PDF Oxu

Araşdırma

  • 1 697

Azərbaycan bu gün dünya miqyasında öz güclü yerini tutmuş ölkədir

Azərbaycan bu gün dünya miqyasında öz güclü yerini tutmuş ölkədir

Prezident İlham Əliyev: "Elə bir qüvvə yoxdur ki, bizi nəyəsə məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb etsin ki, bu da bizim maraqlarımıza uyğun olmasın"

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra onu qorumaq və möhkəmləndirmək yolunda olduqca ağır sınaqlarla qarşılaşıb, bu istiqamətdə gərgin mübarizə aparıb. Yerləşdiyi coğrafi məkan baxımından dünya siyasətinin formalaşmasına həlledici təsir imkanlarına malik olan ölkəmiz həm də bir sıra beynəlxalq güclərin ağır təzyiqləri və təsirlərinə ləyaqətlə sinə gərməyi bacarıb. Bu gün istər Qafqaz bölgəsində, istərsə də bir sıra Şərqi Avropa ölkələrində, o cümlədən Ukraynada cərəyan edən hadisələrə müqayisəli şəkildə yanaşdıqda, Azərbaycanın gərgin geosiyasi oyunlardan öz milli maraqlarını təmin edərək, necə məharətlə istifadə etdiyini görmək mümkündür. Bir sıra postsovet ölkələrində gedən proseslər, baş verən hərbi-siyasi münaqişələr göstərir ki, zamanında eyni problemlərlə üzləşən ölkəmiz həm Gürcüstan, Ukrayna və s. kimi ölkələrlə müqayisədə milli təhlükəsizliyini daha etibarlı təmin etməyi bacarıb, həm də ən ciddi problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli və etibarlı mühit yarada bilib.

Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən sosial-iqtisadi və siyasi islahatlar aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görüb. İldən-ilə Azərbaycanın yeri yaxşılaşır. Dünya miqyasında rəqabətqabiliyyətliliyə görə 38-ci yeri tutmaq təbii ki, gənc dövlət üçün böyük nailiyyətdir və bu yeri ölkəmiz məhz düşünülmüş islahatlara görə qazanıb. Bu kontekstdə aprelin 10-da keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyev bir daha diqqətə çatdırıb ki, ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır: "Azərbaycan dünya birliyinin etibarlı, dəyərli üzvüdür. Bütün həmkarlarımla keçirilən görüşlərdə Azərbaycana böyük hörmət müşahidə olunur. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır. Bizim xarici siyasətimiz çox fəaldır, çevikdir, milli maraqlar üzərində qurulubdur və milli maraqlar bizim üçün ən prioritet məsələdir. Yəqin ki, buna görə Azərbaycan son illər ərzində bütün bölgədə yaşanan böhranlardan, əgər belə demək mümkündürsə, itkisiz çıxıbdır və şərəflə öz siyasətini aparır. Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq. Əgər o addımlar milli maraqlara uyğundursa, biz bunu edirik, deyilsə, biz bunu etmirik. Elə bir qüvvə yoxdur ki, bizi nəyəsə məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb etsin ki, bu da bizim maraqlarımıza uyğun olmasın. Ona görə bu mövqe, eyni zamanda, hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz təbii olaraq bizə böyük hörmət qazandırdı. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə, gözəl imicə malik olan ölkədir. Mən dünya birliyi deyəndə, bütün ölkələri nəzərdə tuturam. Çünki dünya birliyi hansısa bir təşkilat deyil. Dünya birliyi bütün ölkələrdir. Bütün ölkələr BMT-də təmsil olunur və bilirsiniz ki, bizim BMT-dəki mövqelərimiz çox güclüdür. Əgər belə olmasaydı, bir neçə il bundan əvvəl 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi.

Biz öz prinsipial beynəlxalq siyasətimizi bu il də davam etdiririk. Bu ilin əvvəlindən, baxmayaraq ki, cəmi 3 aydan bir qədər çox vaxt keçib, mənim çoxsaylı səfərlərim bizim beynəlxalq mövqelərimizi daha da möhkəmləndirib. İlin əvvəlindən mən Türkiyəyə iki dəfə səfər etmişəm, Almaniyaya, Bolqarıstana, Vatikana və Səudiyyə Ərəbistanına səfərlər etmişəm. Yəni 3 ay ərzində edilən bu səfərlər, artıq Azərbaycanın çoxşaxəli xarici siyasət apardığını göstərir. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, bizim müqəddəs ocaqlarımız bu ölkədə yerləşir, Vatikan isə xristian aləminin mərkəzidir.

