən Prezident İlham Əliyev tələb edir ki, sahibkarlara maksimum sərbəstlik verilməlidir.Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamların tətbiqində də məqsəd budur ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın.

Sahibkarlara qarşı ədalətsiz yoxlamalarda bəzi qurum və məmurların səbəb kimi istifadə etdikləri lisenziyaları pul mənbəyi, qanunsuz varlanma metodu adlandıran Cənab İlham Əliyevin əsas tələblərindən biri də lisenziyaların sayının azaldılması, bu sahədə daha etibarlı və ədalətli prosedur qaydalarının tətbiqinə nail olunmasıdır: "Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq".

"Səs" Analitik Qrupu

Digər xəbərlər