2016-cı ildə də Azərbaycan iqtisadiyyatı inkişaf edəcək, heç bir sosial proqramın icrası ilə bağlı heç bir problem olmayacaq
Dünya bazarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı 2015-ci ildə qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunduğunu əminliklə söyləmək mümkündür. Statistikaya əsasən, ötən il Azərbaycanda iqtisadi artım 3,1 faiz, ölkə üzrə ümumi daxili məhsul istehsalı 50 milyard dollar təşkil edib. Əlamətdar haldır ki, bu artım əsasən qeyri-neft sektorunun hesabına əldə olunub. 2015-ci ildə qeyri-neft iqtisadiyyatı 4 faizdən çox yüksəlib və onun iqtisadiyyatda çəkisi 70 faizə çatıb. İl ərzində sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 7,7 faiz artıb. 2015-ci ildə ölkə iqtisadiyyatına bütün mənbələrdən 20 milyard dollar sərmayə qoyulub, onlardan 9 milyardı daxili, 11 milyardı xarici sərmayə olub. Bu da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Həmçinin, ölkədə 87 min yeni iş yeri yaradılıb, 2004-cü ildən bu günədək açılmış yeni iş yerlərinin sayı 1,4 milyonu keçib ki, onun da böyük əksəriyyəti daimi iş yerləridir.Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunmuşdu. Aprelin 3-də təsdiqlənmiş Tədbirlər Planı 5 istiqamət üzrə 50 tədbirin həyata keçirilməsini nəzərdə tutmuşdu. Strateji hədəf ölkənin ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək, habelə Azərbaycan məhsullarının rəqabət qabiliyyətini artıraraq onların xarici bazara çıxarılmasına şərait yaratmaq olmuşdu. Bu baxımdan, ötən ilin 10 ayında kənd təsərrüfatı 6,7 faiz artıb. Taxtakörpü və Şəmkirçay su anbarları on minlərlə hektar torpağa suyun verilməsini təmin edəcək. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir komplekslərin, yeni təsərrüfatların, logistik mərkəzlərin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına səbəb olub. Bu məqamda qeyd etmək yerinə düşər ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, yoxsulluğun azaldılmasına, əhalinin rifahının yüksəlməsinə, Minilliyin İnkişaf Məqsədlərinə çatmaqda ölkəmizin mühüm irəliləyişlərinə görə Prezident İlham Əliyev 2015-ci il üzrə BMT-nin "Cənub-Cənub" mükafatı ilə təltif olunub.Bundan başqa Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır. Son illər yaradılmış müasir nəqliyyat infrastrukturu Azərbaycanın "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsində mühüm rol oynayır. Bu yaxınlarda Prezident İlham Əliyev "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Sərəncam imzalayıb. Həyata keçirilən tədbirlər Azərbaycanın beynəlxalq yükdaşımalarda rolunu artıracaq, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcək.Prezident İlham Əliyevin Gürcüstana və Çinə son səfərləri zamanı əsas müzakirə mövzularından biri də nəqliyyat-tranzit dəhlizlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı olub. Ötən ilin avqustunda Çindən ilk qatarın Azərbaycana çatması və bununla da Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsinin işə düşməsi tarixi hadisə və görülən işlərin məntiqi nəticəsidir.2015-ci ildə "Şahdəniz-2" layihəsinin həyata keçirilməsi və "Cənub" qaz dəhlizinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Fevralın 12-də Bakıda "Cənub" Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib. Mart ayında isə Qarsda TANAP layihəsinin təməli qoyulub. TAP layihəsi isə "Şahdəniz-2" qazının Türkiyə ərazisindən Avropaya daşınması üçün əlavə imkanlar yaradır. Bu layihələr Avropanın enerji mənbələrinin şaxələndirilməsində və qitənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları da Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurları yüksək qiymətləndirirlər. Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qoruyub, G20-yə üzv olan 8 ölkəni qabaqlayıb. Dünya Bankının hesabatına əsasən, son onillik ərzində Azərbaycan yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi istiqamətində inanılmaz irəliləyişə nail olub. Bankın hesabatında qeyd edilir ki, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olub.Azərbaycanda sosial istiqamət də həmişə prioritet olub və dünyada yaşanan iqtisadi təbəddülatların Azərbaycan əhalisinin rifahına ciddi təsir etməməsi üçün lazımi önləyici addımlar atılıb. Məhz buna görə də il ərzində sosial proqramların icrasında ləngimə olmayıb. 2015-ci ildə əhalinin pul gəlirləri 5,8 faiz artıb. Sosial infrastrukturun yaradılmasına ayrılmış vəsait hesabına ölkədə 34 məktəb, 26 uşaq bağçası tikilib və ya əsaslı şəkildə təmir edilib. Son illər ərzində ölkə üzrə müasir standartlara uyğun tikilmiş və ya əsaslı təmir olunmuş tibb müəssisələrinin sayı 500-ü keçib. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün irimiqyaslı layihələr davam etdirilib. Ölkədə 114 min ailə və ya 500 minə yaxın insan ünvanlı sosial yardım alır. Hər ailəyə dövlət tərəfindən orta hesabla ayda 153 manat yardım göstərilir.Qeyd edilməlidir ki, devalvasiya sosial baxımdan mənfi haldır və təbii olaraq vətəndaşların maddi durumuna öz mənfi təsirini göstərir. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bu prosesi öz axarına buraxmayıb və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirib, bu məqsədlə müvafiq tənzimləyici mexanizmlərdən istifadə edib. Daxili istehsalın stimullaşdırılması, korrupsiya, rüşvətxorluq və digər bu kimi hallara qarşı mübarizənin gücləndirilməsi, sahibkarların fəaliyyətinə hərtərəfli dəstək, həmçinin bəzi şəxslərin mövcud situasiyadan öz mənafeyi naminə sui-istifadə cəhdlərinin qarşısının alınması, müvafiq dövlət orqanlarının bu prosesi ciddi nəzarətə götürməsi və s. tədbirlər məqsədyönlü şəkildə davam etdirilir.Prezident İlham Əliyev dekabrın 30-da Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı zamanı Xəzər rayonunun və Zirə qəsəbəsinin bir qrup sakini ilə görüşdə 2016-cı ildə Azərbaycan iqtisadiyyatının inkişaf edəcəyini, heç bir sosial proqramın icrası ilə bağlı problemin olmayacağını bildirib. "Biz daha da ciddi sosial siyasət aparacağıq və çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa yol verməyək", - deyən dövlətimizin başçısı idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması işində daha da fəal işlərin görüləcəyini vurğulayıb.Bir sözlə, Azərbaycan 2015-ci ildə də uğurla inkişaf etdi. 2015-ci ildə Azərbaycanda ictimai sabitlik təmin edildi, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşayır. Baxmayaraq ki, indi ətraf bölgələrdə müşahidə olunan mənzərə çox acınacaqlıdır. Əfsuslar olsun ki, 2015-ci ildə həm dünyada, həm bölgədə qanlı toqquşmalar, müharibələr, ayrı-seçkilik və anlaşılmazlıq özünü daha qabarıq şəkildə büruzə verir. Azərbaycanda isə bütün işlər normal məcrada davam edir, xalqımızın təhlükəsizlik şəraitində yaşaması təmin edilir, milli birlik və həmrəylik hökm sürür. Bu baxımdan, 2016-cı ildə də Azərbaycan iqtisadiyyatı inkişaf edəcək, heç bir sosial proqramın icrası ilə bağlı heç bir problem olmayacaq.
"Səs" Analitik Qrupu