Əli Həsənov: "İndiyədək rəsmi Vaşinqton K.Smitin nə "erməni soyqırımı", nə də Azərbaycana qarşı hər hansı təşəbbüslərinə əhəmiyyət verib"
Azərbaycan rəhbərliyinin həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış xarici siyasət kursu sayəsində ölkəmiz dünya birliyində mövqelərini daha da gücləndirməkdədir. Çox təəssüf ki, hələ də bəzi anti-Azərbaycan qüvvələr davamlı olaraq ölkəmizə qarşı çirkin kampaniya aparır, qərəzli niyyətlərini reallaşdırmağa cəhd edirlər. Bu arada qeyd edək ki, ermənipərəst konqresmen kimi tanınan Kristofer Smit Azərbaycana qarşı "907-ci düzəliş"in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir.
Sözügedən "907-ci düzəliş" 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək Aktına" qəbul edilib və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayıb. K.Smit ABŞ-ın "erməni soyqırımını" tanımasının ən aktiv tərəfdarlarındandır. Smit qondarma "soyqırımının" tanınması ilə bağlı onlarla bəyanat səsləndirib ki, onlardan beşi yalnız bu ilin payına düşür.
K.Smit "erməni soyqırımı kampaniyası"nın fəal təşkilatçılarından biri, ardıcıl olaraq Türkiyəyə, türk dünyasına qarşı çıxışları və düşmən münasibəti ilə seçilir. ABŞ Erməni Milli Komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan "Twitter" səhifəsində konqresmen K.Smitin ANKA sədri ilə görüşü əks olunub. Alt yazısında isə A.Hamparyan qeyd edir ki, onun işini dəstəkləmək üçün Smit ilə görüşür.
K.Smitin Azərbaycana "demokratiya qayğısı"nın arxasında ölkəmiz haqqında "antidemokratik imic" formalaşdırmaq, ermənilərin ABŞ-da və beynəlxalq aləmdə mövqelərini gücləndirmək məqsədi dayanır. K.Smit illərdən bəri dağıdıcı müxalifətin ən sadiq dostu olub. Onun İsa Qəmbər, Rəsul Quliyev, Etibar Məmmədov və digər müxalifət başçıları ilə çoxsaylı görüşləri olub. ABŞ Helsinki Komissiyasına Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı "Azərbaycan Demokratiya Aktı" adlı layihəni Konqresə təqdim edərək qəbul olunmasını istəyən K.Smit ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq niyyətindədir. Smit və havadarlarının Azərbaycanda Prezident tərəfindən imzalanması gözlənilən Əfv Sərəncamı ərəfəsində fəallığa keçməsi də onların qərəzinin göstəricidir.
Məsələyə münasibət bildirən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycan belə məsələlərə yanaşmada ayrı-ayrı ermənipərəst siyasətçilərin deyil, tərəfdaş olduğu dövlətlərin rəsmi mövqeyini əsas götürür və siyasətini də bu mövqeyə uyğun olaraq qurur: "Kris Smitin bu qərəzli addımı isə hələ ABŞ rəsmilərinin və Ağ Evin mövqeyi demək deyil. Bu konqresmeni Azərbaycanda yaxşı tanıyırlar, onun hələ 2000-ci illərdən mütəmadi olaraq ermənipərəst bəyanatlar və təşəbbüslərlə çıxış etdiyini, hər vəchlə Azərbaycanın ABŞ ilə münasibətlərinə kölgə salmağa çalışdığını, özünün Konqresdə seçildiyi Nyu-Cersinin deyil, sanki Ermənistanın Abovyan vilayətinin təmsilçisi kimi apardığını çox yaxşı bilirik. Kris Smit ABŞ-ın qondarma "erməni soyqırımı"nın tanıması üçün canfəşanlıq edən çoxsaylı ermənipərəst konqresmenlərdən biridir. Elə bu il ərzində o, bir neçə dəfə "soyqırımı"nın tanınması zərurəti ilə bağlı bəyanat verib, hətta ABŞ Prezidentinə müvafiq yalvarış-müraciət də imzalayıb. Bir sözlə, bu adamın reputasiyasına münasibətim necədirsə, onun hazırladığı layihəyə də eynilə o cürdür. Əsas odur ki, indiyədək rəsmi Vaşinqton K.Smitin nə "erməni soyqırımı, nə də Azərbaycana qarşı hər hansı təşəbbüslərinə" əhəmiyyət verib. Odur ki, bu məsələni ciddiyə almaq lazım deyil. Ümid edirik ki, Smitin budəfəki hərəkəti də ABŞ rəsmiləri tərəfindən rədd ediləcək və bu layihə ermənipərəst qüvvələrin həyata keçməyən növbəti arzularından biri olaraq tarixə düşəcək. Əslində, Smit xarakterli siyasətçilər hər bir ölkədə var. Azərbaycanda da ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə ermənipərəst mövqedən yanaşdığını, ölkəmizə qarşı bəzən qərəzli mövqedən çıxış etdiyini, erməni diasporu və lobbisinin təsiri altına düşdüyünü düşünən insanlar var. Onlar da Azərbaycan hakimiyyətindən ABŞ ilə strateji tərəfdaşlığa son qoyulmasını, ölkəmizə qarşı qərəzli yanaşmalara adekvat cavab verilməsini tələb edirlər. Lakin qeyd etdiyim kimi, biz bütün digər ölkələrlə əlaqələrdə olduğu kimi, ABŞ ilə də münasibətlərin inkişafında maraqlıyıq, ayrı-ayrı çağırışların ikitərəfli münasibətlərə xələl gətirməsinə imkan vermirik. Amma təbii ki, ABŞ rəsmi şəkildə bu qərəzli layihəyə dəstək verərsə, ermənipərəst qüvvələrin "oyununa gedərsə", o zaman Azərbaycan hakimiyyəti buna lazımi reaksiya verəcək. Buna heç kəsin şübhəsi olmasın".
Ölkəmizdə ictimaiyyət düşünür ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və bu münasibətlərə K.Smit kimi şəxslərin fəaliyyəti ilə kölgə düşə bilməz. Çünki Azərbaycan beynəlxalq antiterror koalisiyasının aktiv üzvüdür, NATO-ya aid hərbi yüklərin Əfqanıstana daşınmasında mühüm tranzit ölkədir. Bu tranzit xüsusən Rusiya-NATO münasibətlərinin pozulması fonunda çox taleyüklü rola malikdir. Bir sözlə, rəsmi Vaşinqton bütün bunları nəzərə alaraq təbii ki, K.Smitin təşəbbüslərini yenə də dəstəksiz qoyacaq.
"Səs" Analitik Qrupu