PDF Oxu

Araşdırma

  • 1 688

Sahibkarlığın inkişafı dövlətimizin prioritetidir

Sahibkarlığın inkişafı dövlətimizin prioritetidir

Hər bir ölkənin yüksək inkişafında onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas meyar seçən Azərbaycan hökumətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət daşıyır.

Bu, bir faktdır ki, sahibkarlığın dəstəklənməsi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir. Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, özəl sektorun inkişafına dövlət qayğısı nəticəsində sahibkarların sayı sürətlə artır, ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr açılır, ölkə iqtisadiyyatına investisiya qoyuluşu genişlənir. Azərbaycanın iş adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq, uğurla fəaliyyət göstərirlər.

Prezident İlham Əliyev bütün çıxış və nitqlərində qeyd edir ki, ölkəmizin inkişafı sahibkarlığın inkişaf etdirilməsinə bağlıdır. Sahibkarlığın inkişafı ilə bağlı ölkə başçısı tərəfindən imzalanan sərəncam və fərmanlar, görülən tədbirlər, həyata keçirilən işlərin səmərəliliyi və intensivliyi bunun əyani sübutudur. Bu gün respublikamızda iqtisadiyyatın dinamik inkişafı, sürətli artım tempi məhz qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsi üçün mövcud hüquqi bazanın möhkəmləndirilməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması aparılan əsaslı islahatların məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin son illərdə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı", "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Ölkə başçısının 2014-cü ildə "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı Fərman sahibkarlar üçün əlverişli biznes mühitinin yaxşılaşdırılması, lüzumsuz tələblərin, maneələrin aradan qaldırılması baxımından mütərəqqi əhəmiyyətə malikdir. Həmin Fərmanda biznesin qeydiyyatından başlamış, tikintiyə icazələrin alınması, elektrik şəbəkəsinə qoşulma, əmlak hüququnun qeydiyyatı, idxal-ixrac əməliyyatı, kredit resurslarına çıxış imkanları, müqavilələrin bağlanması və onların icrası istiqamətində müvafiq işlər görülməsi öz əksini tapır.

Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsi davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, Bakı 5 saylı "ASAN xidmət" Mərkəzində, həmçinin Sumqayıt və Bərdə "ASAN xidmət" mərkəzlərində bina və qurğuların tikinti-quraşdırma işləri, dağ və buruq qazmalarının aparılması, dağ-mədən işləri, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının, baytarlıq preparatlarının satışı, qiymətli metalların və qiymətli daşların dövriyyəsi, tibb və əczaçılıq fəaliyyətləri, avtomobil nəqliyyatı ilə şəhərlərarası (rayonlararası), şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları, ölkədaxili yük daşımaları sahələrində fəaliyyət göstərən sahibkarlara lisenziyalar təqdim edilib.

Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün verilən lisenziyaların sayının azaldılması və bəzi fəaliyyət növləri üçün müddətsiz lisenziyaların verilməsi ilə bağlı yeni təkliflər Prezident Administrasiyasına təqdim edilib. Bu barədə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında "Lisenziyalar və icazələr haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov məlumat verib. Qeyd edib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, hazırda 59 fəaliyyət növü lisenziyalaşdırılır. Belə ki, alt sahələrlə birlikdə lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 107-yə çatır. Prezident Administrasiyasına təqdim olunan təkliflərdə bu lisenziyaların sayının azaldılması nəzərdə tutulub. Həmin təkliflərdə lisenziya və icazələr üçün ödənişlərin azaldılması da öz əksini tapıb. Regionlar ilə paytaxt Bakı arasında differensial yanaşmanın tətbiq olunması məsələsi də verilən təkliflər arasında öz yeniliyi ilə fərqlənir.

Ölkəmizdə sahibkarlığın inkişaf etdirlməsi ilə bağlı həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar və nüfuzlu xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Bir müddət bundan əvvəl Dünya Bankı tərəfindən dərc olunmuş "Doing Business 2016" hesabatında 189 ölkə üzrə sahibkarlığın inkişafının istiqamətləri, biznes mühitinin əlverişliliyi, biznesə başlamaq prosedurların sadəliyi qiymətləndirilmiş və eyni zamanda ölkələr arasında vəziyyət müqayisə edilmişdir. Məhz ölkə başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmiz bu hesabatda mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci yerdən 63-cü yerə yüksəlib.

Əlbəttə ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı görülən işlərin sürəti bundan sonra daha da artırılacaqdır. Çünki sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəkdir.

Bir sözlə, bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda, dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin.

"Səs" Analitik Qrupu

Digər xəbərlər