Qəsəbənin problemlərinin həlli, abadlıq-quruculuq işləri, mədəni həyatın inkişafı, sosial rifahın artırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılmaqda davam etdiriləcək
Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qarşısında yeni-yeni imkanlar açmaqla yanaşı, inkişaf modelinin dünya ölkələri üçün cəlbediciliyini şərtləndirir və əlbəttə ki, Azərbaycan dünyada sabitlik adası, iqtisadi möcüzələr ölkəsi kimi tanınır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanın inkişaf modeli çox ölkələr üçün diqqətçəkəndir və öyrənilməsinə xüsusi diqqət göstərilir. Azərbaycanın hərtərəfli inkişafını qarşıya mühüm vəzifə kimi qoyan Prezident İlham Əliyev bu məqsədə yüksək səviyyədə nail olmaq üçün regionların potensialından səmərəli istifadəni xüsusi olaraq qeyd edib. Məhz bu gün istər regionların, istərsə də Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində Azərbaycan böyük quruculuq meydançasını xatırladır. Dövlət başçısı İlham Əliyev bildirir: "Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai-siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır".
Dağıdıcı ünsürlərin və onların tabeliyində olan mətbu orqanların Nardaran kəndində yaşananları öz maraqlarına uyğun şərh etmələri ilə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından Nardaranın kənarda qaldığını iddia etməklə ictimai fikri çaşdırmaq istəyirdilər. Reallıq budur ki, Nardaran qəsəbəsi uzun müddət spesifik "qanun"larla yaşamış, ümum-Azərbaycan sosial-mədəni mühitindən təcrid olunmuş orta əsrlər "anklavı" təəssüratı bağışlamışdır. Bu kəndin sakinləri dövlətin Konstitusion quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli tətbiq etmişdi. Vəziyyətin son dərəcə qəbuledilməz olduğunu göstərən amillərdən biri də kənddə yerli icra hakimiyyətinin və bələdiyyənin fəaliyyətinə imkan verilməməsi, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının yerli bölmələrinin yaradılmasına süni maneələrin yaradılması idi. Vəziyyətdən sui-istifadə edən bir sıra şəxslər kəndin sosial şəraitinin normal səviyyədə olmamasını bəhanə edərək hadisələrin səbəblərini bununla izah etməyə çalışırdılar. Təbii olaraq bütün bunlar bir sıra mənfi xarakterli tendensiyaların formalaşmasına zəmin yaratmış, Nardaran müasir və inkişaf edən Azərbaycanın reallığına tamamilə zidd olan bir məkana çevrilmişdi. Bu səbəbdən də kənd həm də terrorun, radikal ekstremizmin gizli yuvasına çevrilmişdi.
Paytaxt və böləgələrin, hər bir kəndin, qəsəbənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönələn addımlar da ölkəmizin iqtisadi imkanlarına əsaslanır. Bu baxımdan qeyd edə bilərik ki, Nardaran qəsəbəsi də bu diqqət və qayğıdan kənarda deyil. Qəsəbədə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, mədəni-sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində də addımlar atılmaqdadır. Belə ki, nəqliyyat sistemi yenidən təşkil edilmiş, böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın ailəyə işıq verilməsi bərpa olunmuşdur. Azərbaycan hökuməti "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azəriqaz" İstehsalat Birliyi və "Azəravtoyolservis" Səhmdar Cəmiyyəti rəhbərliklərinə qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar vermişdir. Bununla yanaşı, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Nardaran qəsəbəsinin abadlaşdırılması, buradakı sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılmışdır. Bu vəsait ilkin məbləğdir, qəsəbənin problemlərinin həlli, abadlıq-quruculuq işləri, mədəni həyatın inkişafı, sosial rifahın artırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılmaqda davam ediləcək. Təbii ki, addımların davamlılığı iqtisadi imkanlarımızın artmasına, iqtisadi göstəricilərin təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasına əsaslanır.
"Səs" Analitik Qrupu