Azərbaycan öz dini, milli-mənəvi dəyərlərinə sadiq olaraq müasirlik yolu ilə uğurla, inamla gedir. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurmuşuq və bizə göstərilən hörmət, əlbəttə ki, bizi sevindirir. Eyni zamanda, bu, bir daha göstərir ki, bizim xarici siyasətimiz qüsursuzdur. Mən bunu açıq bəyan etmək istəyirəm. Biz heç bir ölkə ilə əlaqələrimizi pozmamışıq. Heç bir ölkə ilə bizim aramızda heç bir gərginlik yoxdur. Əksinə, son illər ərzində biz nə qədər dost qazanmışıq, nə qədər çox ölkələr bizimlə əməkdaşlıq etmək istəyir. Dövlət, hökumət başçılarının Azərbaycana səfərləri, beynəlxalq tədbirlərdə mənim iştirakım bunu bir daha göstərir. Azərbaycan bu gün dünya miqyasında öz güclü yerini tutmuş ölkədir. Ölkəmizin dünya miqyasında hörməti getdikcə artır".

Aydın məsələdir ki, bu gün Azərbaycan dövlətinin regional, bəzi hallarda isə qlobal məsələlərdə çox böyük önəm daşıyır. Təkcə enerji siyasəti deyil, ümumiyyətlə, geosiyasi məsələlər, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və sabitlik. Çünki indi dünyanın hər bir yerində qarşıdurma, müharibə, ziddiyyət, böhran, çevrilişlər və digər xoşagəlməz hallar müşahidə edilir. Bir il deyil, iki il deyil, artıq 10 ilə yaxındır ki, hər tərəf yanır. Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır və təbii ki, bu, dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.

Lakin bütün bu amillər dünyada anti-Azərbaycan dairələri tərəfindən qısqanclıqla qarşılanır. Xüsusilə də, birinci Avropa Oyunları yaxınlaşdıqca Azərbaycan əleyhinə bir sıra qərəzli dairələrin təbliğat kampaniyaları daha da güclənir. Onlar indiyədək yarışlarla bağlı hər cür ləkələmə və qarayaxma təbliğatının həyata keçirmələrinə baxmayaraq, Azərbaycanın dünyadakı müsbət imici və həlledici gücü qarşısında məğlub olur və uduzmaqda davam edirlər.

Prezident İlham Əliyev anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı durmadan fəaliyyət göstərdiyini Nazirlər Kabinetinin iclasında bir daha vurğulayıb: "Bu barədə mən öz fikirlərimi dəfələrlə bildirmişəm. Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə də bilməz. Ölkəmizdən kənarda Azərbaycanın nüfuzu, beynəlxalq imici haqqında indi mən qısa da olsa çox dəqiq dəlillərlə öz fikirlərimi bildirdim. Ölkə daxilində də vəziyyət hamının gözü qabağındadır. Sabitlik, inkişaf, xalqla iqtidar arasındakı birlik bir daha onu göstərir ki, bizə qarşı aparılan kampaniyalar, yaxud da ki, burada hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur və ola da bilməz. Azərbaycan inamla inkişaf edir. Ancaq əlbəttə ki, bu səylər davam edəcək. Çünki uğurlarımızı həzm edə bilməyən dairələr əlbəttə ki, bizdən əl çəkməyəcəklər. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik".

Bir sözlə, bu gün Azərbaycanın iqtisadi və siyasi gücü onun düşmənlərinə layiqli cavab verməmək üçün yetərlidir. Ölkəmizin beynəlxalq gücü qarşısında onlar o qədər zəifdirlər ki, dediklərini özlərindən başqa eşidən və ona inanan yoxdur. Əlbəttə ki, onların bu yolu doğru olmadığı üçün ölkəmiz haqq işi uğrunda mübarizəsində hər zaman qalib gələcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər