Ölkəmizin tranzit ölkəyə çevrilməsi istiqamətində atılan addımlar, "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi və bütövlükdə Transxəzər Nəqliyyat Dəhlizi layihəsi postneft dövrünün xilas yolu kimi mühüm əhəmiyyət daşıyır
Azərbaycan artıq nəqliyyat-logistik mərkəzə çevrilməkdədir. Bunu son günlər ərzində Azərbaycandan keçməklə Cənub-Şərq-Şimal-Qərb istiqamətində yüklərin daşınması üzrə artımın qeydə alınması sübut edir. Əlbəttə ki, burada Azərbaycan hökumətinin də təşviq və təklif xarakterli addımları da öz səmərəsini verməkdədir. Belə ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin təşəbbüsü və Azərbaycan hökumətinin təşviqi ilə Azərbaycan-İran dəmiryol şəbəkəsinin birləşməsi istiqamətində İran tərəfi ilə intensiv əməkdaşlıq davam edir. Bu layihənin icrası məqsədilə İran istiqamətində 8,4 kilometr dəmir yolu xəttinin çəkilməsi və Astaraçay üzərində dəmiryolu körpüsünün salınması barədə də qərar qəbul olunub. Bu işlərin maliyyələşməsini Azərbaycan öz üzərinə götürüb. Azərbaycanın təşəbbüsü ilə İranın Bəndər-Abbas limanı ilə Gürcüstanın Poti limanı arasında işlək və məhsuldar dəhliz açılır. Artıq İran, Gürcüstan və Azərbaycan bu marşrutun işə salınması üçün müvafiq İşçi Qrupu yaradılması barədə razılığa gəlibər.
Eyni zamanda, Azərbaycan Gürcüstan üzərindən Çindən və Qazaxıstandan gələn yüklərin, həmçinin Ukrayna və Avropadan, Türkiyədən gələn tranzit yüklərin daşınmasını təklif edir. Məhz dünyada qlobal iqtisadi böhranın təsirlərinin artdığı bir dövrdə Azərbaycan beynəlxalq səviyyəli tranzit yükdaşımalarını həyata keçirəcək layihələrə start verməklə bu sahədə təşəbbüsü ələ almış oldu. Belə ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycandan İran ərazisinə dəmir yolunun çəkilməsi gündəmə gətirildi və bu istiqamətdə konkret işlərə start verildi. Bununla da Azərbaycan hələ nə zaman bitməsi bilinməyən Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsindən əvvəl İrandan dəmir yolu vasitəsilə tranzit daşımaları həyata keçirmək imkanı qazandı.
Xatırladaq ki, bu xəttin çəkilişinə 2006-cı ildən başlanıb. Son məlumatlara görə, 205 kilometrlik Qəzvin-Rəşt dəmir yolu xəttinin çəkilməsi ilə bağlı əsas işlər görülüb. Gələn ilin sonunda bu xəttin istifadəyə veriləcəyi gözlənilir. Dəmir yolunun Rəştdən Astaraya qədər olan hissəsinin çəkilməsinin nə vaxt yekunlaşacağı isə hələ bəlli deyil. Amma Cənub-Şərqi Asiyadan gələn yüklərin, həmçinin İranın yüklərinin Azərbaycan üzərindən daşınması Tehran üçün prioritetdir. Elə buna görə də İran Astarasında çox böyük yük anbarı tikilir. Bəndər Abbas-Poti marşrutunun reallaşmasına Tehran çox böyük maraq göstərir. Bütün bunların fonunda Tehranın Azərbaycanla dəmir yolu vasitəsilə tranzit yükdaşımalarda əməkdaşlığı hər iki ölkə üçün böyük perspektivlər vəd edir. Azərbaycan üçün isə bu layihə beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki bu layihələrin reallaşması Azərbaycanda qeyri-neft sektorunun inkişafına, idxal-ixrac əməliyyatlarının artmasına ciddi dəstək vəd edir.
Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra həm qonşu dövlətlərlə, həm də Avropa ilə ticarət əlaqələrinin artmasına xüsusi önəm verir. Xarici ticarət sahəsində həyata keçirilən tədbirlər bu sektoru ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevirib. Ölkədə azad iqtisadiyyat, özəl bölmənin inkişafı, respublikanın siyasi və iqtisadi nüfuzu, yerləşdiyi əlverişli coğrafi şərait də xarici ticarət əlaqələrinin həcminin və miqyasının artmasına böyük imkan yaradır. Son illər isə Azərbaycanda istehsal olunan məhsullara dünya bazarında maraq artır. Elə rəsmi statistika da Azərbaycanla ticarət əlaqələrini genişləndirən ölkələrin sayının artdığını göstərir.
Dünyada neft və neft məhsullarına tələbat azaldıqca, "qara qızıl" dəyərdən düşdükcə, qlobal iqtisadi böhranın təsirləri və əhatə dairəsi genişləndikcə, xarici ticarətin strukturu dəyişir. Həmçinin, ticarət tərəfdaşlarının da tərkibi iqtisadi tələblərə uyğun dəyişir və indi bir çox ölkələr idxal etdikləri malların strukturunda kənd təsərrüfatı məhsullarına üstünlük verməyə başlayıblar. Bu isə uzun illər kənd təsərrüfatı ölkəsi kimi tanınan Azərbaycanın iqtisadi maraqlarına tam cavab verir.
Bir sözlə, Azərbaycanın tranzit ölkəyə çevrilməsi istiqamətində atılan addımlar, "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi və bütövlükdə, Transxəzər Nəqliyyat Dəhlizi layihəsi postneft dövrünün xilas yolu kimi mühüm əhəmiyyət daşıyır. Hesablamalara görə, həmin dəmir yolu şəbəkəsinin istifadəyə verilməsi ilə Azərbaycandan xaricə yükdaşımalar daha qısa müddətdə və ucuz xərclərlə mənzil başına çatdırlacaq. Bu isə yüklərin, xüsusilə tez xarab olan kənd təsərrüfatı məhsullarının tez və itkisiz daşınması üçün vacib sayılan amillərdən biridir. Beləliklə də, Azərbaycan istehsal gücünü artırmış ölkə olmaqla yanaşı, beynəlxalq yükdaşımalar üzrə tranzit mərkəzə çevriləcək. Bu da, öz növbəsində həm əlavə gəlirlər, həm də iş yerləri deməkdir.
"Səs" Analitik Qrupu