PDF Oxu

Araşdırma

  • 7 597

Azərbaycanda aqrar sektorun intensiv inkişafı üçün lazımi şərait qurulub

Azərbaycanda aqrar sektorun intensiv inkişafı üçün lazımi şərait qurulub

Aqrar sektora göstərilən dövlət qayğısı nəticəsində bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün möhkəm təməl yaradılıb

Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulub, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilib. Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə və torpaqların münbitliyinin qorunmasına şərait yaradır.

Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad ediliblər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.

Göründüyü kimi, Azərbaycanda aqrar sektorun intensiv inkişafı üçün lazımi şərait qurulmaqdadır. Əlbəttə ki, son illər ərzində dünya miqyasında böhranın baş verməsi, ərzaq təhlükəsizliyi məsələsinin aktuallaşması kənd təsərrüfatının daha sürətli və yeni texnologiyalar əsasında inkişafını zəruri edir. Elə bu kimi qlobal çağırışları öncədən görən Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi haqqında Sərəncam imzaladı. Beləliklə də, ötən il ərzində həyata keçirmiş işlər nəticəsində kənd təsərrüfatı sektorunda artım təxminən 7 faiz olmuşdur. 2015-ci il, əslində aqrar sektora göstərilən dövlət qayğısının təzahürü olmaqla, aqrar sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün təməl yaradıb.

Texnika istifadəçiləri 50 milyon manatadək güzəşt əldə edib

2015-ci il qlobal miqyasda büdcə xərclərinə qənaət rejiminin tətbiq olunması fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yadda qalıb. Bu məqsədlə "Aqrolizinq" ASC tərəfindən lizinqə verilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz güzəşt tətbiq olunub ki, nəticədə bir il ərzində 4100 nəfər texnika istifadəçisi yerlərdə "ASAN xidmət" prinsipi ilə 50 milyon manatadək güzəşt əldə edib. Bu isə onların həmin sahəyə investisiya imkanlarını xeyli artırıb. Sabit büdcə ayırmaları, yığımın kəskin şəkildə artırılması və dövriyyənin sürətləndirilməsi hesabına son 2 ildə, əsasən Avropa istehsalı olan 6900-dən çox kənd təsərrüfatı texnikası alınaraq lizinqə verilib ki, bu göstərici də ASC-nin yarandığı tarixdən gətirilən texnikaların 62 faizini təşkil edir. Fermerlərə satılan gübrənin qiymətinə tətbiq edilən güzəşt 50 faizdən 70 faizə, güzəşt məbləğinin yuxarı həddi isə hər hektara görə 50 manatdan 80 manata qaldırılıb ki, bunun nəticəsində də əvvəlki illərlə müqayisədə ölkəyə gətirilən gübrənin həcmi 85 min tondan 150 min tona çatdırılmaqla, inkişaf etmiş dövlətlərdəki səviyyəyə uyğunlaşmaq üçün ciddi addım atılıb. Yanacaq və motor yağlarına görə verilən subsidiyanın həcmi 25 faiz artırılaraq 50 manata yüksəldilib ki, bununla da həmin məqsədlə büdcədən verilən subsidiyanın həcmi 22 faiz artırılıb.

Bu ildən iki dəfə əkin aparana ikinci dəfə subsidiya veriləcək

Bu ildən etibarən isə verilən subsidiya və güzəştlərin ikinci əkinə də şamil olunması, yəni il ərzində iki dəfə əkin aparana ikinci dəfə subsidiyanın verilməsi qərara alınıb ki, bu tədbirin icrası ölkədə yem təminatının gücləndirilməsində xüsusi rol oynayacaq. Cari ildən etibarən müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödəniləcək ki, bu dəstək ənənəvi olaraq tətbiq edilən və torpaqların deqradasiyasına, şoranlaşmasına səbəb olan selləmə üsulu ilə suvarma metodundan su resurslarına qənaət edən müasir suvarma üsullarına keçid üçün mühüm rol oynayacaq. Məhsul istehsalçılarını keyfiyyətli, potensial məhsuldarlığı yüksək toxumlarla təmin etmək üçün Dövlət Taxıl Fondu yaradılıb ki, bu da ölkədə toxumçuluğun inkişafının səmərəli tənzimlənməsinə, bitkiçilik sahəsində məhsuldarlığın yüksəldilməsinə hədəflənib.

Süni mayalanma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilib. Bu dövlət dəstəyinin tətbiqi yüksək məhsuldar, genetik potensialı olan heyvanların baş sayının artırılmasına və sözügedən sahəyə marağın gücləndirilməsinə, eləcə də heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına çox mühüm töhfə verəcək.

Aqrar sektorun institusional potensialı da gücləndirilir

2015-ci il kənd təsərrüfatında institusional potensialın gücləndirilməsi, struktur dəyişikliyinin aparılması ilə də xarakterizə olunur. Belə ki, 52 rayon və şəhər idarəsi üçün inzibati laboratoriya binalarının tikintisi artıq başa çatmaq üzrədir. Burada inzibati heyətlə yanaşı, əsasən aqro-kimya və toxum laboratoriyalarının, diaqnostik kabinetlərin, toxum müfəttişlərinin, texniki nəzarətçilərin və digər struktur vahidlərinin vahid məkanda yerləşdirilməsi, eləcə də zəruri informasiya texnologiya və infrastrukturunun yaradılması aqrar sektor qarşısında qoyulmuş vəzifələrin icrasına xüsusi təkan verəcək. Bu dəyişikliklər çərçivəsində İSO tələblərinə cavab verən Baytarlıq Şəhərciyi yaradılıb, eyni tələblərə uyğun Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binasının yenidən qurulması isə başa çatmaq üzrədir.

Elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması ötən ilin prioritetlərindən olub. Bu məqsədlə Avropa İttifaqının təcrübəsinə uyğun inteqrasiya olunmuş nəzarət sisteminin prinsipləri əsasında torpaq sahələrinin indentifikasiya sistemi, fermer təsərrüfatlarının reyestri və digər modullar üzrə yaradılan proqram təminatının test sınağı aparılıb və Xaçmaz rayonu üzrə sistemin pilot tətbiqinə başlanılıb.

Kənd təsərrüfatı ərazilərinin mövcud vəziyyətinə uyğun aero və peyk təsvirlərinə əsaslanan məkan məlumatlarının, habelə bitki örtüyünün müəyyən edilməsinə xidmət edən orto-foto xəritələrinin tərtibi üçün Aerogeodeziya müəssisəsi ilə birlikdə praktiki fəaliyyətə və "Azərsky" peyki ilə çəkilişlərə başlanılıb. Həmçinin "Aqrolizinq" ASC tərəfindən aparılan bütün əməliyyatların elektron uçot sisteminə keçilməsi başa çatdırılıb, texniki nəzarət müfəttişliyində avtomatlaşdırılmış informasiya sistemi istismara verilərək, bütün növ kənd təsərrüfatı texnikalarının qeydiyyata alınması, çıxarılması, ipoteka yüklülüyü, sürücülük vəsiqəsinin verilməsi və sair əməliyyatlar elektron qaydada təşkil edilib. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən bitkiçilik məhsullarının idxalına, ixracına, təkrar idxalına sertifikatların verilməsi, habelə nazirlik tərəfindən göstərilən 19 xidmət elektron hökumət portalına inteqrasiya edilib.

Kənd təsərrüfatı məhsullarının satışı üçün əlverişli bazar mühiti formalaşdırılıb

2015-ci il, həmçinin, kənd təsərrüfatı üzrə yeni bazar infrastrukturunun yaradılması və inkişafı ili olub. Topdansatış bazalarının genişləndirilməsi, yeni "yaşıl marketlər" şəbəkəsinin və fermer mağazalarının yaradılması, müasir standartlara uyğun ət kəsimi məntəqələrinin tikilməsi, logistik mərkəzlərin qurulması bazar infrastrukturunun effektivliyini daha da artırmaqla, əlverişli bazar mühiti formalaşdırıb.

Qeyd edək ki, 2015-ci ildə 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox olmaqla, ixracın həcmi idxalı dəfələrlə üstələyib. Onu da qeyd etmək lazımdır ki, ötən ildə aqrar sahədə məhsul istehsalının artımı əkin sahələrinin və ya heyvanların baş sayının artırılması hesabına deyil, əsasən intensiv faktorlar, yəni məhsuldarlığın artırılması hesabına baş verib, hər hektardan 50 sentnerdən artıq məhsul götürən təsərrüfatlar nümunə göstərildiyi halda, 2015-ci ildə belə təsərrüfatların sayı onlarla olub.

