PDF Oxu

Araşdırma

  • 1 663

Prezident erməni diplomatını susdurdu...

Prezident erməni diplomatını susdurdu...

ANALİTİKA

"Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən qəbul olunub"

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətinə qarşı daim sərt və adekvat addımlar atması dəfələrlə qarşı tərəfin geri çəkilməsi və diplomatik məğlubiyyəti ilə nəticəsini tapıb. Söz yox ki, ölkə başçımızın sözügedən mövzu ətrafında kifayət qədər dolğun və əsaslandırılmış arqumentlərlə çıxış etməsi, ilk növbədə "xristian klubu"nu məyus edir. Çünki bu "kluba" üzv olan bir sıra Qərb ölkələri çox vaxt ikili standartlardan çıxış edərək, Ermənistanın təcavüzkar siyasətinə göz yumurlar. Ancaq buna baxmayaraq, məhz Prezident İlham Əliyevin qətiyyəti və dönməz iradəsi nəticəsində Dağlıq Qarabağ problemi ilə bağlı nüfuzlu qurumlar tərəfindən qəbul olunan qərarlar ölkəmizin haqlı mövqedə dayandığını dəfələrlə isbatlamış, güclü erməni lobbisinin törətdiyi əngəlli sədlər isə keçilmiş olub.

Prezident İlham Əliyevin verdiyi cavabı öldürücü zərbə kimi qiymətləndirmək olar

Biz bu faktı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "İqlim və enerji təhlükəsizliyi" mövzusunda müzakirələr zamanı Ermənistanın XİN əməkdaşının Azərbaycan tərəfinin Ermənistanı bir sıra məsələlərdə, o cümlədən Arazın suyunun çirkləndirilməsi ilə bağlı ittihamlarına dair sualına verilən cavabda da gördük.

Belə ki, erməni diplomatının öncədən hazırladığı və əsassız olduğu suala Prezident İlham Əliyevin verdiyi cavabı öldürücü zərbə kimi qiymətləndirmək olar. Erməni diplomatının sətiraltı şəkildə azərbaycanlıları düşmən hesab etməsi, o cümlədən, özləri tərəfindən törədilən əməlləri xalqımızın üzərinə atmasını iddia etməsi onu verdiyi sualı kontekstində pəjmürdə edib.

Ermənistan insan haqları, prezident və parlament seçkilərinin saxtalaşdırılması və digər məsələlərdə Avropa Parlamenti, Avropa Şurası tərəfindən tənqid olunur

Onun bu kimi fikirlərinin tam yanlış olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, artıq erməni iqtidarının yarıtmaz fəaliyyəti Avropanın və Qərbin qurumları tərəfindən qınaq obyektinə çevrilib. Sitat: "Ermənistan insan haqları, prezident və parlament seçkilərinin saxtalaşdırılması və digər məsələlərdə Avropa Parlamenti, Avropa Şurası tərəfindən tənqid olunur".

Ölkə başçımız bununla erməni diplomata izah edib ki, əslində, hazırkı Sarkisyan iqtidarı azərbaycanlılarla yanaşı, sadə erməni xalqını da özünə düşmən elan edib. Bu gün Ermənistandakı mövcud ağlr sosial-iqtisadi vəziyyət, xalqın kütləvi şəkildə ölkəni tərk edərək xarici ölkələrə mühacirət etməsi və s. kimi hallar nəticə etibarilə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaratmış olur.

Ermənistan hakimiyyəti Xocalıda soyqırımı törətməkdə ittiham olunur

Lakin o da sirr deyil ki, ermənilərdən fərqli olaraq, Azərbaycan tərəfi hər zaman sülhpərvər mövqedən çıxış edib, Azərbaycanın Ermənistanı yalnız işğalda günahlandırdığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, qeyd edilən təşkilatlarla yanaşı, təcavüzkar qonşumuza BMT-nin Təhlükəsizlik Şurası tərəfindən də xəbərdarlıqlar olunub. Bu məsələdə isə Serj Sarkisyan rejimi əsas baiskarlardan biri və birincisidir. Sitat:"Ermənistanı nəinki biz, o cümlədən, dünyanın ən böyük beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası da ittiham edir. Bu qurum Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edib. Biz erməni xalqını deyil, Ermənistan hökumətini Xocalıda soyqırımı törətməkdə ittiham edirik".

