PDF Oxu

Araşdırma

  • 1 963

Ermənistan 2016-cı ildə də uğursuzluq zolağına düşdü

Ermənistan 2016-cı ildə də uğursuzluq zolağına düşdü

Saxta referendumun nəticələri üzə çıxır

Ötən ilin Ermənistan üçün bütün sahələr üzrə ciddi tənəzzülün yaşanması ilə müşayiət olunaraq, 2016-cı ilin də uğursuz olacağı elə ilk aylardan görünməkdədir. Xüsusilə də, ötən ilin dekabr ayının 6-da keçrilən referendumda iqtidar saxtakarlıq yolu ilə yeni layihənin qəbul olunması gözlənildiyi kimi, Ermənistanda siyasi parçalanma daha da dərinləşir. Hakimiyyətin güc və saxtakarlıq yolu ilə məqsədinə çatmaq üçün atdığı addımları ölkə müxalifəti qəbul etmir. Müxalifətin bir çoxunun birləşdiyi və sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi bildirir ki, 6 dekabr referendumunun nəticələrinə qarşı mübarizəni davam etdirəcək: "Bütün bunlar isə yalnız Serj Sarkisyan hakimiyyətinin ömrünün uzadılmasına hesablanmış addım sayılır. Xalq və müxalif qüvvələr buna etiraz edir. Yeni konstitusiya layihəsi, faktiki olaraq, ölkəni birpartiyalı sistemə, yəni siyasi monopoliyaya və durğunluğa sürükləmək təhlükəsi daşıyır. Ermənistanda da məhz analoji vəziyyətin yaranması gözlənilir. Koçaryan da hesab edir ki, Serj Sarkisyanın konstitusiya islahatları hakimiyyəti bir partiyanın əlində cəmləşdirmək məqsədi güdür".

Koçaryan deyir ki, elə təhlükə də məhz burada gizlənir: "Məndə belə bir hiss var ki, yeni hakim istiqamətverici gücün yaradılmasına cəhd edilir. Əslində, seçkilər nəticəsində parlament çoxluğunun mütləq hansısa bir partiyada olması konstitusiya ilə möhkəmləndirilir, bununla da parlamentarizm öz mahiyyətindən çıxır. Parlament respublikasının üstünlüyü isə odur ki, bir çox partiya parlamentdə təmsil oluna bilir, mühüm məsələlərdə razılaşma, hansısa kompromislər yolu ilə qərarlar qəbul edilir. İndi konstitusiya islahatları belə şərh olunur ki, prezident hakimiyyəti mərkəzləşib, onu desentralizasiya etmək lazımdır. Amma bu, desentralizasiya deyil, bu, hakimiyyətin bir partiya çərçivəsində mərkəzləşməsidir".

Ermənistanın ümumi xarici kredit borcu 4,5 milyard dollara çatıb

Əhalini narahat edən əsas məqam isə indiki hakimiyyətin dövründə sosial-iqtisadi durumun daha da pisləşəcəyidir. Çünki Serj Sarkisyanın iqtidarda olduğu dövr ərzində Ermənistanda iqtisadi tənəzzül daha da dərinləşib, ölkənin xaricdən iqtisadi asılılığı artıb. Xarici borc isə həddən artıq çoxalıb və onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil. Ümumiyyətlə, Ermənistan formal müstəqilliyini əldə etdikdən indiyə qədər iqtisadi problemlərini həll edə bilməyib. Əvvəllər Rusiya və digər ölkələrin hesabına yaşayan Ermənistan indinin özündə də xaricdən asılı vəziyyətdədir. Xarici ianə və yardımların kəsiləcəyi təqdirdə, Ermənistanın daha böyük səfalətə sürüklənəcəyi şəksizdir. Əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, xarici sərmayənin az olması, istehsalın yoxluğu vəziyyəti daha da ağırlaşdırır. Ölkə iqtisadiyyatını böhrana sürükləyən Serj Sarkisyan iqtidarı vəziyyətdən çıxış üçün daha çox xarici borclanmaya üstünlük verir. Bunun üçün beynəlxalq təşkilatlardan, maliyyə qurumlarından böyük miqdarda borclar alınır. Amma maraqlısı odur ki, həmin borcların faiz ödənişlərini vermək üçün digər təşkilatlardan kreditlər götürülür və bu minvalla alınan borcla başqa borcun faizləri ödənilir. Amma ilkin və sonrakı borcların əsas məbləğləri ilə bağlı heç bir ödəniş olmadığından, borclar daha da artır, faizlər böyüyür.

Təkcə son iki ayda hökumət müxtəlif maliyyə qurumlarından üst-üstə 450 milyon dollardan çox kredit alıb. Bununla da Ermənistanın ümumi xarici kredit borcu 4,5 milyard dollara çatıb.

Əhalinin 42 faizi Ermənistanı birdəfəlik tərk etməyə hazırlaşır

Erməni ekspertlərinin sözlərinə görə, Ermənistandakı acınacaqlı sosial-demoqrafik vəziyyət bir tərəfdən ölkə rəhbərliyinin həyata keçirdiyi yanlış siyasətlə, digər tərəfdən isə onsuz da potensialı zəif olan iqtisadiyyatın ildən-ilə çökməsi ilə bağlıdır. Ümumiyyətlə, iqtisadi vəziyyət Ermənistanda getdikcə daha böyük sürətlə pisləşməkdədir və bu, insanların sosial durumunun daha da ağırlaşması ilə xarakterizə olunur. Ermənistanın Milli Statistika Xidmətinin təmsilçisi Diana Martirosova da etiraf edir ki, ölkə əhalisinin az qala yarısı kasıblıq həddində yaşayır. Aparılan araşdırmalara görə, istehlak kateqoriyası ilə müqayisədə 2008-ci ildə kasıblıq 27,6 faiz olsa da, 2014-cü ildə 37 faizə qədər yüksəlib. Ötən il üçün bu rəqəm 42 faizi keçib. Tanınmış araşdırma mərkəzlərindən olan "Legatum Institute"un 2014-cü ilin sonlarında hazırladığı "Prosperity Index" məruzəsinə görə, firavan ölkələr arasında Ermənistan 95-ci yerdədir. Qeyd edək ki, bu reytinqə görə Ermənistan MDB-də sonuncu yerdə qərarlaşıb. Belə bir mürəkkəb durumda ölkədə qiymətlər davamlı şəkildə artmaqdadır, inflyasiya həddi yüksəlir, sadə vətəndaşları daha çətin vəziyyətdə qoyur. Bütün bunların fonunda ölkəni tərk etmək istəyənlərin sayı isə durmadan artır.

Erməni ekspert Ruben Ayrumyan büdcə layihəsindən çıxış edərək vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırır: "Real iqtisadiyyatı olmayan Ermənistanı daha çətin günlər gözləyir. Ermənistanın iqtisadi inkişafı Serj Sarksiyan iqtidarı dövründə mümkün deyil". Ekspert, eyni zamanda ölkəsinə dünya maliyyə sistemində, Gömrük İttifaqında yer olmadığını da bildirir və qeyd edir ki, bu şəraitdə Ermənistanın xaricdən də borc alması müşkülə çevriləcək. Qərb ekspertləri isə Ermənistanı MDB məkanının ən böhranlı dövləti hesab edirlər.

Beləliklə, ekspertlər artan mitinqlər fonunda bu partlayışın tezliklə baş verməsi gözləniləndir. Sarkisyan iqtidarının çıxış yolu isə yalnız hakimiyyətdə 7 il qalmaqdansa, xoşluqla indidən oturduğu kreslonu indidən təhvil verməsinin vacibliyini bildiriblər.

Orduda böhran və demoqrafiya problemi böyüyür

Çünki əsgər analarının Sarkisyan hakimiyyətinə nifrəti pik nöqtəyə çatıb, necə deyərlər, "nə qədər başı üstündədir istefa verib getsin" deyirlər. Ekspertlər ölkənin müdafiə sahəsində də vəziyyətin getdikcə ağırlaşdığını və bu yaşanan böhranın silahlı qüvvələrə də öz təsirini göstərdiyini söyləyiblər: "Ümumiyyətlə, buradakı durum erməni ordusunda qanunsuzluqların hökm sürdüyünü, korrupsiya və rüşvətxorluğun getdikcə daha geniş miqyas aldığını göstərir. Bunu sübut edən faktların sayı isə artmaqdadır: "Orduda ayrı-seçkilik və "dedovşina" hallarının mövcudluğu ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılansa da, bunun qarşısını almaq hələ də mümkün deyil. Demoqrafik durumun ağırlığı isə orduya çağırışla bağlı problem yaradır. Bunun daha bir real təsdiqi Ermənistanda təkcə son illər ərzində onlarla məktəbin bağlanmasıdır. 2013-2014-cü illər ərzində ölkənin ümumtəhsil müəssisələrində 664 min 600 şagird yerinin nəzərdə tutulmasına baxmayaraq, onların sayı 360 min 500 nəfərdən az olub. Bu isə çoxsaylı vətəndaşların Ermənistandan baş götürüb xaricə üz tutması ilə bağlıdır".

Erməni mətbuatının yazdığına görə, Ermənistanda 2009-cu ildə büdcənin 12 faizi hərbi xərclərə yönəlib. 2010-cu ildə bu 17,2 faiz, 2011-ci ildə 16 faiz, 2013-cü ildə 15,5 faiz, 2014-cü ildə isə 15,6 faiz olub. Buradan da göründüyü kimi Ermənistanda hərbi xərclər ümumi büdcənin əhəmiyyətli hissəsini təşkil edir.

Bütün bu problemləri həll etmək əvəzinə isə Serj Sarkisyan iqtidarı konstitusiya islahatları vasitəsilə daha çox hakimiyyətdə qalmaq istəyir. Belə vəziyyət, öz növbəsində, bütün sahələr üzrə Ermənistanda vəziyyəti gərginləşdirir və qarşıdakı ildə də qarşıdurmanı dərinləşdirir.

Beləliklə, proseslərin inkişaf istiqaməti 2016-cı ilin də Ermənistan üçün kifayət qədər ağır olacağını, bu kontekstdə təkcə sosial-iqtisadi yox, digər mühüm sahələrdə də vəziyyətin daha da pisləşəcəyini göstərir. Sözügedən problemlərin həlli üçün Ermənistan nə maliyyə, nə digər iqtisadi resurslara, nə də xalqın etimadını qazanmış hökumətə malikdir. Əksinə, mövcud durum Ermənistanda xalq və hakimiyyət arasında yaranan uçurumun daha da dərinləşdiyini göstərir və bu da işğalçı ölkənin tənəzzülünü sürətləndirən əsas səbəblərdən biri sayılır.

A.SƏMƏDOVA

Digər xəbərlər