PDF Oxu

Araşdırma

  • 2 582

"Müsəlman Birliyi Hərakatı" Talibanın, İŞİD-in və "Əl-Qaidə"nin törəməsidirmi?

"Müsəlman Birliyi Hərakatı" Talibanın, İŞİD-in və "Əl-Qaidə"nin törəməsidirmi?

Taleh Bağırzadə və Elçin Qasımov kimilərin, əslində nəyə və kimə qulluq etdikləri bəllidir

Azərbaycan tarixən milli və dini tolerantlığın mərkəzi olub. Dinlərin və mədəniyyətlərin birləşdiyi məkan kimi tanınan Azərbaycan bu gün də bu şərəfli missiyanı layiqincə yerinə yetirir. Ölkəmizdə minilliklər ərzində etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, müxtəlif dinlərin nümayəndələri dostluq, əmin-amanlıq şəraitində yaşayıblar. Müasir dövrdə isə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş tolerantlıq siyasəti hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Multikulturalizmin həyat tərzinə çevrildiyi ölkəmizi bütün dünyada yüksək tolerantlıq məkanı kimi qəbul edirlər. Qətiyyətlə demək olar ki, bu gün Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib. Lakin Azərbaycanın bu uğurlarını həzm edə bilməyən bəzi anti-Azərbaycan qüvvələri ölkədə dini-siyasi sabitliyi pozmaq üçün dini təriqətlərdən, sektalardan, radikal-ekstremist ideologiyalı qruplaşmalardan istifadə edirlər. Bu məqsədlə gənclərdən böyük ustalıqla yararlanırlar. Cəmiyyətdə vəhhabilər kimi tanınan sələfilər, protestant baptistlər, "İxtusçular" "Yeqovo" şahidləri yeniyetmə və gənclər arasında apardıqları məkrli təbliğat vasitəsilə onlarda dini dözümsüzlük, başqa əqidəli insanlara qarşı inamsızlıq hissləri aşılayırlar.

Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Azərbaycanda islami dəyərlərin yenidən yayılması, möhkəmlənməsi özlüyündə təbii və müsbət bir hal olsa da, yaranmış fürsətdən sui-istifadə etmək istəyənlər də oldu və onlar bu gün də var. Bu qüvvələrin mərami isə dinin təbliği yox, mənəviyyatın zəhərlənməsi ilə dövlətin əsaslarını sarsıtmaqdır. Hər nə qədər özlərini dinin təəssübkeşi kimi təqdim etməyə çalışsalar da, Taleh Bağırzadə və Elçin Qasımov kimilərin, əslində nəyə və kimə qulluq etdikləri bəllidir. Onların çıxışlarına diqqət yetirmək kifayətdir. Çıxışları çağırışları birmənalı olaraq xaos yaratmağa, dövlətçiliyi sarsıtmağa və ixtişaşa yönəlib. "5-ci kolon" olmaq xəyalı ilə yaşayan bu adamlar bununla da sifariş aldığı dairələrin gözündə necə deyərlər, yuxarı qalxmaq istəyir.

Təqib edildiklərini iddia edən bu şəxslərin çıxışlarında işlətdikləri ifadələr xeyli diqqət çəkir. Məsələn özünü "Müsəlman Birliyi Hərakatı" kimi təqdim edən, bu qeydiyyatdan keçməmiş təşkilatın sosial şəbəkələrindəki çağırışlarına nəzər salsaq, onların həqiqi mahiyyətini daha aydın görərik. Polis idarələrini talan etmək, dağıtmaq, dövlət qurumlarını alt-üst etmək, məmurları döymək, öldürmək, kimi ifadələrin yer aldığı nitqlər, ABŞ-da Avropa ölkələrində hətta Rusiya və digər ölkələrdə bir başa terrora və çevrilişə çağırış kimi qiymətləndirilir və cinayət tərkibi daşıyır. Amma gəl gör ki, Taleh Bağırzadə fəaliyyətlərini Konstitusiya çərçivəsində "sivil mübarizə" adlandırır.

Elə bu günlərdə Sabunçu rayon polis idarəsinin qarşısında Taleh Bağırzadənin rəhbəri olduğu "Müsəlman Birliyi Hərəkatı" adlanan təşkilatın üzvlərinin dövlət və millət əleyhinə müxtəlif radikal çağırışlar etmələri bunun əyani sübutudur. Əslində, özünü "Müsəlman Birliyi Hərəkatı" adlı dövlət qeydiyyatından keçməmiş təşkilatın sədri elan etmiş Taleh Bağırzadənin fanatizm dərəcəsində siyasi radikal nümayiş etdirməsi insanların dini və təriqət seçimi azadlığına qarşı təhdiddir. Bu üzdəniraq dini-siyasi radikallara qarşı hüquq-mühafizə orqanlarının qanun çərçivəsində atdığı addımları cəmiyyətimiz birmənalı olaraq dəstəklədi.

Taleh Bağırzadə kimilərinin təhlükəli səyləri nəticəsində neçə-neçə gəncimiz xaricdə anti-Azərbaycan yuvalarında dini-siyasi kurs və təlimlərə cəlb olunub. Onların çıxışlarından və bəyanatlarından açıq görünür ki, siyasi-mütəşəkkil, radikal-islamçı ideoloqlar və onların itaətkarları dövlətçilik və milli birliyimizi sərt təhdid edir. Taleh Bağırzadə kimilərin təsirlərinə saldıqları gənclərə vəd etdiyi cəmiyyətlər utopiyadan başqa bir şey deyil. Reallıqda isə radikalların qurduğu cəmiyyətləri "Taliban"ın, İŞİD-in, "Əl-Qaidə"nin simasında bütün dünya görür. Belə bir sual ortaya çıxır, Taleh Bağırzadələr olmayanda ölkədə islam yox idimi, açıq- aydın görünür ki, onların fəaliyyəti islamı təbliğ etmir, əksinə onu gözdən salır insanları bu səmavi dindən uzaqlaşdırır. Əslində, onların əsl missiyası da elə bundan ibarətdir.

Ona görə də, ölkəmizdəki yüksək tolerantlıq mühitindən sui-istifadə edərək din adından çıxış edən ən müxtəlif sekta, məzhəb, qrup və birliklərin mahiyyəti aydınlaşdırılmalı, mənbəyi müəyyənləşdirilməli, onların qaranlıq fəaliyyətlərinin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. İlk növbədə, dini sağlamlığın qorunması, cəmiyyətin həqiqi dini əqidəyə yiyələnməsi üçün aidiyyəti qurumlar dini maariflənmə işlərini lazımi səviyyədə aparmalıdırlar.

Qətiyyətlə demək olar ki, dini maariflənmə prosesinin yalnız din xadimləri tərəfindən idarə olunması qəbul oluna bilməz. Bu sahədə orta və ali məktəblərin rolu gücləndirilməli, dini məktəblərin tədris proqramları Təhsil Nazirliyi ilə razılaşdırılmalı, bu işə islamşunas alimlər, filosof, kulturoloq və sosioloqlar cəlb olunmalıdır. Əgər bu tədbirlər lazımınca həyata keçirilərsə, gənclərimiz hələ orta məktəb illərindən həqiqi dini biliyə sahiblənərlər. Yalnız həqiqi dini maariflənmə gənclərimizi məkrli qüvvələrin, saxta təriqət və sektaların yemi olmaqdan azad edər. Məhz o zaman gənclərimiz islam dininin həqiqi mahiyyətinə və Qurani-Kərimin məzmununa zidd, cəfəngiyyatlarla dolu "dini" məzmunlu zərərli ədəbiyyatla beyinlərini zəhərləyənlərə qarşı barışmaz olarlar.

Bu gün ölkəmizdəki demokratik cəmiyyətin əsas prinsiplərindən olan tolerantlıqdan, dini plüralizmdən, fikir, vicdan azadlığının verdiyi imkanlardan istifadə edib sosial, dini və ideoloji dözümsüzlük aşılayaraq, cəmiyyətdə dini əlamətlərə görə fərqlilik, ayrı-seçkilik yaradan, dini din olmaqdan çıxararaq, ideologiya və siyasətin vasitəsinə çevirmək istəyənlərə qarşı həqiqi inanclı insanların, bütövlükdə cəmiyyətimizin ayıq olması vacibdir. Bu gün cəmiyyətimiz və dinimiz var gücü ilə yad təsirlərdən qorunmalıdır. Milli-mənəvi dəyərlərimizə, mədəni köklərimizə bağlılıq istiqamətində aparılan mübarizə elmi-nəzəri və praktiki əsaslara malik olmalıdır. Elm, təhsil yolu, vətəndaşlıq, azərbaycançılıq, vətənpərvərlik tərbiyəsi ilə cəmiyyət həyatına daxil olan yad təsirlərdən qorunmaq üçün insanlarda özünümüdafiə bacarığı formalaşdırılmalıdır. Yalnız bu yolla Vətənimizin bütövlüyünü, xalqımızın birlik və bərabərliyini qoruya bilərik.

"Səs" Analitik Qrupu

Digər xəbərlər