Kənd təsərrüfatı məhsullarının müasir satış yarmarkalarının infrastrukturunun genişləndirilməsi və bu işlərin əksər bölgələrdə təşkil edilməsi məhsulların bazara çıxışını asanlaşdırmaqla bərabər, qiymətlərin süni artımının qarşısının alınmasında da müstəsna rol oynayıb. Devalvasiyanın bayrama təsadüf etməsi və bununla əlaqədar bazarlarda məcmu tələbin yüksəlməsi hesabına qiymətlərdə müəyyən artımlar müşahidə edilsə də, hazırda bu sahədə vəziyyət keçən ilin eyni dövrü ilə müqayisədə tənzimlənmək üzrədir.

Ölkədə aqroparkların və müxtəlif təyinatlı təsərrüfatların yaradılmasına başlanılıb

Eyni zamanda, kənd təsərrüfatının inkişafı müasir metodlar müstəvisinə keçirilib. Aqrar sahədə müasir biznes texnologiyası olan aqroparkların yaradılması ilə bağlı praktiki addımlar atılaraq, Şəmkir və Yalama aqroparklarının tikintisinə, habelə Xızı aqroparkında müxtəlif təyinatlı təsərrüfatların yaradılmasına başlanılıb. Ölkədə intensiv ferma modelinə dəstək tədbirləri çərçivəsində son iki ildə 9500 başdan çox iribuynuzlu damazlıq heyvan gətirilərək güzəştli lizinq şərtləri ilə fermerlərə satılıb ki, bu da əvvəlki illərdə bu məqsədlə gətirilmiş heyvanların 110 faizinə bərabərdir.

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində zəruri institusional bazanın formalaşdırılması məqsədilə ən modern süni mayalanma mərkəzinin tikintisi yaxın 3-4 ay ərzində başa çatdırılacaq ki, bunun hesabına məhsuldarlığın yüksəldilməsi sahəsində olduqca sürətli dəyişikliyə nail olunacaq. İntensiv ailə-fermer modeli layihəsi çərçivəsində pilot olaraq seçilmiş Ağcabədi, Bərdə və İmişli rayonlarında müvafiq pay torpaqlarına malik layihə tərəfdaşı kimi seçilmiş 69 ailəyə güzəştli kredit hesabına 516 baş "Simmental" cinsli qara malın lizinq yolu ilə verilməsinə başlanılıb.

Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da gəlirlərin artması, urbanizasiya prosesləri və insanların qida rasionunu genişləndirməsi ərzağa tələbi artıran əsas amillərdəndir. FAO-nun hesablamalarına görə, 2030-cu ilə qədər bu tələbatın ödənilməsi üçün məhsuldarlığın həmin dövrdə 67 faiz artırılması nəzərdə tutulur. Bununla yanaşı, itkilərin azaldılması da tələbatın ödənilməsinin mühüm şərti kimi çıxış edir. Məhz bu baxımdan FAO-nun hesablamalarına əsasən, ölkəmizdə meyvə-tərəvəz, ərzaq, xüsusilə də çörək məhsulları üzrə itkilərin 25 faizdən çox təşkil etməsi narahatedici məqamlardan birinə çevrilir. Ona görə də bu itkilərin müxtəlif mərhələlərdə, xüsusən istehlak zamanı azaldılması üçün çörəkdən istifadəyə milli-mənəvi adət-ənənələrimizlə yanaşılması məqsədilə geniş maarifləndirmə işlərinə də ehtiyac duyulur.

Eyni zamanda, iqtisadi və siyasi həyatımızda yaranmış yeni şərait daxili bazarın qorunmasında da bir sıra addımların atılmasını zəruri edir. Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində bir sıra ərzaq, meyvə-tərəvəz və quş əti məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi onların bir qisminin idxalı zamanı müxtəlif tənzimləmə alətlərindən (kvota, mövsümi rüsumlar, keyfiyyətə nəzarətin sərtləşdirilməsi və s.) tətbiq edilməsini şərtləndirir.

Bir sözlə, "Kənd təsərrüfatı ili" başa çatsa da, il ərzində bu sahədə qoyulmuş təməl üzərində bundan sonra da aqrar sektorun ölkə iqtisadiyyatının aparıcı həlqələrindən birinə çevrilməsi üçün bütün tədbirlər həyata keçiriləcəkdir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər