PDF Oxu

Araşdırma

  • 1 854

Çoxqütblü dünyaya doğru, yaxud bütün dünya Azərbaycanda birləşəcək

Çoxqütblü dünyaya doğru, yaxud bütün dünya Azərbaycanda birləşəcək

Dünyada sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar inteqrasiyadan və dialoqdan çox asılıdır

Prezident İlham Əliyev: "Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin"

Məlum olduğu kimi, ötən gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində "Çoxqütblü dünyaya doğru IV Qlobal Bakı Forumunun keçirilməsinə dair Tədbirlər Planı" təsdiq edilib. Sərəncamda Tədbirlər Planının icrasına məsul qurumlara martın 10-11-də keçiriləcək forumla bağlı tədbirlərin yerinə yetirilməsi tapşırılıb.

Humanitar inteqrasiya bütün xalqları birləşdirir

Qeyd edək ki, hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar inteqrasiyadan və dialoqdan çox asılıdır. Çünki humanitarizm multikulturalizm deməkdir, başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Humanitar inteqrasiya bütün xalqları birləşdirir, sülh şəraitində dostluğa və qardaşlığa doğru meyilləndirir.

Humanitar çağırışların yeni müstəvisində bütün dünya ölkələrini birləşdirməyə nail olan Azərbaycan regionun və bütövlükdə dünyanın böyük dövlətlərilə mehriban, səmimi, dostluq münasibətlərini inkişaf etdirməkdədir. Azərbaycan tərəfdaş dövlətlərlə, respublikamızın əməkdaşlıq etdiyi ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun davam etdirilməsi dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır.

Azərbaycan sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, humanitar əməkdaşlıqla bağlı olan məsələlər də Azərbaycanı sivilizasiyalararası dialoqun aparılması üçün bir mərkəzə çevirir. Bu gün respublikamız dünyadakı bütün yaxın tərəfdaşları arasında coğrafi, siyasi, iqtisadi, mədəni və mənəvi təhlükəsizliyin körpüsü rolunu oynayır. Bakıda keçirilən beynəlxalq humantiar forumlar da da məhz bu siyasi-humanitar platformanın təzahürüdür.

"Çoxqütblü dünyaya doğru" IV Qlobal Bakı Forumu da xalqlar, millətlər, ölkələr arasında anlaşmanı, qarşılıqlı hörməti və əlaqələri daha da gücləndirən, möhkəmləndirən amil kimi dəyərləndirilə bilər. Forumun qarşıya qoyduğu trendlər, strateji proritetlər dövlətlər arasında sıx əməkdaşlıq şəbəkəsinin möhkəmlənməsinə, humanitar sivilizasiyalararası inteqrasiyanın yeni modullarının müəyyənləşməsini, bərabərhüquqlu humanitar meyarlardan istifadəni stimullaşdıracaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, dünyanın gələcəyi yalnız əməkdaşlıq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, sivilizasiyalararası dialoq üzərində qurulmalıdır: "Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin. Bizim imkanımız var. Çünki bizim keçmişimiz, dediyim kimi imkan verir ki, bu məsələlərə böyük diqqətlə yanaşaq. Biz bu məsələləri bilirik. Çünki həm Azərbaycan özü çoxmillətli, çoxkonfessiyalı ölkədir, həm də keçmişdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda birgə yaşamışdır. Qeyd etdiyim kimi, biz bu gün həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi bu missiyanı öz üzərimizə götürmüşük. Biz istəyirik ki, daha da çox əməkdaşlıq, qarşılıqlı anlaşma olsun. Biz bundan sonra da öz rolumuzu bunda görürük".

Qarşılıqlı hörmət və əməkdaşlıq bir çox problemlərin açarıdır

Azərbaycan ortaya qoyduğu təşəbbüslərlə bir daha sübut edir ki, dini dözümlülük, fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının ən ümdə şərtlərindəndir. Ona görə də milli hökumətlər bu məsələlərin həllində diqqəti daha da artırmalı, dini dözümlülüyün gücləndirilməsinin terrorizm və dini zəmində qarşıdurmaların meydana gəlməsinin qarşısının alınmasının, davamlı sülhün təmin olunmasının əsas yolu olduğunu dərk etməlidirlər. Qarşılıqlı hörmət və əməkdaşlıq bir çox problemlərin açarıdır. Müstəqil Azərbaycan Respublikası həmişə məhz bu dəyərlərə və niyyətə söykənən xarici siyasət kursu həyata keçirib.

Azərbaycanın tarixi və müasir gerçəklikləri sülh və təhlükəsizliyin təmin olunmasının multikultural dəyərlərin, dini və milli tolerantlığın mövcud səviyyəsindən birbaşa asılı olması qənaətinə gətirir. Azərbaycanın təcrübəsində tolerantlığın, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmətin, fərqli dinlərin nümayəndələrinə, onların ənənələrinə ehtiramın sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yolu olması sübut olunub. Bu gün Azərbaycanda xristian, yəhudi icmasının təmsilçiləri əsas çoxluğu təşkil edən müsəlmanlarla bərabər imkanlara və hüquqlara malikdirlər. Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləyib. Bu səbəbdən də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal platformadır. Xüsusilə, nəzərə alınmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-ci il ölkəmizdə "Multikulturalizm İli" elan olunub.

Bir sözlə, Bakıda keçirilən qlobal forumlar fundamental iqtisadi-siyasi və humanitar birgəliyin, mədəni dəyərlərin vəhdətini özündə sıx birləşdirir, dünyaya təqdim edir, dünyanı yeni qlobal innovasiyalar üzərində düşünməyə vadar edir. Bu cür qlobal miqyaslı tədbirlərin təşkili artıq ənənə halı almaqla, daha əlverişli məkana çevrilən Azərbaycanda baş verməklə dünyada bir humanitarizm platformasını və yeni yaxınlaşma fəlsəfəsini də ehtiva edir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər