Yunus Oğuz
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
(Əvvəli ötən saylarımızda)
SSRİ dağıldıqdan sonra dünya "ikiqütblü sistemlə", formal olaraq şərtləndirilən "kapitalizm" və "sosializmlə" vidalaşmasına baxmayaraq münaqişələr, ərazi mübahisələri davam etməkdədir. Bu da beynəlxalq münasibətlər sisteminə yeni çalarlar gətirmiş, geosiyasi, geoiqtisadi, hərbi-geostrateji münasibətlərdə dəyişikliklər etmişdir.
Fikrimizin təsdiqi olaraq, bu barədə müəllif yazır ki, XX əsrin 90-cı illərinin əvvəllərindən etibarən ənənəvi beynəlxalq təhlükəsizlik məsələlərinə bir çox yeni yanaşmalar meydana çıxmağa başladı. Çünki dünyada "ikiqütblü dünya sistemi" və "soyuq müharibənin sonu" beynəlxalq münasibətlər sisteminin əvvəlki ümumi konfiqurasiyasını da dəyişməyə başlamışdı. Lakin bütün bunlar heç də dünyadakı bəzi ölkələrarası konfliktlərə, xalqlararası münaqişələrə son qoymadı, əksinə regional və lokal münaqişələrin sayının artması ilə müşahidə olundu. 1990-cı illərdən sonra dünya miqyasında müxtəlif etnik-separatçı, milli, dini və s. münaqişələrin sayı kəskin şəkildə artdı. Baxmayaraq ki, bu münaqişələrin çoxu daxili, lokal və regional xarakter daşıyırdı, lakin mahiyyət etibarı ilə onların hər birinin arxasında müxtəlif dövlətlər dayanırdı ki, bu da həmin münaqişələrin regional və beynəlxalq təsirindən xəbər verirdi.
Hamıya bəllidir ki, "soyuq müharibə" dedikdə onun bir tərəfində SSRİ-nin təşkil etdiyi Varşava müqaviləsinə imza atan sosialist yönlü, yaxud SSRI yönlü dövlətlər dururdusa, digər tərəfdə AI-nın başçılıq etdiyi NATO qüvvələri dururdu. SSRİ dağıldıqdan sonra artıq "ikiqütblü dünya" olmasa da, bu "soyuq müharibə" deyilən nəsnə beynəlxalq səviyyədə aradan qaldırılsa da, regional münaqişələr bütün zəminlərdə daha çılpaqlığı ilə üzə çıxdı, alovlandı və indi də davam etməkdədir. Belə qənaətə gəlmək olar ki, istənilən beynəlxalq münasibətlərin kəskinləşməsinin kökündə daima regional məsələlərin çözülməməsi durub, yaxud onların bilərəkdən qızışdırılaraq, böyüdülərək beynəlxalq səviyyəyə çatdırılıb. Artıq belə bir tendensiya yaranıb ki, istənilən regional, yaxud lokal münaqişəyə regional və beynəlxalq güclər (BMT, NATO, MDB və s.) qoşulur, bəyanatlar yayır, sonra lazım gələcəyi təqdirdə, siyasi-hərbi-iqtisadi müdaxilələrə rəvac verirlər və bunu da çox zaman beynəlxalq təhlükəsizlik adı altında həyata keçirirlər, yəni mövcud dövlətlərin və insanların təhlükəsizliyi naminə təhlükələrin və təhdidlərin, potensial risklərin və s. problemlərin aradan qaldırılması üçün kollektiv addım atırlar.
Geosiyasi sistemdə olduğu kimi, beynəlxalq təhlükəsizliyin əhatə dairəsi qlobal, regional və kollektiv maraqlar çərçivəsində üç qrupa bölünür.
Beynəlxalq təhlükəsizlik sisteminin əsas prinsipləri BMT Nizamnaməsinə müvafiq olaraq:
* dövlətlərin ortaq təhlükəsizlik maraqlarının tapılması və bu əsasda beynəlxalq sülhün təmin edilməsi;
* ölkələrarası münaqişə və silahlı toqquşmaların aradan qaldırılması və mübahisəli məsələlərini danışıqlar yolu ilə həll edilməsi;
* hər bir dövlətin milli təhlükəsizliyinin beynəlxalq təhlükəsizliklə əlaqələndirilməsi;
* kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və tətbiqinin qadağan olunması;
* beynəlxalq təhlükəsizliyi təhdid edən etnik separatizm, terrorizm, silah qaçaqmalçılığı, narkotik maddələrin qanunsuz dövriyyəsi və s. kimi hallarla mübarizə;
* bərabər hüquqlar əsasında xalqlararası dostluq münasibətlərinin inkişaf etdirilməsi və ümumi sülhün möhkəmləndirilməsi üçün müvafiq addımların artırılması;
* iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllində əməkdaşlıq, ölkələrin iqtisadi təhlükəsizliyini təhdid edən hallar kollektiv mübarizə və s. ibarətdir.
Təbiidir ki, beynəlxalq təhlükəsizlik sahəsində Azərbaycan da xarici siyasət strategiyasını buna uyğun olaraq müəyyənləşdirir və fəaliyyətini də dövlət və milli təhlükəsizlik sistemini əsas götürərək beynəlxalq aləmin bir hissəsinə çevrilir. Bu barədə Əli Həsənov yazır: "Azərbaycanın xarici siyasət strategiyasının formalaşmasına təsir göstərən amilləri iki qrupa ayırmaq olar:
Birinci qrupa beynəlxalq aləmdə mövcud olan, dövlətin strateji, həyati maraqlarının toxunduğu siyasi, iqtisadi və hərbi amillər daxildir və onlar digər ölkələrin hökumətlərinin, dövlətin mühüm tərəfdaşları və yaxud əleyhdarlarının fəaliyyəti nəticəsində yaranır. Bu amillər dünya siyasətinin əsas subyektlərinin iqtisadi, siyasi və hərbi gücünün nisbəti, eyni zamanda həm qlobal, həm də regional səviyyələrdə beynəlxalq münasibətlərin formalaşması prinsipləri və mexanizmləri ilə müəyyənləşir.
İkinci qrup amillərə isə Azərbaycanın milli sərhədlərindən kənarda fəaliyyətini şərtləndirən daxili hərəkətverici motivlər aiddir"(Bax. s. 749).
Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət olaraq təhlükəsizliyini təmin etmək üçün xarici siyasətinin konseptual əsasları, məqsədi, vəzifələri Azərbaycan Konstitusiyası və qanunvericilik aktlarında təsbit olunub. Bu vəzifələr isə müasir dünya sisteminə qatılmaq, dövlətin davamlı inkişafını və suveren hüquqlarını, ərazi və əhalisinin təhlükəsizliyini və s. imkanlardan səmərəli istifadə etməkdən ibarətdir.
Hörmətli professor yazır ki, beynəlxalq hüquq normalarından çıxış edərək Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı xarici siyasətinin əsas vəzifə və istiqamətlərini belə təsnifatlandırmaq olar:
* Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etmək, dövlət müstəqilliyini, suverenliyini və beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü, əhalinin təhlükəsizliyini təmin etmək;
* Azərbaycanın beynəlxalq, regional və milli təhlükəsizlik maraqlarını sistemləşdirmək, onun təmin olunması mexanizmlərini, vasitələrini müəyyənləşdirmək və beynəlxalq, regional təhlükəsizlik sistemi ilə əlaqələndirmək;
* milli təhlükəsizlik tələblərinə cavab verən beynəlxalq və regional təhlükəsizlik təşkilatları ilə əməkdaşlıq etmək, beynəlxalq təhlükəsizlik tədbirlərində, təhlükəsizliklə bağlı dünyada cərəyan edən beynəlxalq və regional münasibətlərdə fəal iştirak etmək;
* dünya dövlətləri ilə təhlükəsizlik sahəsində bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaratmaq, bu əlaqələrdən ölkənin milli təhlükəsizliyinin təmin olunmasında səmərəli istifadə etmək;
* təhlükəsizlik maraqları Azərbaycanın maraqları ilə uyğun beynəlxalq qurumlar, ayrı-ayrı dövlətlərlə tərəfdaşlıq və müttəfiqlik münasibətləri yaratmaq, respublikanın beynəlxalq və regional təhlükəsizliyinin təmin olunması üçün onların imkanlarından istifadə etmək;
* kənar müdaxilə olmadan respublikamızın seçdiyi demokratiya, azad bazar iqtisadiyyatı və Avropaya inteqrasiya kursu ilə təhlükəsiz irəliləmək, müstəqil daxili və xarici siyasət yürütmək və s. üçün əlverişli, təhlükəsiz beynəlxalq və regional şəraitin bərqərar olmasına şərait yaratmaq;
* əhalinin təhlükəsiz həyatının, dinc yaşayış hüququnun qorunmasına yönəlmiş beynəlxalq normaların həyata keçirilməsinə şərait yaratmaq;
* Cənubi Qafqaz və Xəzər regionunda etnik münaqişələrin, milli qarşıdurmaların və ölkələrarası gərginliyin aradan qaldırılmasına və mehriban qonşuluq münasibətlərinin yaradılmaısna səy göstərmək;
* hər hansı xarici hərbi, siyasi, iqtisadi və s. təhdidlərin, təzyiqlərin və təsirlərin qarşısını alan və ya onları minimuma endirən beynəlxalq təminat mexanizminin yaradılmasına nail olmaq;
* ölkəmizin xarici iqtisadi fəaliyyət təhlükəsizliyinin təmin olunması, milli iqtisadiyyatın şah damarı hesab olunan enerji ehtiyatları istehsalının və ixracının təhlükəsizliyi ilə bağlı beynəlxalq təminatın gücləndirilməsi, Azərbaycanın dünya enerji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevirilməsi və beynəlxalq iqtisadi sistemə inteqrasiya üçün xarici amillərdən bəhrələnmək;
* təhlükəsizlik sahəsində xarici ölkələrlə hərbi-geostrateji, elmi, texniki və informasiya mübadiləsi mexanizmlərini yaradaraq işə salmaq və s.
(Ardı var)