Prezident İlham Əliyev: İqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaqdır
İctimaiyyətimiz əmindir ki, ölkə başçısının güclü siyasi iradəsi, apardığı uğurlu sosialyönümlü siyasət sayəsində bundan sonra da bütün çətinliklər müvəffəqiyyətlə aradan qaldırılacaqdır
Manatın dollara və avroya nisbətdə məzənnəsinin dəyişməsi və bununla bağlı ilk növbədə istehlak bazarında gözlənilən qiymət dəyişiklikləri əhali arasında ən çox müzakirə olunan mövzudur. Artıq hər kəsi manatın dollara və avroya nisbətdə yeni məzənnəsi və bunun gözlənilən nəticələri maraqlandırır. Bu arada qeyd etmək yerinə düşər ki, manatın dollara nisbətdə kursunun dəyişməsi obyektiv proses olaraq labüd idi. Ona görə ki, Azərbaycanın əsas ticarət tərəfdaşı olan Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan kimi ölkələrdə artıq çoxdan milli valyutaların "üzən" məzənnə kursuna keçilib. Tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir edir, manatın süni yolla sabit kursda saxlanması isə Azərbaycanın bu ölkələrlə ticarət zamanı külli miqdarda vəsait itirməsinə səbəb olur. Hər kəs bilir ki, dövlətin atdığı bu addım ölkə büdcəsini qorumaq, ümumilikdə iqtisadi təhlükəsizlik baxımından vacib addımdır. Bu gün hansısa işbazlar insanların psixoloji vəziyyətindən istifadə etməklə, sui-istifadə hallarına yol verməklə müəyyən narahatlıqlar yaradırlar. Süni şəkildə qiymət artımı işbazların oyunlarıdır.
Prezident İlham Əliyev dekabrın 23-də 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bu fikri xüsusi vurğuladı ki, süni bahalaşmaya yol verənlərə qarşı çox ciddi tədbirlər görüləcək, cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin, möhtəkirliklə məşğul olmasın: "Əgər belə faktlar olarsa, çox ciddi tədbirlər görüləcək və bu vəziyyətdən sui-istifadə etmək istəyənlər peşman olacaqlar".
Prezident vurğulayıb ki, ümumiyyətlə, iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaqdır: "Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət - bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir".
Həmçinin, Prezident İlham Əliyev bildirib ki, süni bahalaşmaya yol verən belə işbazlar ən sərt şəkildə cəzalandırılacaqlar: "Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadi-maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İqtisadi liberallaşma, inhisarçılığa qarşı mübarizə sahəsində tədbirlər görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək".
Ölkə başçısı xüsusilə vurğulayıb ki, iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət-bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaqdır: "Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə, gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir".
Prezident İlham Əliyev sonuncu devalvasiyadan sonra qarşılaşa biləcəyimiz fəsadların təsirini minimum həddə salmaq üçün ciddi tədbirlər görüləcəyini, makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq və tikinti materiallarının qiymətinin tənzimlənəcəyini bildirib. Ölkə başçısı həmcinin qeyd edib ki, artıq hökumətin qarşısında yanacağın qiymətinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub.
Ölkə başçısının qeyd etdiyi kimi, istehlak bazarında süni qiymət artımlarına mübarizənin gücləndirilməsi üçün monitorinqlərin davam etdirilməsi vacibdir. Təcrübə göstərir ki, belə olan hallarda bəzi işbazlar süni qiymət artımına gedərək daha çox gəlir əldə etməyə çalışırlar. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev mətbuata açıqlamasında bildirib ki, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı qətiyyətlə alınacaq. Dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlər süni şəkildə qaldırılmasın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Hazırda nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirlərini gücləndirib.
İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcək.
İndi əsas məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar mexanizmləri ilə kompensasiya etməkdir. Yeri gəlmişkən bildirək ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata müsahibəsində manatın kursunun dəyişməsi ilə bağlı hökumətin ilk növbədə sosial müdafiəyə ehtiyacı olan vətəndaşları qoruyacağını, daxili istehsalın stimullaşdırılması, monopoliya, korrupsiya kimi halların, eləcə də sahibkarların fəaliyyətinə süni maneələr törədilməsinin qarşısını almaq üçün vacib addımların atılacağını bəyan etmişdir: "İndiki mərhələdə əsas məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar mexanizmləri ilə kompensasiya etməkdir. Vətəndaşlarımız əmin olsunlar ki, Azərbaycan hakimiyyəti bunun üçün bütün lazımi tədbirləri görəcəkdir".
Bir sözlə, Milli Bankın manatla bağlı "üzən məzənnə" siyasətinə keçməsindən sonra hökumət tərəfindən atılan addımlar cəmiyyətimiz tərəfindən birmənalı olaraq dəstəklənir. İctimaiyyətimiz əmindir ki, ölkə başçısının güclü siyasi iradəsi, apardığı uğurlu sosialyönümlü siyasət sayəsində bundan sonra da bütün çətinliklər müvəffəqiyyətlə aradan qaldırılacaqdır.
"Səs" Analitik Qrupu