Maraqlısı da budur ki, ermənilər guya Arazın azərbaycanlılar tərəfindən çirkəndirilməsini iddia edərək, özlərini dünya ictimai rəyi qarşısında əzabkeş xalq kimi göstərməyə cəhdlər göstərirlər. Halbuki elə də uzağa getməyərək, AŞPA-nın Sərsəng su anbarı ilə bağlı qəbul etdiyi məlum qətnamənin mürəkkəbi qurumayıb. Həmin qətnamədə Ermənistanın işğalçılığı nəticəsində ekoloji terrora yol açmasını sübut edən çoxsaylı müddəalar var. Bu sənəd həm də yaxın gələcəkdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətini təsdiq edən növbəti qətnamənin də qəbuluna doğru atılacaq addım kimi qiymətləndirilə bilər. Belə bir məqamda diqqəti özlərindən kənara yönəldəcəklərini düşünən erməni diplomatlar guya Araz çayının Azərbaycan tərəfindən çirkəndiyini sərsəm iddia kimi irəli sürdülər. Ancaq daha çətin vəziyyətə düşdülər. Çünki onların nəninki ekoloji, həm də insanlığa qarşı terror siyasəti yürütmələrini sübut edən çoxsaylı faktlar mövcuddur.

İlham Əliyev Sarkisyan rejiminə çıxış yolunu göstərdi - işğalı dayandır!

Ölkə başçımız erməni dipliomatını susduran arqumentini bu cür səsləndirib: "Günahsız insanlar yalnız azərbaycanlı olduqları üçün erməni bandaları tərəfindən qətlə yetirilib. Bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb. Biz Ermənistanı bir milyondan çox insanı qaçqın və məcburi köçkünə çevirməkdə günahlandırırıq. Onlar öz torpaqlarında qaçqına çevriliblər. 40 mini Dağlıq Qarabağdan, 750 mini Azərbaycanın digər işğal olunmuş ərazilərindən, 200 min azərbaycanlı isə Ermənistanda etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün olub. Bütün bunlar işğalın, sizin qonşu ölkələrə qarşı siyasətinizin nəticəsidir. İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın".

Qarşıda erməni işğalçılarını susduracaq daha qəti addımların atılacağını gözləmək olar

İlham Əliyev Cənabları son olaraq bəyan edib ki, ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında demək olar ki, heç bir ekoloji nəzarət həyata keçirmir. Sitat: "20 ildən çoxdur ki, biz Ermənistanın işğalından əziyyət çəkirik. Torpaqlarımızın 20% işğal olunub. İnsanlarla yanaşı, təbiət də bundan əziyyət çəkir. Çünki bu ərazilər beynəlxalq nəzarətdən kənarda qalıb, meşələr qırılır. Bütün bunlara son qoyulmalıdır".

Beləlkilə, ermənilərin qondarma ittihamlarının onlara baha başa gəldiyini və bunun məhz Prezident İlham Əliyev tərəfindən reallaşdırıldığını bir daha görmüş olduq və əslində, belə bir bəyanatların verilməsi Ermənistanı dünya birliyi içində rüsvay etməklə yanaşı, bu ölkənin oğru, quldur, qaniçən rəhbərliyini də çətin vəziyyətdə qoyur. Qarşıda isə erməni işğalçılarını susduracaq daha qəti addımların atılacağını gözləmək olar. Çünki əzəli torpaqlarımız bundan artıq işğal illərinə dözə bilmir. Bu addımların ölkə başçısı, Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən atılacağına isə kimsənin şübhəsi olmamalıdır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər