PDF Oxu

Araşdırma

  • 2 029

Azərbaycanda bütün azadlıqlar təmin edilib

Azərbaycanda bütün azadlıqlar təmin edilib

Prezident İlham Əliyev: "Anti-Azərbaycan qüvvələr, erməni lobbisi ilə idarə olunan bəzi xarici riyakar siyasətçilər də Azərbaycan reallıqlarını görüb, əlbəttə ki, məyus olurlar"

"Anti-Azərbaycan qüvvələr, erməni lobbisi ilə idarə olunan bəzi xarici riyakar siyasətçilər də Azərbaycan reallıqlarını görüb, əlbəttə ki, məyus olurlar. Biz öz yolumuzla gedirik, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Heç bir ölkə qarşısında bizim öhdəliyimiz yoxdur, ola da bilməz. Beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrdə daim öz mövqeyimizi ifadə edirik. Bəlkə bu da bəzi xarici dairələrin xoşuna gəlmir. Bəlkə kimsə gözləyir ki, Azərbaycan susacaq, yaxud da öz mövqeyini bildirməyəcək. Xeyr! Görürük ki, harada ədalət pozulur, görürük ki, təkcə bizə qarşı yox, ümumiyyətlə, harada ikili standartlar mövcuddur biz sözümüzü deyəcəyik". Prezident İlham Əliyevin Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclasında söylədiyi bu fikirlər istər ölkə daxilində, istərsə də xaricində aparılan qərəzli təbliğatın əsasında hansı amillərin dayandığına bir daha işıq salır.

Heç kəsə sirr deyil ki, bu gün Azərbaycanın uğurlarını həzm edə bilməyən müəyyən qərəzli qüvvələr reallıqdan uzaq olaraq bildirirlər ki, guya Azərbaycanda demokratiya, insan hüquqları pozulur, Azərbaycan hansısa, meyarlara cavab vermir. Amma reallıq budur ki, Azərbaycanda bütün azadlıqlar təmin edilib. Azad cəmiyyət formalaşıb. Hər kəs azaddır. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet mövcuddur. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilib. Ölkə Prezidentinin vurğuladığı kimi, ancaq bizi ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxaq: "Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilibdir. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar, vermirlər? Nə üçün qətnamələr qəbul etmirlər? Bax, bu suallara cavab almaq çox çətindir. Mən həm xarici həmkarlarımla, həm beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu sualları açıq şəkildə onların üzünə deyərək verirəm. Bəlkə buna görə də Azərbaycana qarşı təzyiqlər daha da kəskinləşir. Əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür. Budur bugünkü reallıqlar. Ona görə biz buna hazır olmalıyıq və biz hazırıq. Biz ölkəmizi gücləndiririk, ölkəmizi inkişaf etdiririk."

Azərbaycan bu gün dünya üçün əhəmiyyətli ölkəyə çevrilib. Azərbaycanı beynəlxalq aləmdə dəstəkləyən ölkələrin sayı artır. Ölkəmizin 155 dövlətin dəstəyini qazanaraq dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini önə çəkən Ölkə Prezidenti bu fonda bildirir ki, qoy bizi ittiham etməyə çalışan ölkələr 155 ölkənin dəstəyi ilə seçilsinlər görək, necə seçilirlər. Budur reallıq.

Bu fikri təkrarən qeyd etməyə məcburuq ki, beynəlxalq əhəmiyyətli tədbirlər, eyni zamanda seçkilər ərəfəsində və ondan sonra daxili və xarici bədxahlarımızda bir "canlanma" müşahidə olunur. Azərbaycanın Avropadan "çəkindiyini" bildirən və tabeliklərində olan mətbu orqanlarda manşetə çıxaran daxili ünsürlərə dövlətimizin siyasətində müstəqil olduğunu, heç bir qüvvənin diktəsi ilə oturub-durmadığını bir daha xatırlatmaq istərdik. Xarici anti-Azərbaycan qüvvələrin əllərində oyuncağa çevrilən daxili bədxahlarımız öz maraqlarına və sifarişlərə uyğun olaraq ölkə reallıqlarına qara eynəkdən baxsalar da, yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyündən xəbərsiz deyillər.

Hər halda bu gün başqalarına "demokratiya dərsi" keçməyə çalışan dövlətlər, onları təmsil edən təşkilatlar özlərində cərəyan edən proseslərə diqqət yetirsələr, daha yaxşı olar. Demokratiyanın mahiyyətini dərk etməyən, ədalət prinsipini öz maraqlarına uyğun müəyyənləşdirən bir dövlətin, təşkilatın başqasından demokratik dəyərlərə sadiq olmağı tələb etməsi gülünc deyilmi? Çox təəssüflər olsun ki, bəzi dövlətlər, qurumlar "demokratiyaya dəstək" adı altında daxili işə müdaxiləni sanki özləri üçün bir fəaliyyət istiqaməti qəbul ediblər. Qarşılıqlı əməkdaşlıq fonunda hər bir ölkənin malik olduğu imkanların, inkişaf strategiyasının öyrənilməsinin dövlətlər və xalqlar arasında inkişafa, tərəqqiyə təsir göstərən addım kimi dəyərləndirsək də, məqsədli şəkildə müdaxilələrin, cəhdlərin, ən əsası öz gözündə tir görməyib, başqasında çöp axtarmağın tərəqqiyə heç bir aidiyyəti olmadığının da fərqindəyik. Dövlətimizin başçısı İlham Əliyev Milli Məclisin ilk icalsında bir daha bəyan etmişdir: "Biz özümüzü xarici müdaxilədən qoruya bilirik, qoruya bilmişik. Öz seçimimizi müdafiə edirik, heç kimin işinə qarışmırıq, amma heç kimə imkan vermirik ki, bizim işimizə qarışsın və bizə ziyan vursun. Çünki bizim işimizə qarışmaq istəyən ancaq bu məqsədlə qarışmaq istəyir. Bəzi hallarda elə ifadələr işlədilir ki, Azərbaycana kimsə kömək etmək istəyir. Mən həmişə öz tərəfdaşlarımla görüşlər əsnasında deyirəm ki, bizə kömək etmək lazım deyil. Əgər lazım olarsa, biz xahiş edərik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə heç kim kömək etmir, baxmayaraq, gün kimi aydındır ki, kimdir günahkar, kimdir bu işğalın qurbanı. Ona görə biz daxili təhlükəsizliyi təmin edəcəyik. Heç bir kənar qüvvənin təsiri Azərbaycanda mümkün deyil. Bunu bütün ictimaiyyət bilməlidir və bilir. Gələcəkdə belə cəhdlər olarsa, əlbəttə ki, ciddi cavab, adekvat cavab veriləcəkdir".

Daim qeyd etdiyimiz kimi, bu müdaxilələr o zaman normal qəbul oluna bilər ki, irəli sürülən təkliflər, ideyalar qərəzdən, inkardan uzaq olsun, atılan addımlarda ədalət meyarı qorunsun. Qərb "demokratiyaya dəstək" adı altında göstərdiyi səylərin, cızdığı ssenarilərin sonda hansı uğursuzluqlara, faciələrə yol açdığının fərqində olsa, düşünürük ki, baş verən olaylardan nəticə çıxarar, hər bir ölkəyə vahid meyarlarla yanaşar. Bu fikir bu gün beynəlxalq səviyyədə də təsdiq edilir ki, hazırda dünya iqtisadi və maliyyə böhranı ilə yanaşı, beynəlxalq hüquq problemini yaşayır. Beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, bu prinsiplərin bütün dövlətlərə eyni şəkildə tətbiq olunmaması dünyanın ikili siyasətinin son həddə çatmasından xəbər verir.

Bir sözlə, bu gün Azərbaycan sosial-iqtisadi sahədə olduğu kimi, siyasi-hüquqi sferada da inkişaf edir, ölkəmizdə vətəndaş cəmiyyəti formalaşıb və qanunun aliliyi təmin edilib. Bu baxımdan da, istənilən qərəzli dairənin şər və böhtanları əsassız qalacaq, heç bir nəticəsi olmayacaqdır.

"Səs" Analitik Qrupu

Digər xəbərlər